• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“National Geographic” jurnalının Oktyabr, 2015 sayında yol verilən xətalar

TƏKAMÜLÇÜLƏRİN ƏN SON ÜMİDİ- HOMO NALEDI

Ötən günlərdə National Geographic Azərbaycan, BBC Azərbaycanca, Azadlıq Radiosu kimi yerli mətbuatda həyəcanla təqdim edilən yeni fosil tapıntıları yenə təkamülçülərin əlində oyuncağa çevrilmişdir. Cənubi Afrika Respublikasındakı mağaralardan birindən tapılmış 1550-ə qədər ayrı-ayrı fosil parçaları təkamülçülərin istək və arzularına əsasən bir yerə yığılaraq “ən qədim əcdadımız” kimi ictimaiyyətə təqdim edilmişdir. Bunlar təkamülçülərin son çırpıntılarıdır. Təkamülçülər ən son ümidləri olan İda, ArdiAustralopithecus deyiremeda kimi fosillərin puç çıxmasından sonra əlacsız qalmış, ən saxtakar yollara baş vurmalarına baxmayaraq yenə də bir nəticə ala bilməmişlər. Yeni üzə çıxardıqları və Homo naledi adı verdikləri sümüklər isə, həqiqətdən daha çox təkamülçülərin heç cür gerçəkləşməyən xəyallarının bir ifadəsidir. Ötən ay Təkamülçülərə Cavab saytı Homo naledi haqqındakı iddialara tam cavab vermişdi. Bu məqaləmizdə isə Homo naledi iddiasının başlıca propaqandasını aparan “National Geographic”in azərbaycanca yayımlanmış oktyabr, 2015 sayındakı iddiaları bir daha analiz edəcəyik.

Homo naledi Cənubi Afrikada, “Yüksələn Ulduz” mağarasının dərinliklərində tapılmış dağınıq vəziyyətdəki 1550 sümük parçasından seçilərək bir yerə yığılan skeletdir.1 Uşaq və yetkin olmaqla 15 ayrı fərdə aid olduğu düşünülən irili-xırdalı sümüklərin anatomik olaraq məntiqi formada düzülməsinə cəhd olunub. İnsan ilə meymun arası xüsusiyyətlər göstərən mozaik bir canlı ortaya çıxarılıb. Əllərində bütöv kəllə qutusu olmamasına baxmayaraq, 4 əskik kəllə sümüyünə istinad edib bir-birinə toxunmadan havada duran parçalardan ibarət montaj halqa əmələ gətirilib. Əslində, 2013-cü ildə kəşf olunmuş2 bu sümüklər, belə görünür, təkamülçülərin son əlacı kimi 2015-ci ildə mətbuatda təqdim edilmişdir.

Bu cür bir kəllə qutusunun tutacağı beyin həcminin 465-560 sm3 olacağı hesablanmışdır. Portağaldan azca böyük olan bu həcm şimpanze beyni ilə eynilik təşkil edir.3 Yığılan kəllə qutusunun üzünün alt hissəsi maili olub şimpanzelərinki ilə oxşarlıq göstərməkdədir. İnsanlarda tipik olaraq müşahidə olunan çıxıntılı burun sümüyü də yoxdur. Bütün bunlara baxmayaraq, tədqiqata rəhbərlik edən və “National Geographic”in “auditoriyanı həyəcanlandırmaq üzrə usta” adlandırdığı Li Berger bu kəllə qutusunun insanla meymun arasındakı, insanın guya əcdadı olmuş “yeni” bir növə aid olduğunu irəli sürmüşdür.

National Geographic Azərbaycan jurnalında 24 səhifəlik mətn və illüstrasiyalarla təbliğ olunan bu ssenarinin cəfəngiyatdan ibarət olduğunu daha öncə Təkamülçülərin “Homo naledi” ssenarisi puç çıxdı adlı məqaləmizdə incələmişdik. Burada isə mövzunu daha da detallandıracağıq.

İlk öncə bunu vurğulamaq mütləqdir ki, Homo naledi üçün heç bir tarixləndirmə prosesi aparılmadığına görə, bu nümunənin əhəmiyyəti hələ də sual altında qalır. Berger “materialları dağıtmamaq üçün tarixləndirmənin edilmədiyi”ni irəli sürür.4 Halbuki tapılmış 1550 nümunədən sadəcə birini fəda edib bu fosillərin yaşını təyin etmək elə də çətin deyil (nəzərə alsaq ki, hələ minlərlə nümunə də mağarada qalıb). Deyəsən, təkamülçülərin bu fosilin yaş analizini etməkdən boyun qaçırmasının ardında gizli bir səbəb var. Çünki torpağın səthindən tapılmış bu sümüklərin sadəcə 50-100 min illik olma ehtimalı da mövcuddur… İşin maraqlı tərəfi budur ki, Li Berger bu fosillər üçün “ən yaxşı yaş”ın 2,5-2 milyon il olduğunu deyir. Bergerə görə, Homo naledi avstralopiteklərdən insanlara keçid formadır və bu keçid forma üçün ən yaxşı yaş da budur. Əgər fosillərin yaşı təyin edilməyibsə, Berger necə olur ki, onlar üçün ən optimal yaşın nə olduğunu deyə bilir? Bu sualın cavabı budur: təkamülçülər həmişə olduğu kimi fosilləri öz təkamülçü fəlsəfələrinə uyğunlaşdırmağa çalışırlar. Tanınmış təkamülçü bioloq, insan təkamülü üzrə mütəxəssis Darren Kurno darvinistlərin bu qərəzli yanaşmasını belə etiraf edir:

“Heç kəs bir fosilə tam açıq şüurla baxmır. Mənə bir az da elə gəlir ki, biz nə düşünürüksə, onu da görürük. Nəticədə, fosili əlinə alırsan və artıq beynində insan təkamülünün necə baş verdiyi haqda bir fikir var. Bu minvalla da, bəri başdan həmin fosili öz düşüncə tərzinə uyğunlaşdırmağa çalışacaqsan”.5

ANATOMİK XÜSUSİYYƏTLƏR NALEDINİN MEYMUN NÖVÜ OLDUĞUNU GÖSTƏRİR

“National Geographic”də bu fosilin sahib olduğu bəzi anatomik xüsusiyyətlərin onu “keçid forma” kimi xarakterizə etdiyini deyir. Halbuki sözügedən fosil tamamilə meymun xüsusiyyətləri daşıyan bir növdür. Əvvəla, fosilin tapıldığı bölgədən bu günə qədər ancaq avstralopitek, yəni nəsli kəsilmiş meymun nümunələri çıxarılmışdır və Homo, yəni insan qalıqlarına rast gəlinməmişdir.6 Avstralopiteklərin insanın mənşəyi ilə heç bir əlaqəsi olmadığı isə Çarlz Oksnard və S. Sukerman kimi məşhur təkamülçü elm adamları tərəfindən də təsdiqlənmişdir.7,8 Həmin bölgədə elə Li Bergerin əvvəllər tapmış olduğu Australopithecus sediba (Karabo) fosili də nüfuzlu təkamülçülərdə maraq oyatmamışdı və “onun bizdən biri olmadığı” deyilmişdi.9

Fosilin bütün anatomik xüsusiyyətləri onun tam meymun növü olduğuna işarə edir. Portağal ölçüsündə, yəni 465-560 sm3 həcmdəki beyni nə bu gün yaşayan insanlarda, nə də keçmişdə yaşamış düzyerişli insan, neandertallar kimi insan irqlərində müşahidə edilib. Bu qədər kiçik həcm ancaq avstralopiteklər və şimpanzelər kimi meymunlara xasdır.10 Maili üz quruluşu və kobud çənə strukturu olması, insanlar üçün xarakterik olan çıxıntılı burun sümüyü olmaması da bu fosilin Homo olmadığını sübut edir.11 Digər tərəfdən, bu fosilin çiyin oynaqlarının quruluşu və əyri barmaq sümükləri ağaclarda sallanan meymunlara xas xüsusiyyətlər arasında sayıla bilər. Naledinin əlindəki orta və proksimal falanqalar hətta Australopithecus afarensis növü meymunlardakından daha əyridir. Homo naledidə müşahidə edilən geniş çanaq kürəkləri avstralopiteklər üçün səciyyəvidir. Aşağı döş qəfəsi də eynilə avstralopiteklərdəki kimi genişlənir.12

Li Berger və komandasının ilk dəfə onlayn jurnal “eLife”da yazaraq ictimaiyyətə çatdırdıqları Homo naledi kəşfi haqqında iddia olunur ki, bu fosil skelet “insanabənzər ayaq və topuqlara” malikdir, belə ki, bəzi sümüklər insanınkı kimi ayaq tağı yaradır. Halbuki elə həmin araşdırmada qeyd olunur ki, bu ayaq tağı tipik insan ayağından fərqli olub daha yastı tağa və daha fərqli oriyentasiyaya malikdir.13 Daha bir iddia bundan ibarətdir ki, naledinin biləyi, əlləri və baş barmağı alət istifadəsi üçün münasib nisbətlərdədir. Halbuki Homo naledinin baş barmağı nə qədər Australopithecus afarensisdəkindən bir qədər uzun olsa da, araşdırmanın müəllifləri onun insan əllərinə müvafiq gəldiyini demirlər, bunun əvəzinə, həmin baş barmağın bu günə qədər məlum olan bütün homininlərin (insanabənzərlərin) baş barmağından fərqləndiyini bildirirlər.14 Nəticə olaraq, bu baş barmaq nisbətləri sadəcə avstralopiteklər arasındakı biomüxtəlifliyi üzə çıxarır, mühəndis insanların təkamülünə işarə etmir. Digər tərəfdən, “Yüksələn Ulduz” mağarasında heç bir alətə rast gəlinməməsi də bu həqiqəti bir daha vurğulayır.

Həmin mağarada tapılmış dişlər avstralopiteklərdə adətən müşahidə olunandan daha kiçikdir, amma meymunların diş ölçüsündəki variasiyalar təkamül üçün təyinedici amil sayıla bilməz. Diş morfologiyası insanınkına bənzəmir. Üstəlik, çənə mənfəzi (mental foramen) elə forma və istiqamətdə yerləşmişdir ki, Homo erectus kimi qədim insanlarda müşahidə olunandan tamamilə fərqlənir.15 (Çənə mənfəzi alt çənənin ön tərəfində yerləşən və sinir və damarların çıxışına imkan verən iki pəncərədir).

“National Geographic”də iddia olunan digər bir məsələ də Homo naledi nümayəndələrinin ölü basdırma ritualı həyata keçirmələridir. Təkamülçülərin “Homo naledi” ssenarisi puç çıxdı başlıqlı məqaləmizdə də vurğuladığımız kimi, bu iddia sadəcə təkamülçülərin xəyal gücünü əks etdirir və heç bir elmi-məntiqi dəlilə əsaslanmır. Bu mövzuda Stouni Bruk Universitetinin Tibb Mərkəzindən Uilyam Yunqers belə şərh verir:

“Çürüyən bədənlərin kütbeyin yoldaşları tərəfindən qəsdən basdırılması gözəl sərlövhədir, amma mənə mübaliğə kimi gəlir”.16

NƏTİCƏ- NALEDI KLASSİK AVSTRALOPİTEK NÜMUNƏSİDİR, HOMO DEYİLDİR

Berkli Kaliforniya Universitetindən məşhur təkamülçü paleoantropoloq, hominid fosilləri üzrə mütəxəssis Tim Uayt Homo naledi fosili ilə tanış olduqdan sonra bunun yeni növ olmadığını elan etmiş və belə demişdir:

“Yeni növləri necə gəldi yaratmaq olmaz. Yeni növ tapdığını iddia edən birisi göstərməlidir ki, bu, indiyə qədər məlum olan heç bir şeyə oxşamır”.17

Əslində, böyük bir media propaqandası ilə gündəmə gətirilən bu və bu kimi fosillər tarix boyunca yaşamış və nəsli tükənmiş 6000-ə qədər meymun növü və onların variasiyalarından nümunələrdir. Sürix Universitetindən Kristof Sollikofer də Homo nalediyə istinad edərək: “Bu “yeni növ” və “ölünü basdır” iddiaları, aydındır ki, media üçündür. Bunların heç biri nəşr edilən araşdırmalarda faktlarla əsaslandırılmayıb”,- deyərək bu iddiaların sadəcə təkamülçü təbliğat olduğunu bildirir.18

Bu da bir həqiqətdir ki, hər təkamülçü öz tapdığı fosilin insanın əcdadı olmasını istəyir. Bu da, təbii olaraq, qərəzli çıxarışlar və tərəfli şərhlərlə nəticələnir. Flinders Universitetindən Dr. Qreq Körbi təkamülçü paleontoloqların düşdüyü bu vəziyyəti belə təsvir edir:

“…Əgər ömrünüzü sümük yığmaqla və kiçik kəllə fraqmentləri, kiçik çənə fraqmentləri tapmaqla keçirməli olmusuzsa, bu fraqmentlərin əhəmiyyətini şişirtmək üçün çox güclü stimul taparsız”.19

 

QUŞLARIN TƏKAMÜLÜ İLƏ BAĞLI XƏTA

National Geographic Azərbaycan jurnalının oktyabr, 2015 sayında yol verdiyi digər bir elmi xəta isə quşların təkamülünə ayrılan səhifədə yer tapıb. Buradakı məlumatlar isə heç bir yeni elmi kəşfə əsaslanmır, təkamülçülər köhnə “quşlar dinozavrdır” iddiasının təkrarından ibarətdir. Bu iddianın yanlışlığına daha öncə təfsilatlı şəkildə Gerçək Təbiət Tarixi -II-Xəyali dinozavr-quş iddialarına cavablar başlıqlı məqalələrimizdə yer verdiyimizə görə, burada qısaca izah gətirəcəyik.

1) Yazıda qeyd olunur ki, “alimlər yüzlərlə dinozavrın bud sümüyünü ölçdülər” və bununla da, quşların təkamülünün necə baş verdiyi anlaşıldı. Halbuki bud sümüklərinin hansı xüsusiyyətlərinin təkamülə sübut olduğu qeyd olunmayıb. Əslində, bud sümüyü üzərindəki araşdırmalar quşların dinozavrlardan təkamülü ssenarisinə zərbə endirmişdir. 2009-cu ildə Oreqon Dövlət Universitetindən Devon Kuik və Con Ruben adlı alimlərin kəşfi göstərmişdir ki, quşların bud sümüyü (femur) hərəkət əsnasında sabit qalır və hərəkət sadəcə diz və topuq oynaqlarında baş verir. Teropod dinozavrlarında isə (insandakı kimi) yerimə və qaçış zamanı həm diz və topuq, həm də oma oynaqlarında hərəkət baş tutur. Quşlarda budun sabit qalması olduqca əhəmiyyətli anatomik xüsusiyyətdir, belə ki, quşların tənəffüs sisteminə dəstək olan hava kisələri ancaq bu sayədə içəri büzülməkdən qorunub normal fəaliyyət göstərə bilər. Adı çəkilən alimlərin də qeyd etdiyi kimi, bu, dinozavr-quş təkamülü üçün olduqca ciddi problemdir.20

2) Jurnaldakı iddiaya əsasən, quşlar sağ qalmaq üçün daha kiçik növlərə təkamül edib daha sürətlə çoxalmağa imkan tapdılar və nəsillərinin kəsilmə təhlükəsi də sovuşdu. Halbuki bu iddia da heç bir elmi dəyər daşımır. Çünki tarix boyu irihəcmli canlılar yaşadığı kimi, kiçikölçülü canlılar da yaşamışdır və bu vəziyyət bu gün də davam edir. Həmçinin bu gün də sürətlə çoxalan canlılar olduğu kimi, çox yavaş çoxalan canlılar mövcuddur. Dinozavrların nəslinin kəsilmə səbəbi isə iri həcmləri və nisbətən yavaş çoxalmaları deyil, elmi mənbələrə əsasən, asteroid toqquşması və vulkan partlayışları olmuşdur.21 Ən əsası isə, quşlar əgər sağ qalmaq üçün kiçik həcmə ehtiyac duysaydılar belə, öz genlərini dəyişib özləri üçün kiçik bədənlər yarada bilməzdilər. Təkamülçülər elə bir təəssürat yaradırlar ki, guya bir canlı nə xüsusiyyətə və dəyişikliyə ehtiyac duyursa, “ana təbiət” dərhal onun həmin ehtiyacını ödəyir. Canlıların ehtiyac duyduqları xüsusiyyətləri qazanması 19-cu əsrdə təkzib olunmuş lamarkist cərəyanın iddialarıdır ki, təkamülçülər hələ də şüuraltlarında bu fəlsəfəni qoruyub-saxlayırlar.

3) Quşların əcdadları kimi təsvir olunan maniraptor teropodlar təkamülçülərə əsasən, “quşlar və onların ən yaxın əcdadları”ndan ibarət qrupu təşkil edirlər. Bu qrupa, adətən, bütün quşlar və kiçikölçülü dinozavr növləri aid edilir. Halbuki daha öncəki məqalələrimizdə də əsaslandırdığımız kimi, bu qrupa aid edilən dromeozavr, sinornitozavr, unenlagiya, mikroraptor, mononikus kimi dinozavrların hamısı ilk quşların ortaya çıxmasından milyonlarla il sonra yaranıblar. Buna görə də, quşlara başlanğıc vermələri mümkün deyildir.22 “National Geographic”də qrafik surətdə təsvir olunmuş uydurma nəsil ağacında isə, guya quşlara ən yaxın əcdad kimi velosiraptor adlı canlı göstərilib. İndi bu iddianı araşdıraq:

Velosiraptor (lat. “cəld tutan”) adı verilən bu növ ilk dəfə Qobi səhrasında, Monqolustan ərazilərindən çıxarılmışdır. Velosiraptor haqqındakı təkamülçü iddia bundan ibarətdir ki, bu fosilə aid edilən bir dirsək sümüyündə “lələk düyünləri”nə (ing. quill knobs) rast gəlinmişdir. Bəzi quşlarda uçuş və ya digər fəaliyyətlərlə bağlı olaraq çalma lələklər güclü təzyiqə məruz qaldığına görə dərinin altındakı sümüyə- dirsək sümüyünə bağlarla tutunmağa ehtiyac duyur. Bir ucu lələklərə birləşmiş və lələklərin dözümlülüyünü artıran bu bağların digər ucu dirsək sümüyünün üstündəki kiçik çıxıntılara- lələk düyünlərinə bitişir. Bir fosildə bu düyünlərə rast gəlinməsi güclü çalma lələklərin mövcudluğuna işarə edir.23 Təkamülçülər də velosiraptorun bu düyünlərə sahib olduğunu, beləliklə də, uçmaq üçün münasib bir dinozavr növü olduğunu irəli sürürlər. Halbuki həqiqətdə, velosiraptora aid heç bir real lələk fosili tapılmayıb, lələk düyünləri adlandırılan hissəciklər isə o qədər kiçikdir ki, bunların həqiqi lələk düyünü olub-olmadığı da şübhə altındadır.24 Maraqlısı budur ki, təkamülçü iddiaların söykəndiyi fosil nümunəsi (IGM 100/981), yəni tək dirsək sümüyünün bir velosiraptora aid olması da şübhə altındadır. Bu fosil ayrılıqda tapılmışdır. Sadəcə olaraq, velosiraptorların tapıldığı qayalardan çıxarıldığı üçün velosiraptora aid olduğuna qərar verilmişdir. Təbii ki, belə bir nəticəyə gəlmək, bu nəticədən də başqa bir nəticə çıxarmaq məsələni etibarsızlaşdırır. Bunu əlavə etmək mütləqdir ki, velosiraptorun yaşı (təqribən 80 milyon il)25 onun haqqındakı bütün iddiaları təkzib edir. Çünki quşlara keçid forma hesab olunan bu fosildən 70 milyon il öncə, onsuz da, arxeopteriks kimi mükəmməl uçucu quşların yaşadığını məşhur mütəxəssislər də vurğulayırlar.26

4) Teropod dinozavrlarının quşlarla içiboş (pnevmatik) sümüklər və lələklər kimi xüsusiyyətləri bölüşdüyü qeyd olunub. Bəzi dinozavrların, həqiqətən də, içiboş sümüklərə malik olduğu fosil araşdırmalarından məlum olmuşdur. Lakin bu, onların quşlara başlanğıc verdiyinə dəlalət etməz. Teropod dinozavrlarında içiboş sümüklər müşahidə olunduğu kimi, quşların mənşəyilə (təkamül nəzəriyyəsinə əsasən) əlaqəsi olmayan zavropodlarda və uçan kələzlər adlanan pterozavrlarda da içiboş sümüklərə rast gəlinir. Deməli, içiboş sümüklər “əcdad xüsusiyyəti” sayıla bilməz. Dinozavrlarda içiboş sümüklərə rast gəlinməsinin səbəbi isə onların yaradılışındakı dizayna işarə edir. Belə ki, bu dizayn sayəsində argentinozavr kimi tonlarla ağırlığa malik canlıların hərəkət və manevrləri asanlaşır. Teropodlar kimi sürətli qaçıcılarda da manevr və intensiv tənəffüs prosesləri içiboş sümüklər (və bu sümükləri dolduran hava kisələri) sayəsində mümkün olur.27

Digər tərəfdən, dinozavrlarla quşların “bölüşdüyü xüsusiyyət” kimi qələmə verilən lələklər həmişə mübahisəli mövzu olmuşdur. Bir çox təkamülçü alim bəzi dinozavrlar fosillərində rast gəlinən çıxıntılı formaların “lələk” olmadığı qənaətinə gəlirlər. Kanzas Universiteti paleontoloqu Larri Martin bunların deformasiya olmuş kollagen liflər olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildirir.28 Məşhur təkamülçü bioloq, ornitoloq Alan Feduççia isə bu tükəbənzər çıxıntıları “dino-fuzz” (“dinozavr tiftiyi”) adlandırmış və bunların quş lələklərilə əlaqəsiz olduğunu söyləmişdir.29 “Tüklü dinozavr” kimi təbliğ edilən bütün fosillərin isə əsl lələkli quş olan arxeopteriksdən cavan olduğu da məlumdur.

 

CANAVARLARIN NÖVLƏŞMƏSİ BARƏDƏ XƏTA

National Geographic jurnalının bu aykı sayında yol verilən digər bir xəta isə canavarların variasiyaları ilə bağlıdır. Belə ki, müxtəlif coğrafiyalara paylanmış növlərin bir müddətdən sonra təkamül keçirərək fərqli növlərə çevrildiyi- növləşdiyi iddiası bu gün məktəb dərsliklərində də əksini tapan məşhur təkamül hekayəsidir.

Bu hekayəni bir az təhlil etdikdə isə, əslində, ortada konkret “təkamül mexanizmi”nin olmadığını görərik. Çünki təbii seçmə və mutasiyalar təkamülə yol açmadığı kimi, coğrafi təcridlər də növlərin təkamül keçirmələri və bir-birlərinə çevrilmələri iddiasına ən kiçik töhfə verməmişdir. Coğrafi təcrid anlayışı ilə bağlı həm elmi dairələrdə, həm də ictimaiyyətdə hakim olan fikir elmi baxımdan həqiqətləri əks etdirmir. Xüsusilə, bəzən həm yerli, həm də xarici mətbuatda mövzu ilə bağlı məlumat əskikliyindən qaynaqlanan yanlış fikirlərə rast gələ bilirik. Bunun üçün də, gəlin coğrafi təcrid anlayışının nə olduğu ilə tanış olaq:

Eyni növdən olan canlılar bir quru ərazisinin çökməsi və ya qitələrin bir-birindən ayrılması kimi səbəblərdən coğrafi təcridlərə  məruz qalırlar. Belə olan halda, iki ayrı bölgədəki canlılar bir-birləri ilə çarpazlaşa bilmədikləri üçün aralarında genetik ayrılıqlar baş qaldırır. Başqa sözlə desək, coğrafi təcridlər populyasiyaları bir-birindən ayırır. Məsələn, quruda yaşayan canlılar geniş çöllər və sularla, ya da yüksək dağlarla bir-birindən ayrılırlar.30 Əgər bir populyasiya coğrafi olaraq iki və ya daha çox bölgəyə ayrılırsa, aralarındakı fərq getdikcə çoxalır və bir müddət sonra bu fərqli ərazilərdəki canlılar fərqli coğrafi irqlər meydana gətirir.31 Bu ayrılıq populyasiyalar arasında gen axınının qarşısını alacaq həddə çatdıqda, daha öncə bir-biri ilə oxşar xüsusiyyət daşıyan bir növün fərqli variasiyaları arasındakı bənzərlik azalmış olur.

Bu mövzu ilə bağlı təkamülçülərin yanıldığı məqam belədir: təkamül tərəfdarları ayrı qitələrdə, ya da mühitlərdə yaşamağa məcbur qalan canlıların fərqli bir növə çevrildiklərini iddia edirlər. Halbuki fərqli ərazilərdə ortaya çıxan fərqli xüsusiyyətlərə sahib canlılar populyasiya (və ya irq) fərqliliklərindən başqa bir şey deyil. O ərazidə cütləşmək məcburiyyətində qalan canlıların genetik kombinasiyaları sərhədli qalır və genlərindəki müəyyən xüsusiyyətlər daha çox ön plana çıxır. Lakin yepyeni canlı növü qətiyyən meydana gəlmir, gələ də bilməz. Təkamülçülər növlərin mənşəyi məsələsinə təcridlər ilə açıqlama gətirməyə çalışırlar. Çünki yer üzündə bu qədər çoxlu sayda növün necə ortaya çıxması onların baxış bucağına görə olduqca çətin sualdır. İzolyasiya (təcrid) termini də təkamülçülər tərəfindən yeni bir növ əmələ gətirən hərəkətverici qüvvə kimi təqdim olunur. Amma  elmi həqiqətlər izolyasiya ilə yeni növün meydana gəlməsinin qeyri-mümkünlüyünü açıq şəkildə göstərir. Ətraflı məlumat üçün Təcridlər (izolyasiyalar) və növləşmə barədəki təkamülçü iddialara cavab başlıqlı məqaləmizə müraciət edə bilərsiniz.

 

HƏMÇİNİN OXUYUN:

MƏNBƏLƏR:

  1. Shreeve, Jamie (10 September 2015). “This Face Changes the Human Story. But How?”. National Geographic News.
  2. Shreeve, Jamie (10 September 2015). “This Face Changes the Human Story. But How?”. National Geographic News.
  3. Shreeve, Jamie (10 September 2015). “This Face Changes the Human Story. But How?”. National Geographic News.
  4. Chernick, I., and Dipa, K., Critics rain on H. naledi team’s parade, iol.co.za, accessed September 2015.
  5. Enigma Man: A Stone Age Mystery, Australian TV documentary. Həmçinin baxın: Grigg, R., Enigma Man: A Stone-age Mystery, İyul, 2014.
  6. Marc Ambler, “What to make of Homo naledi?: More pseudo-scientific claims of human ancestry”, 22 September 2015.
  7. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94.
  8. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389.
  9. Ceymi Şriv, “Müəmma Adam”, National Geographic Azərbaycan, Oktyabr, 2015, səh. 79.
  10. Ətraflı məlumat üçün baxın: İnsanın Mənşəyi
  11. Dr. Elizabeth Mitchell, “Is Homo naledi a New Species of Human Ancestor?”, September 12, 2015.
  12. Ceymi Şriv, “Müəmma Adam”, National Geographic Azərbaycan, Oktyabr, 2015, səh. 79; Dr. Elizabeth Mitchell, “Is Homo naledi a New Species of Human Ancestor?”, September 12, 2015
  13. Lee R. Berger et al., “Homo naledi, a New Species of the Genus Homo from the Dinaledi Chamber, South Africa,” eLife 4 (2015).
  14. Lee R. Berger et al., “Homo naledi, a New Species of the Genus Homo from the Dinaledi Chamber, South Africa,” eLife 4 (2015).
  15. Lee R. Berger et al., “Homo naledi, a New Species of the Genus Homo from the Dinaledi Chamber, South Africa,” eLife 4 (2015).
  16. Ian Sample, “Homo naledi: new species of ancient human discovered, claim scientists”, The Guardian, 10 September 2015
  17. Reuters article, Critics Question Homo Naledi Fossil Find in South Africa, NBC online news.
  18. Ian Sample, “Homo naledi: new species of ancient human discovered, claim scientists”, The Guardian, 10 September 2015
  19. Dr. Körbinin bu sözləri Biologiya Müəllimləri Birliyinin 1976-cı il iclasındakı çıxışından götürülmüşdür; Paul S. Taylor, “Origins Answer Book”, V nəşr, 1995, səh. 35; Ex Nihilo, 2(3):32, July 1979
  20. Quick, D.E. and Ruben, J.A., Cardio-pulmonary anatomy in theropod dinosaurs: Implications from extant archosaurs, J. Morphology, 270(10):1232–124620 May 2009; Oregon State University, “Discovery Raises New Doubts About Dinosaur-bird Links“, ScienceDaily, 9 June 2009. 
  21. Asteroid impact and extreme volcanism paved way for dinosaur extinction, Dispatch Tribunal, October 2, 2015.
  22. Ətraflı məlumat və elmi mənbələr üçün baxın: Xəyali dinozavr-quş iddialarına cavablar.
  23. https://en.wikipedia.org/wiki/Pennaceous_feather
  24. Turner, A.H., Makovicky, P.J. and Norell, M.A., Feather quill knobs in the dinosaur Velociraptor, Science 317:1721, 21 September 2007.
  25. Velociraptorin the Paleobiology Database.
  26. “Ancient Feathered Animal Challenges Dinosaur-Bird Link”, 26 İyun 2000; http://www.sciencedaily.com/releases/2000/06/000625231641.htm; Peter Dodson, “Origin of Birds: The Final Solution?”, American Zoologist, cild 40, 2000, səh. 505-506.
  27. Carl Wieland, “Dinos breathed like birds?”, TJ, 19(3):11–12, December 2005.
  28. Ann Gibbons, “Plucking the Feathered Dinosaur”, Science, cild 278, no. 5341, 14 Noyabr 1997, səh. 1229-1230; Alan Feduccia, The Origin and Evolution of Birds, 2-ci nəşr, Yale University Press, New Haven, 1999.
  29. Alan Feduccia, “Birds are Dinosaurs: Simple Answer to a Complex Problem”, The Auk, cild 119, no. 4, Oktyabr 2002, səh. 1187-1201
  30. Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayınları, Ankara, 1995, səh. 690.
  31. Prof. Dr. Ali Demirsoy, Yaşamın Temel Kuralları, Genel Biyoloji/Genel Zooloji, Cilt-I, Kısım-I, Ankara, 1993, səh. 606.

Şərh üçün bağlıdır.

axtarış