• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“National Geographic” Azərbaycan jurnalının biolüminessensiyanın təkamülü iddiasına cavab

“National Geographic” Azərbaycan jurnalının “daş dövrü pəhrizi” iddialarına cavab

“National Geographic” Azərbaycan jurnalının daraqlı canlıların təkamülü iddiasına cavab

Edisonun 1879-cu ildə lampanı kəşf etməsindən milyonlarla il öncə “təbii işıq” və ya “soyuq işıq” istehsalını məharətlə həyata keçirən canlılar yer üzündə yaşamaqda idi. Bizə ən yaxın olan işıldaquşlardan dənizin minlərlə metr dərinliyində yaşayan tərkidünya canlılara qədər çox müxtəlif növlərdə bu olduqca mürəkkəb və heyrətamiz proses- biolüminessensiya həyata keçir.

Darvinistlər hələ həyatın ilk etapda mənşəyini izah etməkdən aciz olduqları, əllərində heç bir ara-keçid forma fosili olmadığı halda, özlərini daha qəliz və çıxılmaz mövzuların içinə salırlar. Belə ki, “National Geographic” Azərbaycan jurnalının mart, 2015 sayındakı “İşıqlı Həyat” sərlövhəli məqaləsində də məhz biolüminessensiyanın fantastik təkamülü mövzusuna bir abzas ayrılmışdı.

BİOLÜMİNESSENSİYA NƏDİR?

biolum2

Okeanların ilk 200 metrində işıq spektrinin bütün rəngləri udulur. 1000 metrdən sonrakı dərinliklər isə “qara dərinlik” adlandırılır. Elə bu mühitdə yaşayan canlılardır ki, zülmət dərinliklərdə mükəmməl işıq sistemləri ilə təchiz olunmuşdur.

Biolüminessensiyanın təkamül nəzəriyyəsini məhv edən bir yaradılış dəlili olduğunu izah etməmişdən öncə, gəlin bu prosesin nə məna ifadə etdiyini və hansı canlılarda nə formada təzahür etdiyini araşdıraq:

Gündüz vaxtı bütün canlılar üçün ən əsas işıq mənbəyi Günəşdir. Gecə vaxtı isə, insanlar elektrik vasitəsilə aydınlanırlar. Təbiətdəki bəzi canlılara gəldikdə, onlar yaradılışlarındakı möcüzəvi bir sistem olaraq öz işıqlarını bədənlərində istehsal edirlər. Hətta bu, bəzən elə güclü bir işıqdır ki, peykdən çəkilmiş fotoşəkillərdə belə bu canlılar rahatlıqla seçilirlər. Canlıların öz bədənlərində müəyyən kimyəvi reaksiyalar nəticəsində törətdikləri bu işığa da “biolüminessensiya” deyilir.

Kainatdakı bütün işıqlar, mahiyyət etibarilə, eyni yolla əmələ gəlir. İşığın əmələ gəlməsində elektronlar baş rolda oynayırlar. Elektron enerji udduğu zaman, atom ətrafındakı orbitində üst təbəqədə “foton” adlanan enerji paketini buraxır və bir alt təbəqəyə keçir. Günəşdə və közərmiş lampa telində elektronlar, həm də termal cəhətdən təsirləndikləri üçün işıqla birlikdə ətrafa istilik də yayılır.

Biolüminessensiya isə, “soyuq işıq” adlandırılır, yəni biolüminessensiya zamanı elektronlar heç bir istilik xaric etməyən kimyəvi reaksiya həyata keçirirlər. Bu səbəbdən də, gələn enerjinin 3 %-ini işığa, 97 %-ini istiliyə çevirən lampaların əksinə, biolüminessensiyanın kimyəvi prosesində istehsal edilən enerjinin, demək olar ki, hamısı işığa çevrilir1.

Müxtəlif canlılar bu işıqdan müdafiə, kamulfyaj, təhlükə siqnalı, cəlbetmə, fənər, cütləşmə kimi çox müxtəlif məqsədlərlə istifadə edə bilirlər.

Biolüminessensiya biri işıq istehsal edən maddə olan lüsiferin, digəri isə reaksiyanı başladan lüsiferaza zülallarının ortaq fəaliyyəti və bu qarşılıqlı təsirə oksigenin də qatılması ilə ortaya çıxan kimyəvi reaksiyadır. İşıq saçan canlılar da bədənlərini məhz bu reaksiyalardan ayrılan işıq şüalarıyla aydınladırlar.

Sözügedən kompleks aydınlanma sistemi hər orqanın təsadüflərin məhsulu olduğunu irəli sürən təkamülçüləri çıxılmaz vəziyyətdə qoymuşdur. İndi gəlin biolüminessensiyanın təkamül nəzəriyyəsinə niyə meydan oxuduğunu və təkamülçülərin bu mövzudakı etiraflarını araşdıraq.

BİOLÜMİNESSENSİYANIN TƏKAMÜLÜ İDDİASININ QARŞISINDAKI ƏNGƏLLƏR

“National Geographic” Azərbaycan jurnalının da istinad etdiyi və biolüminessensiya üzrə dünyadakı ən nüfuzlu ekspertlərdən biri olan Stiven Heddok və əməkdaşlarının “Dənizlərdə Biolüminessensiya” başlıqlı məqalələrində2 təkamül nəzəriyyəsinin qarşısında duran iki əngəldən bəhs edilir:

biolum

Sol yuxarı küncdən saat əqrəbi istiqamətində: kalmarlar, daraqlılar, işıldaquş və göbələk. Bir-birindən çox fərqli olan bu canlıları birləşdirən ortaq xüsusiyyət biolüminessensiya qabiliyyətidir. Təkamül nəzəriyyəsi işıqsaçma xüsusiyyətinin bu qədər müxtəlif canlıda necə ortaya çıxdığını izah etməkdən acizdir.

1) Biolüminessensiya 50-yə yaxın canlı növündə müşahidə edilir, hansı ki, bu canlılar arasında heç bir təkamül qohumluğu qurmaq mümkün deyildir.

2)Biolüminessensiya edən hər canlı özünəməxsus biokimyəvi sistemlərə malikdir və hamısı çox dəqiq molekulyar aparatlara ehtiyac duyur.

Biolüminessensiya ilə məşğul olan canlılara bakteriyalar, göbələklər, meduzalar, molyuskalar, mürəkkəbbalıqları, osminoqlar, daraqlılar, böcəklər, çanaqlı xərçənglər, krevetlər, qırxayaqlar, dəniz ulduzları, dəniz lalələri, balıqlar, akulalar, dodaqayaqlılar, kürəkayaq xərçənglər, bərabərayaqlılar, qurdlar, nematodlar, kalmarlar, tunikalılar və bir çox başqa tanınmayan canlılar nümunə göstərilə bilər. Elm adamları bu gün də yeni işıqsaçan canlı növləri aşkarlamağa davam edirlər.

Bu canlıların maraqlı xüsusiyyəti isə ondan ibarətdir ki, filogenetik, yəni təkamül qohumluğu cəhətdən aralarında heç bir əlaqə qurmaq mümkün deyil. Bu canlı qrupları təkamülçülərin “həyat ağacı” fərziyyəsinə əsasən yüz milyonlarla il əvvəl ayrılmış “budaqlar”da yer alırlar. Beləliklə də, heç biri işıqsaçma genlərini digərinə ötürmüş ola bilməz. Yaradılışçı elm adamı, elmi yazıçı Brayan Tomas bu vəziyyəti belə izah edir:

“Təkamülçülər ümid edirlər ki, bir canlı biolüminessensiyaya təkamül edib və bu xüsusiyyəti nəsillər boyunca ötürüb. Halbuki, araşdırmaçılar bu və ya digər təkamül modelinə rast gəlmirlər. Bunun əvəzinə, biolüminessensiya tamamilə fərqli onlarla canlı növü arasında dağınıq şəkildə səpələnmişdir3.

Stiven Heddok və həmkarlarının “Annual Review of Marine Science” jurnalında yayımlanmış sözügedən məqalələrində də təkamül nəzəriyyəsi qarşısında duran bu mürəkkəb əngəldən belə bəhs edilir:

“Belə görünür ki, biolüminessensiyanın başlıca taksonomik qruplar boyunca paylanması heç bir aşkar filogenetik (təkamüli) və ya okeanoqrafik çərçivəylə uzlaşmır4.

Göründüyü kimi, işıqsaçma xüsusiyyətinin canlılar arasında paylanması heç bir şəkildə təkamülçü modellərə uyğun gəlmir. Bəzi heyvan qruplarının böyük hissəsini işıqsaçan canlılar təşkil etdiyi halda, aralarında bir neçə işıqsız canlılara rast gəlinir. Kinayəli şəkildə, biolüminessensiya etməyən iri canlı qrupları daxilində bu xüsusiyyəti daşıyan çox az sayda canlıya rast gəlmək mümkündür. Elə buna görə də, təkamülçülər biolüminessensiya kimi kompleks bir xüsusiyyətin minimum 40 dəfə (!) ayrı-ayrı təsadüfi yollarla əmələ gəldiyi kimi fantastik bir iddiaya əl atmaq məcburiyyətində qalmışdırlar. Bu, eynilə, təkamülçülərin appendiksin 38 dəfə ayrı-ayrı təsadüfi yollarla əmələ gəlmiş olduğu iddiasının bir təkrarıdır5.

Məşhur təkamülçü Frenk Solsberi bu mövzuda kompleks bir orqanın bir dəfə əmələ gəlməsini açıqlamağın kifayət qədər problem yaratdığı”nı, “dəfələrlə meydana gəlməsini düşünməyin isə başını ağrıtdığı”nı qeyd edir6. Solsberinin başını ağrıdan bu məsələni “National Geographic” isə belə dilə gətirir:

“İşıq saçmaq o qədər faydalı xüsusiyyətdir ki, ən azı, 40 dəfə müstəqil şəkildə təkamül etmişdir”7.

Elə burada çox kobud bir xətaya yol verilmişdir. Bunun kimi söz oyunları ilə, bəlkə də, ilk baxışda oxucular aldadıla bilər, lakin aşağıda verilmiş nümunə ilə bunun necə gülünc bir iddia olduğu məlum olacaqdır:

Təsəvvür edin ki, evinizin bağçasında böyük alma ağacı var. 5 yaşındakı oğlunuz isə, almanı çox sevdiyi halda, heç cür ağaca dırmaşa bilmədiyi üçün hündür budaqlardakı almaları dərə bilmir. Ertəsi gün işə gedib axşam evə qayıtdığınız zaman bir də baxıb görürsünüz ki, oğlunuzun bu ehtiyacı çox məntiqli bir dizaynla həllini tapıb: alma ağacının gövdəsinin ətrafında taxtadan spiralvari pilləkən qurulub. Oğlunuz da bu pilləkənin ləbləriylə istədiyi kimi çıxıb-düşür və əli də yuxarıdakı almalara asanlıqla çatır.

Təbii ki, belə bir vəziyyətdə ilk verəcəyiniz sual “bu pilləkəni kim düzəldib?”- olacaq. Böyük ehtimalla, xeyirxah və sürprizləri sevən, eyni zamanda usta dülgər olan bir qonşunuz oğlunuza bunu hədiyyə etmişdir.

Lakin oğlunuza “bu pilləkəni kim düzəldib?”- deyə sual versəniz və o da sizə “heç kim düzəltməyib, sadəcə, alma dərib yemək mənim üçün çox faydalıdır, bunun üçün də bir pilləkənə ehtiyacım var idi, ehtiyac duyduğum şeylər də belə öz-özünə əmələ gəlir”- deyə cavab versə, gülərsiniz. Çünki bilirsiz ki, nəyinsə faydalı olması, ona ehtiyac duymaq onun əmələ gəlməsi üçün kifayət deyildir. Ehtiyac duyulan şeylərin bir anda, öz-özünə, sadəcə ehtiyacdan ötrü ortaya çıxması ancaq nağıllarda olar.

“National Geographic” Azərbaycan jurnalındakı sözügedən məqalənin müəllifi də məhz bu tipdən bir nağıl danışır. İşıq saçmağın çox faydalı olması onun əmələ gəlməsi üçün kifayət deyildir. Başqa bir analoji misal isə, uçmağa ehtiyac duyan insanda qanadların öz-özünə əmələ gəlməsi kimi təsvir edilə bilər. Əlbəttə ki, bunların gerçəkliklə heç bir əlaqəsi yoxdur və yalnızca təkamülçü nağıllardan ibarətdir.

biolum3

Sağda baltabalığının “gözəgörünməz” olmaq xüsusiyyəti göstərilib. Sol tərəfdə isə, 30 milyon il öncə yaşamış baltabalığı ilə müasir nümunəsi müqayisə edilir. Aralarında heç bir dəyişiklik yoxdur, yəni canlı təkamül keçirməmişdir.

Yuxarıda biolüminessensiyanın təkamül nəzəriyyəsi qarşısındakı ilk əngəlindən bəhs etdik, indi isə, gəlin növbəti əngəlin nə olduğuna baxaq:

Hər işıqsaçan canlı işıq istehsalı zamanı özünəməxsus xüsusiyyətlərdən istifadə edir və çox dəqiq molekulyar aparatlara ehtiyac duyur. Təkcə lüsiferin maddəsi özü işıldaquşlarda, ilbizlər, bakteriyalar, daraqlılar, xərçənglər, dinoflagellatlarda və s. fərqli-fərqli unikal molekulyar formullarda təzahür edir. Həmçinin işıqəmələgəlmə reaksiyasına nəzarət edən lüsiferaza fermentinin yandırıb-söndürmə düyməsi vardır. Bununla, canlılar lüsiferazanın mənfəzini bağlayıb işıqlarını söndürə bilirlər. Əgər bu həssas nizam olmasaydı, canlı dayanmadan o qədər işıq saçardı ki, bütün enerjisi qurtarıb ölərdi. Bu nizamın həssaslığını, həmçinin okeanın dərin zülmətində işıq saçan orqanizmlərin ətrafa yaydığı işığı görən digər canlılarda da müşahidə etmək mümkündür. Təkamülçü Peyn Stefani “dərin okean balıqlarının gözləri biolüminessensiyanı görmək üzrə dizayn olunub”,- deyərək bu həqiqəti etiraf edir8.

Biolüminessensiyanın bu mükəmməl dizaynını örnək alan biotexnologiya mütəxəssisləri mümkün qədər az istilik, çox işıq xaric edən lampalar istehsal etmək üçün çalışırlar. “Mühəndislər biolüminessensiyanın səmərəliliyinə həsəd aparırlar”,- deyən araşdırmaçı B. Tomas da bu mükəmməl dizaynın təqlid oluna bilməməsinə diqqət çəkir9.

Vəziyyət bu yerdə ikən, təkamülçülərin biolüminessensiya kimi mexanizmi təsadüfi proseslərin məcmusu kimi izah etməyə çalışmaları olduqca elmdənkənardır. Üstəlik, onlar bu “təsadüflər”in 50 dəfə (!) uğurlu nəticə əldə etdiyini irəli sürürlərsə… Bildiyimiz kimi, təkamül nəzəriyyəsinə əsasən, guya canlılar sahib olduqları bütün sistemləri təsadüfi mərhələlərlə əldə etmişlər. Belə ki, əgər biolüminessensiya təkamülçülərin izah etdiyi kimi tədrici mərhələlərlə əmələ gəlmiş olsaydı, indiki mükəmməl halına çatana qədər bir çox yarımçıq mərhələlərdən keçməli idi. Lakin bu yarımçıq mərhələlərin heç biri canlı üçün faydalı olmayacaq və elə təkamül nəzəriyyəsinin təbii seçmə məntiqinə əsasən həmin canlı sıradan çıxarılmalı olacaq. Bu da biolüminessensiyanın tədrici proseslərlə əmələ gəlməsinin imkansız olduğunu sübut edir. Vellinqton Viktoriya Universitetindən Dr. Conatan Sarfatti bunu belə izah edir:

Yarımçıq lüsiferin molekulları yarımçıq işıq verməyəcək. O, ümumiyyətlə işıq saçmayacaq, hələ ən ideal rəngə aid işıq bir yana qalsın! Ona görə də, təbii seçmə işıqsaçan sistemi tədrici mərhələlərlə əmələ gətirə bilməz”10.

“NATIONAL GEOGRAPHIC”İN SÖZ OYUNLARI

Biolüminessensiya kimi olduqca kompleks bir prosesi “National Geographic” sanki olduqca bəsit imiş kimi təsvir etməyə çalışır:

“Xeyli maddə lüsiferaz rolunu oynaya bilər. Qaranlıq məkanda yumurtanın ağını oksigen və məsələn, meduzadan əldə edilmiş lüsiferinlə qarışdırsaq, böyük ehtimalla, mavi işıq qığılcımları yaranacaqdır”.

Burada çox gizli bir söz oyunundan istifadə edilmişdir. Yuxarıdakı ifadə oxucuda ilk anda elə təəssürat yarada bilər ki, biolüminessensiya guya təbiətdə öz-özünə asanlıqla ortaya çıxıb. Halbuki bu fikir öz daxilində bir çox elmi və məntiqi xətalar ehtiva edir.

İlk öncə, nəinki “xeyli maddə”, heç bir maddə lüsiferazanı əvəz edə bilməz. Lüsiferinlər hər canlıya xas şəkildə fərqli olduğu kimi, onları aktivləşdirən lüsiferazalar da unikaldırlar. Bunlar işıldaquş lüsiferazası, bakteriya lüsiferazası, dinoflagellat lüsiferazası və s. kimi kateqorizə edilirlər və heç biri digərinin kimyəvi reaksiyasında əvəz edilə bilməz. Yumurta ağındakı ovalbumin, ovotransferrin kimi zülalların isə biolüminessensiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Yəni biolüminessensiya “National Geographic”in zənn etdiyi kimi asanlıqla əldə ediləcək bir proses deyil.

biolum1

Fənərgöz balıq okeanın 1000 metrdən çox dərinliyində gözünün altına yerləşdirilmiş xüsusi orqana- faralara sahibdir. Fənərgöz balıqlar şəkildə də gördüyümüz kimi 95 milyon il əvvəl də bu xüsusiyyətə sahib idi, yəni bu orqanlarla yaradılmışdır.

Bundan əlavə, “National Geographic” bu nümunəni verərkən yumurta ağındakı zülalların da, “meduzadan əldə edilmiş lüsiferin”in də necə yarandığını izah etmir. Hazır materialları qarışdırıb reaksiya gedə biləcəyini irəli sürür. Halbuki təkamül nəzəriyyəsinin ilk cavab verməli olduğu şey elə bu ilkin maddələrin- zülalların necə yarandığı sualıdır. Ortaölçülü bir zülalın təbiətdə təsadüfən yaranma ehtimalının “0” olduğunu nəzərə alsaq, bundan sonrakı mərhələlərin təkamül nəzəriyyəsi ilə izah edilməsinin necə mənasız olduğu üzə çıxacaqdır.

“National Geographic”in digər çaşdırıcı mahiyyətli xətası isə belədir:

“Bundan əlavə, okeanda yalnız qida zəncirinin son halqasını təşkil edən canlılar lüsiferin yaratmalıdırlar. Digər canlılar isə lüsiferini, prinsipcə, yalnız qidalanma yolu ilə əldə edirlər; yəni insanlar C vitaminini portağal yeməklə əldə etdiyi kimi, bəzi dəniz heyvanları da lüsiferini işıqsaçan qidalardan alırlar”.

Yuxarıdakı bənzətmə çox yalnışdır. Çünki insanlar portağal yeməklə öz genomlarına “C vitamini geni” əlavə edə bilməzlər. Sadəcə bu portağaldan aldıqları C vitaminini sağlam inkişaf və yeni hüceyrələrin qurulması üçün istifadə edərlər. Eynilə, işıqsaçan orqanizmlərlə qidalanan ovçular da lüsiferini qidalandıqları canlılardan alsa belə, bu lüsiferin onların həzm sistemlərində parçalanmaya məruz qalacaq və həmin canlı üçün lazım olan maddələrə çevriləcək. Yəni qidadan əldə etdiyi lüsiferin onun genlərinə “işıq saçmaq” haqqında heç bir yeni məlumat əlavə etməyəcək. Bu gün yaşayan bütün işıqsaçan canlılar isə, doğulduqları andan etibarən biolüminessensiyanı həyata keçirəcək bütün genləri öz hüceyrələrində daşıyırlar.

Həmçinin yuxarıdakı sitatda “qida zəncirinin son halqasını təşkil edən canlılar”da lüsiferinin mövcud olduğu deyilir. Bəs bu “ilk lüsiferin” necə yaranmışdır? Buna dair yenə də heç bir izah yoxdur.

Üçüncü nüans da bundan ibarətdir ki, “National Geographic” sadəcə okean canlıları üzərindən açıqlama verir. Bəs okean və dənizlərlə heç bir əlaqəsi olmayan işıldaquşlardakı, qırxayaqlardakı və ya göbələklərdəki lüsiferin necə əmələ gəlmişdir? Bu nüans da görməzdən gəlinmişdir.

Elə bunlardan dolayıdır ki, məqalənin müəllifi də təkamüllə bağlı bu sözlərinin ardından öz fikirlərini “fərziyyə” adlandırmış və başqa bir mövzuya keçmək ehtiyacı duymuşdur. Bu da təkamülçülərin öz danışdıqları nağıllara artıq özlərinin də inanma gücü qalmadığının açıq göstəricilərindən biridir.

NƏTİCƏ

Allah bütün canlıları ehtiyac duyduqları qüsursuz və unikal sistemlərlə birlikdə yaratmışdır. Canlılarda rast gəlinən orqan və sistemlər təsadüflərlə açıqlanmayacaq qədər kompleks və mütəşəkkildir. Əsası təsadüfi mutasiyaların canlı aləmi yaratması üzərində qurulan təkamül nəzəriyyəsi isə bu kompleksliyi açıqlamaqdan aciz qalmışdır. “National Geographic” jurnalının əməkdaşları da elmi kəşflər və araşdırmalarla onillərdir dəfələrlə təkzib edilmiş köhnə təkamül inancına dəstək vermək yerinə, daha obyektiv yanaşma ilə bütün canlıların bir Yaradıcı tərəfindən yaradılmış olduğu həqiqətini dilə gətirməlidirlər. 2015-ci ilin yanvar sayındakı “National Geographic” Azərbaycan jurnalının “daş dövrü pəhrizi” iddialarına cavab və fevral sayındakı “National Geographic” Azərbaycan jurnalının daraqlı canlıların təkamülü iddiasına cavab məqalələrimizdə də vurğuladığımız bu həqiqətlərin nəzərə alınacağına ümid edirik.

 

Mövzu ilə əlaqədar videolarımız:

Mövzu ilə əlaqədar digər məqalələrimiz:

Mənbələr:

  1. ‘Bioluminescence’, Encyclopædia Britannica 2:223–225, 15th Ed. 1992
  2. Haddock, S. H. D., M. A. Moline, and J. F. Case. 2010. Bioluminescence in the Sea. Annual Review of Marine Science. 2 (2010): 443-493
  3. Thomas, B. 2013. The Unpredictable Pattern of Bioluminescence. Acts & Facts. 42 (4): 17
  4. Haddock, S. H. D., M. A. Moline, and J. F. Case. 2010. Bioluminescence in the Sea. Annual Review of Marine Science. 2 (2010): 443-493
  5. Barras, C. Appendix Evolved More Than 30 Times. Science Now. Posted on news.sciencemag.org February 12, 2013, accessed February 13, 2013
  6. Frank Salisbury, “Doubts About the Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, sentyabr 1971, səh. 338
  7. Olivia Cadson, “İşıqlı Həyat”, National Geographic Azərbaycan, Mart, 2015, səh. 112
  8. Pain, Stephanie, ‘Lair of the Dragon,’ New Scientist 161(2179):30–35, 27 March 1999
  9. Thomas, B. 2013. The Unpredictable Pattern of Bioluminescence. Acts & Facts. 42 (4): 17
  10. Jonathan Sarfati, “Octopus suckers: glowing in the dark”, June 1999

Şərh üçün bağlıdır.

axtarış