• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Təkamülə alternativ nəzəriyyə

Çarlz Darvin 1859-cu ildə “Növlərin Mənşəyi” kitabını yayımladığı zaman dövrün, demək olar ki, heç bir nüfuzlu alimi kitabdakı fərziyyələri ciddi qəbul etməmişdi. Darvinin təbii seçmə nəzəriyyəsini qəbul etməyən çağdaşları- Riçard Ouen, Qreqor Mendel, Lui Paster kimi daha bir çox məşhur elm adamı xüsusi yaradılışa inanırdılar.

Lakin qısa müddətdə siyasi və ideoloji maraqların himayəyə aldığı təkamül nəzəriyyəsi geniş kütlələrə mənimsədilməyə başlandı. Xüsusilə siyasətə sirayət etmiş “sosial darvinizm” ideologiyası “yaşamaq uğrunda mübarizə”ni, yəni müharibələri təşviq etdiyinə görə, 20-ci əsr diktatura rejimlərinin əlində bayraq olmuşdu. Bu sekulyar, həm də inanca məhəl qoymayan rejimlərin ideoloji əsası da məhz təkamül fərziyyəsi idi. Hakimiyyət illərində milyonlarla insanın öldürülməsindən bilavasitə məsul olan İosif Stalinin “gənc nəsillərin zehnini yaradılış düşüncəsindən təmizləmək üçün onlara tək bir şeyi öyrətməliyik: Darvinin təlimini” sözləri də bu baxımdan çox diqqətədəyərdir.

Bu səbəbdən, əslində, heç bir elmi əsası olmayan təkamül fərziyyəsi ən öndə gedən akademiyalardan məktəb dərsliklərinə qədər nüfuz etməyi bacardı. Lakin, necə deyərlər, yalan ayaq tutsa da, yeriməz…

Təkamül nəzəriyyəsinin doğulduğu gündən 20-ci əsrin sonlarına qədər elmdə inanılmaz nailiyyətlərə imza atıldı. Elektron mikroskopun kəşfilə hüceyrə çox daha böyük miqyaslarda incələndi, DNT kəşf edildi, fotosintez prosesi elmə məlum oldu, biologiyada, paleontologiya, genetika, embriologiya kimi bir çox elm sahəsində daha onlarla mühüm irəliləyişlər əldə edildi. Elə bu uğurlar idi ki, bir neçə ildən sonra “təkamülə alternativ nəzəriyyə”nin əsasını qoyacaqdı. Bu, “Ağıllı Dizayn nəzəriyyəsi” idi.

Ümumilikdə, “ağıllı dizayn hərəkatı” adlanan elmi cərəyan 90-cı illərdən başlayaraq “üsyankar” elm adamları arasında həndəsi sürətlə yayılmağa davam etdi. ABŞ-da kök salmağa başlayan yeni nəzəriyyə sürətlə Qərbə, oradan da Şərq dövlətlərinə yayılaraq inkişaf etdi. Xüsusilə, Berkli Kaliforniya Universitetinin professoru Filip Consonun yazmış olduğu “Darvin Mühakimə Edilir” (1991) və amerikalı biokimyaçı Maykl Behenin “Darvinin Qara Qutusu” (1996) kitablarıyla sarsılan elm gündəmi yeni nəzəriyyənin ortaya qoyduğu yepyeni faktlar və arqumentlərlə həyatın mənşəyinə tam fərqli bir baxış bucağı qazandı.

Beləliklə, bu andan etibarən dünyanın çox müxtəlif nöqtələrindən ağıllı dizayn tərəfdarlarının getdikcə artan sədaları yayılmağa başlayır. İllinoys Universitetindən riyaziyyat üzrə professor Uilyam Dembski və dünyanın fərqli universitet və araşdırma mərkəzlərindən professor Stiven Meyer, astronom Qilyermo Qonsales, bioloq Conatan Uels, Pol Nelson, Duen Giş, Devid Berlinski kimi daha bir çox alim Ağıllı Dizayn nəzəriyyəsinə töhfələr verən yüzlərlə kitab, minlərlə məqalə və çıxışlara imza atdılar. Hal-hazırda isə nəzəriyyəni dəstəkləyən alimlərin sayı minlərə çatıb və hər beş qitədə uzun illərdir ki, bu mövzuda konfrans və seminarlar verilir, irimiqyaslı debatlar aparılır, sərgilər keçirilir. Yeni nəzəriyyənin dərsliklərə əlavə edilməsi barədə də ciddi işlər görülür.

Bəzən “yaradılış nəzəriyyəsi” olaraq istinad edilən Ağıllı Dizayn nəzəriyyəsinin elmi icmada bu qədər səs gətirməsinin səbəbi olduqca güclü və əsaslı arqumentlərlə ortaya çıxmış olmasıdır. Bu arqumentləri 3 ana maddədə incələyə bilərik:

1. Ağıllı dizayn irəli sürür ki, həyatın başlanğıcı, yəni ilk hüceyrənin yaranması təbii proseslərlə izah edilə bilməz. Hələ 19-cu əsrdə fransız bioloq Lui Pasterin məşhur təcrübəsilə canlıların cansız maddədən əmələ gəlməsinin imkansızlığı sübut olunmuşdu. O zamandan bəri, təkamülçülərin çoxsaylı cəhdlərinə baxmayaraq,  “canlı canlıdan gəlir” arqumenti artıq bioloji qanun halına gəlmişdir. Laboratoriyalarda nəinki bir hüceyrə, tək bir zülalın belə təsadüfi yollarla ortaya çıxdığı müşahidə edilməmişdir.

2. Ağıllı dizayn irəli sürür ki, təkamül nəzəriyyəsinin iddialarının əksinə, canlılar yer üzündə hər hansı “əcdad”ları olmadan, bir anda ortaya çıxmışlar və ortaya çıxdıqları andan etibarən heç bir dəyişikliyə (təkamülə) məruz qalmamışlar. Həmçinin, ixtiyari iki növü bir-birilə əlaqələndirən “ara keçid formalar” da mövcud deyildir. Buna ən yaxşı sübut yaşayan fosillər və “Kembri partlayışı” adlanan fenomendir. Yaşayan fosillər göstərir ki, canlılar milyonlarla il əvvəl hansı formada idilərsə, hal-hazırda da eyni forma və quruluşa malikdirlər. Yaşayan fosillər bu günə qədər 600 milyona yaxın sayda tapılmışdır və heç biri hazırda yaşayan növlərdən fərqlənmir. Bundan təxminən 540 milyon il əvvəl, Kembri dövründə isə 80-dən 100-ə qədər fərqli heyvan tipi (phylum) birdən-birə, heç bir əcdadları olmadan ortaya çıxmışdır. Bu hadisə təkamülçülərin heç bir şəkildə izah edə bilmədiyi açıq bir yaradılış nümunəsidir.

3. Ağıllı dizayn irəli sürür ki, canlı orqanizmlərdə elə mütəşəkkil sistemlər mövcuddur ki, bunlar, təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi, tədricən əmələ gələ bilməzlər. Məsələn, insan gözü 40 ayrı strukturun birləşməsindən əmələ gəlib və bu 40 hissədən biri belə olmasa, məs., büllur olmasa, insan kor olar. Təkamülçülərin iddiasına görə, insan gözündəki bu strukturlar tədricən, bir-bir üst-üstə yığılaraq formalaşıb. Lakin məsələ burasındadır ki, bu “tədrici inkişaf” əsnasında müəyyən hissələri mövcud olmayan orqan funksional olmayacaq. Beləliklə, təbii seçmə prinsipinə əsasən, sıradan çıxarılacaqdır. Bu da təkamül nəzəriyyəsinin kompleks orqanların mənşəyinə heç bir məntiqli açıqlama gətirə bilmədiyini göstərir.

Təbii ki, bu elmi nəzəriyyənin daha bir çox subarqumentləri və təfərrüatlı açıqlamaları vardır, lakin bu məqalə ilə vurğulamaq istədiyimiz həqiqət budur ki, təkamül nəzəriyyəsi biologiyanın “vazkeçilməzi” deyildir. Təkamül nəzəriyyəsinin qarşısında aciz qaldığı çox ciddi suallar mövcuddur və bu sualların sayı gündən-günə, yeni kəşflər və araşdırmalar nəticəsində artmağa davam edir.

Məhz bu səbəbdən də, mənşəyini Şimali Amerikadan götürmüş Ağıllı dizayn nəzəriyyəsinin kurrikuluma salınması məsələsi artıq onillərdir ki, ABŞ-ın bir çox ştatlarında müzakirəyə qoyulur. ABŞ-ın Teksas, Missuri, Oklahoma, Luiziana, Tennessi, Kentukki, Nyu-Meksiko kimi ştatlarının tədris mərkəzlərində təkamül nəzəriyyəsinin “elmi zəifliklərinin tənqidi”nə rəsmi olaraq icazə verilmişdir.

2008-ci ildə məşhur aktyor, yazıçı və hüquqşünas Ben Steynin baş rol aldığı “Qovuldu: Ağıla İcazə Yoxdur” (“Expelled: No Intelligence Allowed”) adlı bir sənədli film nümayişə buraxıldı. Filmin mövzusu ağıllı dizayn nəzəriyyəsi ilə təkamül nəzəriyyəsi arasındakı elmi qarşıdurmalar və bu qarşıdurmaların “qurbanları” idi. Müxtəlif universitet və araşdırma mərkəzlərinin bir sıra “qovulmuş” alim və elmi işçilərindən alınan müsahibələr göstərirdi ki, bu insanlar sırf ağıllı dizayn nəzəriyyəsinin təkamülə alternativ ola biləcəyini dediklərinə, hətta buna sadəcə eyham vurduqlarına görə işlərindən qovulmuşlar. Bu, təkamülçülərin öz nəzəriyyələrinə nə dərəcədə gözübağlı və diktatura səviyyəsində bağlı olduqlarını göstərirdi. Belə ki, təkamül nəzəriyyəsini müdafiə edən qurumların bir çoxu tənqidlərə, mühakimələrə, əks-fikirlərə qarşı tamamilə qapalı və aqressiv yanaşmalar sərgiləməkdədirlər. Belə olduğu halda, təbii ki, bir çox alim məcburən, işlərini əldən buraxmamaq üçün təkamülü müdafiə etmək yolunu seçəcəkdirlər. Filmin sonunda Ben Steyn bu sözlərə yer verir:

“Azadlığın olduqca böyük bir hissəsi sorğulama azadlığıdır. Lakin təəssüflə deməliyəm ki, hal-hazırda elmdəki sorğulama azadlığı sıxışdırılır. Elə insanlar var ki, onlar elmi kiçik bir qutunun içində saxlamaq istəyirlər”.

Həqiqətən də, öz nəzəriyyələrinə dərin bir ön-mühakimə ilə yanaşan materialistlər ağıllı dizayn kimi innovativ və həyatın mənşəyinə daha düzgün və elmi açıqlama gətirən bir nəzəriyyəni heç cür qəbul edə bilmirlər. Bu da təkamülün, əslində, elmi yox, ideoloji “nəzəriyyə” olduğunu çox açıq şəkildə ortaya qoyur.

Şərh üçün bağlıdır.

axtarış