ATV.az saytında 28 may 2015-ci il tarixində dərc olunmuş bir məqalədə Efiopiyada yeni tapılmış 3,5-3,3 milyon illik nəsli kəsilmiş bir meymuna aid fosil insanın əcdadı kimi göstərilməyə cəhd olunur. Müxtəlif qalıqların adları çəkilərək verilən cüzi bir informasiya ilə insanın təkamül keçirdiyi təəssüratı formalaşdırılır. Yazıda Australopithecus deyiremeda latınca adı qoyulmuş sözügedən fosildən belə bəhs edilir:
“İndiyə qədər əldə olunan məlumatları nəzərə alsaq, yeni növ də daxil olmaqla, ilk insanların 4 növü olub. Bunlardan ən məşhuru 2,9-3,8 milyon il əvvəl yaşayan və bir zamanlar insanın birbaşa atası olduğu düşünülən “Australopithecus afarensis” növü idi. Daha sonra Keniyada “Kenyanthropus platyops” adlı növ idi. Çadda isə sonradan “Australopithecus bahrelghazali” adı verilən daha bir növ tapılmışdı”.1
Halbuki yazılanları diqqətlə araşdırsaq adı çəkilən nümunələrin, əslində, insanın təkamül keçirmədiyi yönündə dəlillər olduğunu görərik. İlk öncə, xəbərdə deyilir ki, ilk insanların 4 növü olub. Halbuki yeni fosil haqqındakı məlumatların xarici mənbəyi olan “Nature” jurnalında belə bir şey qeyd olunmamışdır. “Nature” jurnalındakı məqalədə sadəcə qeyd olunur ki, təkamülçülər bu növlərdən hansının insan- Homo cinsinə başlanğıc verdiyi üzərində baş sındırırlar.2 Həmçinin yeni tapılan fosil çox az nümunəyə malikdir, belə ki, sadəcə çənə və dişləri mövcuddur.3 Bunlara əsaslanaraq canlının bütöv rekonstruksiyasını çıxarmaq mümkün deyildir, hansı ki, həmin rekonstruksiyaya ATV.az-dakı məqalədə də rast gəlirik. Elə bu səbəbdən də, London Universitet Kollecindən məşhur paleontoloq Fred Spur həmin bu Australopithecus deyiremeda fosili haqqında “əldə çox az dəlil olduğu”nu və bunlara əsaslanaraq “qohumluq əlaqələri yaratmamalı” olduqlarını vurğulayır.4 Elə bu səbəblərdən də, yeni tapılmış avstralopitek fosili sadəcə qədim bir kəşf olmaqdan uzağa getmir.
Diqqət edin! Bu fosil nə Homo erectus, nə də Neandertal fosilidir. Adından da göründüyü kimi, avstralopitek fosilidir. Yaxşı bəs avstralopiteklər insanın əcdadıdırmı?
AVSTRALOPİTEKLƏR- NƏSLİ KƏSİLMİŞ MEYMUNLAR
Avstralopitek növlərinin hamısı dövrümüzdəki meymunlara bənzəyən nəsli kəsilmiş meymunlardır və hamısının beyni bugünkü şimpanzelərin beyni ilə eyni həcmdədir və ya daha kiçikdir. Əllərində və ayaqlarında bugünkü meymunlarda olduğu kimi ağaclara dırmaşmaq üçün çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün mükəmməl quruluşa malikdir.5 Boyları qısadır (ən çox 130 sm) və eynilə bu gün gördüyümüz meymunlardakı kimi erkək avstralopitek dişidən daha iridir.6 Kəllə sümüklərindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir sıra xüsusiyyətlər bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadığını göstərən dəlillərdir.7 Təkamülçülər avstralopiteklərin adi meymun anatomiyasına malik olmasına baxmayaraq, bütün digər meymunların əksinə, insanlar kimi dik yeridiklərini iddia edirlər.
Amma bir çox elm adamı avstralopitekin skeleti üzərində çoxlu tədqiqat aparmış və bu iddianın əsassızlığını üzə çıxarmışdır. İngiltərə və ABŞ-dan olan iki məşhur anatomiyaçı Lord Solli Sukerman və prof. Çarlz Oksnardın avstralopitek nümunələri üzərində apardıqları genişmiqyaslı tədqiqatlar bu canlıların ikiayaqlı olmadıqlarını, dövrümüzdəki meymunlar kimi eyni hərəkət formasına malik olduqlarını göstərmişdir. İngiltərənin dəstəyi ilə təşkil olunmuş beş mütəxəssisdən ibarət tədqiqat qrupunda bu canlıların sümüklərini 15 il boyu araşdıran Lord Sukerman özü də təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq, avstralopiteklərin sadəcə adi meymun növü olduğunu və qətiyyən dik yerimədiklərini müəyyən etmişdir.8 Bu mövzudakı araşdırmaları ilə məşhur olan digər təkamülçü anatomiyaçı Çarlz E. Oksnard da avstralopitek skeletini dövrümüzdəki oranqutanlara bənzədir.9
Avstralopitekin insanın əcdadı olmadığı son dövrdə təkamülçü mənbələr tərəfindən də qəbul edilir. Məşhur fransız elm jurnalı “Science et Vie” 1999-cu il, may sayında bu mövzunu cild səhifəsində dərc etmişdi. Jurnal “Adieu Lucy” (Əlvida Lüsi) başlığı altında Australopithecus afarensis növünün ən əsas fosil nümunəsi hesab edilən Lüsinin və avstralopitek növünə məxsus meymunların insanın nəsil ağacından çıxarılmalı olduğunu vurğulamışdır.
Bütün bu dəlillərə eyni zamanda avstrolapiteklərin insanın əcdadı olmadığı illər öncə elə təkamülçülərin özləri tərəfindən qəbul edilməsinə baxmayaraq, ATV.az-ın 2015-ci ildə belə bir iddianı dərc etməsi sadəcə olaraq məlumat əksikliyindən qaynaqlanır.
Daha sonra iddiada Kenyanthropus platyops fosilinin insan təkamülünün “nəsil ağacı”nda adı çəkilir. Halbuki dəlillərin ortaya çıxardığı mənzərə tamamilə təkamülün əleyhinədir. Çünki özündən sonra yaşamış olan bəzi meymun növləri (məs., elə Lüsi kimi) təkamülçü meyarlara görə Kenyatropus platyops‘dan daha “geri” qalır.10 Yəni keniyantrop Lüsidən daha qədim olmasına baxmayaraq, daha müasir cizgilərə malikdir. Bu səbəbdən, fərqli xüsusiyyətlərə sahib olan bu fosil təkamülçülərin bütün sxemini alt-üst edir. Çünki bu qalığı hara yerləşdirəcəklərini bilmirlər.
Corc Vaşinqton Universiteti, Antropologiya şöbəsindən Daniel E. Liberman isə “Nature” jurnalında yer alan məqaləsində Kenyanthropus platyops haqqında bu şərhi edir:
“İnsanın təkamül tarixi çox mürəkkəb və müəyyənləşdirilməmişdir. İndi 3,5 milyon illik başqa bir növün tapılması ilə vəziyyət daha da qarışacaqmış kimi görünür… Kenyanthropus platyopsun quruluşu, ümumiyyətlə, insanın təkamülü və növlərin davranışı barədə bir çox sualı özü ilə gətirir. Məsələn, nə üçün qeyri-adi olaraq kiçik bir çənə dişinə və önə doğru əyilmiş çənə sümüyü olan böyük yastı üzə eyni anda sahibdir? Böyük üzü və bənzər şəkildə yerləşdirilmiş çənə sümüyü olan bütün digər insanabənzər növlərin böyük dişi var…”11
Məsələnin maraqlı tərəfi isə, bəzi media orqanlarının, təkamül əleyhindəki dəlilləri belə “təkamül dəlili” sanmasıdır. Bu, elə bir ön-mühakiməli yanaşmadır ki, torpaqdan çıxan hər kəlləni əvvəlcədən “təkamülə dəlil” zənn edirlər və eləcə də göstərirlər. İnsanın təkamül keçirdiyinə dair heç bir elmi fakt yoxdur. Təkamül nəzəriyyəsini dəstəkləmək üçün edilən bütün bu elmi saxtakarlıqlar və ön-mühakiməli dəyərləndirmələr bu nəzəriyyənin elmi açıqlamadan daha çox ideologiya olduğunu göstərir. Hər bir ideologiyada olduğu kimi, bu ideologiyanın da fanatik tərəfdarları var və bunlar təkamülü nəyin bahasına olsa da, sübut etməyə çalışırlar. Nəzəriyyəyə elə doqmatik tərzdə bağlanıblar ki, əllərinə keçən hər yeni kəşfi təkamüllə heç bir əlaqəsi olmadığı halda, nəzəriyyəyə böyük dəlil hesab edirlər. Şübhəsiz, bu, elm adından deyilən böyük yalandır; çünki elm dünyası əsassız bir doqma uğrunda səhv istiqamətləndirilir.
NƏTİCƏ
ATV.az saytında “Elm” kateqoriyası altında yayımlanmış “Nərgiz” müəllifli bu məlumat, göründüyü kimi, heç bir elmi mahiyyət ehtiva etmir. Məqalənin başlığı isə təkamül fərziyyəsini müdafiə edənlərin son günlərdə necə çəkingən hala gəldiklərini göstərir. Əvvəllər “itkin halqa tapdıq!”, “təkamül bir daha sübut olundu” kimi başlıqlarla yayımlanan təkamül yönümlü xəbərlər bu gün “təkamül yoxdursa, bu sümüklər kimə aiddir” kimi ümidsiz və şübhə dolu başlıqlarla yayımlanır. Bu vəziyyətin yaranmasında, təbii ki, uzun illərdir həm Azərbaycanda, həm də bütün dünyada aparılan elmi, antidarvinist təbliğatın çox böyük payı vardır. Ümid edirik ki, ATV.az saytının dəyərli həmkarları da xarici mənbələrdən alınmış məlumatları daha diqqətli şəkildə süzgəcdən keçirərək xalqımıza tam elmi məlumatları çatdıracaqdırlar.
Mövzu ilə əlaqədar digər məqalələrimiz:
- “National Geographic” Azərbaycan jurnalının “daş dövrü pəhrizi” iddialarına cavab
- BBC Azərbaycan saytının “Primatların kəlləsini yumruqlar formalaşdırıb” başlıqlı yazısına cavab
- Milli.az saytının təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab
- Anspress.com saytının “Quşların yaranması bir anda olub” başlıqlı yazısına cavab
- Az.ann.az saytının “İnsan hələ də təkamül edirmi?” başlıqlı yazısına cavab
- “Avstralopiteklər insanın əcdadıdır” iddiası saxtakarlıqdır
- Nebraska adamı saxtakarlıqdır
- Piltdaun adamı saxtakarlıqdır
- Darvinizmə dəlil göstərilməyə çalışılan bütün kəllə sümüyü fosilləri saxtadır
- İnsanın Mənşəyi
- Ara-Keçid Forma İddialarına Cavab -I- Hissə
- Ara-Keçid Forma İddialarına Cavab -II- Hissə
- Ara-Keçid Forma İddialarına Cavab -III- Hissə
Mövzu ilə əlaqədar videolarımız:
- Təkamül saxtakarlıqları
- Təkamül saxtakarlıqları – Nebraska adamı
- Təkamül saxtakarlıqları – Piltdaun adamı
- Qədim insanların mağaralardakı incəsənəti
- 30 saniyədə Təkamül fərziyyəsi
- Elmi kəşflərlə ortaya çıxmış canlı qalıqları təkamül keçmədiyini isbat edir
- Təkamülçülərin etirafları
- Təkamülçülərin etirafları – Derek Eycer, Mark Çarnetsk, Kolin Patterson, Luis L. Kerroll
- Təkamülçülərin etirafları- Nils Eldric, Devid Roup
Mənbələr:
- http://news.atv.az/news/science/28998-insan-meymundan-yaranmayib
- Ewen Callaway,“New Species of Early Human Discovered Near Fossil of ‘Lucy,’” Nature, May 27, 2015
- Haile-Selassie, Y. et al. Nature 521, 483–488 (2015)
- Spoor, F. Nature 521 432–433 (2015)
- Stern, J.T. and Susman, R.L., The locomotor anatomy of Australopithecus afarensis, American J. Physical Anthropology 60:284,307, 1983
- Beck, Roger B.; Linda Black, Larry S. Krieger, Phillip C. Naylor, Dahia Ibo Shabaka, (1999). World History: Patterns of Interaction. Evans ton, IL: McDougal Littell
- Zihlman AL, Cronin JE, Cramer DL, Sarich VM (1978). “Pygmy chimpanzee as a possible prototype for the common ancestor of humans, chimpanzees and gorillas”. Nature 275 (5682): 744–6
- Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94
- Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
- http://www.lewrockwell.com/orig/sardi3.html
- Daniel E. Lieberman, “Another face in our family tree”, Nature, March 22, 2001