• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Təkamülçü ekoloq Elçin Sultanovun təkamül fərziyyəsini qərəzli təbliğat üsullarına cavab

Təkamülçülərə Cavab saytı fəaliyyətə başladığı gündən etibarən bir çox ateist-materialist və darvinist dairələri məyus edib və edir. Bunun ən yaxşı göstəricisi də son vaxtlar ateist-darvinist meyilli kütləvi informasiya vasitələrinin öz təkamül dinlərini “birtəhər” xilas etmək cəhdləridir. Lakin onları məyus etməyə davam edəcəyik ki, cəmiyyətimizə saxta din olan darvinizm “elm” adı altında yeridilməsin.

Azərbaycanlı ornitoloq və ekoloq Elçin Sultanov 12 sentyabr, 2017-ci il tarixində modern.az saytına verdiyi müsahibəsində oxucuya, sanki təkamül fərziyyəsini düşdüyü dərin quyudan çıxartmağa çalışırmış kimi bir təəssürat bağışlayır. Bunun səbəbi bu gün Azərbaycanda təkamül dininin elmi, fikri üsullarla süpürülüb atılmış olmasıdır. Elçin Sultanov və digərlərinin bu son cəhdləri isə təkamül dininin qarşısıalınmaz sonunu dəyişməyəcəkdir.

Əvvəlcə, müsahibə üçün seçilmiş sərlövhəyə nəzər salaq: “Ancaq kəmsavad adamlar təkamülü inkar edə bilər”. Belə bir dözümsüz və ehkamçı başlığın seçilməsi isə heç də təəccüblü deyildir. Çünki bu, qərəzsiz bir jurnalistin obyektiv bir alimdən aldığı müsahibə deyil. Hər iki müsahib – Elçin Sultanov da, jurnalist Aqşin Kərimov da materialist mövqedə duran insanlardır. Ona görə daha doğru olardı ki, bu müsahibəni belə adlandıraq: “iki ateistin söhbəti”. Doğrudan da mı, “ancaq kəmsavad adamlar” təkamül fərziyyəsini inkar edə, ona qarşı çıxa bilərlər? Bunu iddia edən bir insan, həmçinin aşağıda adlarını sadaladığımız görkəmli alimləri də “kəmsavad” adlandırır (!):

  • Paleontologiya elminin atası sayılan Jorj Küvye
  • Müasir geologiyanın banilərindən biri olan Adam Secvik
  • Enerji vahidi “coul”un onun adını daşıdığı fizik Ceyms P.Coul
  • Patologiya elminin atası Rudolf Virxov
  • Hidromexanika elminin banisi Corc Q.Stoks
  • Genetikanın atası Qreqor Mendel
  • Bakteriologiya və immunologiyanın atası Lui Paster
  • Entomologiya elminin banisi Jan Anri Fabr və i.a.

Bu və burada adlarını sadalamadığımız hələ bir çox dünya miqyaslı alimlər təkamül fərziyyəsini inkar etmiş, bəziləri hətta ona qarşı ideoloji mübarizə aparmışlar. Müasir dövrdə isə təkamül dininə qarşı çıxan, Yaradılışı qəbul edən alimlərin sayı getdikcə artır. Bunu əyani şəkildə görmək üçün A Scientific Dissent from Darwinism (“Darvinizmə elmi müxalifət”) layihəsinə nəzər salmaq kifayət edər. Bu layihə “təsadüfi mutasiyalar və təbii seçmənin həyatın kompleksliyini izah edə bilməyəcəyi”nə qənaət gətirən yüzlərlə bioloq, kimyaçı və digər dəqiq elmlər üzrə fəlsəfə doktorlarının imzasını toplamışdır və toplamağa davam edir. Dünyanın ən nüfuzlu universitetlərinin akademik və professorlarını da ehtiva edən “Darvinizmə elmi müxalifət” siyahısı təkamülün heç də danılmaz elmi fakt olmadığını bir daha sübut edir.

Belə olduğu halda, Elçin Sultanovun dilə gətirdiyi və müsahibəyə başlıq kimi seçilən bu təhqiramiz ifadənin necə mənasız olduğu aydın olur.

E.Sultanov öz mülahizələrinə qəribə bir girişlə başlayır: “Demək olar ki, müasir təkamül təlimi də quşların üzərində qurulub”. Öz ixtisası ilə təkamül fərziyyəsini qaynaq etməyə çalışan Sultanov məşhur təkamülçülər olan Alfred R.Uolles və Ernst Mayrın da ornitoloq (quşları öyrənən alim) olduğunu, beləcə, bu sahənin təkamülə möhkəm dayaq təşkil etdiyini iddia edir. Bəs, həqiqətən də mi, quşları öyrənən elm təkamülə əsas verir? Tam əksinə. Ornitologiya təkamül fərziyyəsini təkzib edən, onu əsassız hala gətirən başlıca elm sahələrindən biridir. İstər Yerin geoloji tarixi boyunca qarşılaşdığımız qədim quşlar, istərsə də bu gün yaşayan və təxminən 40 dəstədə təsnif edilən 10.000 müxtəlif quş növü təkamül inancını çıxılmaz vəziyyətdə qoyur. İlk quşlar geoloji laylarda heç bir əcdada malik olmadan, birdən-birə, tam mükəmməl uçuş qabiliyyətinə sahib halda üzə çıxırlar: bunlar hər biri 160 milyon il yaşında olan Aurornis, Anchiornis adlı quşlar və 150 milyon il yaşındakı məşhur quş fosili arxeopteriksdir. Onlar təkamülçülərin iddia etdiklərinin əksinə, sürünənlərdən tədricən quşa çevrilən, hələ uçmağı bacarmayan, natamam, yarımsürünən–yarımquş məxluqlar deyil. Bunlar bütün anatomik xüsusiyyətləri və mükəmməl uçuş qabiliyyətləri ilə əsl quşlardır. Bu fakt “təkamül təliminin quşların üzərində qurulması” kimi pafoslu bir iddianı birbaşa təkzib edir.

Quşların bütün ecazkar xüsusiyyətləri içində, əlbəttə ki, ən diqqət çəkəni mükəmməl uçuş qabiliyyətləridir. Uçuşa imkan verən çoxsaylı amillərdən təkcə lələklərin quruluşuna diqqət yetirmək isə təkamül təlimini çıxılmaz vəziyyətə salmağa bəs edir. Quş lələklərində heç bir təkamül xarakterli proseslə açıqlanmayacaq qədər kompleks yaradılış var. Lələklərin ortasında hamımıza məlum olan uzun və sərt boru yerləşir. Bu borunun hər iki tərəfindən yüzlərlə lələkcik çıxır. Uzunluqları və yumşaqlıqları fərqli olan bu lələklər quşa aerodinamik xüsusiyyət qazandırır. Ancaq daha da maraqlısı budur ki, bu lələklərin hər birinin üzərində də “saqqalcıq” adlanan və gözlə görünməyən çox kiçik tüklər var. Bu saqqalcıqların üzərində isə “qarmaqcıq” adlandırılan kiçik qarmaqlar var. Bu qarmaqcıqlar sayəsində hər saqqalcıq bir-birinə sanki zəncirbənd kimi bağlanmışdır.

Durnanın bircə lələyinin üzərində lələk borusunun hər iki tərəfindən uzanan 650 dənə incə tükcük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı saqqalcıq yerləşir. Bu saqqalcıqların hər biri isə 390 dənə qarmaqcıqla bir-birinə bağlanır. Qarmaqcıqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə bağlanmışdır. Qarmaqcıqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha çətin hallarda dimdiyi ilə lələklərini düzəltməsi lələklərin normal şəklə düşməsi üçün kifayətdir.

Lələklərin bu kompleks quruluşunun təsadüfi mutasiyalar nəticəsində sürünən pulcuğundan təkamüllə əmələ gəldiyini müdafiə etmək heç bir elmi əsası olmayan ehkamçı inancdan başqa bir şey deyil. Belə ki, neodarvinizmin dualistlərindən biri olan və Elçin Sultanovun da tez-tez istinad etdiyi təkamülçü Ernst Mayr bu mövzuda illər əvvəl belə bir etiraf etmişdir:

“Hərçənd bu da etiraf edilməlidir ki, müəyyən duyğu orqanları kimi həssas tarazlıqdakı sistemlərin (onurğalıların gözü və ya quşun lələyi kimi) təsadüfi mutasiyalar yoluyla törədiyini zənn etmək insanın sadəlöhvlüyünü açıq-aşkar istismar etmək deməkdir”.1

Lələklərdəki bu yaradılış Çarlz Darvini də çox düşündürmüş, hətta tovuzquşu lələklərindəki mükəmməl estetika, öz ifadəsilə, Darvini “dilxor etmişdir”. Darvin dostu Eysa Qreyə yazdığı 3 aprel 1860-cı il tarixli məktubunda: “Göz haqqında düşünməyin məni büsbütün titrətməyə tutduğu vaxtları yaxşı xatırlayıram, amma bu şikayət dövrünün öhdəsindən gəldim”, – dedikdən sonra belə davam edir: “İndi isə sistemdəki bəzi kiçik, xırda-para təfərrüatlar mənə narahatçılıq verir. Bir tovuzquşunun quyruğundakı lələyin görünüşü, nə vaxt nəzər salsam, məni dilxor edir!2

Xülasə etsək, quş lələkləri ilə sürünən pulcuqları arasındakı böyük quruluş fərqləri və quş lələklərinin həddindən artıq kompleks quruluşu lələklərin pulcuqlardan təkamül yolu ilə əmələ gəlməsi iddiasını tamamilə əsassız edir.

E.Sultanovun genetika və təkamül təlimini uzlaşdırmaq səhvi

Daha sonra E.Sultanov təkamül fərziyyəsini genetika ilə uzlaşırmış kimi göstərməyə çalışır. Halbuki genetika elminin kəşfi 19-cu əsrdə darvinizmə vurulmuş ən güclü zərbə idi. Elə buna görədir ki, təəssübkeş təkamülçülər Qreqor Mendelin genetika tədqiqatlarına isti yanaşmadılar, Mendelin çalışmalarının yayılması onillərlə yubandı. Bunun ən radikal nümunəsi Sovet İttifaqında həyata keçdi, belə ki, ölkədə təkamülə zidd genetika elmini yayan, inkişaf etdirən alimlər təqiblərə məruz qalır, həbs edilir və hətta – Nikolay Vavilov nümunəsində olduğu kimi – sürgün edilib öldürülürdü.

Darvinin nəzəriyyəsini irəli sürdüyü dövrdə canlıların xüsusiyyətlərini sonrakı nəsillərə necə ötürdükləri, yəni irsiyyətin necə baş verdiyi tam məlum deyildi. Elçin Sultanovun da dediyi kimi: “Darvin genetikanı bilmirdi”. Ona görə irsiyyətin qan yolu ilə ötürülməsi kimi ibtidai düşüncələr geniş qəbul edilmişdi.

İrsiyyət haqqında məlumat azlığı Darvinin də nəzəriyyəsini irəli sürərkən tamamilə bəzi səhv fərziyyələrə əsaslanmasına səbəb oldu. Darvin “təkamül mexanizmi” kimi təbii seçməni göstərirdi. Amma təbii seçmə ilə seçilən “faydalı xüsusiyyətlər” necə ortaya çıxacaq və nəsildən-nəslə necə ötürüləcəkdi? Darvin elə bu yerdə özündən əvvəl fransız təkamülçü bioloqu Jan Batist Lamark tərəfindən ortaya atılmış “qazanılmış xüsusiyyətlərin sonrakı nəslə ötürülməsi” tezisinə əl atdı. Təkamül nəzəriyyəsini müdafiə edən tədqiqatçı Qordon R.Teylor “Böyük təkamül müəmması” (The great evolution mystery) adlı kitabında Darvinin lamarkizmdən çox təsirləndiyini belə izah edir:

“Lamarkizm qazanılmış xüsusiyyətlərin irsi olaraq ötürülməsi kimi tanınır… Darvinin özü, açıq desək, bu cür irsiyyətin baş verdiyinə inanmış və hətta barmaqlarını itirdikdən sonra uşaqları barmaqsız doğulan bir adamı nümunə göstərib bu hadisəni izah etmişdir… 1868-ci ildə “Əhliləşdirilən heyvan və bitkilərin variasiyaları” (Varieties of animal and plants under domestication) adlı kitabını nəşr etdirdikdə lamarkist irsiyyətə dəlil olduğunu hesab edən bir çox nümunə vermişdir”.3

Ancaq Lamarkın tezisi avstriyalı botanik, rahib Qreqor Mendelin kəşf etdiyi irsiyyət qanunları tərəfindən təkzib edildi. Belə olduqda, “faydalı xüsusiyyətlər” anlayışı da əsassız qaldı. Genetika qanunları qazanılmış xüsusiyyətlərin ötürülmədiyini və irsiyyətin dəyişilməyən bəzi qanunlara əsasən baş verdiyini göstərirdi. Bu qanunlar növlərin sabitliyi fikrini dəstəkləyirdi. Darvinin İngiltərədəki heyvan bazarlarında gördüyü inəklər nə qədər fərqli kombinasiyalarla cütləşdirilsə də, növ dəyişməyəcək və inək olaraq qalacaqdı.

Qreqor Mendel uzun təcrübə və müşahidələr nəticəsində müəyyən etdiyi irsiyyət qanunlarını 1865-ci ildə bir elmi jurnalda açıqlamışdı. XX əsrin əvvəllərində də bu qanunların doğruluğu bütün elm dünyası tərəfindən qəbul edildi. Bu vəziyyət “faydalı xüsusiyyətlər” anlayışını Lamarka əsaslanaraq izah etməyə çalışmış Darvinin təlimini çıxılmaz vəziyyətə saldı.

Burada ümumi bir səhvi düzəltmək yerində olar: Mendel təkcə Lamarkın təkamül modelinə deyil, eyni zamanda Darvinin də təkamül modelinə qarşı çıxmışdı. “İrsiyyət jurnalı”nda (Journal of Heredity) nəşr edilən “Mendelin təkamülə və Darvinə müxalifəti” başlıqlı məqalədə bildirildiyi kimi, “Mendel “Növlərin mənşəyi” əsəri ilə tanış idi və Darvinin nəzəriyyəsinə qarşı çıxırdı. Darvin təbii seçmə ilə ortaq əcdaddan təkamül keçirmə nəzəriyyəsini irəli sürərkən Mendel xüsusi yaradılışa inanırdı”.4

Elçin Sultanov hər nə qədər bu iki zidd anlayışı bir-birinə uyğun kimi göstərməyə çalışsa da, göründüyü kimi, genetika təkamül təlimini çox çətin vəziyyətə salıb. Məhz bu səbəbdən də darvinizmi müdafiə edən alimlər XX əsrin birinci rübündə məcbur qalıb yeni təkamül modeli qurmağa çalışdılar. Beləliklə, neodarvinizm meydana gəldi.

Qəribəsi budur ki, Elçin Sultanov təkamül ilə genetikanı uzlaşdırmaq üçün çox maraqlı taktikadan istifadə edir: o, genetik faktları, Mendelin işlərini, irsiyyət proseslərini sadalayır, izah edir və ardınca da deyir ki: “Bütün bunlar bilməyən adamlara, təkamülə qarşı çıxanlara bir az qəliz görünür”. Halbuki danışılan genetik qanunlar elmi faktdır və bunların təkamül fərziyyəsini dəstəkləyən heç bir cəhəti də yoxdur. Darvinist təbliğat üsullarından biri də real elmi faktları ard-arda sıralayıb, axırda da – heç bir əlaqəsi olmadığı halda – bunların təkamülə əsas verdiyini iddia etməkdir. Unutmamaq lazımdır ki, genetika elmdir, təkamül isə xurafat.

Misal üçün, Sultanov deyir: “Eyni gen müxtəlif cür üzə çıxa bilər. Müxtəlif şəraitdə eyni geni daşıyan dovşan ağ da ola bilər, qara da, göy də. Belə incə məsələlər var ki, onlar təkamülə təsir edir”. Burada genlərin dominantlıq və resessivlik xüsusiyyətlərindən söhbət gedir. Dovşanlar eyni genin həm dominant, həm də resessiv allelini daşıya bilər, ancaq xarici görkəmdə (fenotipdə) dominant gen özünü büruzə verəcəkdir. Bunlar fundamental genetik anlayışlardır. Halbuki Sultanov yenə öz fikrini “təkamül” sözü ilə bitirməyə xüsusi diqqət yetirir. Əslində, bu genetik tənzimləmələrin təkamülə heç bir aidiyyəti yoxdur.

Elçin Sultanov “elmi” demaqogiyaya yol verməkdənsə, ilk genin necə yarandığını açıqlamalıdır. İlk ikiləşmə qabiliyyətinə malik molekul, ilk DNT, ilk RNT, ilk zülal necə yaranmışdır? Bu suallar cavablanmadıqdan sonra başqa təkamül ssenariləri qurmaq mənasızdır.

Təkamülə “universal həqiqət” kimi baxmaq səhvi

Təkamül ilə bağlı ən əsas problemlərdən biri təkamülçülərin öz fərziyyələrini – bir din kimi – “universal həqiqət”, “danılmaz fakt” kimi qələmə verməkləridir. Bu, təkamülün adi bir elmi nəzəriyyə yox, sözün əsl mənasında, etiqad edilən bir din olduğunu sübut edir. Məşhur təkamülçü bioloq Frensis Krikin sözlərində bunu aydın görmək olar:

“Bioloqlar gördüklərinin dizayn edilməyib, təkamüllə əmələ gəldiyini daima yadda saxlamalıdırlar”.5

Elçin Sultanov da istisnasız hər şeyə, sanki “təkamül eynəyi”ndən baxır. O, hətta təbiətin mühafizəsini və Azərbaycana yeni quş növlərinin köçməsini də təkamülə sübut sayır (!) və deyir: “Təkamül təlimini məhv etmək mümkün deyil, təkamül hər şeyə aiddir. Təkamül bütün biologiyanı aşağıdan yuxarıya qədər tikir, keçir. Təkamülsüz biologiyanın heç bir sahəsini anlamaq mümkün deyil – nə genetikanı, nə zoologiyanı. Təkamülü başa düşməyənlərin bilikləri fraqmentaldır”.

Bu cür bir ehkamçı baxış bucağı başqa heç bir elm sahəsində yoxdur. Təkamülçülər kor-koranə, subyektiv dəlillərə əsaslanaraq öz nəzəriyyələrini cəmiyyətə yeritməyi qarşılarına məqsəd qoymuşlar. Öz nəzəriyyələrinə tuş gələn ən kiçik bir tənqidi belə qəbul edə bilmirlər. Yaradılışa inandığına hətta eyham vuran alimləri dərhal işlərindən azad edirlər. Bütün bunlar təkamülün elm yox, din olduğunu bir daha təsdiq edir. Müasir dövrün aparıcı ateist, təkamülçü alimlərindən Maykl Ryuz vəziyyəti bu cür etiraf edir:

“Təkamül öz tərəfdarları tərəfindən adi elmdən daha fərqli formada təqdim edilir. Təkamül bir ideologiya kimi, sekulyar din kimi təbliğ edilir… Təkamül bir dindir. Bu, başlanğıcda da belə idi, bu gün də belədir”.6

Təkamül təsadüflərin dinidir. Atomların təsadüfən, spontan şəkildə bir yerə yığılıb kompleks və mütəşəkkil həyatı yaratdığını təbliğ edir. Bu din indi dünyanın bütün elmlər akademiyalarına, bütün universitetlərinə, bütün məktəblərinə hakimdir. Şagirdlər, tələbələr, yaşlı professorlar belə hər şeyin təsadüfən yarandığını deməyə məcburdurlar. Çünki ateizmin, materializmin saxta dini olan darvinizm bütün dünyada diktatura qurmuşdur. Fransa Elmlər Akademiyasının keçmiş prezidenti, 52 cildlik “Zoologiya üzrə traktat”ın müəllifi olan məşhur fransız akademik Pyer-Pol Qrasse belə yazır:

“Külli-ixtiyar (təbii) seçmə tərəfindən istiqamətləndirilən təsadüf – ateizm pərdəsi altında adı çəkilməyən, lakin gizlincə sitayiş edilən bir növ ilahi qüvvəyə çevrilmişdir”.7

Çarlz Darvin özü öz təlimi haqqında daima şübhədə və tərəddüddə olmasına baxmayaraq, bugünkü təkamülçülər ondan daha da qatı, daha da ehkamçı mövqe tutublar. Darvin öz fikirlərini tənqid edir, qarşıya suallar qoyur, kitab və məktublarında daima nəzəriyyəsinin çətinliklərini qabardır. Lakin indiki təkamülçülər öz fərziyyələrinə qətiyyən söz dedirtmir, onu “hər şeyə aid edir”, onsuz “heç nəyi anlamağın mümkün olmadığını” deyirlər. Deməli, artıq burada biz elmdən yox, qəlibləşmiş dindən danışırıq. Bu, darvinizm dinidir və bütün batil dinlər kimi darvinizm dini də məhv olmağa məhkumdur.

Keçmişdə nəsli kəsilmiş canlılar təkamülə sübut deyil

Elçin Sultanov müsahibəsinə belə davam edir: “Məşhur fransız alimi Küvye birinci dəfə görmüşdü ki, heyvanlarda dəyişikliklər var. O sümüklər tapırdı. Və görürdü ki, bu heyvan sümükləri müasir heyvanlarda yoxdur. Küvye çox dərin inanclı biri idi, amma bu da fakt idi ki, tapılan sümüklər müasirlər heyvanlardan fərqlənir. Dinozavr, çoxdan məhv olmuş ayı sümüklərini tapır. Görür ki, indi belə heyvan yoxdur. O belə bir fikrə gəlir ki, Allah canlıları bir neçə dəfə yaradıb. Təkamül isə onun ağlına gəlmirdi”.

Əvvəla, burada çox kobud səhvə yol verilib. Sultanov iddia edir ki, təkamül “Küvyenin ağlına gəlmirdi”. Halbuki paleontologiya elminin atası sayılan Jorj Küvye təkamül fikrindən yaxşı agah idi və bütün ömrü boyu bu ideologiyaya qarşı mübarizə aparmışdı. Jorj Küvye öz dövründə hər cür təkamül fərziyyəsinə müxalif olması ilə tanınan alim idi. O, öz çağdaşları olan J.B.Lamark və Joffrua Sent-İler tərəfindən irəli sürülən təkamülçü iddialara açıq-aşkar zidd çıxıb Yaradılışı müdafiə edirdi.

Tapılan dinozavr sümükləri və ya bugünkülərdən fərqli quruluşda olan başqa nəsli kəsilmiş heyvanlar isə heç bir halda təkamülə sübut ola bilməz. Çünki təkamül fərziyyəsinin tələb etdiyi tapıntılar keçid formalardır. Yəni balıqdan–amfibiyaya, amfibiyadan–sürünənə, sürünəndən–quşa iddia olunan keçid mərhələlərindəki yarımçıq, şikəst, asimmetrik heyvanlara aid sümüklər, fosil qalıqları. Ancaq bu günə kimi bircə dənə də, tək bir dənə belə keçid forma fosili tapılmamışdır. Milyonlarla fosil tapıntısı əldə edilməsinə baxmayaraq, bircə keçid formasına da rast gəlinməməsi təkamül təliminin sonu olmuşdur. Çünki təkamül təliminin banisi Çarlz Darvin deyirdi:

“Keçmişdə yer üzündə yaşamış olan keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil? Geologiya, düzü, heç belə bir dəqiqliklə dərəcələndirilmiş üzvi zəncir ortaya qoymur və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı irəli sürülə biləcək ən bariz və ən ciddi etiraz olacaqdır”.8

Darvindən bir əsr yarım sonra isə məşhur təkamülçü bioloq Ernst Mayr belə yazır:

“Yeni növlər, adətən, fosil qeydlərində birdən-birə üzə çıxır, əcdadlarına ardıcıl keçidlərlə birləşmiş şəkildə yox”.9

Aydındır ki, Darvinin öz nəzəriyyəsinə “ən bariz və ən ciddi etiraz” olacağını təsvir etdiyi keçid formaların yoxluğu təkamül təliminin sonunu gətirmişdir. Tapılan istisnasız bütün paleontoloji qalıqlar konkret siniflərin nümayəndələri olan bütöv canlılardır. İddia olunan keçid formalardan, iddia olunan həyat ağacından əsər-əlamət yoxdur. Dinozavrlar, Kembri canlıları kimi nəsli kəsilmiş heyvan qrupları isə, tarixin müəyyən dövründəki katastrofik hadisələrdən dolayı, yaxud da növün tənəzzülə uğraması kimi faktorlara görə bu gün yaşamır. Görünür, nəsli kəsilmiş canlılardan mədəd ummaq təkamülçülərə son ümid yeri kimi gəlir.

Müsahibəni götürən jurnalist Aqşin Kərimov obyektiv mövqedə dayanmadığı üçün biz məcbur qalırıq ki, onun da iddialarına cavab verək. A.Kərimov yaradılışçılara qarşı olduqca primitiv bir sualla çıxış edir: “Dinozavrları Allah yaratmışdısa, o zaman niyə məhv etdi?” Sonra da fəxrlə qeyd edir ki, yaradılışçılar bu sual qarşısında acizdirlər. Halbuki Aqşin Kərimov xəbərdar deyil ki, onun 2017-ci ildə səsləndirdiyi bu suala görkəmli ingilis təbiətşünası Robert Huk 300 il bundan qabaq cavab vermişdi. “Allah çoxdan nəsli kəsilmiş heyvanları niyə yaradıb?” – sualına Robert Huk cavab verirdi ki, bu nəsli kəsilmiş canlılara xəta kimi baxılmamalıdır: “Nəticə etibarilə, dünyanın sonunda bütün canlıların nəsli kəsiləcəksə, Yaradıcı niyə də onların bəzisinin aradan qalxması üçün bir vaxt, bəzisi üçün də başqa vaxt təyin edib, bununla da, Öz əzəli hökmünə əla bir nümunə verməsin?”10

Əgər təkamülçülər yaradılışçıların qarşısına faktlarla çıxmaq istəyirlərsə, təbiətdə öz-özünə, təsadüfən bir zülalın necə yarandığını göstərsinlər. Bir dənə keçid forma fosili tapıb gətirsinlər. Göz kimi sadələşdirilməz kompleks orqanların mərhələ-mərhələ necə yarana biləcəyini göstərsinlər. Bunları izah etməyə heç yaxın da düşə bilməyən darvinistlərin yaradılışçıların qarşısına “dinozavrlar niyə yox olub?” kimi yaradılışçıların əksini iddia etmədiyi bir sualla çıxmaları ancaq onu göstərir ki, onlar məğlubiyyətlərini qəbul ediblər.

Fosillərin sabitliyi təkamülü təkzib edir

Darvinistlər fosillərdən qorxurlar. Fosilləri gizlədirlər. Muzeylərin anbarlarında saxlayırlar. Fosil sərgilərini bağlatdırmağa çalışırlar. Bəzən fosil sərgilərinə gəlib eksponatları sındırıb-dağıdır, fosilləri götürüb dişləyirlər. (Bəli.) Milyonlarla il yaşı olan fosilləri lağa qoyurlar. Onların həqiqiliyinə inanmırlar. Dərsliklərdə fosil şəkillərinin qoyulmasına etiraz edirlər. Fosilləri populyarlaşdıran kitabların çapına qarşı ictimai rəy yaradıb hay-küy salırlar.

İndi sual yaranır: bir insan qədimdə yaşamış canlılara aid süxurlarla niyə barışa bilməsin? Eyni aqressivliyi fosillər haqqında sual veriləndə Elçin Sultanovun reaksiyasında da görürük: “Yapışıblar bir fosildən, deyirlər ki, bu 150 milyon ildir ki, dəyişmir”.

Darvinistlərin fosillərə, sözün əsl mənasında, nifrət etmələrinin bir səbəbi var. Yer üzünün bütün təbəqələrindən çıxarılmış fosillərin istisnasız hamısı Yaradılışı sübut edir, təkamülü isə bütünlüklə təkzib edir.

Yarımdimdikli balıqlar (Hemiramphidae) uzun, nazik konusşəkilli, güclü dişlərlə təchiz edilmiş uzun və dimdiyə bənzər bir çənəyə malikdir. Bu canlının Almaniyada tapılan 150 milyon illik fosili ilə dövrümüzdə yaşayan nümunəsi müqayisə ediləndə xüsusi görünüşlü çənəsindən sümük və quyruq quruluşuna qədər heç bir dəyişikliyə məruz qalmadığı çox dəqiq bir şəkildə görünür. Yarımdimdiklər təkamülün əsassızlığını sübut edən saysız-hesabsız canlılardan biridir. Məlum olan ən qədim nümayəndələri Yura dövründə (206-144 milyon il) yaşamış yarımdimdiklər milyonlarla ildir eyni qalmışlar.

Darvin tədqiqatları əsnasında Ginkgo biloba (ikidilimli ginkqo) ağacının yarpağının fosilini tapdıqda çox təəccüblənmişdi. Dövrümüzdə yaşayan bir canlının eynisi milyonlarla il əvvəlki təbəqələrdə bugünkü forması ilə mövcud idi. Nəzəriyyəsinin əsassızlığını sübut etməyə kifayət edən və Darvini, həqiqətən də, təşvişə salan bu fosil elə Darvinin özü tərəfindən “yaşayan fosil” adlandırılacaqdı.

Əgər Darvin indi yaşasaydı, şübhəsiz, bu məsələ ilə bağlı təşvişi daha çox olardı. Çünki ginkqo dövrümüzə qədər gəlib çatan yeganə yaşayan fosil deyil. Yerin təbəqələrindən çıxarılmış 350 milyondan çox fosilin bir qismini tam və mükəmməl nəsli kəsilmiş canlılar, böyük əksəriyyətini isə yaşayan fosillər təşkil edir. Hal-hazırda mövcud olan növlərin böyük qisminin milyonlarla illik fosil nümunələri tapılmış və nümayiş etdirilmişdir. Dövrümüzdə yaşayan atlar, zürafələr, balıqlar, itlər, quşlar, sürünənlər hal-hazırkı formaları və görünüşləri ilə milyonlarla illik iz qoymuşlar. Ölkəmizdə təşkil edilən müxtəlif sərgilərdə və www.paleontologiya.az internet saytında nümayiş etdirilən fosillər, haqqında bəhs etdiyimiz nümunələrin sadəcə bir hissəsidir. Sözügedən nümunələr o qədər çoxdur ki, demək olar ki, dövrümüzdəki hər canlı milyonlarla illik həmnövü tərəfindən təmsil edilir və bu fosillər dövrümüzün canlıları ilə mükəmməl uyğunluq içindədirlər. Milyonlarla il əvvəlki fosilləri ilə dövrümüzün canlıları arasında heç bir fərq yoxdur. Canlılar dəyişilməyiblər. İlk dəfə yaradıldıqları kimidirlər. Azərbaycan dilində “Təkamül təlimi” kitabının müəlliflərindən, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin Genetika və Təkamül Təlimi kafedrasının professoru Məcnun Babayev yaşayan fosillərdən belə bəhs edir:

“Dəniz çiyinayaqlı linqulası (Lingula) Ordovik dövründən indiyə qədər heç bir dəyişikliyə uğramadan qalmışdır, daha doğrusu, bir növ kimi Yerdə 500 milyon ildən artıqdır ki, mövcuddur. Hazırda Sakit okeanda yaşayan Neopilina molyusku Aşağı Devonda 400 milyon il əvvəl yaşamış cinsin növlərinə çox oxşayır. Cənubi-Şərqi Asiyanın tropik sahilyanı sularında yaşayan adi qılıncquyruq (Limulus), demək olar ki, Silur dövründən (400 milyon ilə yaxın) heç bir dəyişikliyə uğramadan yaşayır. Hamıya məlum olan məşhur pəncəüzgəcli balıq – latimeriya (Latimeria) 200-300 milyon il əvvəl məhv olmuş qrupların quruluşunu və formasını, demək olar ki, heç bir dəyişikliyə uğramadan saxlamışdır. Misalların sayını artırmaq da olar”.11

Həqiqət budur: fosillər tarixin heç bir dövründə təkamül prosesinin baş vermədiyini sübut edir. Bütün canlı növləri bu gün malik olduqları xüsusiyyətlərlə birlikdə bir anda üzə çıxmış və yüz milyon illərlə ən kiçik dəyişikliyə belə uğramamışlar. Balıqlar elə balıq, sürünənlər elə sürünən, məməlilər elə məməli, insan da elə insan kimi mövcud olmuşdur. Darvinin ən böyük ümidi olan fosillər Darvinin təlimini məhv edən ən güclü dəlil olmuşdur.

Şübhəsiz, bu vəziyyət heç bir keçid fosili ilə dəstəklənməyən təkamül fərziyyəsi üçün böyük məğlubiyyətdir. Elə bu səbəbdən varlıqları darvinist alimlərə çox yaxşı məlum olmasına baxmayaraq, yaşayan fosillər heç vaxt gündəmə gətirilmir, ört-basdır edilir. Təkamülçü mənbələrə baxan bir insanda sadəcə bir neçə yaşayan fosil olması təsəvvürü yaranacaqdır. Çünki darvinistlər tərəfindən ön plana çəkilən yalnız bir neçə yaşayan fosil var. Eyni mənbələrdə bu bir neçə fosilin möcüzəvi şəkildə heç dəyişilmədən qaldıqları və saysız-hesabsız xəyali təkamül dəlili içində bir istisna olması təsəvvürü verməyə çalışırlar. Lakin bu, yalandır.

Amerikalı paleontoloqlar Nils Eldric və Yan Tattersoll fosillərin üzə çıxardığı həqiqətin elm dünyasına hakim olan darvinist diktatorluq tərəfindən necə görməzlikdən gəlindiyini belə izah edir:

“Növlərin heyrətamiz şəkildə sabit qaldıqları və uzun dövrlər ərzində həmişə statik mahiyyət daşıdıqları yönündəki müşahidələr “Çılpaq kral” hekayəsindəki bütün xüsusiyyətləri özündə cəmləşdirir: hər kəs bunu görmüş, amma görməzlikdən gəlməyi seçmişdir. Darvinin nəzərdə tutduğu modellə uzlaşmağı israrla rədd edən inadcıl bir fosil qeydi ilə qarşı-qarşıya qalmış paleontoloqlar, sadəcə olaraq, qəsdən bu həqiqətdən üz çevirmişlər”.12

Nə qədər həqiqətdən üz çevirsələr də, ortada açıq həqiqət var: yaşayan fosillər milyonlarladır. Hal-hazırda Darvinin təkamül nəzəriyyəsi fosillərin verdiyi nəticələr qarşısında qəti məğlubiyyətə uğramışdır. Elmi kəşflər darvinizmi məhv etmişdir. Darvinistlər artıq yaradılış həqiqətinin dəlilləri olan bu fosilləri gizlədə bilmirlər. Həqiqətlər üzə çıxmış, darvinizmin məhvi darvinistlərin ən böyük təməli olan fosillər tərəfindən elan edilmişdir.

Yaşamaq uğrunda mübarizə təkamül deyildir

E.Sultanov: “Təkamülün bir neçə aparıcı postulatları var. Postulatın birincisi budur ki, canlı təbiətdə həyat uğrunda mübarizə gedir. Bu mübarizə ona gətirib çıxarır ki, ən yaxşı uyğunlaşanlar sağ qalır, nəsil verir və çoxalır. Beləliklə həmişə həyat mübarizəsində ən yaxşı uyğunlaşanlar həyatda qalır”.

Təbii seçmə nəzəriyyəsinin ən əsas fərziyyəsi təbiətdə yaşamaq uğrunda amansız mübarizənin olması və hər canlının sadəcə özünü düşünməsidir. Darvin bu fikri ortaya atarkən ingilis klassik iqtisadçı Tomas Robert Maltusun fərziyyələrindən təsirlənmişdi. Maltus qida mənbələrinin ədədi silsilə ilə artdığını, insanların isə həndəsi silsilə ilə çoxaldığını izah etmiş və ona görə insanların yaşamaq uğrunda labüd amansız mübarizə apardıqlarını irəli sürmüşdü. Bundan əlavə, Maltus həddindən artıq əhali artımının qıtlıq və xəstəlik kimi amillərlə tənzimləndiyini iddia etmişdi. Darvin isə insanlar arasındakı bu yaşamaq uğrunda amansız mübarizəni təbiətə də tətbiq etmiş və “təbii seçmə”nin bu mübarizənin nəticəsi olduğunu iddia etmişdi.

Lakin daha sonra aparılan tədqiqatlar təbiətdə Darvinin fərz etdiyi kimi mütləq yaşamaq uğrunda mübarizə olmadığını göstərdi. İngilis zooloq V.C.Uayni Edvardsın heyvan sürüləri üzərində 1960-70-ci illərdə apardığı uzun elmi tədqiqatlar heyvan sürülərinin çox maraqlı şəkildə artımlarını tənzimlədiklərini və qida üçün rəqabətin qarşısını aldıqlarını üzə çıxardı.

Heyvan sürüləri artımlarını əllərində olan qida mənbələrinə əsasən tənzimləyirdilər. Artım aclıq və yoluxucu xəstəliklər kimi “zəifləri aradan çıxaran” faktorlarla deyil, heyvanlardakı instinktiv nəzarət mexanizmləri ilə tənzimlənirdi. Yəni heyvanlar artımlarını Darvinin güman etdiyi kimi amansız rəqabət yolu ilə deyil, çoxalmalarını məhdudlaşdıraraq tənzimləyirlər.13

Bitkilər belə Darvinin irəli sürdüyü “rəqabət yolu ilə seçmə” nümunəsi ilə deyil, artım nəzarətilə çoxalırdılar. Botanik A.D.Bredşounun apardığı müşahidələr bitkilərin çoxalarkən cücərdiyi sahədə “bitki sıxlığına” görə hərəkət etdiklərini, sahədəki bitki sıxlığı artdıqda çoxalmanı azaltdıqlarını sübut etdi.14 Digər tərəfdən qarışqalar, bal arıları kimi canlı icmalarında rast gəlinən fədakarlıq nümunələri darvinist yaşamaq uğrunda mübarizə anlayışının tam əksini göstərirdi.

Son illərdəki bəzi tədqiqatlar fədakarlıq davranışının hətta bakteriyalarda da mövcud olduğunu üzə çıxarmışdır. Beyinə və ya sinir sisteminə malik olmayan, bu səbəbdən düşünmə qabiliyyətinə malik olmayan bu canlılar virus hücumuna məruz qaldıqda digər bakteriyaları xilas etmək üçün intihar edirlər.15

Bu nümunələr təbii seçmənin əsas fərziyyəsi olan “yaşamaq uğrunda mütləq mübarizə” məfhumunu əsassız edir. Təbiətdə rəqabətin olması doğrudur, amma bu rəqabətlə bərabər çox açıq görünən fədakarlıq və həmrəylik nümunələri də var.

“Uyğunlaşma” sözü də müəyyən qədər yanıldıcı sözdür. Canlılarda uyğunlaşma prosesi məhdud formada, bir fərdin ömrü boyunca gedə bilər, ancaq bu, həmin canlıya heç bir yeni gen qazandırmır və ondan əmələ gələn nəsil yenə eyni genlərlə həyata gəlir. Yəni “uyğunlaşma” nəsildən-nəslə ötürülmür. Təbii seçmə yoluyla daha sağlam fərdlərin həyatda qalması doğrudur, ancaq fərdin genomuna yeni məlumat əlavə olunmadığına görə, sadəcə uyğun olmayanlar sıradan çıxır. Növ elə eyni növ olaraq qalır. Məsələn, bir ayı növünün xəstə olanlarının sıradan çıxaraq geridə qalan sağlam ayıların balinaya çevrildiyini iddia etmək nə qədər məntiqsizdirsə, təbii seçmənin də bir növ yaratdığına inanmaq o qədər gülüncdür.

Darvin, Spenser və Maltusun fikirləri dinə zidd idi

Sosial darvinizm – “cəngəllik qanunları”nın insan cəmiyyətinə tətbiq edilməsinə tərəf durur. Bu cərəyanın öndərləri isə Çarlz Darvinlə birgə Herbert Spenser, Tomas Maltus, Frensis Qalton kimi adlar olmuşdur. Sosial darvinizm kateqoriyasında olduqca geniş surətdə araşdırdığımız bu cərəyan bu gün dünyada hökm sürən müharibələr, yoxsulluq, epidemiyalar, cinayətlər, intiharlar, cinsi ayrıseçkilik, əxlaqi degenerasiya, irqçilik, müstəmləkəçilik, amansız kapitalizm kimi istisnasız bütün bəlaların insan cəmiyyəti üçün “təbii”, hətta “xeyirli” olduğunu irəli sürən sapqın bir nəzəriyyədir. Sosial darvinizmin insanlıqdan xaric bu fikirlərini mənimsəyib inkişaf etdirənlərin başında ingilis sosioloq və filosof Herbert Spenser gəlirdi. Darvinizmin təməl iddiasını yekunlaşdıran “ən əlverişli olan həyatda qalır” ifadəsi Spenserə məxsus idi. “Əlverişli olmayanlar”ın isə süzgəcdən keçməsinin, yəni ölməsinin lazım olduğunu iddia edən Spenser: “(İnsanlar) Əgər yaşamaq üçün kafi dərəcədə tamdırlarsa, yaşayırlar və yaxşısı da yaşamaqlarıdır. Əgər yaşamaq üçün kafi dərəcədə tam deyillərsə, ölürlər və ən yaxşısı da ölməkləridir”, – deyə yazırdı.16 Yəni Spenserə görə, kasıb, xəstə, şikəst, müvəffəqiyyəti və təhsili olmayan hər insan ölməli idi. Bütün bunlar Spenserin nə qədər ürküdücü, zalım olduğunun, xəstə ruha və dünyagörüşünə sahib olduğunun göstəriciləri idi. Şəfqət və qorunmağa ehtiyacı olan insanlara qarşı böyük mərhəmətsizlik duyur, eyni Maltus kimi onları əziyyət yolu ilə yox etməyin yollarını axtarırdı. Tomas Maltus yazırdı:

“Kasıblara təmizlik tövsiyə etməkdənsə, əks-vərdişlərə həvəsləndirməliyik. Şəhərlərimizdə biz küçələri daha dar etməli, evlərə daha sıx kütlələr yığmalı və vəbanın geri qayıtmağına şərait yaratmalıyıq. Kənd yerlərində kəndlərimizi durğun göllərin yanında tikməli və ələlxüsus da bütün bataqlıq və sağlamlığa ziyanlı şəraitdəki yaşayış məskənlərini sevdirməliyik. Ən ümdə vəzifəmiz isə ölümcül xəstəliklərin özünəməxsus əlaclarını tənqid atəşinə tutmaqdır. O xeyirxah, lakin səhv yolda olan kəsləri də tənqid atəşinə tutmalıyıq ki, müəyyən xəstəliklərin kökünü birdəfəlik kəsmək üçün layihələr işləməklə bəşəriyyətə xidmət etdiklərini düşünmüşlər”.17

Spenser və Maltusun fikirlərindən güclü təsirlənmiş Darvin onlardan heç də geri qalmırdı:

“O vəhşilər ki, fiziki və ya əqli cəhətdən qüsurludurlar, onlar tezliklə aradan qaldırılacaqlar; sağ qalanlar isə, adətən, möhkəm səhhət göstərənlərdir. Digər tərəfdən, biz mədəni insanlar aradanqalxma prosesini nəzarət altında saxlamaq üçün əlimizdən gələn hər şeyi edirik. Kəmağıllar, şikəstlər və xəstələr üçün xəstəxanalar tikirik; yoxsullar haqqında qanunlar qəbul edirik və tibb işçilərimiz son ana qədər hər bir şəxsin həyatını xilas etmək üçün var gücləri ilə çalışırlar. Peyvəndin minlərlə insanı qoruyub-saxladığına inanmaq üçün yaxşı səbəblər var, keçmişdə bədəncə zəif olan belələri çiçək xəstəliyindən tələf olardılar. Bu minvalla da, mədəni cəmiyyətlərin zəif nümayəndələri öz nəsillərini artırırlar. Ev heyvanlarının yetişdirilməsi ilə məşğul olan heç bir kəs şübhə etməyəcəkdir ki, bu, insan irqi üçün həddən artıq ziyanlıdır. Maraqlıdır ki, qayğı hissi və yaxud səhv istiqamətlənmiş qayğı necə tez bir zamanda əhliləşmiş bir irqin tənəzzülünə yol açır. Heç kəs o qədər nadan deyil ki, ən pis heyvanlarının törəyib-çoxalmasına icazə versin – bircə insanın özü istisna hal olmaqla”.18

Elçin Sultanov Darvinin “yaşamaq uğrunda mübarizə” fikirlərinin Spenser və Maltusa əsaslandığını, lakin bu ikisindən əvvəl yaşamaq uğrunda mübarizə fikrinin dində əmələ gəldiyini deyir. Tarix boyunca bəzi ilahiyyatçıların materializmdən açıq-aşkar təsirlənmiş olması doğrudur, lakin Spenser, Maltus və Darvin kimilərinin yuxarıda istinad etdiyimiz fikirləri, aydındır ki, dinə tam ziddir.

Din əxlaqının kasıblara, möhtaclara əl tutmağı tələb etməsinə baxmayaraq, Maltus və onun davamçıları bu məzlumların mərhəmətsiz şəkildə ölümə tərk edilməsini söyləyirlər. Heç şübhəsiz, bu, din əxlaqında qətiyyən yeri olmayan böyük zülm və vəhşilikdir. Allah insanlara ehtiyac içində olanları qorumağı əmr etmişdir. Kasıbların ehtiyaclarını qarşılamaq; şikəst insanlara qarşı şəfqətli və mərhəmətli olmaq, onların haqlarını qorumaq; cəmiyyət içində köməkləşmə və həmrəyliyi təmin etmək din əxlaqının gərəyi olan gözəl əxlaq xüsusiyyətləridir. Allahın əmr etdiyi əxlaqı görməzlikdən gələnlər isə həm özlərini, həm də içində yaşadıqları cəmiyyətləri böyük fəlakətlərə sürüyür. Sosial darvinizmin səbəb olduğu bəlalar bu həqiqətin ən təəccüblü nümunələrindəndir.

«Yaşamaq uğrunda mübarizə» ideyasını insan cəmiyyətlərinə tətbiq etmək istəyən və Çarlz Darvinin düşüncəsinə güclü təsir göstərmiş iki şəxs — Tomas Maltus və Herbert Spenser. Maltus vəbanın geri qaytarılmasını istəyən, Spenser də zəif fərdlərin ölməsinə tərəf duran iki xəstə düşüncəli insan idilər.

Elçin Sultanovun insanın mənşəyi ilə bağlı səhvləri

Elçin Sultanov bu dəfə insanın mənşəyi ilə bağlı fikirlərini açır: “Məsələn, bəzi meymunlar hansısa bir məqamda quyruq itiriblər. Biz bunu ayılara da deyə bilərik, ayı da quyruğunu itirib. Amma ayının qohumları olan dələlərdə quyruq uzundur. Ancaq ayı da, dələ də ağaca çıxa bilir. Niyəsini bilmirik, amma elə olub ki, əcdad quyruğunu itirib. Sonra yavaş-yavaş ağacdan yerə düşüb. Quyruqsuz meymunlar hamısı insanın qohumlarıdır”.

Bu nağılvari izahat forması, hər kəsin asanlıqla sezə biləcəyi kimi, heç bir konkret fakta söykənmir. Təkamül təliminin əsas onurğa sütununu nağıllar təşkil edir. Hər hansı təkamülçünün kitabını götürüb oxuyan insan dərhal bu və bu kimi nağıllarla qarşılaşacaqdır. “Sudan quruya çıxdılar”, “ağacdan yerə endilər”, “dələlər ayıların qohumudur” kimi hekayə və əhvalatlar uşaqlıqdan bizə tanış olan təmsillərlə eyni mahiyyət daşıyır. Təkamülçülərin düşdüyü bu vəziyyəti ən yaxşı təsvir edən şəxs, yəqin ki, ingilis paleontoloq və təkamülçü bioloq, “Nature” jurnalının redaktoru Henri Cidir. Ci deyir:

“Əcdad-xələf əlaqələrinə əsaslanan insanın təkamül sxemi tamamilə insan icadıdır, sübutsuz ortaya atılmış və insanların ehkamlarına görə formalaşdırılmışdır… Bir qədər fosil götürmək və bunların nəsil ağacını əks etdirdiyini iddia etmək təcrübi yolla sübut ediləcək elmi hipotez deyildir, gecə nağıllarıyla eyni mahiyyət daşıyan iddiadır – əyləndirici, hətta bəlkə, yönəldicidir, amma elmi deyil”.19

Daha sonra E.Sultanov şimpanze skeleti ilə insan skeletinin 98 faiz üst-üstə düşdüyünü və cüzi fərqlərin olduğunu iddia edir. Bununla da, insanlarla şimpanzelərin yaxın qohum olduqlarını göstərməyə çalışır. Halbuki bu məqamda Sultanov Tasmaniya canavarı ilə adi canavarın da skeletlərinin tam üst-üstə düşdüyünü, ancaq onların arasında heç bir təkamül qohumluğu olmadığını nəzərə almır. Tasmaniya canavarı (Thylacinus cynocephalus) kisəli məməlilər qrupuna, adi canavar (Canis lupus) isə kisəlilərdən tamam ayrı – ətənəli (plasentalı) məməlilərə daxildir və təkamül fərziyyəsinə görə, onların arasında qohumluq ola bilməz. Buna baxmayaraq, onların skeletlərini bir-birindən ayırd etmək həddən artıq çətindir. Bu nümunədən görürük ki, skeletlərin bir-birinə oxşaması hətta darvinist nəzəriyyəyə əsasən də təkamül qohumluğuna sübut deyildir.20

Daha sonra Sultanov Fridrix Engelsin 19-cu əsrin sonlarında dilə gətirdiyi mülahizələri təkrarlayaraq, insanın iki ayaq üstə qalxdığını, əllərinin boş qaldığını və alət istifadə etməyə başladığını deyir. Bu da yuxarıda bəhs etdiyimiz nağılvari izahat formasındadır, ancaq biz yenə də insanın nəyə görə dördayaqlı formadan ikiayaqlı formaya keçə bilməyəcəyini aydınlaşdıraq:

İnsanlarla meymunlar arasındakı keçilməz anatomik sərhədlər insanın təkamül nağılını təkzib edir. Bu keçilməz sərhədlərdən biri də yerimə formasıdır. İnsan iki ayağı üzərində dik yeriyir. Bu, başqa heç bir canlıda rast gəlinməyən, çox spesifik hərəkət formasıdır. Digər bəzi heyvanlar isə iki ayaqla çox məhdud hərəkət qabiliyyətinə malikdirlər. Ayı və meymun kimi heyvanlar nadir hallarda (məsələn, bir qidanı əldə etmək istədikdə) iki ayaqları üzərində qısa müddət ərzində hərəkət edə bilirlər. Normal hallarda önə doğru meyillənmiş skeletə malikdirlər və dörd ayaq üzərində yeriyirlər.

Bəs, görəsən, ikiayaqlılıq xüsusiyyəti təkamülçülərin iddia etdikləri kimi meymunların dördayaqlı yerişindən törəyib?

Xeyr… Araşdırmalar göstərir ki, ikiayaqlı yerişin təkamülü heç vaxt baş verməmişdir, baş verməsi də mümkün deyil. Əvvəla, ikiayaqlılıq təkamüllə əldə olunan üstünlük deyil. Çünki meymunların hərəkət forması insanın ikiayaqlı yerişindən daha asan, daha sürətli və daha səmərəlidir. İnsan nə şimpanze kimi budaqdan-budağa tullana bilər, nə də gepard kimi saatda 125 km sürətlə qaça bilər. Əksinə, insan iki ayağı üzərində yeridiyi üçün yerdə daha yavaş hərəkət edə bilir və bu səbəbdən təbiətdəki canlıların ən müdafiəsizlərindən biridir. Beləliklə də, təkamülçü məntiqə görə, meymunların ikiayaqlı yerişə meyil etməsinin heç bir mənası yoxdur. Əksinə, təkamül nəzəriyyəsinə görə insanlar dördayaqlı vəziyyətə gəlməlidirlər (!).

Təkamülçü iddianın başqa bir müəmması isə ikiayaqlı yerişin darvinizmin “mərhələli təkamül” modelinə qətiyyən uyğun gəlməməsidir. Təkamül nəzəriyyəsinin əsası olan bu model nəzəriyyənin müəyyən mərhələsində ikiayaqlılıqla dördayaqlılıq arasında “qarışıq”, “ortaq” yeriş tərzinin olmasını zəruri edir. Halbuki ingilis paleoantropoloq Robin Krompton 1996-cı ildə kompüterin köməyi ilə apardığı araşdırmalarda bu cür “qarışıq” yerişin qeyri-mümkün olduğunu göstərmişdir. Kromptonun gəldiyi nəticə budur: hər hansı canlı ya tamamilə dik, ya da tamamilə dörd ayağı üzərində yeriyə bilər.21

Bu iki yeriş arasında hər hansı tərzdə yerimə forması enerjiyə olan tələbatın həddən artıq artması səbəbilə mümkün deyil. Ona görə də yarı-ikiayaqlı canlının mövcudluğu mümkün deyildir.

İnsanla meymun arasındakı uçurum təkcə ikiayaqlılıqla da məhdudlaşmır. Beynin həcmi, nitq kimi digər bir çox xüsusiyyətlər təkamülçülər tərəfindən əsla izah edilə bilmir. Təkamülçü yazıçı Eleyn Morqan belə etiraf edir:

“İnsanlarla bağlı dörd ən vacib müəmma bunlardır: 1) Niyə iki ayaq üzərində gəzirlər? 2) Niyə (bədənlərindəki) cod tükləri itiriblər? 3) Niyə bu cür böyük beyinləri inkişaf edib? 4) Niyə danışmağı öyrəndilər?

Bu suallara veriləcək standart cavablar belədir: 1) Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualların siyahısı hələ çox uzadıla bilər, cavabların yeknəsəqliyi isə dəyişməyəcək”.22

Müsahibənin irəliləyən dəqiqələrində Elçin Sultanov müxtəlif insan irqlərinin qaynayıb-qarışmasından, təkamülün də “belə qarışmaq yolu ilə” getdiyindən danışır. Hərçənd ki, yer üzündə nə qədər müxtəlif insan irqləri olsa da, onlar nə qədər bir-biri ilə qohumluq əlaqələri yaratsalar da, insan yaranandan bəridir yeganə bir insan növü var və bu növ daima sabit qalır.

Təkamül nəzəriyyəsinin bəzi tərəfdarları insanın müxtəlif irqlərin çarpazlaşması yolu ilə təkamül etdiyini iddia edirlər. Əslində, bu kimi iddiaların ardında duran problem genetika elmi ilə yaxından maraqlanmamaqdan və ya genetik qanunlara məhəl qoymamaqdan irəli gəlir. İrqlərin bir-biri ilə qarışmasının heç vaxt təkamülə səbəb olmayacağını bilmək üçün, əvvəlcə, bu məsələ ilə yaxından əlaqədar olan “variasiya” haqqında ümumi məlumata yiyələnmək lazımdır.

Variasiya genetikada istifadə edilən termindir və “müxtəliflik” mənasını verir. Bu genetik hadisə bir canlı növündəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Variasiyaların mənbəyi isə o növün daxilindəki fərdlərin malik olduğu genetik məlumatdır. Bu fərdlərin aralarındakı cütləşmələr nəticəsində bu genetik məlumat yeni nəsillərdə fərqli kombinasiyalarda birləşir. Ana və atanın xromosomları arasında genetik maddə mübadiləsi olur. Beləliklə, genlər bir-birilə qarışır. Bunun nəticəsində bu fərdin fiziki xüsusiyyətlərində müxtəliflik əmələ gəlir.

İnsan irqləri və insanlar arasındakı bir-birindən fərqli fiziki xüsusiyyətlər də insan növünə aid “variasiyalar”dır. Yer üzündəki insanların hamısı, mahiyyət etibarilə, eyni genetik məlumata malikdirlər, ancaq bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlü, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin də boyu qısadır.

Variasiya potensialını başa düşmək üçün sarışın və mavi gözlü fərdləri olan cəmiyyət ilə qarabuğdayı və qara gözlü fərdlərin çoxluq təşkil etdiyi cəmiyyəti nəzərdən keçirək. Hər iki cəmiyyətin zaman keçdikcə bir-birinə qarışmaları və aralarındakı evliliklər nəticəsində ortaya qarabuğdayı və mavi gözlü, sarışın və qaragözlü yeni nəsillər çıxacaqdır. Yəni hər iki cəmiyyətin müəyyən fiziki xüsusiyyətləri yeni nəsillərdə bir-birilə cütləşərək fərqli görünüşlü fərdlər meydana gətirəcəkdir. Digər fiziki xüsusiyyətlərin də bir-birilə qarışdıqlarını nəzərə alsaq, ortaya çox böyük müxtəlifliyin çıxacağı aşkar olar.

Burada bir cəhət nəzərdən qaçmamalıdır: hər fiziki xüsusiyyəti müəyyən edən iki tip gen var. Bunlardan biri resessiv, digəri dominant və ya hər ikisi də eyni dərəcədə dominant ola bilər. Məsələn, insanın göz rəngini müəyyən edən iki gen var. Bunlardan biri anadan, digəri isə atadan gəlir. Dominant olan gen hansıdırsa, uşağın göz rəngini o gen müəyyən edir. Əsasən, tünd rənglər açıq rənglərə müqayisədə dominantdır. Buna görə də bir insanda yaşıl və qara göz rənglərinə aid genlər varsa, o insanın gözü qara rəngin geni daha dominant olduğu üçün qara olur. Lakin resessiv olan yaşıl rəng daha sonrakı nəsillərə ötürülərək sonrakı nəsillərdə ortaya çıxa bilir. Bu minvalla da, anası və atası qara gözlü olan uşağın gözü yaşıl ola bilir. Çünki bu rəngin genləri ana və atada resessivdir.

Bu qayda bütün digər fiziki xüsusiyyətlər və onları müəyyən edən genlərə də aiddir. Qulaq, burun, ağız forması, boy uzunluğu, sümük quruluşu, bədən üzvlərinin və orqanların quruluşu, forması, xüsusiyyətləri və s. kimi yüzlərlə, hətta minlərlə xüsusiyyət bu cür müəyyən edilir. Elə bu xüsusiyyətə görə genetik quruluşda mövcud olan saysız-hesabsız məlumat o fərdin xarici görünüşünə təsir etmədən sonrakı nəsillərdə üzə çıxa bilər.

Ancaq bu uzun proses, əlbəttə, növ müxtəlifliyi gətirməmişdir. Boyu, bədən rəngi, kəllə sümüyünün həcmi nə olursa-olsun, bütün irqlər insan növünün bir hissəsidir. Burada tədrici təkamül prosesindən qətiyyən söz gedə bilməz.

Qeyd etmək yerinə düşər ki, 2002-ci ildə Stenford Universiteti əməkdaşları tərəfindən aparılmış bir araşdırma da yer üzündəki bütün insanların – istər qaradərili olsun, istər ağdərili, istər eskimo olsun, istərsə də avropalı; hamısının genetik cəhətdən 99,9% bir-birlərinin eynisi olduğunu üzə çıxardı.23

Sizin genetik təbiətiniz Yer üzündəki hər hansı digər bir insanınkı ilə heyranedici dərəcədə oxşardır – tədqiqatın nəticəsi bu gün bunu göstərmişdir. Araşdırmanın rəhbəri, Stenford Universitetindən prof. Mark Feldman belə deyir:

“… İnsan qrupları arasında sezilə bilən fərqliliklər, məsələn, dəri rəngi və kəllə qutusu forması genetik xüsusiyyətlərin olduqca kiçik miqyaslarda göstərdiyi fərqliliyin nəticəsidir”.24

Alimlər uzun müddət idi ki, fiziki müxtəlifliklərə baxmayaraq, bütün insan populyasiyalarının genetik cəhətdən oxşar olduqlarını bilirdilər. Lakin araşdırma belə nəticəyə gəlir ki, dünyanın müxtəlif bölgələrindən olan populyasiyalar əvvəl zənn edildiyindən daha çox genetik bənzərliklər paylaşırlar.

Bütün insanlar 99,9 faiz bir-birlərinin eynisidirlər. Geridə qalan cüzi 0,1 faiz fərqliliyin isə 94%-i eyni populyasiyaların fərdləri arasında, sadəcə 6%-i isə müxtəlif populyasiyaların nümayəndələri arasındadır. Bu o deməkdir ki, sizin öz yaşadığınız bölgədəki insanlardan fərqlənmə ehtimalınız, dünyanın hər hansısa bir nöqtəsindəki kimsədən fərqlənmə ehtimalınızdan daha çox ola bilər.25

İnsan Genomu Layihəsi 2000-ci ildə əldə etdikləri nəticələri yayımladıqları zaman “New York Times” xəbər verdi ki: “Araşdırmaçılar yekdilliklə yalnız bir irqin – insan irqinin mövcud olduğunu bildirirlər”.26 Bu, tamamilə doğru bir diaqnozdur, çünki hal-hazırda yer üzündə yaşayan bütün insanlar – skandinavlardan piqmelərə, hindulardan eskimolara qədər hər insan irqi iki insanın çoxalıb törəməsindən yaranmışdır. Necə ki quşlar quş, balıqlar balıq, antiloplar antilop olaraq yaradılmış, insanlar da elə ilk etapdan insan olaraq yaradılmışdırlar. İnsanın əcdadı insandır. Təkamülçülərin insanın mənşəyinə dair gətirdikləri bütün açıqlamalar uydurma və saxtadır. İnsan darvinistlərin iddia etdiyi kimi yaşamaq uğrunda mübarizə aparan bir heyvan növü deyil, bütün digər canlılardan fərqli olan şüuru, nitqi, mühakimə qabiliyyəti, qurduğu sivilizasiyalar, yazdığı tarix və yaratdığı incəsənət ilə Uca Allah tərəfindən yaradılmış şərəfli bir varlıqdır.

E.Sultanov şikayət edir ki, bəzən insanlar “niyə indi meymundan insan yaranmır?” sualını verirlər. Əslində, bu sual xalq arasında yayılmış, adətən, təkamül fərziyyəsinin əsas müddəalarından xəbərdar olmayan insanların verdikləri sualdır. Lakin bu, heç də o demək deyil ki, insanın mənşəyi təkamül yoluyla izah oluna bilir. Elçin Sultanov xalq arasında yayılmış suallara yox, bu suala cavab verməlidir: primatlardan insanlara təkamül prosesindəki keçid formalar haradadır? İndiyə kimi insanın xəyali təkamül ssenarisini təsdiqləyən bircə dənə də keçid forma tapılmamışdır. Darvinistlər ancaq müəyyən meymun növlərinə və insan irqlərinə aid sümükləri ard-arda sıralayaraq uydurma “nəsil ağacı” quraşdırmışlar. İnsanın mənşəyi İnsanın təkamülü iddiaları nə üçün doğru deyil? başlıqlı məqalələrimizdə bu mövzunu olduqca əhatəli şəkildə incələmişdik.

Riçard Dokinz “yadplanetli” dininə etiqad edir

Elçin Sultanov davam edir ki: “Xristian aləmində ateistlər, aqnostiklər çox aqressivdirlər, dindarları intellektual şəkildə sıxışdırıb başlarına “oyun açırlar”” və ingilis təkamülçü bioloqu Riçard Dokinzi də nümunə göstərir.

Sultanov hər nə qədər Riçard Dokinz və qərbli ateistləri öz üslubunda tərifləsə də, əslində, ateizm və darvinizmin süqutu elə Qərb dünyasında başlayıb. Bu gün Çarlz Darvinin vətəni Böyük Britaniyada əhalinin ancaq 25%-i təkamülə inanır. Yaradılışçı dünyagörüşünün hakim olduğu ABŞ-da isə insanların sadəcə 32%-i təkamülü qəbul edir.27

Riçard Dokinz bu gün dünyanın ən məşhur ateisti kimi tanınır, əslində isə, o, “yadplanetli” dininə etiqad edir. 2008-ci ildə Ben Steynə verdiyi müsahibəsində həyatın mənşəyi problemi qarşısında çətinliyə düşən Dokinz maraqlı bir izahata əl atır:

“… Ola bilsin ki, hadisələr belə baş tutub: bəlkə də, qədim dövrlərdən birində, kainatın harasındasa bir sivilizasiya təkamül edib. Yəqin ki, bir cür darvinist yolla təkamül edib, texnologiyanın çox-çox ali həddinə gəlib çatıb və bunlar bir həyat forması dizayn edib, bəlkə, bu planetə toxum kimi əkiblər. Bu, bir ehtimaldır və maraqlı bir ehtimaldır. Zənn edirəm ki, təfərrüatlara – biokimyanın, molekulyar biologiyanın təfərrüatlarına baxsaq, hansısa “dizayner”ə aid nişanə tapa bilərik. Bu dizayner kainatın harasındasa çox ali bir şüur ola bilər”.28

Maraqlıdır, R.Dokinz həyatın yer üzündə öz-özünə yarana bilməyəcəyini çox yaxşı bilir. Lakin o, həyatın yer üzünə yadplanetlilər tərəfindən “əkildiyini” düşünür. Yəni həyatın Allah tərəfindən yaradıldığını etiraf etmək əvəzinə, kosmosa müraciət edir! Bu cür elmdən kənar və gülməli iddialarla çıxış edən bir insana ancaq psixoloji yardım göstərmək olar. Göründüyü kimi, tez-tez ateist kumiri kimi qələmə verilən Riçard Dokinz də həyatın mənşəyi kimi fundamental bir mövzuda ən ağlagəlməz bəhanələrə qaçır. Bir müsahibəsində isə Dokinz “sizin fikrinizcə, biologiyanın cavablanmamış ən vacib 3 sualı hansılardır?” – sualına cavab olaraq deyir:

“Şüur nədir və necə təkamül edib? Canlı həyat cansızdan necə yarandı və ilk öz-özünü törədən molekulun, yəni ilk genin mənşəyi nədir? Bu, ikinci. Üçüncüsü də bu olardı ki, niyə cinsiyyətimiz var?”29

Hər şeyi təsadüflərlə izah etməyə çalışan darvinistlər, təbii ki, bu suallara cavab tapa bilməyəcəklər. Təsadüf heç nə yarada bilməz. Təsadüf indiyə qədər ortaya atılmış ən bərbad açıqlamadır. Nə qədər nüfuzlu olursa-olsun, “təsadüf”ün yaradıcı olduğuna inanan bir alim artıq Yaradılış düşüncəsi qarşısında məğlub olmuşdur. Bu “alim”lərə Dokinz və təkamülçü həmkarları da daxildir.

Elmə məlum olmayanlar yox, məlum olanlar Yaradılışı sübut edir

A.Kərimov: “Məsələ də burasındadır ki, elmin cavab verə bilmədiyi məqamlardan kreasionistlər ilahi bir qüvvənin varlığını təsdiq etmək üçün yararlanırlar”, – deyərkən, E.Sultanov da: “Din isə elmin tapa bilmədiyi cavablardan yapışır. Sabah elm buna cavab tapanda isə din məcbur olub geri çəkiləcək”, – deyə razılaşır. İndi gəlin buradakı məntiq xətasına aydınlıq gətirək.

Ateistlərin çox vaxt əl atdıqları dırnaqarası arqumentlərdən biri də “God of the gaps”, yəni “boşluqların Tanrısı” iddiasıdır (Allahı tənzih edirik). Bu iddiaya görə, hələ elmin tapmadığı faktlar inananlar tərəfindən Allahın varlığına sübut kimi işlədilir və elm inkişaf etdikcə, bu boşluqlar bağlanacaq və Allah inancı da itib-gedəcək. Halbuki arqumentin özü bəri başdan xətalıdır. Çünki elmdən kifayət qədər agah olan inanclı insanlar bilirlər ki, Allahın varlığı elmə hələ məlum olmayan şeylərlə yox, elmə artıq məlum olan faktlarla təsdiqlənir! Bunu “Darvinin qara qutusu” əsəri ilə bütün dünyada səs salan məşhur yaradılışçı alim Maykl C.Bihi çox gözəl izah edir:

“Dizayn nəticəsi bilmədiklərimizdən deyil, ötən 50 ildə öyrəndiklərimizdən irəli gəlir”.30

Allahın varlığını bu gün molekulyar biologiyanın, paleontologiyanın, astronomiya və kosmoqoniyanın, anatomiyanın, fizikanın, kimyanın əldə etdiyi ən son nəticələrdən görüb anlayırıq. Elmin tərəqqisi ilə toplanan faktlardan dolayı ateizmdən Allah inancına dönən insanların içində, yəqin ki, ən tanınanı əvvəllər “XX əsrin ən böyük ateist filosofu” kimi tanınmış Entoni Flyudur (şəkildə). Həyat boyu özünə elmi faktların ardınca getməyi şüar etdiyini deyən E.Flyunun 2007-ci ildə yayımladığı “Yanılmışam, Tanrı var imiş” adlı əsəri bütün dünyada böyük əks-səda doğurdu. O, belə yazırdı:

“İndi Allahın varlığını qəbul edirəm… İndi, demək olar, bütövlükdə DNT tədqiqatlarına əsasən fikirləşirəm ki, həyatın mənşəyi, həqiqətən də, yaradıcı Ağıla işarə edir. Fikirləşirəm ki, həyatı əmələ gətirmək üçün tələb olunan tərtibatın inanılmaz dərəcədə mürəkkəb olması ilə DNT materialı bizə onu göstərmişdir ki, bu fövqəladə dərəcədə müstəqil elementlərin birlikdə işləməsi üçün ağıl mütləq rol oynamalıdır”.31

Entoni Flyunun bu etirafı artıq sözə ehtiyac qalmadan isbat edir ki, Allahın varlığı elmi məlumatların kasadlığından yox, elmi məlumatların getdikcə zənginləşməsi nəticəsində gün kimi aydın olub. Keçmişdə insan necə öz bədəninə, təbiətdəki ahəngə, göy üzündəki harmoniyaya baxaraq Allahın varlığına iman edə bilərdisə, bu gün qat-qat təfsilatlı, dəfələrlə artıq sayda elmi məlumatlarla Allahın varlığı daha da danılmaz hala gəlmişdir. “Kvant mexanikasının yaradılmasına görə” 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı Verner Heyzenberq verdiyi məşhur bir nümunədə bu vəziyyəti belə ifadə edir:

“Təbiətşünaslıq badəsindən içilən ilk qurtumdan ateizm doğur, amma qabın dibində bizi Allah gözləyir”.32

Əslində, təkamülçülərin özlərini sorğu-sual edəndə çox maraqlı və həm də təzadlı mənzərə ilə qarşılaşırıq. İnananları “boşluqlar”a əsaslanmaqda ittiham edən ateistlər özləri elmdəki boşluqlardan sui-istifadə edirlər! Yaradılışçıların “boşluqların təkamülü” (evolution of the gaps) adını verdikləri bu fenomen sübut edir ki, təkamülçülər özləri elmə hələ məlum olmayan şeyləri təkamüllə izah edərək öz nəzəriyyələrinə dırnaqarası sübutlar yaradırlar. “Boşluqların təkamülü”nə bunları nümunə göstərmək olar:

  1. hələ funksiyası kəşf olunmamış orqanları “rudiment” saymaları.
  2. hələ funksiyası naməlum olan DNT seqmentlərinə “tullantı DNT” (junk DNA) demələri.
  3. hələ kəşf olunmamış yadplanetlilərin yer üzünə həyatın naməlum “toxumları”nı səpdiyini iddia etmələri.
  4. hələ müəyyən (xüsusilə yumşaq toxumalı) tiplərə aid fosillərin tapılmamasından istifadə edib onlar üçün “həyat ağacı” çəkmələri.
  5. hələ bütöv skeleti tapılmamış arxeopteriks, pakiset kimi canlıları keçid forma kimi qələmə vermələri (sonradan tapılan bütöv fosillər bunların normal canlı olduğunu göstərdi)
  6. hələ insanın və şimpanzenin gen xəritəsi çıxarılmamış, insan və şimpanzenin genetik cəhətdən 99% eyni olduğunu iddia etmələri (sonradan oxşarlığın 70-80% olduğu məlum oldu)
  7. hələ müəyyən bir sinfə aid daha qədim fosillər tapılmamış, əllərindəki ən qədim fosili “ümumi əcdad” kimi qələmə vermələri və i.a.

Nümunələrin sayını çoxaltmaq mümkündür. Bütün bunlar təkamülçülərin elmə hələ məlum olmayan şeylərdən necə sui-istifadə etdiklərini, boşluqları təkamüllə doldurduqlarını göstərir. Qabaqlarına çıxan hər canlıya, hər sistemə, hər orqana “təkamüllə yaranıb” deyərək öz nəzəriyyələrinin, əslində, “boşluqların təkamülü” olduğunu bilavasitə sübut edirlər. Elçin Sultanovun bu mövzuda yol verdiyi əsas səhvlərdən biri də: “Ən asan şey dindar olmaqdır. Burada sadəcə inanırsan. Savadlı adam isə həmişə şübhələnir. Dinlə şübhə isə üst-üstə düşmür”, – deməsidir. Din insandan kortəbii şəkildə inanmağı yox, heyvanlara, bitkilərə, öz bədəninə, dağlara, yerə, göy üzünə – yəni təbiətə və kainata nəzər salaraq, düşünərək, mühakimə edərək Allahın varlığına qəti elmi dəlillərlə inanmağı buyurur. Quranda bu mövzu haqqındakı bəzi ayələr belədir:

 

“İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (Fatir, 28)

“Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə – necə ucaldılmışdır? Dağlara – necə dikəldilmişdir? Və yerə – necə döşədilmişdir?” (Ğaşiyə, 17–20)

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz, Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi cəhənnəm odunun əzabından qoru”. (Ali-İmran, 191)

“Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz Öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda), həm də onların öz daxilində mütləq göstərəcəyik”. (Fussilət, 41)

 

Ayələrdən göründüyü kimi, Allah bizi araşdırmağa, elmə yiyələnməyə, düşünməyə və bununla Allahın hər tərəfdə yaratdığı ayələri – dəlilləri görməyə sövq edir. Hansı ki, bu prinsip tarix boyunca alimlərin şövq, həvəs mənbəyi olmuşdur. Corciya Universitetinin Hesablama Kimyası Mərkəzinin direktoru, hal-hazırda dünya miqyasında məqalələrinə ən çox istinad edilən alimlərdən biri Henri Frits Şefer bunu belə ifadə edir:

“Məşğul olduğum elmin əhəmiyyəti və həyəcanlı tərəfi bir şey kəşf edib özümə “demək, Allah bunu belə edib” deyə bilməkdir. Mənim hədəfim Allahın planının kiçik bir qismini də olsa, anlaya bilməkdir”.33

Fiziki astronomiya, fəza mexanikası və müasir optikanın banisi hesab olunan görkəmli alman astronomu və riyaziyyatçısı İohann Kepler isə belə demişdir:

“Mən ilahiyyatçı olmaq fikrində idim… Lakin indi göstərdiyim bütün səylərdən sonra görürəm ki, astronomiya Allahı necə ucaldır. Axı «göylər Allahın əzəmətini bəyan edir»”.34

Keçmiş və müasir saysız alim vardır ki, öz elmi tədqiqatlarında Allahın möhtəşəm yaratmasından ilham alır, bu şövqlə öz işlərinə girişirlər. Bütün bu əyani nümunələr bizə din və elmin nəinki uzlaşdığını, hətta bir-birinə təkan verdiyini sübut edir.

Lenski təcrübəsində təkamül baş verməmişdir

Daha sonra Aqşin Kərimov Lenski təcrübəsindən danışır və Elçin Sultanovla bunun “təkamül eksperimenti” olduğunu müzakirə edirlər. Biz hələ illər öncə Lenski təcrübəsinin təkamülü isbat etdiyi iddiasına cavab məqaləmizdə geniş izah etmişdik ki, bu təcrübə nə üçün təkamülə sübut deyil. Burada isə müxtəsər şəkildə yenidən izah edəcəyik:

Amerikalı təkamülçü Riçard Lenski 1988-ci ildən başlayaraq bağırsaq çöpü bakteriyalarını (Escherichia coli) qlükozalı mühitdə çoxaldıb onillər keçdikdən sonra onların təkamül keçirib-keçirməyəcəyini yoxlamaq istəmişdir. Təcrübə üçün bağırsaq çöpü bakteriyalarının seçilmə səbəbi isə bu canlıların çox sürətli şəkildə – hər 20 dəqiqədən bir çoxalmaları idi. İlk başda, Lenski bu eyni növdən olan bakteriyaları 12 qrupa, yəni populyasiyaya ayırdı. Sonra bakteriyaları yetişdirdiyi mühitdəki qlükozanı (bakteriyalar qlükozanı enerji mənbəyi kimi istifadə edirlər) azaltdı. Mühitdə qlükoza azaldıqdan sonra isə təxminən 31.500-cü nəsildən sonra bakteriyalar alternativ enerji mənbəyi kimi mühitin qalan hissəsini təşkil edən sitrat adlı maddənin istehlakına başlayırlar. Elə təkamülçü iddia da burada özünü göstərir. Təkamülçülər iddia edirlər ki, əvvəllər sitrat həzm etmək qabiliyyətinə malik olmayan bakteriyalar yaşadıqları mühitdə qida (qlükoza) çatışmazlığı olduğu üçün mühitə “uyğunlaşaraq” sitratı həzm etməyə başladılar və təkamül “gözlərimizin önündə baş verdi”.

Darvinist mənbələrdə bağırsaq çöpü bakteriyalarının sitratı həzm etmə qabiliyyəti olmadığı israrla vurğulanır, lakin bakteriyalar heç də belə fikirləşmir. Çünki hələ Lenski doğulmamışdan milyonlarla il öncə də bağırsaq çöpləri sitrat molekulunu enerji mənbəyi kimi istifadə edirdilər. Anaerob (oksigensiz) mühitdə operon adlanan və bir neçə genin birləşməsindən əmələ gələn gen komplekti sitrat-transporter (“sitrat-daşıyıcı”) adlı bir zülalın sintezini təmin edir və bu zülal bakteriya hüceyrəsinin qılafına bitişərək sitrat molekullarını hüceyrəyə daxil edir.35 Hansı ki, təkamülçülər bunun tam əksini iddia edirdilər!

Sitrat-transporterin sintezini təmin edən həmin gen komplekti yalnız anaerob mühitdə fəaliyyətə keçir. Onsuz da, bağırsaq çöpü bakteriyaları da anaerob bakteriyalar olduğu üçün normal şəraitdə sitratı həzm etmək qabiliyyətinə malikdir. Lakin təcrübə əsnasında, təxminən 31.500-cü nəsildən başlayaraq hüceyrəyə sitrat idxalı limitsiz hala gəlir, yəni bakteriyalar həm oksigensiz, həm də oksigenli mühitdə sitratı həzm etməyə başlayır. Araşdırmalar nəticəsində bunun bir mutasiya nəticəsində sitrat-transporteri idarə edən gendəki nizamın pozulmasından qaynaqlandığı məlum olur. Lakin bu, faydalı bir mutasiyadırmı? Sidney Universitetindən Dr. Don Batten bunu bir misalla belə izah edir:

“Bu, (sitrat-transporterin fəaliyyəti) günəş batdığı zaman işıq azalmasını aşkar edən və işə düşən sensorlu lampalara bənzədilə bilər. Bu sensordakı bir zədələnmə işıqların gün boyunca yanıq qalmasına səbəb olur. Bizim bəhs etdiyimiz də məhz bu növdən bir dəyişiklikdir”.36

Dr. Battenin də misal gətirdiyi kimi, necə ki sensorlu lampaların fəaliyyəti yalnız gecə faydalı olur, eynilə də sitrat-transporterin fəaliyyəti yalnız oksigensiz mühitdə faydalıdır. Yəni təkamülçülərin həyəcanlanıb bunu böyük bir faydalı mutasiya kimi göstərməsi olduqca gülünc olar. Çünki bu, ancaq lampaların gündüz boyunca açıq qalması qədər “faydalı”dır.

2010-cu ildə biokimyaçı Maykl Bihi Lenski təcrübəsindəki 12 bakteriya populyasiyasını gözdən keçirir.37 Bihi bu populyasiyalardakı yenilikləri genlərin itirilməsi, yerdəyişməsi və ya qazanılması olaraq 3 qrupda kateqorizə etdi. Bakteriyalardakı bütün məlum dəyişikliklərin isə ya genin itirilməsi, ya da öncədən mövcud olmuş genin yenidən təşkili (yerdəyişməsi) prosesləri olduğu məlum oldu. Yeni fenotiplərin (mutant bakteriyaların) heç biri yeni genlərin qazanılmasından meydana gəlməmişdi. Hansı ki, təkamül nəzəriyyəsinin tələb etdiyi şey də məhz yeni genlərin qazanılması idi.

Bu vaxt, həm oksigenli, həm də oksigensiz mühitdə sitrat istehlak edən bakteriyaların hansı mexanizmlə əmələ gəldiyi məlum deyildi. Bihi yazırdı ki, “Əgər [Cit+] fenotipi (sitrat istehlak edən mutant bakteriyalar) yeni genetik tənzimləyici elementin, seriya ardıcıllığı pozulmuş bir gen duplikasiyasının, yaxud da yeni bir bağlayıcı sahənin qazanılması ilə nəticələnən mutasiyalardan qaynaqlanmış olsaydı, o zaman bu, diqqətədəyər bir gen-qazanma mutasiyası olardı”38 Yəni Lenskinin əldə etmiş olduğu bakteriya nəsli tamamilə yeni bir gen qazanmış olsaydı, bu təqdirdə təcrübə təkamülün lehində bir nəticə ala bilərdi. Bəs mutasiyalar bakteriyanın DNT-sinə yeni bir məlumat qazandırmışdımı? Lenski təcrübəsi ilə yaxından maraqlanan yaradılışçı alim, elmi yazıçı Brayan Tomas “…Əgər belə olsaydı (yeni məlumat qazanılsaydı), bu, biologiya tarixində bir ilk olardı” deyə yazır və bu sözlərinin ardınca sitrat həzm etmə qabiliyyətinin bakteriyalarda, onsuz da, öncədən mövcud olduğundan bəhs edir.39

Hazırkı araşdırmalar göstərir ki, bakteriya sitrat-transporter geninin duplikasiyası, yəni eyni genin bir neçə nüsxəsinin çıxarılması nəticəsində böyük miqdarda sitrat-transporter zülalı əldə edir.40 Bununla da, hüceyrə daha çox sitratı qəbul edib həzm etməyi bacarır. Lakin duplikasiya prosesi əsnasında sitrat-transporter nüsxələrinin DNT-nin yalnış bölgələrinə yerləşdirilməsi nəticəsində bu zülal oksigenli mühitdə də fəaliyyətini davam etdirə bilmişdir. Bunun isə faydasız olduğunu Dr. Battenin də izahında görmüşdük.

Nəticədə, Lenski təcrübəsi əsnasında baş vermiş proses eyni genin bir neçə nüsxəsinin çıxarılmasından ibarətdir. Bu, yüzlərlə cild ensiklopediyalardan bir səhifə məlumatın kseroks aparatında təkrar-təkrar nəşr edilməsinə bənzəyir. Lakin təkamülün açıqlamalı olduğu məsələ informasiyanın, yəni yüzlərlə cildlik DNT kitabxanasının necə yarandığıdır. Hansı təsadüfi mutasiya yeni bir zülalı və ya fermentləri əmələ gətirmiş, yaxud da lələklərin, sümüklərin, sinir sisteminin, ATF-sintaza kimi kompleks “üzvi motor”ların yaranmasına səbəb olmuşdur? Təkamülçülər 25 illik deyil, 250 illik təcrübələr də keçirsələr bu suallara cavab tapa bilməyəcəklər. Çünki mutasiyalar yaratmaq yox, dağıtmaq işində bacarıqlıdırlar. Bihinin də qeyd etdiyi kimi, Lenski təcrübəsində zülalların mənşəyi ilə əlaqədar heç bir şey yoxdur, hansı ki, məhz bu da təkamülün izah etməli olduğu məsələdir.41

Bundan əlavə, Lenski təcrübəsinin pərdəarxası da var! Lenski təcrübəsində təkamülçülərin heç diqqət yetirmədikləri, yaxud da gizlətməyə çalışdıqları çox mühüm bir həqiqət var idi: təcrübə bakteriyaları laboratoriyaya “həbs etmişdi”, yəni bu mutant bakteriyaları laboratoriya mühitindən çıxarıb təbii mühitə buraxsaq mutasiya keçirməmiş bağırsaq çöpləri ilə mübarizə apara bilməyib məhv olardılar. Necə ki, molekulyar genetik Dr. Corciya Purdom və mikrobioloq Dr. Kevin Anderson da Lenski təcrübəsinin elmi tənqidi barədəki yazılarında “faydalı” kimi görünən mutasiyaların yalnız laboratoriya şəraitinə fokuslandığı və mühitdə bir dəyişiklik baş verdiyi təqdirdə bu “fayda”nın yox olacağından bəhs edirlər.42

Araşdırmalar da Lenskinin bakteriyalarının “daha gücsüz” olduqlarını elmi şəkildə sübut etdi:

  • Lenskinin 37oC-də yetişdirilmiş mutant bakteriyalarının əsl bağırsaq çöpləri ilə müqayisə edildiyi zaman 20oC, yaxud da 42oC-lik temperaturlara dözümlü olmadıqları üzə çıxdı.43
  • Mutantlardan bir qrupu spoT adlı zülalın tənzimləyici kontrolunda bir mutasiya keçirmişdilər.44 Bu da bakteriyalarda təzyiqə qarşı ciddi cavab reaksiyalarını təmin edən ppGpp (quanozin pentafosfat) adlı digər bir zülalın reduksiyasına səbəb olmuşdu.45 Bununla da bakteriyaların qıcığa qarşı cavab reaksiyalarında anormallıqlar özünü göstərdi.
  • 20.000 nəsildən sonra əldə edilmiş digər mutant bakteriyalar isə laboratoriya mühitindəki yeganə enerji mənbələri qlükoza olduğundan digər karbohidratları həzm etmə qabiliyyətlərini itirdilər.46 Bu da laboratoriyadan çıxarıldıqları təqdirdə bağırsaq çöplərini məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoyurdu.
  • Mutasiya keçirmiş sitrat-transporter geninin bəzi nüsxələrinin DNT-nin yalnış bölgələrinə yerləşməsi nəticəsində mutantlardan bəziləri riboza operonunu (DNT-nin funksional bir vahidi) itirmişdilər.47

Bütün bunları Aqşin Kərimovdan və ya Elçin Sultanovdan eşidə bilməzsiniz. Çünki “iki ateistin söhbəti” əsnasında, adətən, belə məqamlara toxunulmur.

Albert Eynşteyn Yaradıcıya inanan, ateizmə qarşı alim olub

Müsahib əsnasında E.Sultanov məşhur alman fiziki Albert Eynşteynin dini inanclarını da müzakirə edir və “Eynşteynin dini onun vicdanı idi” kimi yanlış bir nəticəyə gəlir. Bu mövzuda kifayət qədər fikir ayrılığı olduğuna görə, yaxşı olardı ki, Eynşteynin öz dilindən bəzi sitatlarla mövzuya aydınlıq gətirək. O, öz məktublarında, müsahibə və əsərlərində daima bütün kainata hakim olan nizamdan bəhs edir və hətta insan ağlının belə tam qavramaqda aciz olduğu bu nizamın, mütləq ki, bir Yaradıcının işi olduğu nəticəsinə gəlirdi. A.Eynşteyn 1929-cu ildə verdiyi bir müsahibəsində deyir:

“Mən ateist deyiləm… Sözügedən məsələ bizim məhdud ağıllarımız üçün çox nəhəng məsələdir. Olarmı bir misalla cavab verim? İnsan ağlı hər nə qədər yaxşıca təlim keçsə də, kainatı qavraya bilməz. Biz tavanına qədər müxtəlif dillərdə kitablarla dolu nəhəng kitabxanaya girmiş balaca bir uşaq mövqeyindəyik. Uşaq bilir ki, o kitabları kimsə yazıb. O bilmir ki, kim yazıb, ya necə yazıb. O, kitabların yazıldığı dilləri başa düşmür. Uşaq kitabların tərtibatında dəqiq bir plan, sirli bir nizam görür, hansı ki, bu onun dərk edəcəyi bir şey deyil, ancaq zəif sezəcəyi bir şeydir. Bu, mənə elə gəlir ki, hətta ən görkəmli və ən mədəni insan ağlının Allaha olan yanaşmasıdır. Biz möcüzəvi şəkildə tərtib olunmuş, müəyyən qanunlara tabe bir kainat görürük, lakin biz o qanunları ancaq tutqun şəkildə başa düşürük”.48

Albert Eynşteyn 1921-ci ildə “Nəzəri fizikaya xidmətlərinə, xüsusilə də fotoelektrik effekt qanununun kəşfinə görə” fizika üzrə Nobel mükafatına layiq görülmüşdü. O, öz dövrünün, demək olar, bütün tanınmış alimləri kimi elm və din mövzusunda tez-tez çıxışlar etmişdir. Görünür, Eynşteyn həm dini fanatizmə, həm də ateist fanatizmə tamamilə qarşı idi. Bəzi ateistlərin fanatizmindən təngə gəlmiş Eynşteyn 7 avqust, 1941-ci il tarixli bir məktubunda yazırdı:

“Bir tərəfdən də bu fanatik ateistlər var ki, onların dözümsüzlüyü elə dini fanatiklərin dözümsüzlüyü ilə eyni mahiyyət daşıyır və eyni mənşədən gəlir. Onlar çətin mübarizədən sonra qırıb atdıqları zəncirlərin ağırlığını hələ də hiss edən qullara bənzəyirlər. Onlar elə varlıqlardır ki, ənənəvi «xalq üçün tiryəkə» qarşı kinlərindən ötrü «kürələrin nəğməsinə» məhəl qoymurlar”.49

“Xalq üçün tiryək” – ateist marksistlərin din üçün (haqq dinləri tənzih edirik) işlətdikləri ifadədir. Karl Marks dinə qarşı bu ifadəni işlətdikdən bəri fanatik ateistlər onu özlərinə şüar etmişlər. Eynşteyn də bu ifadəni onların dilindən işlədir. “Kürələrin nəğməsi” isə orta əsrlərdən etibarən planetlərin və digər göy cisimlərinin ahəngdar həndəsi hərəkəti üçün işlədilən ifadədir. Ümumi mənada, kainatdakı nizamı ifadə edir.

Göründüyü kimi, Albert Eynşteyn elmi karyerasını həsr etdiyi kainatın fiziki qanunauyğunluqlarına heyran qalıb və bu görkəmli nizamın ancaq Yaradıcı tərəfindən ərsəyə gətirilə biləcəyini müdafiə etmişdir. Bu Allah inancı Eynşteynin çağdaşı olan həmkarları – Maks Plank, Pol Dirak, Maks Born, Verner Heyzenberq, C.C.Tomson və digər dünya miqyaslı alimlərin sözlərində də özünü göstərir.50

Təkamül fərziyyəsinə görə vicdanın elmi əsası yoxdur

Elçin Sultanov müsahibəsinin sonlarına doğru maraqlı bir etiraf edir: “Bəs vicdan necə formalaşıb? Sosial elm bunu indiyə qədər öyrənməyib. Vicdanın, namusun, qeyrətin elmi əsasları yoxdur. Nə zaman bunların elmi izahı olacaq, elmi əsası da olacaq… İnsan vicdanla hərəkət etməlidir. Mən vicdanla hərəkət edirəm. Bəs bu vicdanı mənə kim verib? Bunlar sual altındadır”.

Materialist fəlsəfəyə görə, insan karbon, hidrogen, oksigen, azot, kalsium kimi element atomlarının birləşməsindən ibarət, təbiətdə kortəbii şəkildə, öz-özünə formalaşmış, heç bir məqsədi olmayan bir heyvan növüdür. Məşhur ateist bioloq Riçard Dokinz insan üçün təyin edilən bu çirkin baxış bucağını belə ifadə edir:

“Elektronların və eqoist genlərin dünyasında, kortəbii fiziki qüvvələr və genetik replikasiya dünyasında bəzi insanlar əziyyət çəkəcək, digər insanlar uğur qazanacaqlar və siz də bunda hər hansı ahəng və məntiq, nə də bir ədalət tapa bilməyəcəksiniz. Müşahidə etdiyimiz kainat bütün gözlənilən kriteriyaları özündə daşıyır – orada, mahiyyət etibarilə, nə dizayn, nə məqsəd, nə şər, nə də xeyir var. Rəhmsiz yeknəsəqlikdən başqa heç nə”.51

Dokinzin təsvir etdiyi bu qorxunc, bir o qədər də xətalı mənzərə materializmin və darvinizmin insan həyatına biçdiyi dırnaqarası “dəyər”i yaxşı ifadə edir. Görünür, Elçin Sultanov da bunu yaxşı başa düşüb və materialist dünyagörüşünü mənimsədiyinə görə, nəyə əsasən vicdanlı hərəkət etdiyini bilmir. Ancaq yenə də iddia edir ki: Hələ ki, bu anlayışların elmi əsası yoxdur deyə, ən savadlı adamlar da məcbur qalıb inanırlar. Çünki bilik olmayanda insan məcbur olub inanır”. Lakin materialistlər bir heyvan növü kimi baxdıqları insanın həyatının dəyərini, mənasını, yaxşılığı, pisliyi, əxlaqı, vicdanı, sevgini, mərhəməti və i.a. insan ruhuna xas səciyyələri heç vaxt “elmi” yolla izah edə bilməyəcəklər. Çünki bunlar insan Ruhuna xas xüsusiyyətlərdir və onların “elm” sözündən başa düşdükləri yeganə şey isə “materializm”dir. Materializm Ruhun varlığını qeyd-şərtsiz inkar etdiyinə görə tarixən əxlaq anlayışını əsaslandıra bilməyib. Hətta Uilyam B.Provayn kimi təkamülçü alimlər olmuşdur ki, “həyatın mənası” və “əxlaq” kimi anlayışları yerli-dibli inkar etmişlər:

“Gəlin müasir təkamül biologiyasının bizə ucadan və aydın şəkildə nə bəyan etdiyi haqqındakı fikirlərimi xülasə edim: heç bir ilah yoxdur, heç bir məqsəd yoxdur, heç bir məqsədyönlü güc qətiyyən yoxdur. Ölümdən sonra həyat yoxdur. Öldüyüm zaman artıq qəti şəkildə əminəm ki, mən ölürəm. Bu, mənim üçün sondur. Əxlaq üçün heç bir mütləq əsas yoxdur, həyatın heç bir mütləq mənası yoxdur və həmçinin insanlar üçün də heç bir azad iradədən söz gedə bilməz”.52

Məhz bu bədxah və ümidsiz dünyagörüşüdür ki, bu gün intiharların, cinayətlərin, iğtişaşların əsas düşüncə tərzini formalaşdırır. Materializmin onurğasını təşkil edən və insana adicə heyvan növü kimi baxan darvinist düşüncə bu gün yer üzündəki ən təhlükəli ideologiyadır. Azərbaycan dilinə təzəcə tərcümə olunmuş “Sapiens” kitabı ilə tanınan israilli yazıçı, təkamül tərəfdarı Yuval Noah Harari həmin kitabında belə yazır:

“Hörümçəklərin, kaftarlar və şimpanzelərin təbii hüquqları olmadığı kimi Homo sapiensin (insanın) da təbii hüquqları yoxdur”.53

Göründüyü kimi, darvinizm insanı ancaq və ancaq bir heyvan növü kimi qələmə verir. İnsanın bakteriyadan, soxulcandan, “hörümçək və kaftarlardan”, mahiyyət etibarilə, heç bir fərqinin olmadığını təlqin edir. Bu, insana təsadüfi təbiət hadisələrinin məhsulu kimi baxan darvinistlərin nə dərəcədə yalnış və təhlükəli bir dünyagörüşü mənimsədiyini göstərir.

Elçin Sultanovun materializmə bağlanması, sonra da vicdan üçün “elmi izah” axtarması isə yalnız və yalnız bir təzaddan ibarətdir. Çünki materializm vicdan və bu kimi bütün anlayışları birbaşa rədd edir.

 

İqtibaslar:

  1. Ernst Mayr, “Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist”, New York: Dove Press, 1964, səh. 296.
  2. Ç. Darvinin dostu Eysa Qreyə 3 aprel, 1860-cı il tarixli məktubundan.
  3. Gordon Rattray Taylor, The Great Evolution Mystery, London: Abacus, Sphere Books, London, 1984, səh. 36, 41-42.
  4. E. Bishop, “Mendel’s Opposition to Evolution and to Darwin”, Journal of Heredity, no. 87, 1996, səh. 205-213; daha ətraflı baxın: L. A. Callender, “Gregor Mendel: An Opponent of Descent with Modification”, History of Science, 26, 1988, səh. 41-75.
  5. Crick F.H.C., What Mad Pursuit: A Personal View of Scientific Discovery, 1988, Penguin Books: London, 1990, reprint, p. 138
  6. Ruse, M., How evolution became a religion: creationists correct?, National Post,pp. B1,B3,B7, May 13, 2000.
  7. Grassé, Pierre-Paul, 1977, Evolution of Living Organisms, Academic Press, New York, NY, pg. 107.
  8. Charles Darwin, “The Origin of Species by Means of Natural Selection”, 1859, səh. 280
  9. Ernst Mayr, What Evolution Is, p. 189 (Basic Books, 2001).
  10. Margaret ‘Espinasse, “Robert Hooke”, University of California Press, 1956, səh. 36
  11. Quliyev R.Ə., Babayev M.Ş., Axundova E.M., “Təkamül təlimi”, yenidən işlənmiş ikinci nəşri, Bakı: Çaşıoğlu, 2012, səh. 338
  12. Eldredge, and I. Tattersall, “The Myths of Human Evolution”, Columbia University Press, 1982, səh. 45-46
  13. Wynne-Edwards, V. C. “Self Regulating Systems is Populations of Animals”, Science, cild 147, 1965, səh. 1543-1548; Wynne-Edwards, V. C. Evolution Through Group Selection, London, 1986
  14. Bradshaw 1965; Lee Spetner, Not By Chance!: Shattering the Modern Theory of Evolution, The Judaica Press, Inc., New York, 1997
  15. Andy Coghian, “Suicide Squad”, New Scientist, 10 iyul 1999
  16. Herbert Spencer, Social Statics: or The Conditions essential to Happiness Specified and the First of them Developed, John Chapman, London, 1851, Part III, Chapter XXVIII, §4, available online at http://oll.libertyfund.org/titles/spencer-social-statics-1851
  17. Thomas R. Malthus, An essay on the principle of population as it affects the future improvement of society., Reprint, London:Reeves and Turner, (1798) 1878, s. 412
  18. Charles Darwin, “The Descent of Man”, 1871, 1-ci nəşr, səh. 168
  19. Henry Gee, In Search of Deep Time, New York, The Free Press, 1999, səh. 32; 116-117
  20. Ətraflı məlumat üçün: Homologiya xətası
  21. Ruth Henke, “Aufrecht aus den Baumen”, Focus, cild 39, 1996, səh. 178
  22. Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press, 1994, səh. 5.
  23. Roger Highfield, DNA survey finds all humans are 99.9pc the same, The Telegraph, 20 Dec 2002
  24. Roger Highfield, DNA survey finds all humans are 99.9pc the same, The Telegraph, 20 Dec 2002
  25. Roger Highfield, DNA survey finds all humans are 99.9pc the same, The Telegraph, 20 Dec 2002
  26. Natalie Angier, Do Races Differ? Not Really, Genes Show, The New York Times, August 22, 2000
  27. Ətraflı məlumat üçün: Darvinist təbliğat üsulları 2/3
  28. “Ben Stein vs Richard Dawkins”, 2008, youtube.com, http://www.youtube.com/watch?v=9M_ZF8r5e7w; Ben Stein, Expelled: “No Intelligence Allowed”, 2008
  29. Riçard Dokinzin Reddit.com saytına verdiyi müsahibə, youtube.com, 14 noyabr 2010.
  30. C.Bihinin Prinstondakı seminarı, 1997
  31. Antony Flew, Roy Varghese, “There is a God: How The World’s Most Notorious Atheist Changed His Mind”, Harper Collins, New York, 2007, p. 74; 75
  32. “Der erste Trunk aus dem Becher der Naturwissenschaft macht atheistisch; aber auf dem Grund des Bechers wartet Gott” – Hildebrand, Ulrich, 1988, “Das Universum – Hinweis auf Gott?”, in Ethos (die Zeitschrift für die ganze Familie), no. 10, Oktober.
  33. Sheler, J.L. and J.M. Schrof, “The Creation”, U.S. News & World Report (December 23, 1991):56-64
  34. Johannes Kepler, quoted in: Tiner, J. H., Johannes Kepler-Giant of Faith and Science, Mott Media, Milford, Michigan (USA), p. 197, 1977
  35. Pos, K.M., Dimroth, P. and Bott, M., The Escherichia coli Citrate Carrier CitT: a Member of a Novel Eubacterial Transporter Family Related to the 2-Oxoglutarate/Malate Translocator from Spinach Chloroplasts, J. Bacteriol. 180(16):4160–4165, 1998; <www.pubmedcentral.nih.gov/articlerender.fcgi?artid=107412>.
  36. “Bacteria ‘evolving in the lab’? – ‘A poke in the eye for anti-evolutionists’?” by Don Batten, 14 June 2008
  37. Behe, M. Experimental Evolution, Loss-of-Function Mutations, and “The First Rule of Adaptive Evolution.” The Quarterly Review of Biology. 85 (4): 419-445
  38. Behe, M. Experimental Evolution, Loss-of-Function Mutations, and “The First Rule of Adaptive Evolution.” The Quarterly Review of Biology. 85 (4): 419-445
  39. “Bacterial ‘Evolution’ Is Actually Design in Action” by Brian Thomas, October 15, 2012
  40. Blount ZD, Barrick JE, Davidson CJ, Lenski RE, “Genomic analysis of a key innovation in an experimental Escherichia coli population”, Nature, 2012 September 27; 489(7417):513-8.
  41. Michael Behe’s Amazon Blog, 6 June 2008.
  42. Proceedings of the Sixth International Conference on Creationism, pp. 73–86 (2008); ‘A Creationist Perspective of Beneficial Mutations in Bacteria’ by Kevin L. Anderson, PhD, and Georgia Purdom, PhD, May 27, 2009
  43. Cooper, V. S., A. F. Bennett, and R. E. Lenski, 2001. Evolution of thermal dependence of growth rate of Escherichia coli populations during 20,000 generations in a constant environment. Evolution 55:889–896
  44. Cooper, T. F., D. E. Rozen, and R. E. Lenski, 2003. Parallel changes in gene expression after 20,000 generations of evolution in E. coli. Proceedings of the National Academy of Sciences, USA 100:1072–1077.
  45. Johansson, J., C. Balsalobre, S.-Y. Wang, J. Urbonaviciene, D. J. Jin, B. Sondén, and B. E. Uhlin, 2000. Nucleoid proteins stimulate stringently controlled bacterial promoters: A link between the cAMP-CRP and the (p)ppGpp regulons in Escherichia coli. Cell 102:475–485
  46. Cooper, V. S., and R. E. Lenski, 2001. The population genetics of ecological specialization in evolving Escherichia coli populations. Nature 407:736–739
  47. Cooper, V. S., D. Schneider, M. Blot, and R. E. Lenski, 2001.Mechanisms causing rapid and parallel losses of ribose catabolism in evolving populations of E. coli B. Journal of Bacteriology 183:2834–2841
  48. Letter (7 August 1941) discussing responses to his essay “Science and Religion” (1941), p. 97; Isaacson, Walter (2007). “Einstein and Faith” Time 169 (April 5): 47; Jammer, Max (2002). Einstein and Religion: physics and theology. Princeton: Princeton University Press, 97
  49. George Sylvester Viereck, Glimpses of the Great (1930)
  50. Ətraflı məlumat üçün: Allaha iman edən alimlərdən 50 sitat
  51. Richard Dawkins, River Out of Eden: A Darwinian View of Life (New York: Basic Books, 1995), p. 133.
  52. Provine, W.B., Origins Research 16(1), p.9, 1994
  53. Harari, “Sapiens: İnsan türünün kısa bir tarihi”, Kolektif Kitap, səh. 119

Şərh üçün bağlıdır.

axtarış