• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Lenski təcrübəsinin təkamülü isbat etdiyi iddiasına cavab

LENSKİ TƏCRÜBƏSİ VƏ YENƏ UĞURSUZLUQ

Mendel qanunlarının kəşfindən sonra irsiyyətin qan yoluyla keçmədiyini çətin də olsa qəbul etmiş darvinistlər bunun “genlərdə meydana gələn təsadüfi faydalı dəyişikliklər” nəticəsində baş verdiyini irəli sürdülər. Bu isə əslində təkamülçülərin təxəyyül gücünün nə dərəcədə geniş olduğunun bir göstəricisi idi. Çünki bu iddiaya əsasən; 240 ayrı zülalın əmələ gətirdiyi kompleks bakteriya qamçısından tutmuş  576 meqapiksellik insan gözünə, hər biri 500 səhifədən ibarət olan 900 cildlik kitabdakı məlumatı daşıyan DNT-dən təsadüfən əmələ gəlmə ehtimalı 10 üstü 950-də 1-ə bərabər olan tək bir zülala və hal-hazırda yer üzündə yaşayan 8,7 milyon canlı növünə qədər hər şey bu təsadüfi dəyişikliklər nəticəsində ortaya çıxmışdı. Lakin, təbii ki, bu iddia da təkamülçülərin bütün iddiaları kimi elm tərəfindən təkzib edildi. İddia irəli sürüləndən sonra  təkamülçülərin yarım əsrdən çoxdur gecə-gündüz çalışmalarına baxmayaraq bir dənə belə faydalı mutasiya nümunəsi müşahidə edilmədi. Əksinə, məlum olan bütün mutasiyaların zərərli olduğu və bir çox irsi, müalicəsi belə mümkün olmayan xəstəliklərə də yol açdığı ortaya çıxdı. Amerikalı patoloq Devid A. Demik mutasiyalar haqqında yazdığı elmi məqaləsində bu mövzuda belə deyirdi:

“Son illərdə genetik mutasiyalarla əlaqədar minlərlə insan xəstəliyi təsnif edilmişdir. Yeni nəşr edilən bir kitabda 4500 fərqli genetik xəstəlik sadalanır. Habelə molekulyar genetik analizlərdən əvvəl klinik cəhətdən tərif edilən bəzi irsi sindromların (məsələn, Marfan sindromunun) mutasiyalar nəticəsində əmələ gəlməsi məlum olmuşdur… Mutasiyaların əmələ gətirdiyi bütün bu xəstəliklərlə bərabər faydalı təsirləri də varmı? Məlum olan minlərlə zərərli mutasiya nümunəsi ilə bərabər, əlbəttə, bəzi müsbət nümunələri də saymaq lazımdır, əgər makrotəkamül doğrudursa. Bu müsbət nümunələr həm daha kompleks formalar əmələ gətirmək üçün, həm də çox sayda zərərli mutasiyanın dağıdıcı təsirini tarazlamaq üçün təkamülə lazım olacaqdır. Amma məsələ bu faydalı mutasiyaları tərif etməyə gəldikdə, təkamülçü bioloqlar həmişə qəribə bir sükut içərisindədirlər”.1

Sözügedən “faydalı mutasiyalar”ı müşahidə edə bilməyən darvinistlər onları “uydurmağ”ı qərara aldılar. Beləliklə də, oraq-hüceyrə anemiyası, CCR5-delta 32 mutasiyası kimi 10-15 nümunə ilə ortaya çıxaraq bu haqda məlumat əksikliyi olan cəmiyyəti aldatmağa başladılar (bəhs edilən iddiaların elmi cavablarını buradan və buradan öyrənə bilərsiniz). Bu iddialardan biri isə bir zamanlar “təkamül laboratoriyada müşahidə edildi” (!) kimi üstü bəzəkli başlıqlarla ortaya atılan Lenski təcrübəsi idi.

Amerikalı təkamülçü Riçard Lenski 1988-ci ildən başlayaraq bağırsaq çöpü bakteriyalarını (Escherichia coli) qlükozalı mühitdə çoxaldıb onillər keçdikdən sonra onların təkamül keçirib keçirməyəcəklərini yoxlamaq istəmişdir. Təcrübə üçün bağırsaq çöpü bakteriyalarının seçilmə səbəbi isə bu canlıların çox sürətli şəkildə – hər 20 dəqiqədən bir çoxalmaları idi. İlk başda, Lenski bu eyni növdən olan bakteriyaları 12 qrupa, yəni populyasiyaya ayırdı. Sonra bakteriyaları yetişdirdiyi mühitdəki qlükozanı (bakteriyalar qlükozanı enerji mənbəyi kimi istifadə edirlər) azaltdı. Mühitdə qlükoza azaldıqdan sonra isə təxminən 31.500-cü nəsildən sonra bakteriyalar alternativ enerji mənbəyi kimi mühitin qalan hissəsini təşkil edən sitrat adlı maddənin istehlakına başlayırlar. Elə təkamülçü iddia da burada özünü göstərir. Təkamülçülər iddia edirlər ki,  əvvəllər sitrat həzm etmək qabiliyyətinə malik olmayan bakteriyalar yaşadıqları mühitdə qida (qlükoza) çatışmazlığı olduğu üçün mühitə “uyğunlaşaraq” sitratı həzm etməyə başladılar və təkamül “gözlərimizin önündə baş verdi”.

İddiaya cavab verməzdən öncə qeyd edək ki, darvinist iddia yuxarıda bəhs edildiyi kimi çox sadə və anlaşıqlıdır. Lakin təkamülçü mənbələrə baxdığınız zaman məsələni necə mürəkkəb və qarmaqarışıq hala gətirdiklərini görəcəksiniz. Əslində isə, bu, təkamülçülərin insanların şüuraltında “məqaləmiz çox mürəkkəbdir, sizin başa düşməyəcəyiniz qədər elmi dəyəri var” təəssüratı yaratmaq üçün baş vurduqları klassik bir təlqin metodudur. Darvinistlər yazdıqları “elmi” məqalələrdə və ya kitablarda bacardıqları qədər çox termindən, latınca adlardan istifadə etməklə təkamülü sübut edə biləcəklərini düşünürlər. Burada dahi fizik A. Eynşteynin bu sözləri tam yerinə düşərdi: “Əgər bir şeyi sadə yolla başa sala bilmirsizsə, deməli, onu özünüz də tam olaraq başa düşməmisiniz”2. İndi isə keçək təkamülçü iddiaya:

SİTRAT HƏZMİNƏ BAŞLAYAN BAKTERİYALAR İDDİASI

Təkamülçülər burada çox gizli bir hiyləyə əl atırlar. Darvinist mənbələrdə yazılır:

E. coli bakteriyaları, daha əvvəl heç sahib olmadıqları bir xüsusiyyət olaraq sitrat molekullarını hüceyrə içərisinə alıb həzm edərək enerji istehsalını bacaracaq şəkildə təkamülləşmişdilər!”3.

E. coli bakteriyaları (normalda) sitrat molekulunu nəinki həzm etmək, heç hüceyrə içərisinə belə ala bilmirlər…”4.

“…Lenski və həmkarları, açıq bir şəkildə bir növün, daha əvvəl heç sahib olmadığı və heç də kiçik əhəmiyyəti olmayan, nəhəng bir dəyişməni bacara bildiyini göstərmişdir”5.

Bu mənbələrdə bağırsaq çöpü bakteriyalarının sitratı həzm etmə qabiliyyəti olmadığı israrla vurğulanır, lakin bakteriyalar heç də belə fikirləşmirlər. Çünki hələ Lenski doğulmamışdan milyonlarla il öncə də bağırsaq çöpləri sitrat molekulunu enerji mənbəyi kimi istifadə edirdilər. Anaerob (oksigensiz) mühitdə operon adlanan və bir neçə genin birləşməsindən əmələ gələn gen komplekti sitrat-transporter (“sitrat-daşıyıcı”) adlı bir zülalın sintezini təmin edir və bu zülal bakteriya hüceyrəsinin qılafına bitişərək sitrat molekullarını hüceyrəyə daxil edir6. Hansı ki, təkamülçülər bunun tam əksini iddia edirdilər! İşin digər bir maraqlı cəhəti də budur ki, elə həmin təkamülçü mənbələr bu etirafı bilmədən digər bir cümlədə ifadə edirlər:

“…Ayrıca, sitratı həzm edə bilən E. coli bakteriyalarının çöldən gəlmədiyindən əmin olmaq üçün bir çox genetik işarələyici ilə nəticələri test etmişlər”3.

Göründüyü kimi, təkamülçülər özləri də “çöldə”, yəni təcrübədən kənarda sitratı həzm edə bilən E. coli bakteriyalarının mövcud olduğunu bildirirlər. Yazı üslubundan və gözdən qaçırılmış həmin bu bariz məntiq səhvindən də məlum olur ki, “Lenski təcrübəsi” hansısa qeyri-peşəkar bir təkamülçü tərəfindən, yenə hansısa bir təkamülçü mənbədən Azərbaycan dilinə tərcümə edilmiş və ön-mühakimə ilə təcrübənin doğru olduğu qəbul edilmişdir.

Sitrat-transporterin sintezini təmin edən həmin gen komplekti yalnız anaerob mühitdə fəaliyyətə keçir. Onsuz da bağırsaq çöpü bakteriyaları da anaerob bakteriyalar olduqları üçün normal şəraitdə sitratı həzm etmək qabiliyyətinə malikdirlər. Lakin təcrübə əsnasında, təxminən 31.500-cü nəsildən başlayaraq hüceyrəyə sitrat idxalı limitsiz hala gəlir, yəni bakteriyalar həm oksigensiz, həm də oksigenli mühitdə sitratı həzm etməyə başlayırlar. Araşdırmalar nəticəsində bunun səbəbinin bir mutasiya nəticəsində sitrat-transporteri idarə edən gendəki nizamın pozulmasından qaynaqlandığı məlum olur. Lakin bu faydalı bir mutasiyadırmı? Sidney Universitetindən Dr. Don Batten bunu bir misalla belə izah edir:

“Bu, (sitrat-transporterin fəaliyyəti) günəş batdığı zaman işıq azalmasını aşkar edən və işə düşən sensorlu lampalara bənzədilə bilər. Bu sensordakı bir zədələnmə işıqların gün boyunca yanıq qalmasına səbəb olur. Bizim bəhs etdiyimiz də məhz bu növdən bir dəyişiklikdir”.7

Dr. Battenin də misal gətirdiyi kimi, necə ki sensorlu lampaların fəaliyyəti yalnız gecə faydalı olur, eynilə də sitrat-transporterin fəaliyyəti yalnız oksigensiz mühitdə faydalıdır. Yəni təkamülçülərin həyəcanlanıb bunu böyük bir faydalı mutasiya kimi göstərməsi olduqca gülünc olar. Çünki bu, ancaq lampaların gündüz boyunca açıq qalması qədər “faydalı”dır.

HƏLƏ DƏ YENİ GEN YOXDUR

2010-cu ildə biokimyaçı Maykl Bihi Lenski təcrübəsindəki 12 bakteriya populyasiyasını gözdən keçirir8. Bihi bu populyasiyalardakı yenilikləri genlərin itirilməsi, yerdəyişməsi və ya qazanılması olaraq 3 qrupda kateqorizə etdi. Bakteriyalardakı bütün məlum dəyişikliklərin isə ya genin itirilməsi, ya da öncədən mövcud olmuş genin yenidən təşkili (yerdəyişməsi) prosesləri olduğu məlum oldu. Yeni fenotiplərin (mutant bakteriyaların) heç biri yeni genlərin qazanılmasından meydana gəlməmişdi. Hansı ki, təkamül nəzəriyyəsinin tələb etdiyi şey də məhz yeni genlərin qazanılması idi.

Bu vaxt, həm oksigenli, həm də oksigensiz mühitdə sitrat istehlak edən bakteriyaların hansı mexanizmlə əmələ gəldiyi məlum deyildi. Bihi yazırdı ki, “Əgər [Cit+] fenotipi (sitrat istehlak edən mutant bakteriyalar) yeni genetik tənzimləyici elementin, seriya ardıcıllığı pozulmuş bir gen duplikasiyasının, yaxud da yeni bir bağlayıcı sahənin qazanılması ilə nəticələnən mutasiyalardan qaynaqlanmış olsaydı, o zaman bu, diqqətədəyər bir gen-qazanma mutasiyası olardı”8 Yəni Lenskinin əldə etmiş olduğu bakteriya nəsli tamamilə yeni bir gen qazanmış olsaydı, bu təqdirdə təcrübə təkamülün lehində bir nəticə ala bilərdi. Bəs mutasiyalar bakteriyanın DNT-sinə yeni bir məlumat qazandırmışdımı? Lenski təcrübəsi ilə yaxından maraqlanan yaradılışçı elm adamı, elmi yazıçı Brayan Tomas: “…Əgər belə olsaydı (yeni məlumat qazanılsaydı), bu, biologiya tarixində bir ilk olardı” – deyə yazır və bu sözlərinin ardınca sitrat həzm etmə qabiliyyətinin bakteriyalarda onsuz da öncədən mövcud olduğundan bəhs edir9.

Hazırkı araşdırmalar göstərir ki, bakteriya sitrat-transporter geninin duplikasiyası, yəni eyni genin bir neçə nüsxəsinin çıxarılması nəticəsində böyük miqdarda sitrat-transporter zülalı əldə edir10. Bununla da, hüceyrə daha çox sitratı qəbul edib həzm etməyi bacarır. Lakin duplikasiya prosesi əsnasında sitrat-transporter nüsxələrinin DNT-nin yanlış bölgələrinə yerləşdirilməsi nəticəsində bu zülal oksigenli mühitdə də fəaliyyətini davam etdirə bilmişdir. Bunun isə faydasız olduğunu Dr. Battenin də izahında görmüşdük.

Nəticədə, Lenski təcrübəsi əsnasında baş vermiş proses eyni genin bir neçə nüsxəsinin çıxarılmasından ibarətdir. Bu, yüzlərlə cild ensiklopediyalardan bir səhifə məlumatın kseroks aparatında təkrar-təkrar nəşr edilməsinə bənzəyir. Lakin təkamülün açıqlamalı olduğu məsələ informasiyanın, yəni yüzlərlə cildlik DNT kitabxanasının necə yarandığıdır. Hansı təsadüfi mutasiya yeni bir zülalı və ya fermentləri əmələ gətirmiş, yaxud da lələklərin, sümüklərin, sinir sisteminin, ATF-sintaza kimi kompleks “üzvi mühərrik”lərin yaranmasına səbəb olmuşdur? Təkamülçülər 25 illik deyil, 250 illik təcrübələr də keçirsələr bu suallara cavab tapa bilməyəcəklər. Çünki mutasiyalar yaratmaq yox, dağıtmaq işində bacarıqlıdırlar. Bihinin də qeyd etdiyi kimi, Lenski təcrübəsində zülalların mənşəyi ilə əlaqədar heç bir şey yoxdur, hansı ki, məhz bu da təkamülün izah etməli olduğu məsələdir11.

LENSKİ TƏCRÜBƏSİNİN PƏRDƏARXASI

Təkamülçülərin ən əsas xüsusiyyətlərindən biri də öz uğursuzluqlarını və saxtakarlıqlarını gizlətmələri və hətta bunları böyük elmi nailiyyətlərmiş kimi qələmə vermələridir. Buna, eynilə, Lenski təcrübəsində də rast gəlirik. “Gözlərimiz önündə təkamül baş verdi” kimi başlıqlarla təbliğat aparmaları təkamülçülərin bu təcrübədən necə məst olub məsələni dərinləməsinə araşdırmadıqlarını göstərir. İndi isə Lenski təcrübəsinin pərdəarxasını araşdıraq:

Lenski təcrübəsində təkamülçülərin heç diqqət yetirmədikləri, yaxud da gizlətməyə çalışdıqları çox mühüm bir həqiqət var idi: təcrübə bakteriyaları laboratoriyaya “həbs etmişdi”, yəni bu mutant bakteriyaları laboratoriya mühitindən çıxarıb təbii mühitə buraxsaq mutasiya keçirməmiş bağırsaq çöpləri ilə mübarizə apara bilməyib məhv olardılar. Necə ki, molekulyar genetik dr. Corciya Purdom və mikrobioloq dr. Kevin Anderson da Lenski təcrübəsinin elmi tənqidi barədəki yazılarında “faydalı” kimi görünən mutasiyaların yalnız laboratoriya şəraitinə fokuslandığı və mühitdə bir dəyişiklik baş verdiyi təqdirdə bu “fayda”nın yox olacağından bəhs edirlər12.

Araşdırmalar da Lenskinin bakteriyalarının “daha gücsüz” olduqlarını elmi şəkildə sübut etdi: Lenskinin 37 oC-də yetişdirilmiş mutant bakteriyalarının əsl bağırsaq çöpləri ilə müqayisə edildiyi zaman 20 oC, yaxud da 42 oC-lik temperaturlara dözümlü olmadıqları üzə çıxdı13. Bundan əlavə, Lenski təcrübəsinin təkamülçülərin heç dilə gətirmədikləri başqa acı nəticələri də var idi:

  • Mutantlardan bir qrupu spoT adlı zülalın tənzimləyici kontrolunda bir mutasiya keçirmişdi.14 Bu da bakteriyalarda təzyiqə qarşı ciddi cavab reaksiyalarını təmin edən ppGpp (quanozin pentafosfat) adlı digər bir zülalın reduksiyasına səbəb olmuşdu.15 Bununla da bakteriyaların qıcığa qarşı cavab reaksiyalarında anormallıqlar özünü göstərdi.
  • 20.000 nəsildən sonra əldə edilmiş digər mutant bakteriyalar isə laboratoriya mühitindəki yeganə enerji mənbələri qlükoza olduğundan digər karbohidratları həzm etmə qabiliyyətlərini itirdilər.16 Bu da laboratoriyadan çıxarıldıqları təqdirdə bağırsaq çöplərini məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoyurdu.
  • Mutasiya keçirmiş sitrat-transporter geninin bəzi nüsxələrinin DNT-nin yanlış bölgələrinə yerləşməsi nəticəsində mutantlardan bəziləri riboza operonunu (DNT-nin funksional bir vahidi) itirmişdilər.17

Yəni Lenski təcrübəsi həqiqətləri əks etdirmir, çünki əmələ gəlmiş mutant bakteriyalar laboratoriyaya uyğunlaşmışdılar, təbii mühitdə isə sağ qala bilməyəcəkdilər Təkamülçülərin “qlükozanı azaltdıq, buna görə də bakteriyalar sitratı həzm etməyə uyğunlaşdılar” demələrinə baxmayaraq, bu, yenə laboratoriya daxilində yaradılmış süni bir sistem idi və həqiqətlə heç bir əlaqəsi yox idi. Təkamülçü mənbələrdə də deyildiyi kimi “…gerçəkdə, təbii mühitlərində E. coli bakteriyaları bolca yemək tapmaqda və sərbəst yayıla bilməkdəydi”3.

Bunlardan əlavə, mutasiya keçirmiş fərdlərdə getdikcə artan hüceyrə həcmi də müşahidə edildi. Təkamülçülər bunu da tez öz nəzəriyyələrinə dəlil kimi göstərməyə çalışdılar və bakteriya “təkamül keçirib böyüdü” deyə ortaya çıxdılar. Halbuki bu dəyişiklik də digərlərindən fərqlənmirdi, yəni bakteriya üçün zərərli idi. Elə təkamülçü mənbələrdə də etiraf edildiyi kimi, hüceyrə həcminin artması nəticəsində bakteriyada osmotik təzyiqə  qarşı həssaslıq artmış və sabit şərtlər altında uzun müddət sağ qalma qabiliyyətləri azalmışdır18.

Yəni hüceyrə həcminin böyüməsi nə qədər təkamül imiş kimi görünsə də, yenə də mutant fərdlərin yaşama ehtimalı “əcdadlarına” nisbətən daha az idi. Bütün bunlar Lenski təcrübəsi barədəki iddiaların nə dərəcədə elmdənkənar və aldadıcı olduğunu göstərir. Lenski təcrübəsi əsasında müşahidə edilmiş bütün mutasiyalar yenə də öz bildiklərini etmişdilər: canlıya zərər vermək!

NƏTİCƏ

Təkamülçülərin böyük bir həyəcanla dilə gətirdikləri Lenski təcrübəsinin laboratoriyadan kənara çıxıldığı zaman heç bir mənasının qalmadığı məlum oldu. Təkamülçülərin “bakteriyalar sitrat həzm etməyə başladılar” iddiasının gözdən pərdə asmaq məqsədi daşıdığı, bakteriyaların onsuz da sitratı həzm etmə qabiliyyətlərinin olduğu məlum oldu. Lenski təcrübəsi DNT-nin möhtəşəm nizamında kiçik bir dəyişiklik belə baş verərsə, bunun nə cür fəsadlara yol aça biləcəyini, məsələn, sitrat-transporterin həssas fəaliyyətini pozduğunu göstərdi. Bunlardan əlavə, bütün təkamülçü iddialar kimi bu iddia da təkamül nəzəriyyəsinin yeni bir genin, məlumatın və ya zülalın necə yarandığını açıqlamaqdan aciz olduğunu bir daha sübut etdi.

Lenski təcrübəsi, əslində, bir digər tərəfdən təkamülün mümkün olmadığını da sübuta yetirdi. Çünki təkamül nəzəriyyəsinə əsasən, bir növün təkamül keçirib iki növə çevrilməsi prosesinin 1000 nəsil ərzində baş verdiyi qəbul edilir3. Lakin təcrübənin başladığı 1988-ci ildən bu günə qədər bağırsaq çöpləri 50.000-dən çox nəsil keçmələrinə baxmayaraq, hələ də bağırsaq çöpü (Escherichia coli) növü olaraq qalıblar. Bu da təkamülçülərin “növləşmə” prosesi haqdakı iddialarının bir xəyalda ibarət olduğunu göstərir.

Bağırsaq çöplərinin təkamülü iddiasına digər bir zərbə də paleontologiyadan gəldi. 25 illik Lenski təcrübəsi bir tərəfə qalsın, bağırsaq çöpləri nə az, nə çox, 1 milyard ildən bəridir ki, kiçicik bir dəyişikliyə belə məruz qalmamışdılar. Bu müddət ərzində bakteriyalar Lenskidəkindən milyonlarla dəfə daha çox mutasiyaya məruz qalsalar da, yenə də bağırsaq çöpü (Escherichia coli) olaraq qalmağa davam etmişlər. Məşhur fransız təkamülçü Pol-Pyer Qrasse də bağırsaq çöpü bakteriyalarının bu sabitliyini heyrətlə dilə gətirir:

“Bakteriyalar… sürətlə çoxalmaları səbəbi ilə ən çox mutant (mutasiya keçirmiş canlı) üzə çıxaran canlılardır. Ancaq bakteriyalar… öz növlərinə çox böyük sədaqət göstərirlər. Escherichia coli bakteriyasının mutantları çox diqqətli şəkildə təhlil edilmişdir və bu mövzuya aid çox yaxşı misaldır. Oxucular da qəbul edəcəklər ki, təkamülü sübut etmək və mexanizmlərini kəşf etmək üçün nümunə kimi seçilən bu canlının milyard ildən bəri heç bir dəyişikliyə məruz qalmaması olduqca təəccüblüdür. Əgər təkamül xarakterli dəyişiklik meydana gətirmirsə, bu canlıların keçirdiyi bu qədər mutasiyanın nə mənası var? Nəticədə bakteriyaların və virusların keçirdiyi mutasiya xarakterli dəyişikliklərin müəyyən genetik orta hədd ətrafında gedib-gələn irsi dalğalanmalardan başqa heç nə əmələ gətirmədikləri üzə çıxır; bir az sağa, bir az sola dalğalanma olur, amma nəticədə təkamül xarakterli dəyişiklik baş vermir”19.

Lenski təcrübəsi elm aləminə olduqca mühüm bir həqiqəti göstərdi: elmin təkamül cəfəngiyatı ilə nə qədər boş vaxt itirdiyini! Lenski təcrübəsinin həsr edildiyi 25 il ərzində bir çox elm sahəsində böyük yeniliklər yaşandı. Lakin 25 il ərzində elmdə heç bir irəliləyişə nail olmamış yeganə “elm adamları” təkamülçülər idi…

 

Mənbələr:

  1. David A. Demick, “The Blind Gunman”, Impact, no. 308, February 1999
  2. http://history1900s.about.com/od/people/a/EinsteinQuotes.htm
  3. http://tekamulaz.blogspot.com/2013/05/tkamulu-tcrubyl-musahid-etmk-v-oyrnmk.html
  4. http://az.wikipedia.org/wiki/Lenski_t%C9%99cr%C3%BCb%C9%99si
  5. http://www.sekulyarizm.org/oxu-zal/elm-v-yenilikl-r/biologiya/t%C9%99kam%C3%BCl-n%C9%99z%C9%99riyy%C9%99si/31-t%C9%99kam%C3%BCl-n%C9%99z%C9%99riyy%C9%99si/61-t-kamuelue-t-crueb-yl-muesahid-etm-k-ist-y-nl-r-lenski-t-crueb-si
  6. Pos, K.M., Dimroth, P. and Bott, M., The Escherichia coli Citrate Carrier CitT: a Member of a Novel Eubacterial Transporter Family Related to the 2-Oxoglutarate/Malate Translocator from Spinach Chloroplasts, J. Bacteriol. 180(16):4160–4165, 1998; <www.pubmedcentral.nih.gov/articlerender.fcgi?artid=107412>.
  7. “Bacteria ‘evolving in the lab’? – ‘A poke in the eye for anti-evolutionists’?” by Don Batten, 14 June 2008
  8. Behe, M. Experimental Evolution, Loss-of-Function Mutations, and “The First Rule of Adaptive Evolution.” The Quarterly Review of Biology. 85 (4): 419-445
  9. “Bacterial ‘Evolution’ Is Actually Design in Action” by Brian Thomas, October 15, 2012
  10. Blount ZD, Barrick JE, Davidson CJ, Lenski RE, “Genomic analysis of a key innovation in an experimental Escherichia coli population”, Nature, 2012 September 27; 489(7417):513-8.
  11.  Michael Behe’s Amazon Blog, 6 June 2008.
  12. Proceedings of the Sixth International Conference on Creationism, pp. 73–86 (2008); ‘A Creationist Perspective of Beneficial Mutations in Bacteria’ by Kevin L. Anderson, PhD, and Georgia Purdom, PhD, May 27, 2009
  13. Cooper, V. S., A. F. Bennett, and R. E. Lenski, 2001. Evolution of thermal dependence of growth rate of Escherichia coli populations during 20,000 generations in a constant environment. Evolution 55:889–896
  14. Cooper, T. F., D. E. Rozen, and R. E. Lenski, 2003. Parallel changes in gene expression after 20,000 generations of evolution in E. coli. Proceedings of the National Academy of Sciences, USA 100:1072–1077.
  15. Johansson, J., C. Balsalobre, S.-Y. Wang, J. Urbonaviciene, D. J. Jin, B. Sondén, and B. E. Uhlin, 2000. Nucleoid proteins stimulate stringently controlled bacterial promoters: A link between the cAMP-CRP and the (p)ppGpp regulons in Escherichia coli. Cell 102:475–485
  16. Cooper, V. S., and R. E. Lenski, 2001. The population genetics of ecological specialization in evolving Escherichia coli populations. Nature 407:736–739
  17. Cooper, V. S., D. Schneider, M. Blot, and R. E. Lenski, 2001.Mechanisms causing rapid and parallel losses of ribose catabolism in evolving populations of E. coli B. Journal of Bacteriology 183:2834–2841
  18. Philippe, Nadège; Pelosi, Ludovic; Lenski, Richard E.; Schneider, Dominique (2008). “Evolution of Penicillin-Binding Protein 2 Concentration and Cell Shape during a Long-Term Experiment with Escherichia coli”. Journal of Bacteriology 191(3): 909–21
  19. Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, s. 87

Şərh üçün bağlıdır.

axtarış