• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Təkamülçülərin elmi faktlarla alt-üst edilmiş fərziyyələrini qurtarma səylərinə daha bir nümünə

Əvvəlcə Türkiyə mediasında, daha sonra da yerli mediada təkamül nəzəriyyəsinin səhv başa düşülməsindən gileylənərək yazılan “Təkamül nəzəriyyəsiylə bağlı deyilən 10 SƏHV FİKİR” başlıqlı məqalə yayımlandı. Məqaləni təfərrüatlı təhlil etdikdə, mövzunun tamamilə məlumatsızlığa söykəndiyi, heç bir elmi dəlillə dəstəklənmədiyi açıq şəkildə qarşımıza çıxır.

Məqalənin ilk cümlələrini oxuyanda birinci diqqəti çəkən Darvinin dırnaqarası elmi statusunun necə bər-bəzəkli təqdim olunmasıdır. “Təbiət elmləri alimi” kimi qələmə verilən Darvin, əslində, kimdir? Qısa bir araşdırma apardıqda Darvinin, əslində, oxuduğu Edinburq Universitetini belə yarımçıq qoyan, Kembric Universitetinin ilahiyyat fakültəsini bitirdikdən sonra “Biql” gəmisi ilə səhayətə çıxan HƏVƏSKAR TƏBİƏTŞÜNAS olduğu məlum olur. Hər zamankı kimi darvinistlər müdafiə etdikləri fərziyyəni insanların gözündə böyütmək üçün fərziyyənin sahibi olan Darvini də həvəskar təbiətşünaslıqdan təbiət elmləri alimi dərəcəsinə qaldırmağa çalışırlar.

İndi isə təkamülçülərin “faktlarla əsaslanan” başlığı altında önə sürdükləri iddiaların, əslində, sadəcə söz oyunlarından başqa bir şey olmadığını həqiqi elmi dəlillərlə izah edək.

1.«Təkamül nəzəriyyəsi adından da göründüyü kimi bir nəzəriyyədir və sübut olunmayıb»

“Bu səhv fikri aradan qaldırmaq üçün hipotez, nəzəriyyə və qanun arasındakı fərqləri bilməliyik. …Qısa desək, hipotezlər həqiqətin inşasında, nəzəriyyələr isə izahında istifadə edilir. Təkamül bir qanundur. Təkamül nəzəriyyəsi təkamül həqiqətini açıqlayan elmi vasitədir. Eynilə canlıların hüceyrələrdən ibarət olması həqiqətini açıqlayan hüceyrə nəzəriyyəsi kimi”.

Məlum olduğu kimi, elmi tədqiqatda ilk addım fərziyyə (hipotez) irəli sürməkdir. Alim ilk öncə öyrənməyə hazırlaşdığı hadisəyə dair öz hipotezini irəli sürür. Sonra isə bu hipotez elmi məlumatlar əsasında yoxlanılır. Əgər keçirilmiş təcrübə və müşahidələr hipotezi təsdiqləsə, hipotez nəzəriyyəyə çevrilir. Hipotez təkzib edildikdə isə, onun yerinə yenisi irəli sürülür və beləliklə, məsələnin öyrənilmə prosesi davam edir. Canlı aləmin necə mövcud olması ilə bağlı təkamülçü alimlər də belə bir hipotez irəli sürürlər ki, materiya hər hansı şüurlu müdaxilə olmadan özünü təşkil etmək qabiliyyətinə malikdir. Sonra uzun illər boyu onlar bu hipotezi təsdiqləmək üçün öz tədqiqatlarını davam etmişlər. Ancaq materiya qeyd edilmiş xüsusiyyətə qadir deyil, buna görə də onların bütün cəhdləri uğursuz bitmişdir. Nəticədə, bu günə qədər təkamülə dəlil sayıla biləcək tək bir faktın tapılmaması təkamülü nəinki həqiqəti açıqlayan elmi vasitə, sadəcə elm dünyasının vaxt və vəsait itirməsinə səbəb olan fərziyyə hökmünə salır.

Yuxarıdakı “təkamül bir qanundur” ifadəsi isə, yazını qələmə alan şəxsin elmi qanunun nə olduğu haqda heç bir fikrinin olmamasından irəli gəlir. Çünki “qanun” deyilən şey istənilən vaxt müşahidə və təcrübəylə sabitliyini qoruyan faktdır – eynilə, cazibə qanunu kimi. Təkamül isə heç kəsin gözü qabağında baş verməyib və təkamülçülərin öz iddialarına görə, milyonlarla ili əhatə edən prosesdir. Ona görə də təkamülü “qanun” adlandırmaq ancaq cəhalət göstəricisidir.

Məqalədə təkamül nəzəriyyəsinin elmi həqiqət olan hüceyrə nəzəriyyəsi ilə yanaşı işlədilməsi elm adı altında kamuflyaj olmaq arzusundan başqa bir şey deyil. Hüceyrə nəzəriyyəsi elmi faktlarla dəstəkləndiyinə görə, öz təsdiqini tapmışdır. Təkamül isə, heç nəzəriyyə də deyil, hipotez olmaqdan o yana keçə bilməyib. Çünki təkamül xülyasını dəstəkləyən bircə dənə də elmi fakt yoxdur. Kinayəli vəziyyət budur ki, yazarın qeyd etdiyi hüceyrə nəzəriyyəsi özü elə təkamülü təkzib edən nəzəriyyədir. Hüceyrə nəzəriyyəsinin üç əsas müddəasından 3-cüsü belədir: Hüceyrələr özlərindən əvvəlki hüceyrələrdən törəyir. Bu müddəa bir hüceyrənin yaranması üçün mütləq özündən əvvəlki canlı hüceyrəyə ehtiyac olduğunu vurğulayır. Bu həqiqət hüceyrənin hissə-hissə yarandığını deyən tədrici təkamül prosesi ilə tam ziddiyyət içindədir.

2.«Təkamül nəzəriyyəsinin səhv olduğu sübut edilmişdir»

“Son əsrdə təkamülü dəstəkləyən 200.000-dən çox məqalə yayımlanmışdır. Bu məqalələr təkamülü dəstəkləyən milyonlarla sübutu özlərində ehtiva etməkdədirlər. Bu günə qədər təkamül nəzəriyyəsini təkzib edən bir sübut da tapılmamışdır. Heç bir elmi məqalədə təkamül rədd edilməmişdir…”

Bu məqamda sual veririk: əgər təkamülü dəstəkləyən bu qədər çoxlu sübut var idisə, təkamülçülər nə üçün həmişə saxtakarlıqlara əl atıblar? Nə üçün öz nəzəriyyələrini ayaq üstə saxlamaq üçün cürbəcür fantaziyalar uydurublar? İnanclarını dəstəkləmək üçün dünyanın hər tərəfinə səpələnmiş təkamülçü paleontoloqlar tapdıqları hər hansı sümük parçasını təkamülə dəlil göstərmək üçün ağlasığmaz saxtakarlıqlara əl atmışlar. Bunlara aid edilə bilər:

— Dromeozavr quyruğunun quş fosilinə yapışdırılmasından düzəldilən arxeoraptor (Archaeoraptor);

— Çarlz Douson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı çuxurda tapdığı çənə sümüyü və kəllə parçasını 500 min il yaşı olduğu deyərək insanın təkamülünə dəlil kimi göstərmiş, lakin 1949-cu ildə Britaniya Muzeyinin paleontologiya fakültəsindən Kennet Okli qalığa flüor testi tətbiq etdikdən sonra kəllənin sadəcə bir neçə min illik olduğu, dişlərin isə süni olaraq aşındığı, qalıqların yanına əlavə edilən primitiv əl alətlərinin isə polad alətlərlə yonulmuş adi suvenir tipli əşyalar olduğu aydın oldu. Bundan sonra qalıq Britaniya Muzeyindən tələm-tələsik çıxarıldı. Qeyd etmək mütləqdir ki, təkamül tarixinin utanc mənbəyi olan “Piltdaun adamı” saxtakarlığı haqqında 40 ildən çox elmi məqalələr yazılmışdı, 500-dən çox alim Piltdaun adamı üzərində doktorluq müdafiə etmişdi;

— 1922-ci ildə Henri Ferfild Ozbornun Qərbi Nebraskada Pliosen dövrünə aid insan və meymunların ortaq xüsusiyyətlərini daşıyan azı dişi fosili tapdığını deməsindən sonra dişin Prosthennops adlı vəhşi Amerika donuzunun nəsli kəsilmiş bir cinsinə aid olduğu məlum olmuşdur;

— Yarımeymun-yarıinsan adı altında vəhşicəsinə müxtəlif meymun növləri ilə qəfəsə qoyulmuş 2 uşaq atası olan afrikalı Ota Benqa və daha da saya biləcəyimiz saxtakarlıqlar…

3.«Təkamül müşahidə edilməyib və sübut olunmayıb»

“Bu həqiqətə nə qədər gözlərinizi bağlasanız da, təkamül bir çox laboratoriya təcrübəsi (məs. Lenksi təcrübəsi), təbii müşahidə və fosillərlə rədd edilməyəcək formada sübut edilmişdir…”

Lenski təcrübəsini təkamülə dəlil göstərməyə çalışanlara Təkamülçülərə Cavab saytında təfərrüatlı cavab verilmişdi. Bu cavabı xülasə etsək:

Təkamülçülərin faydalı mutasiya iddialarından biri bir zamanlar “təkamül laboratoriyada müşahidə edildi” (!) kimi başlıqlarla ortaya atılan Lenski təcrübəsi idi. Amerikalı təkamülçü Riçard Lenski bağırsaq çöpü bakteriyalarını (Escherichia coli) qlükozalı mühitdə çoxaldıb bir müddət sonra mühitdəki qlükozanı (bakteriyalar qlükozanı enerji mənbəyi kimi istifadə edirlər) azaltdı. Qlükoza azaldıqdan sonra isə təxminən 31.500-cü nəsildən sonra bakteriyalar alternativ enerji mənbəyi kimi mühitin qalan hissəsini təşkil edən sitrat adlı maddənin istehlakına başlayırlar. Təkamülçülər iddia edirlər ki, əvvəllər sitrat həzm etmək qabiliyyətinə malik olmayan bakteriyalar mutasiya nəticəsində yeni bir xüsusiyyət qazandı. Halbuki bu bakteriyalar, onsuz da, sitratı həzm edə bilirdi. Bağırsaq çöpü bakteriyaları oksigensiz mühitdə yaşayan bakteriyalar olduqları üçün normal şəraitdə, yəni oksigen olmadıqda sitrat həzm edirlər. Lakin təcrübə əsnasında yaranan mutasiya nəticəsində hüceyrəyə sitrat idxalı limitsiz hala gəlir, yəni bakteriyalar həm oksigensiz, həm də oksigenli mühitdə sitratı həzm etməyə başlayırlar. Bu isə heç də faydalı xüsusiyyət deyildir, normal bakteriyalar üçün limitsiz sitrat istehlakı lazımsız prosesdir və mühitdə bir dəyişiklik baş verdiyi təqdirdə bu “fayda” dərhal yox olacaqdır. Ən əsası isə, baş verən mutasiyanın yeni bir gen yox, əvvəl mövcud olan sitrat həzmetmə geninin duplikasiyasını əmələ gətirməsidir. Təbii ki, yeni gen yoxdursa, təkamüldən söz gedə bilməz. Bunlardan əlavə, mutasiya keçirmiş fərdlərdə getdikcə artan hüceyrə həcmi də təkamülə dəlil sayıla bilməz. Çünki hüceyrə həcminin artması nəticəsində bakteriyada osmotik təzyiqə qarşı həssaslıq artmış və sabit şərtlər altında uzun müddət sağ qalma qabiliyyətləri azalmışdır.

Lenski təcrübəsinin təkamülü dəstəkləməməsi haqqında daha ətraflı məlumatı “Lenski təcrübəsinin təkamülü isbat etdiyi iddiasına cavab” məqaləmizdən ala bilərsiniz.

O ki qaldı təkamülün fosillərlə “sübut edilməsi”nə, canlı növlərinin bir-birindən kiçik dəyişikliklərlə təkamül keçirməsi fərziyyəsi doğru olsa idi, iki canlı növünü bir birinə bağlayan saysız-hesabsız keçid forması (fosillər) olmalı idi. Hazırda 600 milyondan çox fosil tapılmasına baxmayaraq, bir tək keçid formasının yoxluğu təkamülçüləri inanclarına kor-koranə bağlılıqdan ayırmağa kifayət etmir. Hətta Çarlz Darvin də “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdı:

“Keçmişdə yer üzündə yaşamış olan ara-keçid formalar olduqca nəhəng sayda olmalıdır. Bəs nə üçün hər geoloji formasiya və hər təbəqə bu cür keçid həlqələri ilə dolu deyil?”1

Təkamülçü paleontoloq Mark Çarnetski isə özləri üçün acınacaqlı olan bu həqiqəti belə dilə gətirir:

“Nəzəriyyəni (təkamül nəzəriyyəsini) sübut etməyin qarşısındakı böyük bir problem “fosil qeydləri” olmuşdur… Bu qeydlər heç bir zaman Darvinin fərziyyəvi ara-keçid formalarına aid izləri üzə çıxarmamışdır. Bunun əvəzinə, növlər qəfildən üzə çıxır və yox olur və bu anomaliya yaradılışçıların hər növün Allah tərəfindən yaradılması arqumentinə təkan vermişdir…”2

4.«Təkamül hər şeyin bir anda yarandığını deyir»

Ən çox edilən səhvlərdən biridir. Təkamül anlıq deyil, tam əksinə zamana əsaslanan inkişafı dəstəkləyən nəzəriyyədir. Kainat daima dəyişməkdədir. Dəyişməyən heç nə yoxdur. Bütün canlılar da dünyayla bərabər dəyişir və bu dəyişiklik də müəyyən zaman çərçivələrində meydana gəlir. Təbiətdə heç bir mürəkkəb orqanizm son şəkliylə bir anda, heçlikdən yarana bilməz. Mütləq bəsit başlanğıcdan başlayır və təkamül müddəti ərzində müxtəlif yollarla son formasına qədər dəyişmiş olur.

İddiadakı –təkamülə görə hər şeyin bir anda yaranmadığı, kainatın daima dəyişməkdə olduğu, canlıların dünyayla bərabər dəyişdiyi– fikri doğrudur. Amma bu dəyişiklik bəsitdən mürəkkəbə doğru mükəmməl canlıların yaranması ilə nəticələnən dəyişiklik deyil. Bu, nəzəri və təcrübi cəhətdən doğruluğu qəti şəkildə sübut edilmiş termodinamikanın ikinci qanunu və ya digər adı ilə entropiya qanunudur. Entropiya qanunu bütün kainatın müntəzəm olaraq daha nizamsız, plansız və dağınıq formaya doğru getdiyini ortaya qoymuşdur. Təkamülə əsasən, hər mərhələdə daha planlı, daha nizamlı, daha kompleks və mütəşəkkil formaya doğru gedən bu xəyali proses entropiya qanununun ortaya qoyduğu həqiqətlərə tamamilə ziddir. Bu səbəbdən təkamül kimi prosesin heç bir fərz edilən mərhələsinin baş verməsi mümkün deyil. Təkamülçü elm adamları da bu açıq ziddiyyəti anlayırlar. C.H.Raş belə deyir:

“Təkamülün kompleks prosesi daxilində həyat termodinamikanın ikinci qanununda bildirilən proseslə açıq-aşkar ziddiyyət təşkil edir”.3

“Heç bir orqanizm bir anda yarana bilməz, mütləq bəsit başlanğıcdan gəlmişdir” kimi fikirlər söylənərkən isə hər hansı kompleks sistemin mərhələ-mərhələ yarandığına dair tək bir nümunə gətirməlidirlər. Genetika elmindəki irəliləyişlər və nuklein turşularının, yəni DNT və RNT-nin kəşfi hüceyrənin nə dərəcədə mürəkkəb olduğunu və bircə zülalının belə təsadüfən yarana bilməyəcəyini göstərdi. Təkamülçü bioloq Frenk Solsberi bu qeyri-mümkünlüklə bağlı belə deyir:

“Orta ölçüdəki bir zülal molekulu təqribən 300 aminturşudan təşkil olunmuşdur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid var. Bir DNT zəncirində dörd növ nukleotid olduğu nəzərə alınsa, 1000 nukleotiddən ibarət bir ardıcıllıq 41000 fərqli şəkildə düzülə bilər. Kiçik loqarifm hesablaması ilə əldə edilən bu rəqəm isə ağlın qavrama həddinin çox fövqündədir”.4

5.«Təkamül təsadüf deməkdir»

“Şans və təsadüf canlı orqanizmlərin təkamülündə rol oynayır. Lakin bundan başqa və daha çox faktorlar da mövcuddur. Bəzi variasiya (çoxnövlülük) mexanizmləri canlılara avantajlı və ya əksinə olan xüsusiyyətlər bəxş edir. Avantajlı xüsusiyyət qazanmış canlılar mühitə daha rahat uyğunlaşır və həyatda qala bilirlər. Digərləri isə məhv olur. Yəni bu şans və təsadüf deyil. Məsələn, dərmanlanan bir mətbəxdə bu dərmana qarşı müdafiə mexanizmi inkişaf etdirən böcəklər həyatda qalıb növlərini davam etdirməsi, digərlərinin isə məhv olması təbii seleksiya üçün qüsursuz bir nümunə ola bilər…”

İddiada şans və təsadüfün canlı aləmin təkamülündə əsas rol oynaması, ancaq variasiyanın, guya, təkamülə səbəb olduğu, təbii seçmənin sanki şüuru varmış kimi canlı orqanizm üçün ən yaxşını seçmə gücünün olması cılız təkamülçü məntiqi ilə verilmişdir.

Təkamülçülər “təkamül təsadüf deyildir” deyərək təbii seçmənin də prosesdə rol oynadığını deyirlər. Təbii seçmənin roluna, onsuz da, heç kimin etirazı yoxdur. “Təsadüf” dediyimiz zaman isə mutasiyalar nəzərdə tutulur. Necə ki, təkamülün ən əsas və ilkin mexanizmi mutasiyalardır və təbii seçmə də faydalı mutasiyalar olmadığı təqdirdə, heç bir təkamül yarada bilməz. Mutasiyalar təsadüfi olduğuna görə, təkamül də təsadüfidir.

Tamamilə təsadüfi mahiyyət daşıyan mutasiyaların indiyə qədər heç bir şey yaratmadığı, ancaq şikəst, anomaliyalı canlılar törətməsi laboratoriya sınaqlarında dəfələrlə sübut edilmişdir. Bu sınaqlarda bircə dənə də olsun yeni növ canlı yaranmamışdır. Təbii seçməyə gəldikdə isə, ortada Darvinin belə “faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz” deyərək qəbul etdiyi bir həqiqət var ki, faydalı dəyişiklik deyilən anlayış sadəcə mutasiya ilə mümkün ola bilər, amma baş vermiş tək bir ədəd faydalı mutasiya nümunəsi yoxdur.

Təkamülçülərin burada özlərini müdafiə edərkən əbəs yerə əl atdıqları bir yol da mənası “müxtəliflik” olan variasiyanı söz oyunu ilə “çoxnövlülülük” kimi təqdim edərək təkamülə dəlil göstərmələridir. Variasiya, əslində, canlının genlərində mövcud olan, ancaq resessiv (passiv) genlərin cütləşməsi zamanı üzə çıxan müxtəlifliklərdir. Təkamülün baş verməsi üçün onun mexanizmlərinin işləməsi lazımdır. İndi təkamülçülərə bu sualı verək: hansı təkamül mexanizmi işləyir? Cavab bəllidir. Əlbəttə ki, heç biri. Mövcud olan məlumatın sonrakı nəsildə üzə çıxması əsla nə mutasiya deyil, nə də təbii seçmənin burada bir rolu var.

Bəzi həşəratların və bakteriyaların dərmanlara qarşı qazandıqları immunitet isə təkamülçü bioloq Fransisko Ayalanın da dediyi kimi: “Həşərat zəhərlərinin ən təsirli növlərinə qarşı immunitet bu süni maddələr həşəratlara tətbiq edildikdə o həşərat növünün müxtəlif genetik variasiyalarında açıq şəkildə mövcud idi”.5 Yəni bəzi canlıların dərmanlara qarşı immunitet qazanması, əslində, onların ilk yaradıldığı andan etibarən DNT-lərində mövcud olan genlərin zamanla üzə çıxması və bu müqavimət genlərinə sahib olan canlıların həyatda qalaraq nəslini davam etdirməsidir. Bu prosesdə canlıların genlərinə heç bir yeni məlumat əlavə olunmur və biofizik prof. Spetnerin də qeyd etdiyi kimi: “Makrotəkamülün ehtiyacı olan mutasiyalar heç vaxt müşahidə edilməmişdir. Neodarvinist nəzəriyyənin ehtiyacı olan təsadüfi mutasiyaları təmsil edən, molekulyar səviyyədə təhlil edilmiş heç bir mutasiyanın genetik məlumat əlavə etdiyi müşahidə edilməmişdir. Sual: «müşahidə edilmiş mutasiyalar nəzəriyyəyə dəlil olan mutasiyalardır?» Cavab: «Xeyr»”.6

Bir də onu qeyd etmək lazımdır ki, 5-ci bənddə daha belə bir məntiq var ki, “təbiətdə şanslı və ya güclü olan deyil, uyğunlaşmanı (adaptasiya) ən yaxşı bacaran qalib gəlir” və bu yeni növ yaradır. Halbuki daha sağlam fərdlərin həyatda qaldığı doğrudur, ancaq burada heç bir faydalı mutasiya müşahidə olunmadığından, sadəcə uyğun olmayanlar sıradan çıxır. Növ elə eyni növ olaraq qalır. Məsələn, bir ayı növünün xəstə olanlarının sıradan çıxaraq geridə qalan sağlam ayıların balinaya çevrildiyini iddia etmək nə qədər məntiqsizdirsə, təbii seçmənin də bir növ yaratdığına inanmaq o qədər gülüncdür. Burada diqqət çəkən bir məqam isə, yuxarıda şans və təsadüfün təkamülün əsas hərəkət verici qüvvəsi olduğu deyilsə də, sonda bir canlı növünün həyatda qalmasını təsadüf deyil, seleksiya qanununun müəyyənləşdirdiyi irəli sürülür. Hər iki iddianın da əsassız olması ilə bərabər, təkamülçülərin söz oyunlarının bir-biri ilə tutuşmaması da tragikomikdir.

6.«İnsanlar meymundan yaranıbsa, niyə indiki meymunlar insana dönmür?»

“…Makrotəkamülü görməməyimizin səbəbi ömürümüzün təkamül dəyişikliklərini görəcək qədər uzun olmamasıdır. Necə ki, qitələrin hərəkətini və ya iqlimlərin dəyişməsini ani dərk edə bilmiriksə, təkamül müddətinin asta təsirlərini də çox uzun zaman kəsiklərində bizə qeydlər təqdim edən fosillər və laboratoriya təcrübələrindən görə bilərik”.

6-cı bənddə etiraz edilən “insanlar meymundan yaranıbsa, indiki meymunlar niyə insan olmur?” fikri Yaradılışçılara aid deyil. Bu, əsasən, təkamül nəzəriyyəsindən çox da xəbərdar olmayan xalq arasında yayılmış sualdır. Lakin “makrotəkamül” deyilən və milyonlarla ili əhatə etdiyi hesab edilən bu fərziyyəvi proses heç vaxt baş verməyib. Bunun ən yaxşı sübutu milyonlarla il əvvəli bizə göstərən fosil qalıqlarıdır.

İlk canlıların yarandığı gündən bu yana milyonlarla il ötüb və yer üzərində milyonlarla fosil qalığı tapılıb. Buna baxmayaraq tək bir dənəsi belə təkamülü təsdiq etmir. Əgər məsələ uzun zaman dilimidirsə, milyonlarla ilin keçməsi təkamülçülərə kifayət etmirmi? Tapılan bu qədər fosilin məxsus olduğu canlı növləri kompleksdir və əsla ibtidailik xüsusiyyətləri göstərmədən, ara-keçid forması xüsusiyyəti daşımadan anidən ortaya çıxırlar. 20-ci əsrin aparıcı təkamülçü bioloqlarından Ernst Mayr bunu belə dilə gətirir:

“Yeni növlər, adətən, fosil qeydlərində birdən-birə üzə çıxır, əcdadlarına ardıcıl keçidlərlə birləşmiş şəkildə yox”.7

“Zoologiyanın bütöv prinsipləri” (“Integrated Principles of Zoology”) adlı dərslikdə isə bu haqda belə yazılır:

“Növlərin çoxu milyonlarla il ərzində, faktiki olaraq, dəyişilmədən qalır, sonra isə qəfildən yoxa çıxıb özündən olduqca fərqli, lakin yaxın formalarla əvəz olunur. Bundan əlavə, heyvanların iri qruplarının bir çoxu fosil qeydlərində birdən-birə təzahür edir – tam mütəşəkkil formada və öz valideyn qruplarıyla hansısa keçid əmələ gətirən fosilləri hələ tapılmadan”.8

Eyni həqiqəti təkamülçü bioloq Devid S.Vudraff “Science” jurnalında yazır:

“Lakin fosil növləri öz tarixlərinin böyük hissəsi boyunca dəyişməz qalır və bu qeydlər əhəmiyyətli keçidlər üçün bircə nümunə də verə bilmir”.9

7.«Darvin hər zaman güclünün tərəfindədir»

“Tamamilə səhv düşüncədir. Darvinə görə təbiətdə şanslı olan və ya güclü olan deyil, əvvəl də qeyd etdiyimiz kimi – ən yaxşı adaptasiya bacarığı olanlar qalib gəlir. Təbiət heç kimə güzəştə getmir. Ən tez uyğunlaşan da qalib olur”.

Bu iddiada sanki bir-biri ilə heç uyuşmayan fikir göstərirmiş kimi özlərini müdafiə edən darvinistlərə ilk öncə təkamülün bir mexanizmi sayılan yaşamaq uğrunda mübarizənin və onun nəticəsi olan təbii seçmənin nə olduğunu və təbiətdə işləyib-işləmədiyini, təkamülə səbəb olub-olmadığını aydınlaşdıraq.

Təbii seçmə təbiətdə daimi həyat uğrunda mübarizə olması və həyatda qalanların həmişə “güclü və təbii şərtlərə uyğun” canlılara çevrilməsi fərziyyəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanların təhlükəsinə məruz qalan maral sürüsündə əsasən sürətlə qaça bilən marallar həyatda qalar. Bir müddət sonra isə bu maral sürüsü sürətlə qaçan fərdlərdən ibarət olar.

Ancaq bu proses nə qədər uzun davam etsə də, maralları başqa canlı növünə çevirməz. Zəif marallar aradan çıxar, güclülər həyatda qalar, amma nəticədə, maralların genetik məlumatında dəyişiklik olmadığı üçün “növ dəyişikliyi” baş verməz. Marallar nə qədər təbii seçməyə məruz qalsalar da, maraldan başqa canlıya çevrilməzlər.

Maral nümunəsi bütün növlər üçün qüvvədədir. Təbii seçmə vasitəsilə sadəcə populyasiya içindəki şikəst, zəif və ya ətraf mühitin şərtlərinə uyğunlaşmayan fərdlər xaric edilir. Yeni canlı növləri, yeni genetik məlumat və ya yeni orqanlar üzə çıxarmır, yəni canlılar təkamül keçirmirlər. Darvin də bu həqiqəti “faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz” deyərək qəbul etmişdir. Elə bu səbəbdən neodarvinizm genetik məlumatı dəyişdirən amil kimi mutasiya mexanizmini təbii seçmənin yanına əlavə etməyə məcbur olmuşdur. Ancaq mutasiyalar canlıların DNT-lərində baş verən təsadüfi qopmalar, yerdəyişmələr və düşmələr olduğundan əsla komplekslik yaratmır, faydalılığı yoxdur, canlını ya şikəst qoyur, ya da məhv edir. Bu səbəbdən də mutasiya keçirmiş canlı təkamülün öz mexanizmi olan təbii seçmə ilə aradan çıxır.

8.«Təkamül fikrini ortaya çıxaran ilk insan Darvindir»

“Təkamül fikri e.ə.6-cı əsrə qədər gedib çıxır. Anaksimander, Heraklit, Empedokles kimi alimlər bu haqda müxtəlif fikirlər söyləmişlər. Lakin Aristotel və Platon kimi filosofların yaradılışçı düşüncələrinin daha yayqın olduğu bu dövrdə, digərlərinin fikirləri diqqət cəlb etməmişdi. Təkamülü sistematik şəkildə elmi nəzəriyyə kimi ilk işləyən alim Jean Baptiste Lamarck, onunla bərabər Charles Lyell, Georges Cuvier, Richard Owen, Erasmus Darwin (Darvinin babası) kimi bioloqların kəşf, tapıntı və iddialarının olduğunu deyə bilərik…”

Əvvəlcə, yuxarıda yol verilən çox kobud səhvləri qeyd edək: Jan-Batist Lamark təkamülü nəzəriyyə kimi işləyən alim deyildi, onun hipotezi heç vaxt nəzəriyyəyə çevrilmədi və tarixin yaddaşında “lamarkizm” psevdoelmi kimi qaldı. Jorj Küvye (Georges Cuvier) təkamülü nəinki işləmək, hər cür təkamül fərziyyəsinə müxalif olması ilə tanınan alim idi. Paleontologiyanın banisi sayılan J.Küvye öz çağdaşları olan Lamark və Joffrua Sent-İler tərəfindən irəli sürülən təkamülçü iddialara tam zidd çıxıb Yaradılışı müdafiə edirdi. Həmin bənddə Riçard Ouen (Owen) də təkamülçü kimi qələmə verilib. Əksinə, R.Ouen eynilə J.Küvye kimi Yaradılışı müdafiə edib öz çağdaşı olan Çarlz Darvinin təkamül nəzəriyyəsini tamamilə inkar edirdi. Ouen və Darvinin tərəfdaşları arasında həmişə qızğın debat gedib. Bu cür kobud xətalara yol verilməyi elmi cəhətdən, həqiqətən də, qəbuledilməzdir.

Təkamülün tarixi nəinki e.ə. 6-cı əsrə, ta Şumer mədəniyyətinə kimi gedib çıxır. Şumerlilər, qədim misirlilər kimi bütpərəst qövmlər canlı aləmin palçıqlı sularda öz-özünə yarandığına inanırdılar. Soradan qədim yunan materialistləri də bu köhnə ideyanı özlərinə rəhbər tutmuşdular. Buna görə də təkamül nəzəriyyəsi qədim keçmişin “dirilən” materialist fəlsəfəsidir. Materializm Yerdəki həyatın mənbəyini maddi şərtlərlə izah edərək Yaradılış həqiqətini inkar edir. Materializm fəlsəfəsi iddia edir ki, Yer üzündə mövcud olan canlı və cansız hər nə varsa, təsadüfi rastlaşmalar silsiləsi nəticəsində öz-özünə əmələ gəlmişdir. Halbuki insan ağlı öz ətrafındakı qayda-qanunu görərkən, məntiqi olaraq, bu böyük nizamı, sistemi və planlı quruluşu Yaradanın mövcud olması haqqında qənaətə gəlir. Sağlam məntiqə və ağıla zidd olan materialist fəlsəfə isə XIX əsrin ortalarında “təkamül nəzəriyyəsi”ni əmələ gətirdi.

9.«İnsanda təkamüllə bağlı heç nə müşahidə edilmir»

“… Bəs öz bədənimizə baxaraq təkamülü müşahidə etmək istəsək necə? Bunu həyat qabiliyyətini itirən orqanlarımızdan yaxşı görə bilərik. Bu nöqtədə bir şeyə nəzər salmalıyıq. Həyat qabiliyyətini itirən orqanlar üç yerə ayrılır; 1. Tamamilə məhv olanlar. 2. Bədəndə ilk halı ilə qalanlar (ancaq işinə davam etmir). 3. Yeni funksiya əldə edənlər”.

Bu sözlərin ardından isə insanda, guya, mövcud olan rudiment orqan nümunələri sadalanır. Bu iddialara cavab verməzdən öncə, gəlin, sözü gedən mövzu ilə yaxından tanış olaq. “Rudiment orqanlar” iddiası təkamülçülərin 19-cu əsrdən qalmış və heç bir elmi dəyəri olmayan xurafatlarından biridir. Təkamülçülər canlılarda, bu minvalla insanlarda da “əcdadlarından qalmış və funksiyasını itirmiş orqanlar”ın olduğunu iddia etmiş və bu xəyali orqanların mövcudluğu vasitəsilə təkamülü dolayı yolla sübut edə biləcəklərini zənn etmişlər. Hələ 19-cu əsrdən bəridir yüzlərlə rudiment orqan iddiası ilə ortaya çıxmış olmalarına baxmayaraq, inkişaf edən elm iddia edilən bütün orqanların bədəndə çox mühüm funksiyaları olduğunu ortaya qoymuşdur.

Bunu da qeyd edək ki, “rudiment” sözünün mənası “işlənməyən element” deməkdir, yəni əgər bir orqanın hər hansı funksiyası vardırsa, ona “rudiment” demək məntiqdənkənardır. Rudiment orqanları “tamamilə məhv olanlar”, “yeni funksiya əldə edənlər” kimi uydurma kateqoriyalara ayırmaq ancaq darvinistlərin işidir. İnsanın bədənində olmayan bir orqana “təkamül prosesində yox olub” demək, tam funksional bir orqana “yeni funksiya əldə edib” demək ancaq ehkamçı yanaşmadır. Təkamül prosesi sübut olunmayıb ki, bir də bu fərziyyəvi prosesə əsaslanaraq nəsə irəli sürülsün. 2-ci kateqoriya, yəni “bədəndə qalıb işinə davam etməyən orqan” isə mövcud deyil. Bu orqanlara nümunə kimi verdikləri appendiks, ağıl dişləri, “üçüncü göz qapağı” və plantaris əzələsi isə tam funksional orqanlardır:

1.Appendiks

Appendiks, əsasən, “appendisit” kimi tanınan orqandır. Dilimizdə səhvən “appendisit” tələffüz edilən bu söz, əslində, bu orqanın iltihaba uğramasına verilən addır. Appendiksin bizə əcdadlarımızdan qalma orqan olduğu və artıq funksiyasını itirdiyi iddia edilir. Halbuki təkamülçülər tərəfindən insanın əcdadı hesab edilən bəzi meymunlarda appendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq H.Enok bu məntiqi səhvi belə ifadə edir: “İnsanların appendiksi var. Ancaq daha qədim əcdadları olan ibtidai meymunlarda appendiks yoxdur. Appendiks təəccüblü şəkildə daha ibtidai quruluşa malik olan məməlilərdə, məsələn, opossumlarda yenidən üzə çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər?”10

2.Ağıl dişləri

Üçüncü azı diş kimi məlum olan bu dişin insan orqanizminin “funksiyasını itirmiş” hissəsi olduğu iddiasına yer verilir. Buna dəlil kimi də çoxlu sayda insanda bu dişin problemlərə yol açması və cərrahi müdaxilə ilə çıxarılmasının çeynəmə funksiyasına təsir etmədiyi deyilir. Ağıl dişinin funksiyasız olması təlqinindən təsirlənən bir çox həkim gündəlik təcrübələri ərzində digər dişlərin yaratdığı problemlərə daha ehtiyatla yanaşaraq, o dişləri qorumağa çalışır, ağıl dişinin çəkilməsini isə adət halına gətirirlər. Lakin son illər ərzində aparılan bəzi araşdırmalar bu dişin çeynəmə funksiyasını üzərinə götürməkdə digər dişlərdən heç bir fərqinin olmadığını göstərmişdir.11 Bu dişin digər dişlərin düzülmə qaydasını pozması inancının da əsassız olduğunu göstərən tədqiqatlar aparılmışdır.12 Ağıl dişində rast gəlinən və dərman vasitəsilə həll ediləcək problemlərdə bu dişin çıxarılması haqqında elmi tənqidlər yayımlanmışdır.13 Beləliklə, ağıl dişinin “yararsız” olduğu inancının heç bir elmi təmələ əsaslanmaması və bu dişin çeynəmədə digər dişlər kimi funksiyası olduğu bu gün tibb dünyasının ortaq fikridir. Bəs sözü gedən dişin az sayda insana narahatlıq verməsinin səbəbi nədir? Bu mövzunu araşdıran alimlər ağıl dişinin problemlərinin müxtəlif dövrlərdə yaşamış insan cəmiyyətlərinə görə fərqləndiyini müəyyən etdilər. Xüsusilə, sənayedən əvvəlki cəmiyyətlərdə bu problemə çox az rast gəlindiyi məlum oldu. Bunun səbəbi kimi, xüsusilə, son bir neçə əsrlik dövr ərzində bərk qida maddələri əvəzinə daha yumşaq qida maddələrinə üstünlük verilməsinin çənə inkişafına mənfi təsir etdiyi göründü. Ona görə ağıl dişi problemlərinin də, əsasən, qidalanma vərdişlərindən irəli gələn çənə inkişafı problemləri ilə bağlı üzə çıxdığı müəyyən edildi. Bu dişlə bağlı problemlər hər hansı “təkamül” kütləşməsindən deyil, dövrümüzün insanlarının qidalanma vərdişlərindən qaynaqlanır.

3.“Üçüncü göz qapağı”

Darvin tərəfindən “rudiment” adlandırılan gözdəki ayparaşəkilli çıxıntının (plica semilunaris) bizə əcdadlarımızdan qalması iddiası artıq elm gündəmindən düşüb. Çünki bu toxumanın gözün təmizlənməsi və nəmləndirilməsində mühüm rol oynadığı məlum olub. Ayparaşəkilli çıxıntının ifraz etdiyi yağlı maddə gözə gəlib çıxan bütün zərrəcikləri əhatə edir, onların gözü qıcıqlandırmasına imkan vermir və həmin zərrəciklərin gözdən tez atılmasına şərait yaradır. Bu toxuma olmasaydı, gözlərimizə asanlıqla xətər dəyə və bu da sonrakı iltihablanmalara yol aça bilərdi.

4.Plantaris əzələsi

Plantaris əzələsi ayağın baldır hissəsində yerləşən əzələlərdən biridir. Ətrafındakı əzələlərdən daha kiçik diametrə sahib olması və bir vaxtlar funksiyasız olduğu düşünüldüyünə görə təkamülçülər tərəfindən “rudiment” kimi qəbul edilmiş plantarisin də bədəndəki funksional mövqeyi elmi araşdırmalarla ortaya qoyulmuşdur. Plantaris əzələsinin ən əsas funksiyası – proprioseptiv funksiyadır. Propriosepsiya (və ya əzələ-hərəkət duyğuları) bədənimizin müxtəlif hissələrinin bir-birinə nəzərən mövqeyindən və hərəkətindən xəbərdar olmağımızı təmin edən hissiyyatdır. Propriosepsiya hadisəsi əzələlərdə, vətərlərin içərisində və oynaqların səthində yerləşən hissi orqanlar – əzələ milləri sayəsində baş verir. Araşdırmalar göstərmişdir ki, kiçikölçülü əzələlər daha çox sayda əzələ milinə sahib olmaqla müstəsnalıq təşkil edir və bu əzələlər hərəki orqan olmaqdan daha çox hissi, yəni proprioseptiv orqanlar kimi dəyərləndirilməlidirlər. Əzələ milləri miqdarı hesablandığı zaman plantarisin hər qramda 3,7 əzələ milinə, üçbaşlı baldır əzələsinin isə yalnız 0,67 milə sahib olduğu tapılmışdır. Hansı ki, bu da plantarisin üstün gəldiyi 5,5:1 nisbətini verir. Pek, Bakston və Nits kimi araşdırmaçıların digər əzələ qrupları üzərindən apardıqları ətraflı araşdırmalar da əzələ qruplarındakı kiçikölçülü nümayəndələrin mərkəzi sinir sisteminə olduqca əhəmiyyətli proprioseptiv informasiya daşıdıqlarını ortaya çıxmışdır.14 Yəni gəlinən son nəticə plantaris və onun kimi kiçikölçülü əzələlərin olduqca ixtisaslaşmış hissi əzələlər olmasıdır.

Həmçinin darvinistlərin iddia etdiklərinin əksinə, plantaris əzələsi hərəki əzələ kimi də “passiv” orqan deyil, hətta öz ölçülərinə görə digər əzələlərdən daha fəaldır. Bu mövzuda ətraflı məlumat üçün “Plantaris əzələsinin rudiment olması iddiasına cavab” məqaləmizi oxuya bilərsiniz.

Qısaca desək, təkamülçülər tərəfindən ortaya atılan rudiment orqanlar ssenarisinin həm öz daxilində məntiqi səhvləri var, həm də elmi cəhətdən səhvdir. İnsanlarda “əcdadlarından miras qalmış” heç bir rudiment orqan yoxdur.

10.«Təkamül üçün milyonlarla il tələb olunur»

“… Lenski və Endler təcrübələrində istifadə edilən canlıların nəsli qısa olduğundan, hər dəyişən nəsillə birlikdə variasiya və genetik mübadilə artdığına görə, təkamül illər ərzində müşahidə edilə bilir”.

Bu bənddə təkamülü müşahidə etmək üçün milyon illərə ehtiyac olmadığı, guya, Lenski və Endler kimi təkamülçü alimlərin bir neçə on ili əhatə edən təcrübələrində təkamülün müşahidə edildiyi iddia olunur. Lenski təcrübəsi ilə bağlı iddiaya 3-cü bənddə cavab vermişdik. Lenski təcrübəsinin obyekti olan bağırsaq çöpü bakteriyaları heç bir yeni xüsusiyyət, yeni orqanoid qazanmır. Eyni vəziyyət Endler təcrübəsi, yaxud “quppi təcrübəsi” kimi tanınan proses üçün də qüvvədədir.

Quppilər latınca Poecilia reticulata adı ilə tanınan akvarium balıqlarıdır. Hazırda yaşayan təkamülçü bioloq Con Endler bu balıqların üzərində təcrübə aparmış, onların cinsi seçmə və təbii seçməyə necə məruz qaldıqlarını araşdırmışdır. Rəngarəng görünüşləri olan erkək quppilər qarşı cins tərəfindən “cinsi seçmə”yə məruz qalır. Digər tərəfdən, bu rəngbərəng görünüşləri onları yırtıcı balıqlar üçün asan şikar halına gətirir, yəni “təbii seçmə” işə keçir. Endler bu balıqları öz təbii mühitlərindən ayırıb kiçik gölməçələrdə nəsillər boyu yetişdirmiş və müxtəlif rəngli mühitlərdə necə kamuflyaj olmaqlarını, ovçulardan gizlənib dişilərin diqqətini necə cəlb etmələrini, buna müvafiq olaraq bədənlərindəki naxışların nəsilbənəsil necə paylanmasını tədqiq etmişdir.

Endlerin gəldiyi nəticə budur ki, ovçu balıq olmayan gölməçələrdə quppilərin naxışlarının sayı artıq dərəcədə olur. Güclü ovçuların hökm sürdüyü gölməçələrdə isə, təbii seçmə cinsi seçməyə üstün gəlir və naxışların sayı kəskin azalır. Endler, həmçinin düzəltdiyi gölməçələrin dibindəki çay daşlarının, çınqılın ölçüsünün də quppilərin naxışlarının ölçüsünə təsirini öyrənmişdi. Kobud, iri çay daşları olan və ovçularla müşayiət olunan gölməçələrdəki balıqların naxışları da daşlara müvafiq olaraq iriölçülü olurdu – bu, balığın kamuflyajı üçün çox əhəmiyyətlidir. Zərif daşları daşıyan gölməçələrdəki balıqların naxışları isə, yeni kamuflyaj məqsədilə kiçikölçülü naxışlar idi. Digər tərəfdən, heç ovçu olmayan gölməçələrdə vəziyyət tam əksinədir: iri daşları olan gölməçələrin balıqları kiçik naxışlı, zərif daşları olan gölməçələrin balıqları isə, iri naxışlıdır. Bu da balıqların qarşı cinsin gözündə tez seçilmələri üçün maraqlı bir inkişaf idi.

Quppilərdə müşahidə edilən bütün bu proseslər, həqiqətən də, çox təəccübləndiricidir. Yaxşı, bəs quppilərin nümayiş etdirdiyi bu maraqlı xüsusiyyətlərin təkamüllə, cüzi də olsa, hər hansı bir əlaqəsi varmı? Yenə də xeyr! Quppilər bütün bu təcrübənin gedişatı boyunca bircə dənə də yeni, “innovativ” xüsusiyyət qazanmayıb. Təbii seçmə və cinsi seçmə təbiətdə həmişə gedən real proseslərdir, ancaq bu proseslər təkamül prosesi üçün vacib olan “yeni xüsusiyyətlər” yaratma gücünə qadir deyil. Təbii və cinsi seçmə ancaq mövcud olan orqanlar, mövcud olan xüsusiyyətlər üzərində seçici ola bilər, özləri özbaşına nəsə yarada bilməz.

 

Mənbələr:

  1. Charles Darwin, “The Origin of Species by Means of Natural Selection”, 1859, səh. 280
  2. Mark Czarnecki, “The Revival of the Creationist Crusade”, MacLean’s, 19 yanvar 1981, səh. 56
  3. J. H. Rush, The Dawn of Life, New York: Signet, 1962, səh. 35.
  4. Frank B. Salisbury, “Doubts about the Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, sentyabr 1971, səh. 336.
  5. Francisco J. Ayala, “The Mechanisms of Evolution”, Scientific American, cild 239, sentyabr 1978, səh. 64.
  6. Dr. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001, http://www.trueorigin.org/spetner2.asp
  7. Ernst Mayr, What Evolution Is, p. 189 (Basic Books, 2001).
  8. C.P. Hickman, L.S. Roberts, and F.M. Hickman, Integrated Principles of Zoology, p. 866 (1988, 8th ed.)
  9. Woodruff, D.S., Science, vol. 208, 1980, səh. 716
  10. H. Enoch, Creation and Evolution, New York: 1966, səh. 18-19.
  11. Leonard M.S., 1992. Removing third molars: a review for the general practitioner. Journal of the American Dental Association, 123(2):77-82
  12. M. Leff, 1993. Hold on to your wisdom teeth. Consumer reports on Health, 5(8):4-85
  13. Daily.T 1996. Third molar prophylactic extraction: a review and analysis of the literature. General Dentistry, 44(4):310-320
  14. Peck, D., Buxton D.F. and Nitz, A., A proposed mechanoreceptor role for the small redundant muscles which act in parallel with large primemovers; in: Hinick, P., Soukup, T., Vejsada, R. and Zelena J. (eds.), Mechanoreceptors: Structure and Function, Plenum Press, London, pp. 377–382, 1988

Şərh üçün bağlıdır.

axtarış