• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Plantaris əzələsinin rudiment olması iddiasına cavab

“Rudiment orqanlar” iddiası təkamülçülərin 19-cu əsrdən qalmış və heç bir elmi dəyəri olmayan xurafatlarından biridir. Təkamülçülər canlılarda, dolayısıyla insanlarda da, “əcdadlarından qalmış və funksiyasını itirmiş orqanlar”ın olduğunu iddia etmiş və bu xəyali orqanların mövcudluğu vasitəsilə təkamülü dolayı yolla sübut edə biləcəklərini zənn etmişlər. Hələ 19-cu əsrdən bəridir yüzlərlə rudiment orqan iddiası ilə ortaya çıxmış olmalarına baxmayaraq inkişaf edən elm iddia edilən bütün orqanların bədəndə çox mühüm funksiyaları olduğunu ortaya qoymuşdur. Digər tərəfdən rudiment orqanlar iddiasında bir məntiq xətası da var idi. Belə ki, bir orqan istifadədən qalmış belə olsa o orqanın getdikcə kiçilməsi və sonda yox olması olduqca məntiqsiz idi. Çünki mutasiyalar qarşılarına məqsəd qoyaraq bir orqanı getdikcə kiçildə bilməzdilər. Bu ziddiyyətli halı Darvin özü də görmüş və “Növlərin Mənşəyi” kitabında rudiment orqanlar barədəki iddiaların çıxılmaz vəziyyətdə olduğunu belə etiraf etmişdir:

“…Bununla yanaşı, başqa bir çətinlik də var. Bir orqan artıq funksiyasını itirdiyi üçün çox kiçildikdən sonra iz qoyaraq necə kiçilə bilir və nəticədə necə tamamilə yoxa çıxır? Bir orqan bir dəfə funksiyasını itirdikdən sonra istifadəsiz qalmasının həmin orqana müsbət təsiri ola bilməz. Burada mənim verə bilməyəcəyim bir açıqlamaya ehtiyac var”1.

Bunu da qeyd edək ki, “rudiment” sözünün mənası “işlənməyən element” deməkdir, yəni əgər bir orqanın hər hansı bir funksiyası vardırsa, ona “rudiment” demək məntiqdənkənardır. Necə ki, təkamülçülər çox rahat bir şəkildə məntiqdən kənara çıxaraq appendiks, büzdüm sümüyü, gözdəki ayparaşəkilli çıxıntı kimi bir çox mühüm funksiyası olan orqanlara “rudiment” deməyi bacarırlar. Təkamülçülərin bu iddianın arxasına sığınaraq özlərinə hədəf seçdikləri digər orqanlar isə bədənimizdəki kiçikölçülü əzələlərdir. Məsələn “erector pili” kimi kiçikölçülü əzələlərimiz, təkamülçü məntiqə əsasən, bədəndə olduqca lazımsız və əhəmiyyətsizdir. (Baxın: Tüklərin və dərialtı əzələlərin (erector pili) rudiment orqan olması iddiasına cavab). Halbuki bədənin ən kiçik əzələləri olan “tensor tympani” (qulaq pərdəsini gərginləşdirən əzələ) və üzəngi əzələlərinin belə bədəndə çox mühüm funksiyaları vardır. Bu mövzudakı digər bir təkamülçü iddia isə bir zamanlar rudiment orqan sayılmış “plantaris” əzələsi barədə idi.

Plantaris əzələsi

2wŞəkil 1. Üçbaşlı baldır əzələlərinin (triceps surae)  quruluşu (sağ ayağın arxa tərəfi).

Plantaris əzələsi ayağın baldır hissəsinin arxa tərəfində yerləşən 3 əzələdən biridir; baldır əzələsi (gastrocnemius), plantaris və kambalayabənzər əzələ (soleus) birləşərək üçbaşlı baldır əzələsini (triceps surae) əmələ gətirir və plantaris bu əzələlərdən ən kiçik ölçüyə sahib olanıdır. Plantaris əzələsi digər iki əzələ ilə birlikdə Axilles vətərinə və sonda da daban sümüyünə bitişir. Ətrafındakı əzələlərdən daha kiçik diametrə sahib olduğu və bir zamanlar funksiyasız olduğu düşünüldüyünə görə təkamülçülər tərəfindən rudiment olaraq qəbul edilmiş plantarisin də bədəndəki funksional mövqeyi elmi araşdırmalarla ortaya qoyulmuşdur. Araşdırmalar üçbaşlı əzələnin hər üç komponentinin özünəməxsus xassələri olduğunu və baldırın hərəkətinə birlikdə təkan verdiklərini üzə çıxardı. Bundan əlavə, plantarisin birazdan bəhs edəcəyimiz proprioseptiv (hissi) və plantarflektiv (hərəki) funksiyalarının olduğu ortaya qoyuldu. Beləliklə, Allahın insanı necə qüsursuzca yaratdığı və bədəndəki hər bir kiçik orqanın belə həssas bir nizamın parçası olduğu bir daha gözlər önünə sərildi.

Plantaris haqqındakı təkamülçü ssenari isə fərqli idi… Təkamülçü nəzəriyyəçilər fransız darvinist J. Krüvelyenin başçılığı ilə  irəli sürdülər ki, insanların “təkamül əcdadları” dik vəziyyət almağa başladıqca plantaris ayağın altına (daban aponevrozu) bitişdiyi ilkin vəziyyətindən çıxaraq daban sümüyünə birləşmişdir2. Lakin təkamülçülərin bunu irəli sürərkən əsaslandıqları tək nöqtə insanın təkamüli əcdadlarından törəmiş olduğu “gerçəyi” idi. Yəni təkamülçülər insanların meymunlarla ortaq əcdaddan əmələ gəldiyini əvvəlcədən qəbul edir, daha sonra bunun sübutlarını axtarmağa başlayırdılar. Bu da təkamülçülərin öz nəzəriyyələrinə necə doqmatik şəkildə bağlandıqlarının çox mühüm bir göstəricisi idi.

Primatlar da daxil olmaqla, məməlilərin bir çoxunda plantaris əzələsi ayağın alt səthinə (plantar aponevrozu – ayağın alt səthində yerləşən enli vətər təbəqəsi) birləşir və ayaq vasitəsilə cisimləri tutmağa xidmət edir. Bir çox gövşəyən məməlidə və atlarda isə, primatlardan fərqli olaraq, plantaris eynilə insandakı kimi Axilles vətərinə bitişir. Bəzi məməlilərdə isə, məsələn Amerika qonur ayısında plantaris baldır əzələsi qədər böyükdür. Buradan çox mühüm bir həqiqəti anlayırıq: Allah hər bir məməlinin anatomik tərtibatını onun ehtiyacı olduğu şəkildə yaratmışdır. Ayaqları ilə cisimləri tutmağa ehtiyac duyan məməlilərdə plantaris əzələsi buna uyğun , atlar, dırnaqlılar kimi buna ehtiyac duymayan məməlilərdə isə daha fərqli şəkildə yaradılmışdır. Eynilə insanların da ayaqları əşya tutmaq üçün dizayn edilməmişdir. Bu isə çox maraqlı bir yaradılış möcüzəsidir. Allah eyni bir əzələni müxtəlif ehtiyacdakı canlılar üçün müxtəlif quruluşda var etmişdir. Bu canlılar arasında heç bir təkamüli qohumluq əlaqəsinin olmadığı isə Broun Universitetindən anatomist Dr. Devid Menton tərəfindən belə izah edilir:

“…Çox sadə bir fakt da budur ki, məməlilərin müqayisəli anatomiyası plantarisin nə ölçüsü, nə də bitişdiyi bölgələrə əsaslanan məntiqi bir filogenetik (təkamül cəhətdən qohumluğu göstərən) açıqlama ortaya çıxarmır”3.

Göründüyü kimi, plantarisin bizə əcdadlarımızdan qalmış olduğu fikri heç bir elmi dəlilə əsaslanmayan təkamülçü ön-mühakimədən ibarətdir. Allah yaratdığı bütün canlılar kimi insanı da qüsursuzca və tam olmalı olduğu şəkildə yaratmışdır.

Hissi funksiya – Propriosepsiya

Əzələlərin hər kəsin bildiyi hərəki funksiyalarından əlavə çox vaxt gözdən qaçırılan, lakin heç də əhəmiyyətsiz olmayan digər bir funksiyası da vardır: hissi funksiya. Bədənimizin hər hansı bir hissəsini hərəkət etdirə bilməyimiz əzələlərimizin birinin digərinə nəzərən mövqeyindən və yığılma dərəcəsindən asılıdır. Hətta sadəcə əl-ayaqlarımızın harada olduğunu bilmək kimi bəsit görünən bir hissiyyat belə əzələlərimizdən sinirlər yoluyla beynimizə (xüsusilə də beyinciyə) gələn proprioseptiv informasiya vasitəsilə təmin edilir.

Propriosepsiya (kinesteziya və ya əzələ-hərəkət duyğuları)  bədənimizin müxtəlif hissələrinin bir-birinə nəzərən mövqeyindən və hərəkətindən xəbərdar olmağımızı təmin edən hissiyyatdır4. Məsələn, bu mövzuda verilə biləcək ən sadə misal gözlərimizi yumub barmağımızı burnumuzun ucuna toxundura bilməyimizdir. Əslində isə, bu sadə kimi görünən proses beynimizlə əlimiz arasındakı qeyri-adi dərəcədə kompleks ikiyönlü siqnal alış-verişi nəticəsində təmin edilir. Əzələlərimizdən gələn hissi siqnallar (proprioseptiv və ya kinestetik məlumat) əlimizin fəzada tutduğu mövqeyi anbaan beyinə xəbər verir və beyindən gələn hərəki siqnallar da barmağımızı hansı yönə doğru hərəkət etdirməli olduğumuzu bizə bildirir. Bu kinestetik əks-əlaqə olmadan gözlərimiz bağlı halda əllərimizin harada olduğunu bilə bilməzdik. Kinesteziyasını itirməkdən əziyyət çəkən xəstələr səhər yuxudan oyandıqları zaman öz əllərini görüb qorxa bilərlər, çünki onlar bunun öz əlləri olub-olmadığından əmin deyillər.

Propriosepsiya hadisəsi əzələlərdə, vətərlərin içərisində və oynaqların səthində yerləşən hissi orqanlar (əzələ milləri) sayəsində baş verir5.  İrəliləyən araşdırmalar göstərmişdir ki, kiçik ölçüləri və zəif yığılmaları səbəbilə bir zamanlar bədənimizdə rudiment sayılmış olan əzələlər hərəki orqan olmaqdan daha çox hissi orqanlardır və sözügedən kinestetik funksiyanı icra edirlər3. Göründüyü kimi, elmin gəldiyi son nəticə plantaris və onun kimi kiçikölçülü əzələlərin olduqca ixtisaslaşmış hissi əzələlər olduğudur. Həmçinin çox kiçik kinestetik hissiyyat əzələlərimizi tam şəkildə idarə etməyimiz üçün kifayət etmir, çünki bu həssas sistem yalnız bütün detalları birlikdə fəaliyyət göstərdikdə lazımi funksiyanı yerinə yetirə bilir. Bir elmi mənbədə kinestetik duyğuların analizatorlarının bir hissəsində zədələnmə baş verəcəyi təqdirdə bunun insanın müvazinətində pozuntulara yol açacağı deyilir6.

Əzələ milləri

Əzələnin hissi vahidinə əzələ mili deyilir. Əzələ milləri hissi funksiya üçün ixtisaslaşmış əzələ lifləri toplusudur. Bunlar, əsasən, onurğa beynindən gələn və əzələlərdəki dəyişiklikləri şərh edən hissi sinirlərlə əlaqələnir. Əzələ milləri olduqca kompleks quruluşa malik orqanlardır və təsadüflərlə açıqlanmaları mümkün deyildir.

Əzələ milləri bütün əzələlərdə səpələnmiş şəkildə mövcud olur, lakin ətraflı araşdırmalar göstərmişdir ki, kiçikölçülü əzələlər daha çox sayda əzələ milinə sahib olmaqla müstəsnalıq təşkil edir və bu əzələlər hərəki orqan olmaqdan daha çox hissi, yəni proprioseptiv orqanlar kimi dəyərləndirilməlidirlər.

–––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––

Şəkil 2. Əzələ millərinin kompleks quruluşu.

Bundan əlavə, bu hissi əzələlər çox vaxt daha böyük hərəki əzələlər ilə yaxından əlaqəli olurlar. Bir çox kiçik, qısa əzələlər plantarisin üçbaşlı baldır əzələsində yerləşdiyi kimi daha iri əzələlərlə parallel şəkildə yerləşirlər7,8. Bu cür əzələ qruplarındakı kiçikölçülü əzələlərlə böyükölçülü əzələlər arasındakı həcm fərqi olduqca böyük ola bilər. Məsələn, üçbaşlı baldır əzələsi 824 q olduğu halda, plantaris sadəcə 10.5 q-dır, bu 78-in 1-ə nisbəti qədər böyük bir fərqdir. Halbuki əzələ milləri miqdarı hesablandığı zaman plantarisin hər qramda 3.7 əzələ milinə, üçbaşlı baldır əzələsinin isə yalnız 0.67 milə sahib olduğu tapılmışdır. Hansı ki, bu da plantarisin üstün gəldiyi 5.5:1 nisbətini verir9. Pek, Bakston və Nits kimi araşdırmaçıların digər əzələ qrupları üzərindən apardıqları ətraflı araşdırmalar da əzələ qruplarındakı kiçikölçülü nümayəndələrin mərkəzi sinir sisteminə olduqca əhəmiyyətli proprioseptiv informasiya daşıdıqlarını ortaya çıxmışdır10. Plantarisin proprioseptiv funksiyası olduqca kompleks və mütəşəkkil olduğundan bu gün belə tam olaraq anlaşılmış deyildir.

Hərəki funksiya – Plantarfleksiya

4rŞəkil 3. Plantarisin və baldır əzələsinin nisbi gərilmələrindəki fərq. Plantarisin nisbi yığılması 40 % olduğu halda, baldır əzələsində bu nisbət sadəcə 15 %-dir.

Plantarfleksiya barmaq uclarında dayandığımız və yaxud avtomobilin əyləcinə basdığımız zaman ayağımızın aldığı vəziyyətə deyilir (şəkil 3. – soldakı illüstrasiya). Plantaris əzələsi də baldır əzələsi kimi dizin bükülməsi və ayağın plantarfleksiya vəziyyəti alması zamanı yığılır. Plantaris əzələsinin baldır əzələsindən təxminən 3 dəfə kiçik olmasına baxmayaraq müşahidələr göstərmişdir ki, yığılma zamanı ikisi də eyni miqdarda qısalırlar (mütləq yığılmalar bərabər olur – şəkil 3.). Halbuki nisbi yığılmalara baxdığımız zaman əzələ uzunluqları ilə tərs mütənasib bir nəticə alırıq. Plantarisin nisbi yığılması 40 % olduğu halda, baldır əzələsində bu nisbət sadəcə 15 %-dir. Belə ki, plantaris baldır əzələsindən 3-4 dəfə daha çox dəyişikliyə məruz qalır. Buradan da görürük ki, elm bir daha təkamülçülərin iddialarının əksinə nəticələr verir. Plantaris təkamülçülərin iddia etdiklərinin əksinə “passiv” bir orqan deyildir, hətta öz ölçülərinə əsasən digər əzələlərdən daha “fərasətli”dir. Kiçikölçülü əzələlərin iri əzələlərdən dəfələrlə çox əzələ mili sıxlığına malik olduğunu da nəzərə alsaq, plantaris kimi əzələlərin yığılmalar zamanı baş verən uzunluq dəyişikliyi və yığılma sürətlərinə qarşı daha həssas olduqlarını da görürük.

Nəticə

Təkamülçü mənbələrdə plantarisin heç bir funksiyası olmadığı israrla vurğulansa da inkişaf edən müqayisəli anatomiya və nevrobiologiya kimi elm sahələri plantaris və bu kimi əzələlərin bədəndə mühüm funksiyalar icra etdiyini və təkamül nəzəriyyəsi üçün heç bir dəlil təşkil etmədiyini ortaya qoymuşdur. Təkamülçülər bu orqanın lazımsız olduğunu və cərrahiyyə əməliyyatları zamanı kəsilib götürülə bildiyini irəli sürərək plantarisin rudiment olduğuna diqqət çəkmək istəyirlər. Plantaris əzələsinin uzun vətərindən, həqiqətən də, cərrahiyyə əməliyyatları zamanı əlin zədələnmiş vətərlərini bərpa etmək məqsədilə istifadə edilir. Lakin bu plantarisin “lazımsız” olduğu demək deyildir. Çünki bir orqan olmadan yaşamaq o orqanın lazımsız olduğunu göstərmir. Necə ki, öd kisəsi də əməliyyatla götürüldükdən sonra insan öz yaşamına davam edir, amma bu öd kisəsinin “lazımsız”, nə də “əhəmiyyətsiz” olduğunu göstərmir.

Təkamül nəzəriyyəsi elmin inkişafını gecikdirməyə davam edir. Əgər ön-mühakiməsiz araşdırmalar aparan imanlı elm adamları olmasaydı plantaris hələ onillərlə rudiment orqan kimi qəbul ediləcək və funksiyaları bilinməyəcəkdi. Alimlər apardıqları araşdırmalar nəticəsində daima təbiətdə Allahın var etdiyi bir dizayn və qüsursuzluqla üz-üzə gəlmişlər. İnsan da daxil olmaqla bütün canlılar Allahın onlarda yaratmış olduğu kompleks sistemlər sayəsində həyatlarını davam etdirməkdədirlər və bu sistemlərin hər bir detalı bir yaradılış möcüzəsidir.

Mənbələr:

  1. Charles Darwin, “Türlerin Kökeni”, Onur Yayınları, 5-ci nəşr, Ankara 1996, səh. 516
  2. Daseler, E.H. and Anson, B.J., The plantaris muscle, an anatomical study of 75 specimens, J. Bone Joint Surgery 25(4):822–827, 1943
  3. “The plantaris and the question of vestigial muscles in man” — David N. Menton, CEN Technical Journal 14(2) 2000, pp. 52
  4. Mosby’s Medical, Nursing and Allied Health Dictionary, Fourth Edition, Mosby-Year Book 1994, p. 1285
  5. Konradsen, L (2002). “Factors Contributing to Chronic Ankle Instability: Kinesthesia and Joint Position Sense”. Journal of Athletic Training 37 (4): 381–385
  6. Экспериментальная психология, т. 2, М., 1963; Скороходова О. И.,  Как я воспринимаю, представляю и понимаю окружающий мир, М., 1972
  7. Peck, D., Buxton D.F. and Nitz, A., A comparison of spindle concentrations in large and small muscles acting in parallel combinations, J. Morphology 180:243–252, 1984
  8. Nitz, A. and Peck, D., Comparison of muscle spindle concentrations in large and small human epaxial muscles acting in parallel combinations, The American Surgeon, 52:273–277, 1986
  9. Voss, H., Tabelle der absoluten und relativen Muskelspindelzahlen der menschlichen Skelettmuskulatur, Anat. Anz. 129:562–572, 1971
  10. Peck, D., Buxton D.F. and Nitz, A., A proposed mechanoreceptor role for the small redundant muscles which act in parallel with large primemovers; in: Hinick, P., Soukup, T., Vejsada, R. and Zelena J. (eds.), Mechanoreceptors: Structure and Function, Plenum Press, London, pp. 377–382, 1988

 

Şərh üçün bağlıdır.

axtarış