• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Gözün təkamülü ilə bağlı iddialara cavab

Bioloqların fikrincə, təkamül prosesində gözün əmələ gəlməsindəki ilk addım bəzi ibtidai canlılarda dəri üzərində işığa həssas kiçik bir hissənin meydana gəlməsi ilə başlamışdır. Ancaq təbii seçmədə bu qədər kiçik inkişafın təkbaşına canlıya verdiyi üstünlük nə ola bilər?

~Prof. Cəmal Yıldırım

Həyata açılan pəncərə- göz müxtəlif canlılarda fərqli quruluş və xüsusiyyətlərdə yaradılmışdır. Olduqca kompleks quruluşa sahib olan göz hər zaman təkamül fərziyyəsinin başlıca “paradoks”u olmuşdur. Məhz buna görə də, darvinistlər gözün təkamülü ilə bağlı ən ağlasığmaz, elmi düşüncədən ən uzaq iddiaları belə dilə gətirməkdən çəkinmirlər. Fərqli canlılardakı göz quruluşlarının hər bir canlının ehtiyacına uyğun yaradılması nəzəriyyəni tamamilə yerləbir edir. Məsələn, kəpənəklərarıların gözləri ultrabənövşəyi şüalara həssas olduğu halda, qartallar 4.500 metr yüksəklikdə uçanda 30 min hektarlıq sahəni gözlərilə araşdıra bilər və 4.500 metrdən otlar arasında gizlənmiş bir dovşanı belə rahatlıqla seçə bilərlər. İnsan gözü müəyyən  dalğa uzunluqları  arasındakı şüaları qəbul etdiyi halda, bəzi ilan növləri gözlərilə daha yüksək dalğa uzunluğundakı infraqırmızı şüaları hiss edə bilirlər. Bütün bu müxtəlifliklərin mutasiyalar sayəsində necə təsadüfən, planlı şəkildə meydana gəldiyi sualı təkamülçülərin qarabasmalı yuxuları siyahısında başlıca yer tutur. Bu məqalədə Darvinin “gözləri düşünmək məni bu nəzəriyyədən soyutdu” sözlərinə səbəb olan orqanın təkamülü ssenarisinin nağıldan başqa bir şey olmadığını elmi dəlillərlə əsaslandırmaqla yanaşı, eyni zamanda içərisində ibtidai göstərilməyə cəhd edən sianobakteriyaların mənşəyi, Kembri canlılarının gözlərinin mənşəyi, “oksigen teoremi” və “anoloji” adlandırılan göz quruluşlarının təkamülə dəlil olmadığını, əksinə, nəzəriyyəni çıxılmaz vəziyyətə saldığını öyrənəcəyik. İndi isə gəlin gözün təkamülü nağılını “biri var idi, biri yox idi” bölməsindən başlayaraq tədqiq edək.

“İŞIĞA HƏSSAS” PRİMİTİV GÖZLƏR İDDİASI

Təkamülçülərin göz ilə bağlı ilkin iddialarını bu cür ümumiləşdirmək olar: “Təkamül tarixində qarşımıza çıxan ibtidai gözlər hal-hazırda yaşayan bütün yaşıl bitkilərin əcdadı olan sianobakteriyalardakı xlorofil piqmentidir”.

Xlorofil piqmenti, əksər hallarda, “işığa həssas” hüceyrə kimi də qeyd olunur. Lakin bu hüceyrələri nə göz, nə də gözün əcdadı adlandırmaq doğru deyil. Çünki sianobakteriyalar 3,5 milyard il əvvəl meydana gəlib və hal-hazırkı nümunələri ilə heç bir fərqləri yoxdur. Bu həqiqət elmi olaraq paleontoloji nümunələrdə, yəni fosil qeydlərində öz əksini tapır.

siano8

Yer üzərində ilk canlı- 3,5 milyard il yaşında fotosintez edə bilən göy-yaşıl yosunlar, Leptolyngbya cinsinə mənsub sianobakteriyalardır. Şəkil məşhur “Campell and Biology” kitabından götürülüb.

Şəkildəki fosildən  də göründüyü kimi sianobakteriyalar heç bir təkamül keçirmədən bu günə qədər yaşamağa davam edirlər. Eyni zamanda bu canlılar ibtidai göstərilməyə çalışsa da, olduqca mükəmməl quruluş və xüsusiyyətlərə sahibdirlər. Fotosintez edir, azot fiksə edirlər, ilk bioloji saata malik olan canlılardır və sianovirin-N adlı zülal sayəsində QİÇS virusunu təsirsiz hala gətirirlər. Biz QİÇS virusunu müalicə edə bilmirik, təkamülçülərin ibtidai adlandırdığı bakteriyalar isə bu problemi asanlıqla həll edirlər. Təkamül fərziyyəsi isə nəinki zülalın, hətta bir amin turşusunun kortəbii proseslərlə necə meydana gəldiyini izah etməkdə acizdir. Məhz bu və ya digər sadalamadığımız xüsusiyyətlərinə görə də məşhur “Nature” jurnalı bu bakteriyalar haqqında belə bəhs edir:

“Sianobakteriyalar təkamül və dəniz mühitinə uyğunlaşma barədə bir paradoksdur”.1

Bütün bu yazılanlardan da aydın olduğu kimi sianobakteriyalar təkamüllə meydana gəlməyiblər, özləri təkamül keçirərək sonrakı canlılardakı quruluşlara başlanğıc verməyiblər, bu səbəbdən də, elm tərəfindən hələ açıqlanması çətin olan fotosintez və bu prosesə səbəb olan amillərdən təkcə biri- xlorofil piqmentinin təkamülündən söhbət gedə bilməz. Digər tərəfdən, “görmək” tamamilə ayrı, kompleks bir hadisədir. İşığa həssas hüceyrə göz deyildir. Ona görə də, darvinistlər sianobakteriyalardan sonrakı mərhələni izah edə bilmir və üstündən sakitcə atlayıb keçirlər. Bu barədə təkamülçü yazıçı Cəmal Yıldırım təkamül nəzəriyyəsini müdafiə etmək niyyəti ilə qələmə aldığı “Təkamül nəzəriyyəsi və fanatiklik” adlı kitabında bu həqiqəti belə qəbul edir:

siano7

Bu canlılar o qədər kompleksdir ki, “Nature” jurnalının bir məqaləsində “Cyanobacteria is a paradox in evolution and adaptation to the marine environment” , yəni “Sianobakteriyalar təkamül və dəniz mühitinə uyğunlaşma üçün paradoks təşkil edir”,- deyilir. (Böyütmək üçün şəklin üstünə klikləyin)

“Görmək üçün çox sayda mexanizmin iş birliyinə ehtiyac var: göz və gözün daxili mexanizmləri ilə bərabər beyindəki xüsusi mərkəzlərlə göz arasındakı rabitələr də bura aiddir. Bu kompleks quruluş necə formalaşmışdır? Bioloqların fikrincə, təkamül prosesində gözün əmələ gəlməsindəki ilk addım bəzi ibtidai canlılarda dəri üzərində işığa həssas kiçik bir hissənin meydana gəlməsi ilə başlamışdır. Ancaq təbii seçmədə bu qədər kiçik inkişafın təkbaşına canlıya verdiyi üstünlük nə ola bilər? Bu cür inkişafla birlikdə beyində görmə mərkəzi ilə ona bağlı olan sinir şəbəkəsi də qurulmalıdır. Çox kompleks olan bu bir-birinə bağlı mexanizmlər qurulmadıqca “görmə” adlandırdığımız hadisənin meydana gəlməsini gözləmək olmaz. Darvin variasiyaların təsadüfən əmələ gəldiyinə inanırdı. Elə olsaydı, görmənin tələb etdiyi çox sayda variasiyanın orqanizmin müxtəlif yerlərində eyni zamanda əmələ gəlib uyğunlaşması sirli tapmacaya bənzəməzdimi?.. Halbuki görmə üçün bir-birini tamamlayan bir sıra ardıcıl dəyişikliklərə və bunların tam uyğunluqla və əlaqəli şəkildə işləməsinə ehtiyac var… Adi bir molyuskanın gözündə bizim gözümüzdə olduğu kimi tor qişa, buynuz qişa və sellüloza toxumasından olan linza var. Təkamül səviyyələri bu qədər fərqli olan bu iki növdə bir sıra ardıcıl təsadüfü tələb edən bu formalaşmanı ancaq təbii seçmə ilə necə açıqlaya bilərik? Darvinçilərin bu suala qənaətbəxş cavab verib-vermədikləri mübahisəlidir…2

Göründüyü kimi, göz təsadüfi proseslərlə, mərhələ-mərhələ əmələ gələ bilməyəcək qədər kompleks orqandır. Əks təqdirdə, təkamül tarixinin müəyyən dövründəki “yarımçıq göz”lər elə təkamülün öz hərəkətverici qüvvəsi- təbii seçmə tərəfindən kənarlaşdırılmalıdır. Bu həqiqət qarşısında təkamülçü professor, bioloq Əli Dəmirsoy belə bir etiraf edir:

“Kompleks bir orqanın faydalı olsa da, birdən-birə əmələ gəlməsi necə mümkün olmuşdur? Məsələn, onurğalılardakı göz bülluru, tor qişa, optik sinir və görmək üçün lazımlı olan digər hissələr birdən-birə necə əmələ gəlmişdir? Çünki təbii seçmənin görmə sinirindən ayrı şəkildə tor qişa üzərində seçici təsiri ola bilməz. Göz bülluru əmələ gəlsə belə, tor qişa olmadan faydası olmaz. Görmə üçün bütün orqanoidlərin birlikdə, eyni anda təkmilləşdirilməsi labüddür. Ayrı-ayrı təkmilləşdirilən hissələr istifadəyə yararlı olmadığı üçün həm faydasız olar, həm də bəlkə zaman ərzində məhv olar. Eyni zamanda, hamısını birdən təkmilləşdirmək də təxmin edilməyəcək qədər kiçik ehtimalların eyni anda mövcud olmasını tələb edir”.3

Prof. Dəmirsoyun “təxmin edilməyəcək qədər kiçik ehtimallar” sözü ilə ifadə etdiyi həqiqət, əslində, “qeyri-mümkünlük”dür.

Darvin “Növlərin mənşəyi” kitabında gözün kompleks yaradılışı qarşısında ciddi çətinliyə düşmüş, yeganə həll yolu kimi bəzi canlıların ibtidai, bəzilərinin isə kompleks göz quruluşu olduğuna istinad edərək kompleks gözlərin ibtidai gözlərdən təkamül yolu ilə əmələ gəldiyini iddia etmişdir. Ancaq bu iddia da həqiqətə uyğun deyil. Paleontologiya canlıların yer üzündə olduqca kompleks quruluşları ilə birlikdə ortaya çıxdığını göstərir.

Məlum olan ən qədim görmə sistemi trilobit gözüdür. Təqribən 530 milyon illik bu fasetli (pətək) göz sistemi sonrakı bölmədə göstərəcəyimiz  kimi cüt büllur sistemi ilə işləyən “optik möcüzə”dir. Bu vəziyyət Darvinin “kompleks gözlər ibtidai gözlərdən təkamül ilə törəyib” fərziyyəsini də tamamilə əsassız edir. Darvin də bu həqiqət qarşısında sıxıntı keçirmiş və hətta bu səbəbdən, bir məktubunda: “Gözləri düşünmək çox vaxt məni nəzəriyyəmdən soyudur”,- deyə bunu etiraf etmişdir.4

KEMBRİ PARTLAYIŞI, MÜKƏMMƏL GÖZLƏR VƏ TƏKAMÜLÇÜLƏRİN ÇARƏSİZLİKLƏRİ

450 milyon il əvvəl yaşamış trilobitlərin gözündə ancaq dövrümüzdə yaxşı təhsil almış və təxəyyülü olduqca güclü olan optika mühəndisi tərəfindən təkmilləşdiriləcək qədər mükəmməl dizayn vardır

~Harvard, Roçester və Çikaqo universitetlərindən geologiya professoru Devid Roup

Təkamülçü nağıllara əsasən, təxminən 900-700 milyon il  əvvəl, oksigen səviyyəsi  maksimum həddə çatmış, daha böyük hüceyrə koloniyaları və çoxhüceyrəli canlılar ilk dəfə təkamülləşməyə başlamışdır. Sonra isə, 542 milyon il əvvəl, sürətli bir təkamül radiasiyası meydana gəlmiş və canlılar sürətlə çoxhüceyrəliyə və daha kompleks strukturlara çevriliblər.

Əvvəlcə, onu qeyd etmək mütləqdir ki, bu iddianın ortaya atılmasının səbəbi  təxminən 542 milyon il öncə meydana gəlmiş “Kembri partlayışı” deyilən hadisədir. Bu dövrdə kompleks canlıların anidən, əcdadları olmadan peyda olması təkamül fərziyyəsi cəhətdən çıxılmaz vəziyyət olduğuna görə, təkamülçülər “oksigen fərziyyəsi”ni irəli sürdülər. Guya ki, atmosferdə naməlum bir səbəbdən oksigen nisbətinin artması o dövrün flora və faunasını birdən-birə inkişaf etdirmişdi. Halbuki həmin dövrdə oksigenin anidən artmasına dair heç bir dəlil yoxdur. Çindəki  Çentszyan (Chengjiang) qayalıqlarındakı  Kembri canlıları üzərində araşdırmalar aparan məşhur San Fransisko Biologiya departamentinin sədri Dr. Pol Tszyan bu mövzuyla əlaqədar belə deyir:

“İlk önə sürülən fərziyyə oksigen fərziyyəsidir. Kembri dövründə  atmosferdəki və okeanlardakı  oksigen səviyyəsinin daha böyük ölçüdəki canlıların ortaya çıxmasını təmin edəcək şəkildə anidən kritik bir səviyyəyə qədər artmış ola biləcəyi deyilir. Bu fərziyyə ciddi şəkildə susdurulmuşdur, çünki oksigenin ani artımına dair geoloji sübutların olması labüddür”.5

Hallucigenia

Gözün təkamülünü sürətləndirən faktor kimi ov-ovçu münasibətləri sayəsində sağ qala bilənlərin gözünün təkamülləşdiyi qeyd olunur . Fosil qeydləri bu iddianın əsassız olduğunu açıq şəkildə göstərir. Belə ki, Kembri dövründə hələ heç bir “ovçu” olmamasına baxmayaraq, müdafiəvi tikanlarla yaradılmış canlılar vardı.

Üstəlik, oksigenin varlığı canlının həyatda qala bilməsi üçün lazımlı olan milyonlarla səbəbdən yalnız biridir və təkbaşına varlığı kafi deyildir. Bu iddiada olan darvinistlərin canlının təkcə bir hüceyrəsindəki tək bir zülalın, saysız-hesabsız amin turşusunun necə düzgün ardıcıllıqla  bir araya gəldiyi, fermentlər olmadan DNT-nin necə transkripsiya edildiyi, hüceyrələrinin necə müxtəlifləşdiyi, kompleks sistemlərinin necə ortaya çıxdığı və bunun kimi daha bir çox suala cavab tapmaları lazımdır. Darvinistlər özləri də bilirlər ki, kompleks bir canlının birdən-birə yer üzündə peyda olub kompleks sistemləri ilə tam və qüsursuz şəkildə həyatına davam etməsi üçün oksigenin təkbaşına varlığı heç bir şey ifadə etmir. Vacib olan digər şərtlərin guya təkamüllə necə meydana gəldiyi sualına isə darvinistlərin verə bildikləri bircə cavab belə yoxdur.

Çünki bu dövrdə çoxhüceyrəli, kompleks gözlərə sahib trilobit kimi zirehli, özlərindən əvvəl mövcud olan soxulcan tipli canlılara heç bənzəməyən və daha əvvəl heç başlanğıcı belə müşahidə edilməmiş orqanlara sahib canlılar Kembri dövrünün müəyyən mərhələsində 5-10 milyon il ərzində (hansı ki, bu zaman dilimi geoloji cəhətdən “bir göz qırpımı” sayılır) birdən-birə, heç bir əcdadları olmadan ortaya çıxıblar. Bu həqiqət məşhur “Science” jurnalında 2001-ci ildə dərc edilən bir məqalədə belə göstərilir:

“Təqribən 545 milyon il əvvəl yaşanmış Kembri dövrünün başlanğıcı bu gün hələ də canlılar aləminə hakim olan, demək olar ki, bütün heyvan tiplərinin (phyla) fosil qeydlərində ani surətdə ortaya çıxmasına səhnə oldu”.6 Eyni məqalədə bu cür kompleks və bir-birindən tamamilə fərqli canlı qruplarının təkamül nəzəriyyəsinə görə açıqlanması üçün əvvəlki dövrlərə aid çox zəngin və mərhələli inkişafı göstərən fosil yataqlarının olmasının lazım gəldiyi, amma bundan əsər-əlamət olmadığı isə belə açıqlanır: “Bu müxtəlifləşən təkamül və yayılma da özündən daha əvvəl yaşamalı olan bir qrup canlının mövcud olmasını tələb edir, amma buna dair fosil dəlili yoxdur”.7

Trilobitlər Kembri dövründə ani surətdə üzə çıxan müxtəlif canlı tiplərinin ən maraqlılarından biridir. Buğumayaqlılar (Arthropoda) tipinə daxil olan trilobitlər sərt örtükləri, buğumlu bədənləri və kompleks orqanları ilə çox mürəkkəb canlılardır. Fosil qeydləri trilobitlərin gözləri haqqında da çox ətraflı məlumatlar əldə edilməsini təmin etmişdir. Bir trilobit gözü yüzlərlə kiçik pətək gözdən ibarətdir və bu pətək gözlərdən hər birinin içində cüt göz bülluru var. Bu göz quruluşu əsl yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo universitetlərindən geologiya professoru Devid Roup bu mövzuda: “450 milyon il əvvəl yaşamış trilobitlərin gözündə ancaq dövrümüzdə yaxşı təhsil almış və təxəyyülü olduqca güclü olan optika mühəndisi tərəfindən təkmilləşdiriləcək qədər mükəmməl dizayn vardır”,-deyir8.Budur, sadəcə trilobitlərin bu qeyri-adi kompleks quruluşu belə darvinizmi təkbaşına əsassız edir. Çünki daha əvvəlki geoloji dövrlərdə bu canlılara bənzər heç bir kompleks canlı yaşamamışdır və bu da göstərir ki, trilobitlər heç bir təkamül prosesi olmadan üzə çıxmışdırlar.

Trilobitlər haqqında digər məsələ də bu canlılardakı 530 milyon illik fasetli göz sisteminin bu günə qədər heç dəyişmədən gəlib çatmasıdır. Arı və ya cırcırama kimi dövrümüzdə yaşayan bəzi həşəratlar da eyni göz quruluşuna malikdir9. Bu fenomen də təkamül nəzəriyyəsinin göz quruluşlarının  ibtidaidən aliyə doğru təkamül etməsi iddiasına “öldürücü zərbə”ni vurur.

FƏRQLİ CANLILARDAKI GÖZ QURULUŞLARI TƏKAMÜLƏ DƏLİL DEYİL, ƏKSİNƏ, “BAŞAĞRIDAN PROBLEM”DİR

Göz qədər kompleks orqan belə müxtəlif canlılarda ayrı-ayrı ortaya çıxmışdır. Məsələn, osminoqda, onurğalılarda və buğumayaqlılarda. Bunların bir dəfəyə əmələ gəlməsini açıqlamaq kifayət qədər problem yaratdığı halda, müasir sintetik (neo-darvinist) nəzəriyyəyə əsasən, mərhələlərlə, ayrı-ayrı necə meydana gəldiklərini düşünmək isə başımı ağrıdır…

~Təkamülçü alim Frenk Solsberi

Balıqlar su altında ikən, quşlar isə uçarkən görmələrinə imkan verən göz quruluşlarına malikdirlər. Bunlar kimi digər canlıların da göz quruluşları ehtiyaclarına görə bir yaradılışa sahibdir. Göz kimi mükəmməl və mürəkkəb quruluşda olan bir orqanın, üstəlik də, hər canlıda müxtəlif xüsusiyyətlərə özbaşına sahib ola bilməyəcəyi çox açıqdır. Bu mövzudakı nümunələri araşdıran ağıl və vicdan sahibi düşünən hər insan canlıların Allah tərəfindən yaradıldıqları həqiqətini dərhal anlayar. Aşağıda verilən nümunələr bu həqiqəti düşünmək üçün bir vasitədir.

Quşlar insanlardan daha iti görmə qabiliyyətinə malikdir və daha geniş bir bucağı çox ətraflı görüb araşdıra bilirlər. Bir quş insanın hissə-hissə görüb  qavradığı bir çox görüntünü bir baxışda bütöv görə bilər. Bu,  ovlanarkən böyük üstünlükdür. Bəzi quşların gözləri insanla müqayisədə 6 qat uzağı görə bilər.

İnsan üçün gözünü qırpdıqda alınan anlıq görüntü itkisi çox da əhəmiyyətli deyil. Ancaq yüzlərlə metr yüksəklikdə çox  sürətli uçan bir quş üçün bu, əhəmiyyətli dərəcədə ciddi problem meydana gətirə bilər. Bu səbəbdən, quşlar gözlərini qırpanda  heç vaxt görüntülərində fasilə olmur. Çünki quşun göz qırpma pərdəsi adlanan üçüncü bir göz qapağı var. Bu pərdə şəffafdır və gözün bir hissəsindən digər hissəsinə doğru hərəkət edir. Beləliklə, quşlar gözlərini tamamilə yummadan qırpa bilirlər. Suya baş vuran quşlarda isə bu pərdə dalğıc eynəyi vəzifəsini daşıyır və gözün zədələnməsinə mane olur.

Başqa bir nümunə olaraq, dəvənin gözləri də tam ehtiyacı olan müdafiəni təmin edəcək xüsusiyyətdədir. Gözlərin ətrafındakı bərk sümüklər zərbələrə qarşı mühafizə təmin etdikləri kimi, günəş şüalarına qarşı gözü ən yaxşı bucaqda mühafizə edirlər. Ən güclü qum fırtınaları belə dəvənin gözlərinə zərər vermir. Çünki kirpikləri bir-birinin içinə keçən quruluşa malikdir və hər hansı bir təhlükə anında avtomatik olaraq qapanır. Beləliklə, heyvanın gözünə ən kiçik bir toz belə girə bilməz.

Balıqların gözləri isə dünyaya şəffaf bir örtük arxasından baxır. Bu pərdə dalğıcların sualtı eynəklərini xatırladır. Kürəşəkilli və sərt olan göz quruluşları yaxın plandakı cisimləri görür. Balığın gözünün kürəşəkilli olmasının başqa bir  hikməti isə işığın sudakı qırılmasıdır. Göz, demək olar ki, suyla eyni sıxlığa sahib bir maye ilə dolu olduğundan kənardakı görüntülər gözə əks olunarkən sınmır. Bunun nəticəsində göz bəbəyi kənardakı cismin görüntüsünü tor qişa üzərinə tam olaraq fokuslayır və balıq insanın əksinə, suyun içində çox aydın görür.

Təkamülçülər isə hər canlının ehtiyacına uyğun, mükəmməl gözü olduğu  halda, bu gözlərin bir-birinin ardınca gələn əskik, ara-keçid quruluşlarla formalaşması kimi əlacsızlıqlara müraciət edir, gah da “göz təkamül tarixində bir-birindən əlaqəsiz şəkildə 50 dəfədən çox təkamül keçirib, bu, konvergent təkamül adlanır”,- deyə qarışıq fikirlər irəli sürürlər. Əgər göz canlılarda 50 dəfədən çox, müxtəlif yollarla, əlaqəsiz təkamül edirsə, o hansı “şüurlu mexanizm”dir ki, dəfələrlə eyni məqsədə nail olmaq üçün planlar qurur?!

Əvvəlki bölmədə də bildirdiyimiz kimi trilobitlərdəki 530 milyon illik pətək göz sisteminin bu günə qədər heç dəyişmədən gəlib çatması, yəni arı və ya cırcırama kimi dövrümüzdə yaşayan bəzi həşəratlar da eyni göz quruluşunun müşahidə edilməsi təkamül nəzəriyyəsinin göz quruluşlarının  ibtidaidən aliyə doğru təkamül etməsi iddiasına “öldürücü zərbə” vurur. İbtidai göz anlayışı səhvdir.

İndi isə, konvergent göz təkamülü iddiasına baxaq:

Məsələn, insan gözü ilə osminoq gözü, onların fikrincə, konvergent orqanlardır. Yəni insanlarla osminoqlar “həyat ağacı”nda hələ 530 milyon il əvvəl ayrılmalarına baxmayaraq, “görmək ehtiyacı” onları bir-birinə çox bənzəyən gözlərə sahib olmağa “vadar edib”. Bir-birilə filogenetik, yəni təkamül əlaqəsi olmayan canlılarda müşahidə edilən bu cür oxşar orqanlar, təkamülçülərə əsasən, fərqli mənşələrdən gələn, lakin eyni funksiya daşıyan (konvergent) orqanlardır. Eynilə, yarasanın, qartalın və pterozavrların qanadları kimi. Ancaq bir orqanı divergent kateqoriyaya, yoxsa konvergent kateqoriyaya aid edəcəkləri məsələsi tamamilə təkamül nəzəriyyəsinin ön-mühakimələrinə əsasən cavablanır. Bu isə bənzərliklərə əsaslanan təkamülçü iddianın elmi cəhəti olmadığını göstərir. Təkamülçülərin etdiyi yeganə şey doğru hesab etdikləri təkamül doqmasına əsasən qarşılarına çıxan tapıntıları şərh etməkdən ibarətdir.

Kembri

Məşhur “Science” jurnalındakı məqalədə Kembri dövründə canlıların anidən ortaya çıxdığı və bunun təkamül üçün problem olduğu qeyd edilib. (Böyütmək üçün şəklin üstünə klikləyin)

Lakin verdikləri izah  olduqca əsassızdır. Çünki “konvergent” hesab etdikləri orqanlar bəzən həddindən artıq kompleks formalarına baxmayaraq, bir-birlərinə o qədər bənzəyir ki, bu bənzərliyin təsadüfi mutasiyalar nəticəsində əmələ gəldiyini irəli sürmək böyük məntiqsizlikdir. Əgər osminoqun gözü təkamülçülərin iddia etdikləri kimi təsadüfən əmələ gəlmişsə, necə olur ki, onurğalı gözü eyni təsadüfləri təkrarlayaraq üzə çıxır? Bu sualı düşünməkdən “başı ağrayan” məşhur təkamülçü Frenk Solsberi belə yazır:

“Göz qədər kompleks orqan belə müxtəlif canlılarda ayrı-ayrı ortaya çıxmışdır. Məsələn, osminoqda, onurğalılarda və buğumayaqlılarda. Bunların bir dəfəyə əmələ gəlmələrini açıqlamaq kifayət qədər problem yaradır, müasir sintetik (neo-darvinist) nəzəriyyəyə əsasən, mərhələlərlə, ayrı-ayrı necə meydana gəldiklərini düşünmək isə başımı ağrıdır”.10

“GÖZÜN TƏKAMÜLÜNDƏKİ QÜSUR” İDDİASI TƏKAMÜLÇÜLƏRİN CƏHALƏTİNİ NÜMAYİŞ ETDİRİR

Mümkün olan ən yüksək görmə qabiliyyətinə və ən yüksək həssaslığa malik bir gözü ən başdan yenidən dizayn etməyə qalxsaq, onurğalı gözünü yenidən inşa etməklə işi başa çatdırarıq- tərs çevrilmiş tor qişasıyla birlikdə…

~ Prof. Maykl Denton

Dünyanın ən məşhur təkamülçü bioloqu və ateizmin öndə gedən müdafiəçisi olan Riçard Dokinz 1986-cı ildə yazdığı “Kor Saatsaz” adlı bir kitabında insan daxil olmaqla, bütün onurğalı canlıların gözündə yerləşən “tərs çevrilmiş tor qişa”dan bəhs edir və gözün “qüsursuz yaradılmadığı”nı, “qüsurlu təkamül etdiyi”ni müdafiə edir.

Tərs çevrilmiş tor qişa anlayışı onurğalı gözünün tor qişasındakı (retina) “fotoreseptor” (işığa həssas) hüceyrələrinin gözün ön tərəfinə, yəni işığa doğru yox, gözün arxa tərəfinə baxan formada yerləşdirilmiş olmalarını ifadə edir. Bu hüceyrələrin işığı hiss edən səthləri arxa tərəfə baxır, bu hüceyrələrdən çıxan sinirlər isə, işıqla hüceyrələr arasında bir təbəqə əmələ gətirir. Həmin sinirlər də gözün müəyyən bir nöqtəsində yığılır və oradakı bir kanaldan beyinə doğru gedirlər. Bu kanalın üzərində fotoreseptor olmadığı üçün də bu nöqtədə görüntü qəbul edilmir.

Darvinistlər bu “tərsinə çevrilmə” vəziyyətini və bunun əmələ gətirdiyi “kor nöqtə”ni (görüntü əmələ gəlməyən nöqtə) əllərində bayraq etmişlər, bunun bir xəta olduğunu irəli sürüblər, bununla da, əslində gözün təbii seçmə yoluyla ortaya çıxdığını və təkamül prosesində bunun kimi qəribəliklərin gözlənilməz olmadığını iddia etmişlər.

Bu iddiaları ortaya atan Dokinz və ona inananlar yanılırlar. Yanılmanın səbəbi Dokinzin gözün anatomiyası və fiziologiyası haqqındakı cəhalətidir.

Bu iddianın əsassızlığını hərtərəfli şəkildə gözlər önünə sərən alim darvinizmin hazırda ən tanınmış tənqidçilərindən biri olan, Otaqo Universitetindən molekulyar biologiya professoru Maykl Dentondur. Denton “Origins&Design” jurnalında yayımlanan “Tərs çevrilmiş tor qişa: xətalı adaptasiyamı, yoxsa ön-adaptasiyamı?” başlıqlı elmi məqaləsində Dokinzin “xətalı xüsusiyyət” kimi göstərdiyi tərs çevrilmiş tor qişanın, əslində, onurğalı gözü üçün mümkün olan ən səmərəli şəkildə yaradıldığından bəhs edir. Denton bunu belə xülasə edir:

“Halbuki, onurğalı tor qişasındakı fotoreseptor hüceyrələrin çox yüksək enerji tələbatlarını düşündüyümüz zaman, onurğalı gözünün qəribə tərs çevrilmiş dizaynının teologiyaya meydan oxumadığını, əslində, ali onurğalıların olduqca aktiv fotoreseptor hüceyrələrə bol miqdarlarda oksigen və qida təmin etmək probleminə çox unikal bir həll yolunu ifadə etdiyini görərik11.

Professor Dentonun üzərində durduğu, Dokinzin isə fərqində belə olmadığı bu həqiqəti anlamaq üçün, öncəliklə, tor qişadakı fotoreseptor hüceyrələrin nə dərəcədə yüksək enerji və oksigen ehtiyacı içində olduqlarını müəyyənləşdirmək lazımdır. Sözügedən hüceyrələr biz gözümüzü açıq saxlayıb işığı gördüyümüz müddətcə, hər saniyə, hər salisə çox kompleks kimyəvi reaksiyalar səhnələyirlər. İşığın ən kiçik zərrəcikləri olan fotonlar bu hüceyrələr tərəfindən analiz edilir. Bu analizasiya fotonun başlatdığı olduqca təfərrüatlı kimyəvi reaksiya sayəsində baş verir və hər an yenidən təkrarlanır. Bu proses o qədər detallı və sürətlidir ki, Dentonun ifadəsiylə, “fotoreseptor təbəqə məlum olan bütün toxumalar içində ən böyük metabolik sürətlərə sahibdir”12.

Şübhə yoxdur ki, tor qişa hüceyrələri bu yüksək metabolizmanı ayaqda saxlaya bilmək üçün çox yüksək miqdarda enerji tələb edir. İnsanın tor qişa hüceyrələrinin oksigen ehtiyacı böyrək hüceyrələrinin ehtiyacından 50% daha çox, beyin qabığı hüceyrələrinin 3 qatı və ürək əzələsini təşkil edən hüceyrələrin tələbatının 6 qatıdır. Üstəlik, bu müqayisələr tor qişa təbəqəsi bütünlüklə götürülərək hesablanmışdır; bu təbəqənin yarısından azını təşkil edən fotoreseptor hüceyrələrin enerji ehtiyacı isə ümumi təbəqənin ehtiyacından daha yüksəkdir. Q.L. Uolls “Onurğalı Gözü” adlı ensiklopedik kitabında bu hüceyrələrin qidalanmaya və oksigenə “hərisliklə” ehtiyac duyduqlarını yazır13.

Bəs görməyimizi təmin edən bu hüceyrələrin fövqəladə dərəcədə yüksək qida və oksigen ehtiyacı necə qarşılanır? Əlbəttə ki, bədənin hər yerində olduğu kimi, qan yoluyla…

Bəs qan haradan gəlir?

“Tərs çevrilmiş tor qişa”nın niyə çox mükəmməl bir yaradılış həqiqəti olduğu bax burada üzə çıxır. Gözün tor qişasının düz arxasında bu təbəqəni sanki tor kimi örtmüş, özünəməxsus damar toxuması vardır. Denton bu barədə bunları yazır:

“Fotoreseptorların ifrat metabolik iştahası üçün lazım gələn oksigen və qidalar “choriocapillaris” deyilən unikal bir kapilyar yatağı tərəfindən təmin edilir. Bu, geniş və yastılaşdırılmış kapilyardan təşkil olunmuş bir şəbəkədir ki, fotoreseptorların dərhal arxasına yerləşdirilmiş zəngin bir damar təbəqəsi əmələ gətirir. (Bu təbəqə ilə fotoreseptorlar) Arasında sadəcə tor qişa epitel hüceyrə təbəqəsi (RPE) və bir də “Brux membranı” (Bruch’s membrane) adlanan xüsusi bir pərdə vardır. Bunlar birlikdə sadəcə fotoreseptor hüceyrələrin və RPE-nin fəaliyyətində ehtiyac duyulan metabolitlərin və qida məhsullarının tor qişaya keçməsinə izn verən olduqca seçici sərhəd əmələ gətirir. Buradakı kapilyar damarların ölçüsü 18-50 mikron diametr arasında dəyişir ki, bu da standart kapilyarlarınkından çox daha geniş ölçüdür. Bu özünəməxsus qan kanalları şəbəkəsi xüsusilə fotoreseptor təbəqəni bol miqdarda qanla təmin etmək üçün adaptə olduğunu göstərən bütün nişanələri daşımaqdadır”14.

Prof. Ceyms T. Makilveyn Görmənin Biologiyasına Giriş” adlı kitabında “fotoreseptorların böyük metabolik tələbatları səbəbilə” gözdə “xoroidi “qana bulamaq” yönündə strategiya olduğu, beləliklə də, lazımi enerji tələbində heç bir problem olmamasını təmin etdiyi”ni yazır15.

Fotoreseptor hüceyrələr də məhz bu səbəbdən “tərsinə çevrilmiş” vəziyyətdədirlər. Ortada bir “strategiya”dan söz gedir. Tor qişanın tərs çevrilmiş quruluşu Dokinzin zənn etdiyi kimi bir “qüsur” deyil, müəyyən bir məqsədə xidmət edən yaradılış dəlilidir.

Denton əlaqədar məqaləsində tor qişanın başqa cür olmasının mümkün olub-olmadığını da incələyir. Gəldiyi nəticə isə, bunun qeyri-mümkün olmasıdır. Tor qişanın Dokinzin özünə görə təklif etdiyi kimi “düz” olması, yəni fotoreseptor hüceyrələrin işığa tərəf baxmaları halında bu hüceyrələr onları qidalandırmaqla məsul olan damar təbəqəsindən uzaqlaşacaqlar və ehtiyac duyduqları qida və oksigendən böyük ölçüdə məhrum qalacaqlar. Damarların tor qişanın içinə uzadılması da “həll yolu” deyildir, çünki bu, bir çox kor nöqtə əmələ gətirərək gözün görmə qabiliyyətini böyük ölçüdə azaldacaqdır.

Denton bu şərhi verir:

“Onurğalı retinasının dizaynı nə qədər çox incələnsə, hər bir xüsusiyyətin, faktiki olaraq, vacib olduğu bir o qədər üzə çıxır. Mümkün olan ən yüksək görmə qabiliyyətinə və ən yüksək həssaslığa malik bir gözü ən başdan yenidən dizayn etməyə qalxsaq, onurğalı gözünü yenidən inşa etməklə işi başa çatdırarıq- tərs çevrilmiş tor qişasıyla birlikdə…16.

Qısası, Dokinzin və digər təkamülçülərin “gözdəki qüsur” arqumenti cahillikdən qaynaqlanan arqumentdir. Canlıların detallarının daha dərin məlumatlarla və xüsusən də, şüurla incələnməsi nəticəsində də təkzib edilmişdir. Əslində, darvinizmin tarixində daha bir çox “cəhalətdən qaynaqlanan arqument” vardır. Eynilə, “rudiment orqanlar” hekayəsi kimi…

Bu mövzuda daha ətraflı məlumatı Təkamülçülərin “Gözdəki Xəta” İddiasına Cavab məqaləmizdən əldə edə bilərsiz.

Qeyd: Darvin tərəfindən “rudiment orqan” adlandırılan insan gözündəki ayparaşəkilli çıxıntının isə gözün təmizlənməsi və nəmləndirilməsində mühüm rol oynadığı artıq məlumdur17.

NƏTİCƏ

Hər şeyi təsadüflərin əsəri imiş kimi qələmə verməyə girişmiş təkamülçülər hər dəfə önlərinə çıxan sərt divarlara dəyib dayanmışlar. Özü də söhbət “göz” kimi bir yaradılış həqiqətindən gedirsə, təkamülçülər ideoloji ataları sayılan Darvin kimi “nəzəriyyələrindən soyumaqda” haqlıdırlar. Bəziləri Dokinz kimi ümidlərini itirməmiş, yeni fərziyyələr ortaya atmışlar, lakin hər dəfə məğlubiyyətlə üzləşmişlər. Bu da yaradılışın çox açıq bir həqiqət olduğunun bir dəfə deyil, dəfələrlə sübut edilməsinə vəsilə olmuşdur.

 

Mövzu ilə əlaqədar videolarımız:

Mövzu ilə əlaqədar digər məqalələrimiz:

Mənbələr:

  1. H. James Tripp et al., “Metabolic streamlining in an open-ocean nitrogen-fixing cyanobacterium”, Nature, 464: 90-94, 4 March 2010
  2. Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, Bilgi Yayın Evi, yanvar 1989, səh. 58-59
  3. Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayıncılık, Ankara, 1995, 7-ci nəşr, səh. 475
  4. Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Boston: Gambit, 1971, səh. 101
  5. http://www.ukapologetics.net/07/cambria1.htm
  6. Richard Fortey, “The Cambrian Explosion Exploded?”, Science, cild 293, no. 5529, 20 iyul 2001, səh. 438-439
  7. Richard Fortey, “The Cambrian Explosion Exploded?”, Science, cild 293, no. 5529, 20 iyul 2001, səh. 438-439
  8. David Raup, “Conflicts Between Darwin and Paleontology”, Bulletin, Field Museum of Natural History, cild 50, yanvar 1979, səh. 24
  9. R. L. Gregory, Eye and Brain: The Physiology of Seeing, Oxford University Press, 1995, səh. 31
  10. Frank Salisbury, “Doubts About the Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, sentyabr 1971, səh. 338
  11. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  12. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  13. Walls, G.L. (1963). The Vertebrate Eye . New York: Hafner Publishing Company; səh. 652
  14. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  15. McIlwain, T.J. (1996). “An Introduction to the Biology of Vision”, Cambridge: Cambridge University Press, səh. 14
  16. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  17. http://creation.com/vestigial-organs-revisited

Şərh üçün bağlıdır.

axtarış