• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“Qafqazinfo” saytında təkamül fərziyyəsi ilə bağlı yanlış fikirlər

Ötən günlərdə yerli mətbuat orqanlarından olan “Qafqazinfo”nun internet saytında “Təkamül haqqında 6 vacib sual” başlıqlı yazı yayımlandı. Bu yazıda təkamül fərziyyəsi klassik təbliğat üsulları ilə müdafiə olunur və sanki şübhəyə yer qoymayan fakt kimi qələmə verilir. Bu cavab məqaləmizdə mövzunu 6 bənddə işləyəcək və “Qafqazinfo”nun yaydığı bu məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini təhlil edəcəyik. “Qafqazinfo” yazır:

“1. Alimlər təkamülün olduğuna niyə bu qədər əmindir?

Bunu demək üçün bir neçə ciddi səbəb var. İnsanın genetik quruluşu şimpanze və bonoboların genetik quruluşu ilə təxminən 99% eynilik təşkil edir. Bu eynilik bizə ortaq bir əcdaddan gəldiyimizi demək üçün çox ciddi əsas verir. İnsanın əcdadının ilk əvvəl böyük meymunlardan, şimpanze və bonobolardan, daha sonra isə bir azda inkişaf edərək müasir insana bənzəyən varlıqlar olduğunu demək üçün bu günə qədər minlərlə fosil – təkamül qalıqları tapılıb. Bioloqlar digər bəzi növlərin həm laboratoriyada, həm də təbii mühitdə təkamül keçirməsinin birbaşa şahidi olublar. Antibiotikə müqavimət göstərə bilən mikroblar da təkamülün bir növüdür. Heyvan istehsalçıları da təkamülə durmadan müdaxilə edirlər: İtlərin nəslinin canavarlardan gəlməsi və bir-birindən çox fərqli it növlərinin mövcud olması buna misal ola bilər.”

Sayılan “ciddi” səbəblər, əslində, heç bir ciddi mahiyyət daşımır. İnsanın genetik quruluşu ilə şimpanzelərin və bonoboların (cırtdan şimpanze) 99% oxşar olması köhnə, əsassız darvinist hekayədir. İnsanlarla şimpanzelər heç vaxt 99% oxşar olmayıblar. İlk dəfə 1975-ci ildə insanla şimpanzenin sadəcə 1% genetik fərqi olduğu iddiası gündəmə gəlmişdi. O vaxtlar hələ insan genomunun (2001) və şimpanze genomunun (2005) tam surəti çıxarılmamışdı. O vaxtlar təkamülçülər qəsdən bir-birlərinə oxşayan bir neçə geni (hemoqlobin genləri də bura daxildir) müqayisə edib belə nəticəyə gəlmişdilər. Bu oxşatma prosesi bu günə qədər davam edir. Bəs bu “oxşarlığın” əsl mahiyyəti nədir?

İnsan genomu təxminən 3 milyard hərfdən (nukleotiddən) ibarətdir. Hətta 1%-lik fərq iddiasının doğruluğu qəbul edilsə belə, bu, 30 milyon hərf fərqi mənasına gəlir. 30 milyon hərflə 30 cildlik kitab yazıla biləcəyini düşünsək, mətbuatda təkamülçülərin tez-tez dilə gətirdiyi və çox cılız görünən “bir faiz”in nə qədər nəhəng məlumat fərqinə bərabər olduğunu asanlıqla görə bilərik.

İndi isə gəlin insanla şimpanze arasındakı real fərqlərə nəzər salaq. 2007-ci ildə nüfuzlu “Science” jurnalında “Müqayisəli fərqlər: 1% əfsanəsi” adlı məqalə yayımlandı. Məqalənin müəllifi Con Kohen tez-tez təkrarlanan bir faizlik fərq məsələsini tədqiq edir və şimpanze genomunun nəşrinə istinadən, əslində, ortada 5% fərq olduğunu üzə çıxarır.1 (Lakin Kohenin bu araşdırması görməzdən gəlindi, 2012-ci ildə yenə eyni jurnalda 1%-lik fərqdən bəhs olunurdu).

2012-ci ildə o vaxta qədərki bütün çıxarışları müqayisə edən genetik Ceffri Tomkins və Dr. Cerri Berqman isə çox təəccüblü nəticəyə gəldilər. Birlikdə yayımladıqları məqalələrində belə yazılırdı:

“Rahatlıqla bu nəticəyə gəlmək olar ki, insan-şimpanze genom oxşarlığı təxminən 87% eynilikdən yuxarı çıxmır və çox güman ki, 81%-dən də artıq deyildir”.2

Belə bir nəticə alınmasının səbəbi keçmişdə təkamülçülərin sadəcə DNT-in müəyyən, seçilmiş bölgələrini müqayisə etmələri idi. Bütöv müqayisələr isə 19%-lik nəhəng fərqləri üzə çıxardı. Dr. Tomkins, hətta başqa bir tədqiqatında ortada 30%-lik genetik fərqin olduğunu ortaya qoyur.3 Sırf Y-xromosom üzərində aparılan müqayisəli araşdırmalar isə, daha köklü fərqlər, insanla şimpanze arasında keçilməz sərhədlər üzə çıxarmışdır.4 Göründüyü kimi, mənzərə heç də təkamülçülərin görmək istədiyi çərçivəyə sığışmır. Hər yeni araşdırma, hər genetik, mikrobioloji, paleontoloji kəşf təkamülçü ideyaları alt-üst edir.

Növbəti cümlələrdə, guya, təkamülü isbat edən “minlərlə fosil – təkamül qalıqları” tapıldığı, yeni növlərin təkamülünün laboratoriya və təbbi mühitdə müşahidə edildiyi kimi iddialar səsləndirilsə də, bunların heç birinə konkret nümunə verilmir. Çünki belə bir şey heç vaxt baş tutmamışdır. Bakteriyaların antibiotikə qarşı müqavimət göstərməsi isə, Təkamülçülərə Cavab saytında dəfələrlə izah edildiyi kimi, qətiyyən təkamülə nümunə deyildir:

Darvinistlərin təkamül kimi göstərməyə çalışdıqları bioloji faktlardan biri bakteriyaların antibiotiklərə qarşı müqavimətidir. Halbuki bu məsələdə də təkamülçülər yanılırlar. Keçən əsrin əvvəllərindən tətbiq olunmağa başlayan antibiotiklər müxtəlif bakteriyalara qarşı istifadə edilmiş və uğurlu nəticələr əldə edilmişdir. Ancaq bir müddət sonra məlum olmuşdur ki, bakteriyalar antibiotiklərə qarşı zaman keçdikc müqavimət qazanırlar. Təkamülçülər bu faktı “bakteriyalar mühitə uyğunlaşaraq təkamül keçirdi” kimi qələmə verirlər. Halbuki bu müqavimətin iki mexanizmi vardır. “Təsadüfən deyil” adlı kitabında biofizik prof. L. Spetner bu mexanizmləri belə açıqlayır: 1) Bakteriyalarda əvvəlcədən mövcud olan müqavimət genlərinin ötürülməsi; 2) Mutasiya nəticəsində genetik məlumat itkisinə uğrayan bakteriyaların antibiotikə qarşı müqavimət qazanması.5 Birinci hal heç bir şəkildə təkamülə dəlil deyildir, çünki məlum olmuşdur ki, bir çox bakteriya hələ antibiotiklərin kəşfindən öncə də müqavimət genlərinə sahib idilər.6 İkinci hal isə, streptomisin adlı antibiotikə qarşı müqavimət qazanan bakteriyalarda müşahidə olunmuşdur. Bu müqavimətin səbəbi mutasiya nəticəsində bakteriyanın ribosomunun xəsarət alması və streptomisinin ribosoma bağlana bilməməsidir. Antibiotikə qarşı müqavimətə yol açsa da, ribosom kimi həyati əhəmiyyətli orqanoid şikəst hala gəlmişdir və Spetnerin də qeyd etdiyi kimi, bu, təkamülün tələb etdiyi bir mutasiya nümunəsi deyil, genetik itkidir.7

“Qafqazinfo”nun sözügedən yazısında “heyvan istehsalçıları da təkamülə durmadan müdaxilə edirlər” deyilir və buna nümunə kimi də itlərin müxtəlifliyi göstərilir. Əslində, bu, yazını qələmə alan şəxsin təkamül fərziyyəsindən nə dərəcədə xəbərsiz olduğunu göstərir. Çünki itlərin müxtəlifliyi təkamül yox, variasiya nümunəsidir. Bu mövzunu ətraflı şəkildə “İtlərin təkamülü iddiasının əsassızlığı” adlı məqaləmizdə işləmişdik.

“2. Bəs təkamül mexanizmi necə davam edir?

Demək olar ki, dünyadakı bütün orqanizmlərin əsasını təşkil edən DNA nüvəsi bir təsadüf nəticəsində mutasiyaya məruz qalır. Bu mutasiya arabir bəzi heyvanlarda kürk rənginin dəyişməsi və ya müəyyən bir hərəkətin fərqli davranışla əvəz olunmasında özünü biruzə verir. Heyvan istehsalçıları isə öz istəklərinə uyğun özəllik daşıyan fərdləri seçib istehsal edirlər ki, bu da süni seleksiya adlanır. Təbiətdə isə süni seleksiya heyvanın ətrafında olan faktorlar və qarşı cinsdən asılıdır. Məsələn, bir heyvan ovçulardan qorunmasını təmin edəcək bir kürk rəngiylə doğulubsa, daha uzun yaşayır və daha çox bala sahibi olur. Əgər uzunmüddətli flirt, partnerlərinə daha maraqlı gəlirsə və bu minvalla çoxalmasına xidmət edirsə, deməli mutasiya məhz bu istiqamətdə gedir. Oxşar mutasiyalar zaman keçdikcə sözü gedən növdə yayılır və növün görünüşünü dəyişdirir. Yetəri qədər vaxt keçdikdən sonra isə bu prosses yeni bir növün yaranmasına səbəb olur.”

Müəllif “mutasiya” anlayışı ilə “süni seleksiya” anlayışını olduqca qeyri-peşəkar səviyyədə səhv salır. Bunu görmək üçün fikir verin: müəllif, əvvəlcə, mutasiyanın təsadüfi olduğuna diqqət çəkir. Bir neçə cümlə sonra isə “…mutasiya məhz bu istiqamətdə gedir” deyərək mutasiyanı, sanki məqsədyönlü proses kimi təqdim edir. Bu ziddiyyət, təbii ki, fərziyyənin özündən xəbərsiz olmaqdan irəli gəlir. Həqiqət budur ki, mutasiyalar tamamilə təsadüfi proseslərdir və təkamüldə heç bir rol oynamır. XX əsrin aparıcı təkamülçü bioloqlarından Ernst Mayr belə deyir:

“Hərçənd bu da etiraf edilməlidir ki, müəyyən duyğu orqanları kimi həssas tarazlıqdakı sistemlərin (onurğalıların gözü və ya quşun lələyi kimi) təsadüfi mutasiyalar yoluyla törədiyini zənn etmək insanın sadəlöhvlüyünü açıq-aşkar istismar etmək deməkdir”.8

Amerikalı təkamül nəzəriyyəçisi, endosimbioz tezisinin qurucusu, məşhur bioloq Linn Marqulis isə mövzunu belə xülasə edir:

“Təsadüfi mutasiyaların varlığı danılmazdır. Lakin yeni mutasiyalar yeni növlər yaratmır. Onlar şikəst nəsillər yaradır”.9

Süni seleksiya isə nə mutasiya ilə, nə də təkamüllə əlaqəsi olan tamam ayrı bir prosesdir. “Süni seçmə, seleksiya nə üçün təkamülə dəlil deyil?” başlıqlı məqaləmizdə bu mövzunu hərtərəfli işləmişdik.

“3. İnsan təkamülündəki əsas dönüş nöqtələri hansılardır?

İnsan əcdadı təxminən ən tez 7 milyon, ən gec 13 milyon il bundan əvvəl meymunlardan ayrılıb. Dəqiq olaraq əcdadımıza aid olduğu bilinən və dik yeriyən növ australopithecine-lər hesab olunur. (Qədimliyinə görə ən məşhur insan hesab edilən Lusi də bu növə aiddir) Bugünə qədər bizim növə aid ən qədim fosil (təkamül qalığı) bu il tapılmış və 2,8 milyon il əvvələ aid olduğu aşkarlanmışdır. Lakin tapılmış ən qədim daş alətlər isə 3,3 milyon yaşındadır. Yəni bu alətlər ya Lusi kimi australopithecine-lərə aiddir ya da alimlər onları düzəldən qədim insan növlərini hələ də aşkarlaya bilməyiblər. Eynilə australopithecin-lər kimi, Homo erektus və Homo habilis kimi ilk insan növləri də iki ayaq üstündə dura bilirdilər. Əcdadlarımızın odu nə vaxtdan idarə etməyə başladığları haqqında mülahizə və mübahisələr hələ də davam etməkdədir. Fərziyyələr 800 min il ilə 1 milyon 800 min il arasında dəyişir. Bir iddiaya görə yemək bişirməyi kəşf etməyimiz, ətdən daha çox enerji almağımıza və bunun nəticəsində də insan beyninin təkamülünün sürətlənməsinə gətirib çıxarıb. Üstün beyinlər və bacarıqlı əllər isə son 100 min il içərisində baş verən və insanların fərqlənməsinə səbəb olan danışıq dili, incəsənət və kənd təsərrüfatı kimi bəzi inkişaflar üçün əsas şərt olmuşdur.”

Müəllif avstralopitekləri və avstralopiteklərin ən məşhur nümayəndəsi sayılan “Lüsi” fosilini hər nə qədər insanın təkamülünə dəlil kimi göstərsə də, bunlar elm gündəmində artıq son istifadə tarixi keçmiş iddialardır. Avstralopiteklərin və ələlxüsus da “Lüsi”nin dörd ayağı üstündə yeriyən klassik meymun nümunələri olması çoxdan aşkar edilmişdir.

Avstralopitek növlərinin hamısı hamısının beyni bugünkü şimpanzelərin beyni ilə eyni həcmdədir və ya daha kiçikdir. Əllərində və ayaqlarında bugünkü meymunlarda olduğu kimi ağaclara dırmaşmaq üçün çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün mükəmməl quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə müasir meymunlardakı kimi erkək avstralopitek dişidən daha iridir. Kəllə sümüklərindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir sıra xüsusiyyətlər bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadığını göstərən dəlillərdir.

Təkamülçülər avstralopiteklərin adi meymun anatomiyasına malik olmasına baxmayaraq, bütün digər meymunların əksinə, insanlar kimi dik yeridiklərini iddia edirlər. Lakin bir çox alim avstralopitekin skeleti üzərində çoxsaylı tədqiqat aparmış və bu iddianın əsassızlığını üzə çıxarmışdır. Böyük Britaniya və ABŞ-dan olan iki məşhur anatom Solli Sukerman və prof. Çarlz Oksnardın avstralopitek nümunələri üzərində apardıqları geniş miqyaslı tədqiqatlar bu canlıların ikiayaqlı olmadıqlarını, dövrümüzdəki meymunlarla eyni hərəkət formasına malik olduğunu göstərmişdir. Böyük Britaniyanın dəstəyi ilə təşkil olunmuş beş mütəxəssisdən ibarət tədqiqat qrupunda bu canlıların sümüklərini 15 il boyu araşdıran Sukerman, özü də təkamül fərziyyəsini mənimsəməsinə baxmayaraq, avstralopiteklərin sadəcə adi meymun növü olduğunu və qətiyyən dik yerimədiklərini müəyyən etmişdir.10 Bu mövzudakı araşdırmaları ilə məşhur olan digər təkamülçü anatom Çarlz E.Oksnard da avstralopitek skeletini dövrümüzdəki oranqutanlara bənzədir.11

Avstralopitekin insanın əcdadı olmadığı təkamülçü mənbələr tərəfindən də qəbul edilmişdir. Məşhur fransız elm jurnalı “Science et vie” hələ 1999-cu il, may sayında bu mövzunu üz qabığında dərc etmişdi. Jurnal Australopithecus afarensis növünün ən əsas fosil nümunəsi hesab edilən Lüsini “Adieu Lucy” (Əlvida, Lüsi) başlığı altında göstərərək avstralopitek növünə məxsus meymunların insanın nəsil ağacından çıxarılmalı olduğunu vurğulamışdır. StW 573 seriyalı yeni avstralopitek fosilinə əsaslanaraq yazılan məqalədə belə deyilir:

“Yeni nəzəriyyə avstralopitek cinsinin insanın mənşəyi olmadığını deyir… StW 573-ü araşdırmaq səlahiyyətinə malik olan yeganə qadın tədqiqatçının nail olduğu nəticələr insanın əcdadı ilə bağlı aktual nəzəriyyələrdən fərqli olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yerləşən insan və əcdadları hesab edilən primat cinsli iri meymunlar aradan çıxarılır… Avstralopiteklər və Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər, Homo növlərinin (insanların) əcdadlarının hələ də üzə çıxarılması gözlənilir”.12

Homo habilisHomo erectus fosilləri isə yenə də insanın təkamül ağacını dəstəkləyən yox, bu ağacı kökündən qoparıb atan fosillərdir. Bunlara qısaca nəzər salaq:

BACARIQLI “İNSAN” (Homo habilis)

İnsanın uydurma təkamül ağacında avstralopitekdən sonra gəldiyi deyilən bu fosil də bütün xüsusiyyətlərilə bir meymun növü idi. Bernard Vud, Ç.L. Breys və Riçard Liki kimi bir çox mütəxəssis bu canlının “bacarıqlı insan” deyil, “bacarıqlı (alətdən istifadə edə bilən) meymun” olduğunu söyləyiblər.13 Eynilə avstralopitek kimi, bu fosilin də uzun qollar, qısa ayaqlar, dırmaşmağa uyğun falanqaları və meymunabənzər skeleti onun, sadəcə olaraq, nəsli kəsilmiş bir meymun növü olduğunu göstərir.14 630 sm3-lik beyin həcmi bunu bir daha təsdiqləyir.15 Bundan əlavə, Fred Spur, B. Vud və Frans Zonneveld adlı üç anatomun apardıqları tədqiqat da bacarıqlı “insan”ı meymun kateqoriyasına daxil etmişdir. Bu üsul insan və meymunların daxili qulaqlarında olan və müvazinətin təmin olunmasına xidmət edən yarımdairəvi kanalların müqayisəli təhlili idi. Spur, Vud və Zonneveld gəldikləri nəticəni belə yekunlaşdırdılar:

“Daşlaşmış hominid qalıqlar arasında dövrümüzdəki insan morfologiyasını göstərən ilk növ Homo erectusdur. Əksinə, Cənubi Afrikadan gələn və avstralopitek və parantrop adlandırılan kəllə sümüyündəki yarımdairəvi kanal ölçüləri dövrümüzə qədər yaşayan iri meymunlarınkına bənzəyir”.16

DÜZYERİŞLİ İNSAN (Homo erectus)

Təkamülçülərin bacarıqlı “insan”dan müasir insana keçid forma kimi qəbul etdikləri düzyerişli insan fosilləri avstralopitek və Homo habilisdə müşahidə edilməyən dik yerimə qabiliyyəti göstərməkdədir.17 Araşdırmalar düzyerişli insanla müasir insan arasında heç bir fərq olmadığını ortaya qoymuşdur. Təkamülçülərin düzyerişli insanı “ibtidai” saymalarının səbəbi isə beyin həcminin (900-1100 sm3) müasir insanların orta beyin həcminə nisbətən daha kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da bəzi insan irqlərinin (məs., piqmeylər) beyin həcmi bu ölçüyə uyğun gəlir və başqa bir müasir irq olan aborigenlərdə də qaş çıxıntıları mövcuddur. Bütün bunlar düzyerişli insan adlanan bu fosil qalıqlarının, sadəcə olaraq, tarixən yaşamış bir insan irqi olduğunu göstərmişdir. Həmçinin düzyerişli insanların 1,8-1,6 milyon il əvvəl yaşamış olmaları da ciddi bir məntiq xətasına yol açır, çünki onlar öz “əcdad”ları sayılan bacarıqlı “insan”larla eyni dövrdə yaşamış olurlar. Bacarıqlı “insan”lar bundan 1,9-1,7 milyon il əvvəl yaşamışdırlar.

Məqalədə daha sonra isə “ət yeyərək beyni böyüyən insan” iddiasına yer verilir. Lakin bu iddiada mühüm bir hiyləyə yol verilmişdir. Çünki məsələn, bir insan həyatı boyunca böyük miqdarda ət istehlak edir, beynini daha çox kalori ilə təmin edir. Bunun nəticəsində də beyni daha sağlam ola bilər, beynini daha əhatəli şəkildə işlədə bilər, xəstəliklərdən qoruna bilər. Lakin həmin insan bu xüsusiyyətlərini öz uşaqlarına ötürməyəcək, çünki ət yeyərək əldə etdiyi bu üstünlüklər onun genetik quruluşunda heç bir dəyişiklik əmələ gətirməmişdir. Buna görə də irsiyyət qanunlarına əsasən, həyatı boyu qazandığı bu xüsusiyyətləri övladlarına, yəni gələcək nəsillərə ötürə bilməz. Bunun daha yaxşı anlaşılması üçün bu cür bir nümunə verə bilərik: bodibildinqlə məşğul olan bir atanın uşağının əzələli doğulmasını gözləmək olmaz. Bu uşağın əzələli bədənə sahib olması üçün atası kimi idmanla məşğul olması gərəkdir.

Ət yeyərək beynin inkişaf etdiyi iddiası 20-ci əsrin əvvəllərində irsiyyət qanunlarının kəşf edilməsi ilə tərk edilmiş lamarkist cərəyanın bir nümunəsidir. Təkamülçülər lamarkizmin elmi yanaşma olmadığını bildikləri halda, gözdən pərdə asmaq, mövzu barədə əhatəli məlumata sahib olmayanları təlqin yoluyla təsir altına almaq üçün bu cür təkamül hekayələrini tez-tez işlədirlər. İnsan beyninin dırnaqarası təkamülü ilə əlaqədar hekayələr də daima bu lamarkçı görüşün törəmələridir. Məsələn, iki ayaq üzərində yeriməyə başladığı zaman əlləri boş qalan və əlini işlədərək beyni inkişaf edən insanabənzərlərin hekayəsi və ya kartof yeyərək beyni inkişaf edən şimpanzenin hekayəsi də bu növdən xurafatlardır.

Nəticə olaraq, kiçikhəcmli bir beyinə sahib canlı ət yeməyə başlasa, daha sonra bişmiş ət yeməyə öyrədilsə, bununla da beyni bir az daha çox inkişaf etsə belə, o, bu xüsusiyyətini növbəti nəsillərə ötürməyəcəkdir. Beləliklə də, “getdikcə artan beyin həcmi” qətiyyən müşahidə edilməyəcəkdir. Bu elmi həqiqət “Qafqazinfo”da yazılan “ət yeyən insanın beyninin inkişafı” iddiasının qüvvəsini itirdiyini göstərir.

Həmçinin, burada gözdən qaçırılan çox açıq bir həqiqət də var: olduqca böyük bir canlı qrupu bütün həyatını ətlə qidalanaraq keçirir. Və bu canlılar milyonlarla ildir ki, müxtəlif növ ətlərlə qidalanırlar. Məsələn, ayılar, bayquşlar, ilanlar və digərləri… Lakin bu canlıların heç birinin beyni, milyonlarla ildir ki, təkamül keçirməmişdir. Heç kəs ayıların və ya bayquşların ət yediyi üçün inanılmaz dərəcədə inkişaf etmiş beyinlərə sahib olduğunu, ağılları ilə dünyaya hakim olub sənət əsərləri yaratdıqlarını, mədəniyyətlər qurduqlarını, göydələnlər inşa etdiklərini iddia edə bilməz. Bu vəziyyət ət yeyərək beynin təkamül keçirdiyi iddiası ilə ziddiyyət təşkil etmirmi? Eyni vəziyyət “bişmiş ət” üçün də qüvvədədir. Çünki genoma yeni informasiya əlavə etmək baxımından çiy ətlə bişmiş ət arasında heç bir fərq yoxdur: ikisi də əlavə etmir!

“4. Bütün bu proses harda baş verib və bu niyə vacibdir?

Tapılmış fosillər (təkamül qalıqları) və genetik faktlar göstərir ki, yaxın dönəmə qədər insanın təkamül prossesi Afrikada davam edib. Homo növünün isə daha əvvəl Afrikanın cənubunda yoxsa qərbində olması öz müəmmasını hələ də qorumaqdadır. İnsanlığın harda təkamül keçdiyini bilmək vacibdir. Çünki adaptasiya olduğu mühit bugün hal-hazırda bizdə olan quruluşun formalaşmasına səbəb olub. Hardan gəldiyimizi bilməyimiz, harda olduğumuzu anlamağımız baxımından önəmli olaraq qalır. Eyni baxımdan həm fosillərə həm də genetik tapıntılara əsasən ilk müasir insanlar 60 min il əvvəl Afrikadan çıxaraq bütün dünyaya səpələnməyə başlayıb. Genetik faktlara əsasən Afrikadan çıxmış müasir insan həm də Neandertallar və Denisovalarla calağ olub. Bugün Homo Sapiens dünyadakı tək insan növüdür və bu ancaq 30 min ildir ki, belədir.”

İlk öncə vurğulamaq lazımdır ki, insanların Afrikada dünyaya köç etməsi mülahizəsi şübhəlidir. Müəllif insanların 60 min il əvvəl Afrikadan çıxıb dünyaya səpələndiyini deyir. Lakin bu mülahizə Gürcüstandan tapılmış 1,8 milyon illik Dmanisi kəllə qutuları kimi bir sıra kəşflərlə ziddiyyət təşkil edir. Həmçinin neandertallar və denisovanlar müasir insandan ayrı kimi göstərilsə də, əslində, onlar da elə bizim kimi müasir insanlar olmuşlar. Gəlin bu nümunələri qısaca nəzərdən keçirək:

NEANDERTAL ADAMI (Homo sapiens neanderthalensis)

Bu qədim qalıqların sadəcə bir insan irqinə aid olduğu üzə çıxmışdır. Neandertallar heç bir şəkildə “ibtidai növ” deyil, əksinə, bugünkü insanlar kimi müasir insan irqi idi. Elə buna görədir ki, əvvəllər Homo neanderthalensis deyə ayrı növ kimi xarakterizə edilən bu qalıqlar sonradan Homo sapiens neanderthalensis deyə dəyişdirilib, yəni sadə bir insan irqi olduğu qəbul edilir.18

Neandertalların qısa və dar kəllələri, iri almacıq sümükləri və burunları və ən səciyyəvi cəhətləri olan başlarının arxasındakı kiçik toppuzşəkilli sümük çıxıntıları (əmgək çıxıntısı) vardı. Məşhur antropoloq Ç. Lorinq Breys Feniksdə baş tutan Amerika Antropologiya Birliyinin illik yığıncağında çıxış edərkən bir çox müasir danimarkalı və norveçlinin də eynilə bu xüsusiyyətlərə sahib olduğunu ifadə etmişdir. “Əslində, Amerika hinduları və ya avstraliyalı aborigenlərdən daha çox bugünkü avropalıların kəllələri Neandertal kəlləsinə bənzəyir”,- deyə Breys çıxışında bildirir.19 Neandertallarla bağlı bəzi mütəxəssislərin də sözlərinə yer verək. Amerikalı antropoloq, Miçiqan Universitetinin Antropologiya Muzeyinin elmi işçisi Holli Smit: “Dişlərin inkişaf formalarına əsaslanaraq apardığımız təhlillər avstralopiteklər və Homo habilisin Afrika meymunları ilə eyni kateqoriyada olduqlarını, Homo erectus və neandertalların isə insanlarla eyni kateqoriyada olduğunu göstərir”.20 Vaşinqton Universitetinin Antropologiya departamentinin professoru, neandertallar və “insanın təkamülü” mövzuları üzrə ekspert Erik Trinkaus isə deyir: “Neandertal qalıqları və müasir insan skeletləri arasında aparılan təfsilatlı müqayisələr göstərmişdir ki, neandertal anatomiyasında hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya nitq qabiliyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur”.21

DENİSOVA ADAMI (Homo sapiens denisova)

2010-cu ildə tək çeçələ barmağa aid qırıntı Rusiyanın Denisova mağarasından tapıldı. Bu qırıntının 41.000 il yaşı olduğu ölçüldü. Sadəcə bir çeçələ barmağı tapılmasına baxmayaraq, təkamülçülər çox böyük hay-küylə bu qalığı gündəmə gətirdilər və bunu “Naməlum insanabənzər!”, “Sibirdə üçüncü insan növü tapıldı” kimi mübaliğəli başlıqlarla yayımladılar. Fosilin həqiqi hekayəsi isə belədir: Çeçələ barmağından tapılan mitoxondri DNT-sini analiz edən təkamülçülər gördülər ki, bu fosilin mənşəyi “Afrikadan çıxış” tezisi ilə, yəni bütün bəşəriyyətin əcdadının afrikalı olması tezisi ilə uyuşmur. Yəni bu fosil, əslində, köhnə darvinist iddiaları təkzib edən və darvinist sxemləri alt-üst edən tapıntı idi. Lakin bu vəziyyəti ört-basdır etmək istəyən darvinistlər Denisova adamını yeni, başqa bir növ kimi qələmə verirlər. Mitoxondri DNT-sindən (mtDNT) çıxardıqları nəticə isə bu idi: Denisova adamları fərqli bir nəsildən gəlir, Afrikadan çıxıb 40.000 il öncə Asiyaya köçmüş yeni bir növdür və ətraflı təhlillərlə onun da əcdadının kim olduğu müəyyənləşdiriləcəkdir. Halbuki bütün bu metodlar və proqnozlar uydurma idi. Təkamülçülər illərlə mitoxondri DNT-sinin irsən ancaq anadan ötürüldüyünü, buna görə də, ana-nənə-ulu nənə və i.a. sırasıyla gedildiyi zaman konkret əcdada çatıla biləcəyini iddia etmiş, Denisova adamı kimi fosilləri də bu metodla incələmişlər. Lakin 1999-cu və 2002-ci illərdə aparılan tədqiqatlarla ard-arda bu metodun yanlışlığı açıq-aşkar üzə çıxmışdır.1999-cu ildə “Proceedings of the Royal Society” jurnalında yayımlanan iki ayrı məqalədə bəzən mitoxondrilərin həm də atadan gələ bildiyi sübut edilmiş22, 2002-ci ildə“New Scientist” jurnalının internet səhifəsində yayımlanmış xəbərdə bir danimarkalının 90% mitoxondrisini atadan aldığı məlum olmuşdur.23 Beləliklə, “anadan gələn mitoxondri DNT-si”nə əsaslanan bütün təkamülçü fərziyyələr qüvvəsini itirmiş oldu.

Homo erectus, neandertallar, denisova adamları – bunlar hamısı insan növünün müxtəlif dövrlərdə yaşamış müxtəlif irqləridirlər. Bunlar heç bir şəkildə insanın təkamülü ssenarisinə dəstək verən fosillər deyildir. Nəinki insanın, bütün canlıların təkamül sxemi bomboşdur. Təzə fosillər tapıldıqca sxemlər daha da boşalır. Çünki elm darvinizmin əleyhinə işləyir.

“5. Niyə alimlər meymunla insanı birləşdirən əsas hissəni hələ də tapa bilmirlər?

Çünki elə bir hissə yoxdur. Meymunlar təkamül prossesi keçsə də insan ola bilməyiblər. İnsan və meymun bir əcdaddan gəlmələrinə baxmayaraq fəqli yollara ayrılmışlar. Burada ən vacib sual, “insan və meymunların fərqli yollara ayrılmasına qədər ən son əcdadımız kim olub??” sualıdır. Təəssüflər olsun ki, bu sualın cavabını hələ də tapa bilməmişik.”

Təkamülçülər həmişə şikayət edirlər ki, onlar “insanın meymundan yarandığı”nı demirlər, “insanla meymunun ortaq əcdadı var” deyirlər. Halbuki bu iddia doğru deyil. Elə təkamül fərziyyəsinin qurucusu olan Çarlz Darvin özü insanın meymundan yarandığına inanıb. Darvin “İnsanın əmələ gəlməsi” kitabında yazır:

Simiadae (fəsiləsi) daha sonra iki böyük budağa – Yeni Dünya və Köhnə Dünya meymunlarına ayrıldı. Beləliklə də, bu ikincidən (Köhnə Dünya meymunlarından) uzun bir müddət ərzində kainatın möcüzəsi və fəxri olan insan törədi”.24

Darvinin ən coşğun tərəfdarlarından olan Fridrix Engels 1896-cı ildə məqalələrini toplayıb bir əsər buraxmışdı – “Təbiətin dialektikası” əsəri. Həmin əsərində belə bir məqalə yazır: “Meymundan insanın törəməsində əməyin rolu”.25 O, insanın meymundan yaranmasında sosioloji amilləri əsas götürürdü. Təbii ki, nə Darvinin, nə Engelsin fikirləri elmi fikirlər deyil. İnsan təkamüllə hər hansı bir heyvan növündən yaranmamışdır. İnsan Allah tərəfindən şərəfli, ali bir məxluq kimi yaradılmışdır.

O ki qaldı “insan və meymunların ortaq əcdadı” iddiasına, müəllifin də qeyd etdiyi kimi bu sualın cavabı tapılmamışdır. Müəllif “hələ tapa bilməmişik” deyərək, guya, gələcəkdə bunun kəşf ediləcəyinə eyham vurur. Lakin insanın təkamülü heç vaxt baş verməmişdir və belə bir qalıq da heç vaxt tapılmayacaq. İndiyə kimi Yer üzündən milyonlarla fosil qalığı tapılıb çıxarılıb və bunların heç biri yarımçıq, iki sinfi bir-birinə birləşdirən növlərə aid deyildir. Bütün tapılan fosillər mükəmməl, ali formalı canlılara aiddir. Eynilə tapılan insan fosilləri də.

“6. İnsan və meymunların keçdiyi təkamül prosesi sona çatıb?

Qəti olaraq cavablandıraq ki, xeyr. İnsan təkamülü davam etməkdədir. Bioloji olaraq təkamül prossesi min illərlə getdiyi üçün bizim bunu görmə şansımız yoxdur. Lakin, hal-hazırda anatomik quruluşumuzla bərabər sənət və texnologiyamızda təkamülə istiqamət verir. Digər meymun növlərində də təkamül prossesi davam edir, xüsusilə də yaşayış tərzlərinin insanların əlində müəyyən dəyişikliklərə məruz qaldığı bu dövrdə.”

Son olaraq qeyd edək ki, təkamül heç vaxt olmayıb ki, hələ bir “davam” da etsin. Təkamül tamamilə uydurma prosesdir. Təkamül prosesini həyata keçirəcək heç bir real mexanizm yoxdur. Bu gün təkamül fərziyyəsi hər nə qədər mediada bizə təsdiqini tapmış məfhum kimi göstərilsə də, əslində, bu fərziyyə dünya tarixində irəli sürülmüş ən cəfəng və ən məntiqsiz ideyadır. Böyük Britaniyanın ən məşhur və nüfuzlu alimlərindən, London Kral Cəmiyyətinin üzvü, zooloq, anatom Solli Sukerman bunu “insanın təkamülü” nağılı misalında belə izah edir:

“Obyektiv reallıq siyahısından çıxıb bioloji elm fərz edilən bu sahələrə, yəni altıncı hiss və ya insanın fosil tarixinin şərh edilməsinə daxil olduqda, (öz nəzəriyyəsinə) sadiq birisi üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, coşğun tərəfdarın bəzən eyni anda müxtəlif ziddiyyətli şeylərə inanması belə mümkündür”.26

Fransa Elmlər Akademiyasının keçmiş prezidenti, 52 cildlik nəhəng “Zoologiya üzrə traktat”ın müəllifi, məşhur fransız akademiki Pyer-Pol Qrasse isə bu gün vəzifəmizin “təkamül əfsanəsini məhv etmək” olduğunu deyir:

“Bu gün bizim vəzifəmiz gözlərimizin önündə sürətlə yayılan, sadə, anlaşıqlı və izahını tapmış məfhum kimi götürülən təkamül əfsanəsini məhv etməkdir… Aldanış bəzən şüursuzca olur, amma heç də həmişə yox. Bəzi insanlar təəssübkeşliklərindən dolayı qəsdən həqiqəti görməzdən gəlir və öz inanclarının qeyri-kafiliyini və yanlışlığını qəbul etməkdən boyun qaçırırlar”.27

Nəticə

Nəticədə, görürük ki, bir daha təkamül fərziyyəsindən xəbərsiz şəkildə qələmə alınmış materiallarla bu fərziyyə müdafiə edilməyə çalışılır. Halbuki artıq elm xalqa asanlıqla çatdırılır. Artıq hər kəs internetə daxil olaraq təkamülçülərin saxtakarlıqlarını, darvinizmin necə gülünc və cəfəng iddia olduğunu öyrənə bilir. Ona görə də kütləvi informasiya vasitələrinin təkamül fərziyyəsini müdafiə etməmələri, həqiqi elmi təbliğ etmələri məqsədəuyğundur.

İqtibaslar:

  1. Cohen, J., Relative differences: the myth of 1%, Science, 316(5833):1836, 2007
  2. Tomkins, J. and Bergman, J., Genomic monkey business—estimates of nearly identical human-chimp DNA similarity re-evaluated using omitted data, J. Creation 26(1):94–100, April 2012
  3. Tomkins, J., Comprehensive analysis of chimpanzee and human chromosomes reveals average DNA similarity of 70%, Answers Research Journal 6(1):63–69, Feb. 2013
  4. Hughes, J., və 16 digər (Devid Peyc daxil olmaqla), Chimpanzee and human Y chromosomes are remarkably divergent in structure and gene content, Nature, 463 (7280):536–539, 28 January 2010.
  5. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001, http://www.trueorigin.org/spetner2.asp
  6. Stuart B. Levy, “The Challange of Antibiotic Resistance”, Scientific American, Mart 1998, səh. 49.
  7. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001, http://www.trueorigin.org/spetner2.asp
  8. Ernst Mayr, “Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist”, New York: Dove Press, 1964, səh. 296.
  9. Lynn Margulis, quoted in Darry Madden, “UMass Scientist to Lead Debate on Evolutionary Theory,” Brattleboro (Vt.) Reformer(Feb 3, 2006)
  10. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94.
  11. Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
  12. Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, may 1999, no. 980, səh. 52-62.
  13. Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128
  14. Miller, J.M.A. (2000), “Craniofacial variation in Homo habilis: an analysis of the evidence for multiple species”,American Journal of Physical Anthropology 112(1): p. 103–128
  15. Wood, B. and Richmond, B.G., Human evolution: taxonomy and paleobiology, J. Anatomy 196:39, 2000
  16. Fred Spoor, Bernard Wood & Frans Zonneveld, “Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 iyun 1994, səh. 645.
  17. Boyce Rensberger, The Washington Post, November 19, 1984
  18. Hublin, J. J. (2009), “The origin of Neandertals”, Proceedings of the National Academy of Sciences106 (38): 16022–7.
  19. “Neanderthal Traits Extant, Group Told” The Arizona Republic (Phoenix), 20 noyabr, 1988, səh. B-5, müsahibə: Ç. Lorinq Breys.
  20. Holly Smith, “Patterns of dental development in Homo, Australopithecus, Pan, and Gorilla”, American Journal of Physical Anthropology, Vol. 94, 1994, səh. 307.
  21. Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 140; R.L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94.
  22. Fathers can be Influential too, 18 Mart 2003: http://www.nature.com/nsu/990318/990318-5.html
  23. Mitochondria can be inherited from both parents , 23 Avqust 2002:http://www.newscientist.com/news/news.jsp?id=ns99992716
  24. Darwin, C. R., 1882, The Descent of Man and Selection in relation to Sex, London John Murray, 2nd edition, p.165
  25. Məcnun Babayev, “Salam, Azərbaycan” verilişi, ANS TV, 12 fevral, 2013.
  26. Sir Solly Zuckerman, “Beyond The Ivory Tower”, Toplinger Publications, New York, 1970, səh. 19
  27. Pierre Paul Grassé, “Evolution of Living Organisms”, New York: Academic Press, 1977, səh. 8.

 

Şərh üçün bağlıdır.

axtarış