• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Vüsal Məmmədovun modern.az saytına müsahibəsindəki iddialara cavablar

20 İyun 2016-cı il tarixində modern.az saytında jurnalist Vüsal Məmmədovun müsahibəsi yayımlandı. V. Məmmədovun fəlsəfi düşüncələrinin əsas yer tutduğu bu müsahibədə elmi cəhətdən bir çox nöqsanlı məqamlara yer verilib ki, bu cavab məqaləmizdə toxunulan məsələlərin həqiqi üzünü ortaya çıxaracağıq. Öz fəlsəfi düşüncələrinə geniş yer verdikdən sonra V. Məmmədov deyir:

Mən ateistəmsə, bu, ancaq o deməkdir ki, dini təfəkkürü yox, elmi dünyagörüşünü əsas götürürəm. Həyatı, kainatı elmi təfəkkürlə dərk etməyə çalışıram. Bu zaman elmi düşüncəyə zidd olan bütün fikirləri kənara qoyuram”.

Vüsal Məmmədov: “mən ateistəmsə, elmi dünyagörüşünü əsas götürürəm”,- deyir. Bu sözləri oxuyan bir insan düşünə bilər ki, sanki ateizm elmi bir açıqlamadır. Lakin ateizm heç bir zaman elmə əsaslanmayıb. Bunu Vüsal Məmmədovun elə özünə nümunə götürdüyü ateizmin bayraqdarı Riçard  Dokinzin sözlərindən görə bilərik: “Darvin intellektual səviyyədə qane olmuş bir ateist olmağa imkan yaratdı”.1 ““Növlərin Mənşəyi” kitabından öncə ateist olmaq çox çətin idi”,- başqa bir reportajında Dokinz xüsusilə vurğulayır.2 Deməli, ateistlər Darvindən öncə heç də elmə əsaslanaraq ateist olmurdular. Darvindən sonra isə, ateistlər özlərinə uydurma bir əsas tapdılar, hansı ki, elmlə yaxından-uzaqdan heç bir əlaqəsi yox idi. Bu gün də ateistlər “elmə əsaslanırıq” deyərkən, əslində, Darvinin içi puç fantaziyalarına əsaslanırlar.

Məşhur alim, fizika üzrə Nobel mükafatı laureatı Robert Millikenin ateizmin elmi olmadığı ilə bağlı fikirlərinə nəzər salaq: “Ateizm o qədər elmdən kənardır ki, elmin ruhuna bundan da zidd olan ikinci bir anlayış təsəvvür etmək olmur”.3

Nobel mükafatçısı, iman edən alimlərdən Robert Milliken: “Ateizm o qədər elmdən kənardır ki, elmin ruhuna bundan da zidd olan ikinci bir anlayış təsəvvür etmək olmur”.

Millikenin sözlərindən də başa düşüldüyü kimi, elm, həqiqətdə, ateizmi rədd edir. Bunun əvəzinə, din və elm hər zaman bir-birilə vəhdətdədir. Tarix boyu bütün elm sahələrinin banisi və elmə istiqamət verən insanlar Allaha inanan insanlar olmuşdur. Maykl Faradey, Cozef Maksvell, Maks Plank, İohann Kepler, Lui Paster, Jorj Küvye, Qaliley, Nyuton, Eynşteyn və s. Bu siyahını böyütmək olar. Müsəlman elm adamları da, həmçinin elmin inkişafında aparıcı rolu olan insanlardır. Məsələn, Biruni Yerin cazibə qüvvəsi ilə bağlı ilk tədqiqat aparan alimdir. Əbul-Qasım Zöhrəvi tarixdə ilk dəfə hemofiliyanı açıqlayan həkimdir. Çanaq sümüyü sınıqlarını ilk dəfə müalicə edən şəxsdir. İlk dəfə yırtıq əməliyyatını həyata keçirmiş, əməliyyatlarında özünə xas anesteziya metodlarından istifadə etmişdir. Zöhrəvinin heyvan bağırsağından yaraları tikmək üçün ilk dəfə istifadə etməsi Qərb elm adamları tərəfindən mənimsənilmişdir. Bugünkü müasir steril paketlərin içindəki bağırsaq lifləri Zöhrəvidən dövrümüzə gəlib çatmışdır. Optikanın atası sayılan İbn Heysəm işığın əşyadan bizə çatdığını sübut etmişdir. Görmənin fiziki açıqlamasını ilk dəfə İbn Heysəm vermişdir. Qərbdə “Geber” adlandırılan və ən çox tanınan müsəlman alimlərindən biri olan Cabir ibn Həyyan Qərb elm dünyasında hər kəs tərəfindən kimyanın atası, banisi kimi qəbul edilir.

V.Məmmədov: “Bizdə Darvinin məsələsi ona görə çox qabardılır ki, daha çox insanın necə yaranmasının üzərində dayanırıq. Halbuki, Darvinin əsərinin adı “Növlərin mənşəyi” idi. Darvin gedib görür ki, bir adada bir quşun 3 növü yaşayır. Dənizəyaxın hissədəki populyasiya bir cür, meşənin içərisində və dağdakı populyasiyalar isə başqa cürdür. Darvin sual edirdi: “Doğurdan da bunu Allah yaradıbsa, bir ada üçün eyni növdən olan üç cür quş dizayn edib? Yoxsa, yaşam şərtləri eyni növdən başqa populyasiyaların çıxmasına səbəb olub?”

Vüsal Məmmədov özünü elmdən hali bir insan kimi göstərməyə çalışsa da, bu cəhdləri yuxarıdakı cümlələrlə suya düşmüşdür. Ona görə ki, Vüsal Məmmədov hələ də Darvinin “İnsanın əmələ gəlməsi” kitabından bixəbərdir. Ona elə gəlir ki, Darvin insanın mənşəyi mövzusunu işləməyib. Halbuki sözü gedən kitabında Darvin insanın sürünənlərdən, siçanabənzər məməlilərdən, sonra da meymunlardan necə əmələ gəldiyini bir-bir, ayrıca danışır. Təbii ki, heç bir elmi dəlilə istinad etmədən… Eyni cinsin 3 müxtəlif növünə gəldikdə isə, bu nümunə təkamülə dəlil ola bilməz. Əvvəla, Darvin vürok quşlarının 3 yox, 14 növünü müəyyən etmişdir. Sözü gedən quşlar bir-birləri ilə cütləşən, yəni eyni növün fərdləri olan variasiyalardır. Elmi müşahidələr, demək olar ki, hər təkamülçü mənbədə əfsanə kimi izah edilən “vürok dimdikləri” nümunəsinin, əslində, “variasiya” nümunəsi olduğunu, yəni təkamül nəzəriyyəsinə dəlil olmadığını göstərir. Qalapaqos adalarına “darvinist təkamülün dəlillərini tapmaq” üçün gedən və adalardakı vürok növlərini uzun illər boyu müşahidə edən Piter və Rouzmeri Qrantların məşhur elmi fəaliyyətləri adada “təkamül” baş vermədiyini sübut etməkdən başqa nəticə verməmişdir.4 Yəni eyni genetik məlumatı daşıyan , eyni növdən olan canlılardır. Çünki canlılar heç zaman ətraf mühitin şərtlərinə görə yeni xüsusiyyət qazana bilməz. Yaşam şəraiti onları dəyişdirib yeni növ əmələ gətirə bilməz. Ancaq genlərində lazımi informasiya olduğu təqdirdə, ətraf mühitə uyğunlaşa bilərlər. Ona görə də burada cavab verilməli məqam genlərin təkamül yolu ilə, hansı mexanizmlərlə ortaya çıxdığıdır. Həyat şəraiti gen əlavə etmir. Vüsal Məmmədov lamarkist bir fikir irəli sürərək yaşam şəraitinə uyğun olaraq yeni xüsusiyyətlərin qazanılmasından söhbət açır. Lamarkizm isə, onsuz da, təkamülçülər tərəfindən belə dəstəklənmir.

Məsələnin daha da qəribə tərəfi budur ki, Qalapaqos adasındakı bu quşlar Darvinə heç də Vüsal Məmmədovun dediyi qədər təsir etməmişdi. Qalapaqos səyahətində Darvin vürokları yığıb çantasına atmış, bir çoxunu yanlış etiketləmişdi. Sonradan heç “Növlərin mənşəyi”ndə də bu vüroklardan danışmamışdı. Darvin heç vürokların dimdiklərini onların qidalanması ilə də əlaqələndirməmişdi. Bunlar hamısı Qalapaqos vüroklarını bir əsr sonra araşdıran təkamülçülərin dediyi sözlər idi.5 Lakin “həvəskar naturalist” adlandıra biləcəyimiz Vüsal Məmmədov bunlardan da bixəbərdir.

Digər tərəfdən, elmi dəlillər sübut edir ki, növlər anidən, birdən-birə ortaya çıxır. Məsələn, Kembri adlandırılan dövrdə 60-dan çox tip yeni quruluş və xüsusiyyətlərilə, əcdadları olmadan ortaya çıxmışdır. Yəni nəinki 3 növ (ən kiçik taksonomik kateqoriya), hətta 60-dan çox tip (ən yüksək taksonomik kateqoriya) belə ayrı-ayrı yaradıla bilər. Vüsal Məmmədov Kembri dövrü canlılarının necə təkamül etdiyini, əcdadlarının hansı canlılar olduğunu paleontoloji dəlillərə əsaslanaraq göstərməlidir. Halbuki nə Kembri canlılarının, nə də digər heç bir canlının əcdadları və ara-keçid nümunələri yoxdur. Çünki canlılar Allah tərəfindən ayrı-ayrı yaradılıblar. Dokinz bu həqiqət haqqında belə deyir:

“… Kembri təbəqələri iri onurğasız qruplarının böyük hissəsini tapdığımız ən qədim təbəqələrdir. Və bunların çoxunun elə ilk yarandıqları vaxtda, onsuz da, təkamülün ali səviyyəsində olduğunu görürük. Sanki heç bir təkamül tarixi keçmədən elə oradaca yerləşdiriliblər. Sözsüz ki, bu birdən yerləşmə görüntüsü yaradılışçıları çox sevindirib”.6

Kembri dövrü haqqında ətraflı məlumatları buradan oxuyun.

Bu həqiqət genetika, paleontologiya, molekulyar biologiya və s. elm sahələri tərəfindən sübut olunmuşdur.

V.Məmmədov: “…Heç kim demir ki, insan meymunun çevrilməsi nəticəsində yaranıb. İnsan – insanaqədərki canlıdan yaranıb.

Vüsal Məmmədov, göründüyü kimi, olduqca primitiv informasiyalara sahib bir insandır. Həvəskar təkamülçülərdən nə eşidirsə, elə bilir ki, doğrudur. Çünki insanın meymundan yarandığını Darvin elə özü “İnsanın əmələ gəlməsi” kitabında bildirmişdir: “Simiadae (fəsiləsi) daha sonra iki böyük budağa- Yeni Dünya və Köhnə Dünya meymunlarına ayrıldı. Beləliklə də, bu ikincidən (Köhnə Dünya meymunlarından) uzun bir müddət ərzində kainatın möcüzəsi və fəxri olan insan törədi”.7

V.Məmmədov: “Bizə ən çox bunu deyirlər ki, filan göbələk 100 milyon ildir dəyişmir, filan milçək 50 milyon ildir dəyişmir. Vəssalam, bununla da deyirlər ki, Təkamül Nəzəriyyəsi çürüdüldü”.

Təkamül tarixən baş verdiyi iddia edilən bir prosesdir. Bizə canlıların tarixi haqqında məlumat vərən yeganə elmi mənbə də fosillərdir. P. Qrasse bu mövzuda belə deyir:

“Təbiətşünaslar unutmamalıdırlar ki, təkamül prosesi sadəcə fosillər vasitəsilə üzə çıxa bilər… Sadəcə paleontologiya (fosilləri öyrənən elm) təkamülə dəlil verə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər”.8

Canlıların milyonlarla ildir dəyişmədiyini göstərən əsas dəlillər fosil qalıqlarıdır. Bu həqiqət Darvin tərəfindən də qəbul edilmişdir və Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birilə əlaqələndirən saysız-hesabsız keçid növlər mütləq yaşamalıdır… Onların keçmişdə yaşadığına dair dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər”.9

siano8

Sianobakteriyalar- Yer üzündə yaşamış ilk canlılar kimi tanınır. Sianobakteriyaların 3,5 milyard illik fosilləri təkamül nəzəriyyəsinə əsl zərbədir. Çünki ilk yaranan vaxtda birbaşa fotosintez mexanizminə malikdirlər və bugünkü nümunələrindən qətiyyən fərqlənmirlər.

Gördüyünüz kimi, Vüsal Məmmədov müdafiə etdiyi fərziyyəyə bələd də deyil. Əgər canlılar Vüsal Məmmədovun dediyi kimi dəyişikliyə uğrayıbsa, onda bunu göstərən fosil qalıqları da tapılmalıdır. Necə ki, canlıların milyon illərdir dəyişmədiyini göstərən qalıqlar varsa, təkamül fərziyyəsinə əsasən, dəyişdiyini göstərən qalıqlar da olmalıdır. Belə qalıqlar 157 ildir ki, tapılmır ki, tapılmır. 3,5 milyard il əvvəl yaşayan sianobakteriyalar belə, bugünkü nümayəndələrindən fərqlənmir (“Campell Biology” kitabı). Hal-hazırda 600 milyondan çox fosil tapılmışdır ki, bunlardan heç biri ara-mövqeli deyil, yaradılışı göstərən qalıqlardır. Bütün canlılar anidən və heç bir əcdadları olmadan ortaya çıxmışdır. Harvard Universitetindən paleontoloq və məşhur təkamülçü Stiven Cey Quld bu həqiqəti 1970-ci ilin sonlarında belə qəbul edir:

“Fosilləşmiş növlərin əksərinin tarixi pilləli təkamüllə ziddiyyət təşkil edən iki fərqli xüsusiyyət ortaya qoyur:

1. Sabitlik.Əksər növlərdə dünyada mövcud olduğu  müddət ərzində heç bir dəyişiklik baş verməmişdir. Fosil qeydlərində ilk dəfə meydana gəldikləri andakı formaları nədirsə, qeydlərdən izləri silindiyi andakı formaları da o cürdür. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti yoxdur.

2. Ani şəkildə ortaya çıxma.Bir növ hər hansı lokal bölgədə əcdadlarından pilləli şəkildə dəyişikliklərə uğrayaraq mərhələ-mərhələ meydana gəlmir, bir anda və “tamamilə formalaşmış” şəkildə ortaya çıxır”.10

V.Məmmədov: “Təkamül çürüməyib, bütün olanların izahı var ki, növ nə zaman başqa növə çevrilə bilir. Məsələn, okeanın dibində, işığın düşmədiyi dərin su qatlarında yaşayan balıq növləri var ki, 100 milyon ildir ki, dəyişməyib. Çünki həyat şəraitində heç bir dəyişiklik olmayıb. Buna görə də, genlər ətraf mühitin dəyişikliyinə reaksiya vermək məcburiyyətində qalmayıb. Halbuki, həmin balığın nəsilləri, suyun daha işıqlı, planktonla daha bol hissələrinə getdikcə, onlar dəyişiliblər, yeni növlərə başlanğıc veriblər. Təkamül budur”.

Digər bir məsələni də vurğulamalıyıq ki, nəinki dənizin dibində yaşayan canlılar, heç işıq düşən yerlərdə yaşayan nektonlar belə heç bir dəyişikliyə uğramamış, yeni növlərə başlanğıc verməmişlər.Vüsal Məmmədov bir dənə də olsa hansısa balığın əcdadını nümunə göstərə bilməz. Təkamül fərziyyəsi artıq çürümüşdür. Vüsal Məmmədov nə qədər çırpınsa da, “növləri başqa növlərə çevirən”, genetik məlumata yeni məlumat əlavə edən faydalı mutasiya nümunəsi göstərə bilməz. Azərbaycanın ən tanınmış bioloqlarından, Azərbaycan dilində “Təkamül təlimi” kitabının müəlliflərindən, Bakı Dövlət Universitetinin Genetika və Təkamül Təlimi kafedrasının professoru Məcnun Babayev mutasiyaların dağıdıcı mahiyyətini belə izah edir:

“Mutasiya sıçrayışla, spontan baş verən dəyişkənlikdir… Deyək ki, hər hansı bir populyasiyada, bütün mutasiyalar hamısı birdən-birə fenotipdə təzahür etmiş olsaydı, burada həyat çox əcaib bir formada olardı. Çünki baş verən mutasiyaların əksəriyyəti, 70-80 faizi zərərlidir. Amma zərərli mutasiyalar əksər hallarda gizli formada qalırlar”.11

Faydalı mutasiyalar olmadıqca, canlı heç vaxt özünü mühitə uyğunlaşdırıb bunu gələcək nəsilə ötürə bilməz. Vüsal Məmmədov genlər ətraf mühitin dəyişikliyinə reaksiya vermək məcburiyyətində qalmayıb”,- deyərkən, görəsən, genlərin məcbur qaldığı zaman reaksiya verdiyinimi iddia edir? Bu, genetika elminin üstündən xətt çəkməkdir.

V.Məmmədov: “Təkamülü sübut edən ara növlər həddindən artıq çoxdur. Getdikcə də tapılır. Bu cür elmi araşdırmalar Qərbin nüfuzlü elmi jurnallarında dərc olunur. Bizdə onlarn heç biri oxunmur”.

Bunu bir daha vurğulayaq ki, indiyə qədər heç bir ara-keçid forma tapılmamışdır və ya iddia edilən ara-keçidlərin sonradan belə olmadığı üzə çıxarılmışdır. Ya da darvinistlər saxtakarlıq etmiş, saxtakarlıqları üzə çıxdıqda üzr istəmək məcburiyyətində qalmışlar. Məsələn, Piltdaun adamı, Nebraska adamı kimi fosillər elm dünyasında biabırçı saxtakarlıqlar kimi qarşılanır. Eləcə də, Riçard Dokinz və başqalarının insanın ən qədim əcdadı kimi iddia etdiyi İda fosilinin sonradan nəsli kəsilmiş lemur olduğu məlum olmuşdur. Bu siyahını genişləndirmək olar. Əvvəllər ara forma deyə iddia edilən bəzi fosillərin bu statuslarını itirməsi ilə bağlı həqiqətləri, hazırladığımız aşağıdakı 4 hissəli məqalələrdən oxuya bilərsiniz:

arxeo10

Bir zamanlar darvinistlərin əlində oyuncaq olmuş və “keçid forma” kimi tanıtdıqları arxeopteriks quşları bu gün artıq gündəmdən düşüb. Çünki onların normal uçucu quşlar olduğu və özlərindən milyonlarla il öncə də əsl quşların yaşadığı üzə çıxdı.

V.Məmmədov: “Göz kreatsionistlərin, anti-təkamülçülərin ən çox “ilişdiyi” məsələlərdən biridir. Onlar deyirlər ki, bu cür mürəkkəb optik sistem ilahi bir planlama olmadan necə yarana bilərdi? Birincisi, göz indiki kimi mürəkkəb şəkildə yaranmayıb. İbtidai canlıların – məsələn, infuzorların,-  bədənində işığa həssas hüceyrələr var. Bu, göz deyil, lakin işıqla qaranlığı bir-birindən ayıra bilir. Biz infuzor tərliyə baxanda gözün əcdadının nə olduğunu anlaya bilirik. Dəridə olan işığa həssas hüceyrələr gözün əcdadıdır. Bu, ən ibtidai, ən primitiv gözdür. Hər canlının öz yaşam tərzinə uyğun olaraq həmin hüceyrələr inkişaf ediblər”.

Göz elə bir mürəkkəb optik maşındır ki, həqiqətən də, təkamülçülərin iddia etdiyi kimi, qətiyyən təsadüflər nəticəsində əmələ gələ bilməz. Göz təkamülçüləri çıxılmaz vəziyyətə salan bir kompleks orqandır. Darvin də bu həqiqət qarşısında sıxıntı keçirmiş və hətta bu səbəbdən bir məktubunda: “Gözləri düşünmək çox vaxt məni nəzəriyyəmdən soyudur”,- deyə bunu etiraf etmişdir.12 “Göz haqqında düşünməyin məni büsbütün titrətməyə tutduğu vaxtları yaxşı xatırlayıram”,- o, başqa bir məktubunda narahatçılığını dilə gətirir.13

Vüsal Məmmədov infuzor-tərliklərdə işığa həssas cisimcik (stiqma) olduğundan bəhs edir. Əslində, o burada çaşqınlığa yol verib. Çünki infuzor-tərlik adlanan birhüceyrəli canlıların işığa həssas cisimciyi yoxdur. Bu cisimciyə başqa birhüceyrəli canlılar olan evqlena və xlamidomonadada rast gəlinir. Bununla belə, “görmək” tamamilə ayrı, kompleks bir hadisədir. İşığa həssas cisimcik göz deyildir. Diqqət etdinizsə, Vüsal Məmmədov kimi bütün darvinistlər gözün xəyali təkamül prosesində birhüceyrəli cisimciyindən sonrakı mərhələni izah edə bilmir və üstündən sakitcə atlayıb keçirlər. Təkamülçü alim Camal İldırım təkamül nəzəriyyəsini müdafiə etmək niyyəti ilə qələmə aldığı “Təkamül nəzəriyyəsi və fanatiklik” adlı kitabında bu həqiqəti belə qəbul edir:

“Görmək üçün çox sayda mexanizmin iş birliyinə ehtiyac var: göz və gözün daxili mexanizmləri ilə bərabər beyindəki xüsusi mərkəzlərlə göz arasındakı rabitələr də bura aiddir. Bu kompleks quruluş necə formalaşmışdır? Bioloqların fikrincə, təkamül prosesində gözün əmələ gəlməsindəki ilk addım bəzi ibtidai canlılarda dəri üzərində işığa həssas kiçik bir hissənin meydana gəlməsi ilə başlamışdır. Ancaq təbii seçmədə bu qədər kiçik inkişafın təkbaşına canlıya verdiyi üstünlük nə ola bilər? Bu cür inkişafla birlikdə beyində görmə mərkəzi ilə ona bağlı olan sinir şəbəkəsi də qurulmalıdır. Çox kompleks olan bu bir-birinə bağlı mexanizmlər qurulmadıqca “görmə” adlandırdığımız hadisənin meydana gəlməsini gözləmək olmaz. Darvin variasiyaların təsadüfən əmələ gəldiyinə inanırdı. Elə olsaydı, görmənin tələb etdiyi çox sayda variasiyanın orqanizmin müxtəlif yerlərində eyni zamanda əmələ gəlib uyğunlaşması sirli tapmacaya bənzəməzdimi?.. Halbuki görmə üçün bir-birini tamamlayan bir sıra ardıcıl dəyişikliklərə və bunların tam uyğunluqla və əlaqəli şəkildə işləməsinə ehtiyac var… Adi bir molyuskanın gözündə bizim gözümüzdə olduğu kimi tor qişa, buynuz qişa və sellüloza toxumasından olan linza var. Təkamül səviyyələri bu qədər fərqli olan bu iki növdə bir sıra ardıcıl təsadüfü tələb edən bu formalaşmanı ancaq təbii seçmə ilə necə açıqlaya bilərik? Darvinçilərin bu suala qənaətbəxş cavab verib-vermədikləri mübahisəlidir…”14

Göründüyü kimi, göz təsadüfi proseslərlə, mərhələ-mərhələ əmələ gələ bilməyəcək qədər kompleks orqandır. Əks təqdirdə, təkamül tarixinin müəyyən dövründəki “yarımçıq göz”lər elə təkamülün öz hərəkətverici qüvvəsi- təbii seçmə tərəfindən kənarlaşdırılmalıdır. Bu həqiqət qarşısında təkamülçü professor, bioloq Əli Dəmirsoy belə bir etiraf edir:

“Üçüncü bir etiraza cavab vermək olduqca çətindir. Mürəkkəb bir orqanın, faydalı olsa belə, birdən əmələ gəlməsi necə mümkün olmuşdur? Misal üçün, onurğalılardakı gözün bülluru, tor qişası, görmə siniri və görmək üçün təsirli olan digər hissələri birdən necə əmələ gəlir? Çünki təbii seçmə görmə sinirindən ayrı şəkildə tor qişa üzərində seçici ola bilməz. Büllur əmələ gəlsə belə, tor qişa olmadan məna ifadə etməz. Görmə üçün bütün strukturların birgə əmələ gətirilməsi qaçınılmazdır. Ayrı-ayrı əmələ gətirilən hissələr istifadə edilməyəcəyi üçün həm mənasız olacaq, həm də bəlkə vaxt keçdikcə aradan qalxacaqdır. Bununla belə, hamısını birdən əmələ gətirmək də təxmin edilə bilməyəcək qədər kiçik ehtimalların toplanmasını tələb edir”.15

Vüsal Məmmədov özü də təkamülçü olan Əli Dəmirsoyun cavabını bilmədiyi suallara gərək cavab versin. “Halva-halva deməklə ağız şirin olmaz”.

V.Məmmədov: “…İnsanın gözündə qəribə yanlışlıq var. İşığa həssas hüceyrələrdən çıxan sinirlər hüceyrələrin arxa tərəfində yox, üzərindədirlər. Halbuki, göz şüurlu bir dizaynın nəticəsi olsaydı, məntiqlə bu daha düzgün olardı ki, sinirlər arxa divardan çölə çıxsınlar və “kor nöqtə” də olmasın. Bu da onu göstərir ki, göz təkamülün gedişində yaranan optik biocihazdır. Sadəcə olaraq, hansısa proses düzgün getmədiyinə görə, belə alınıb. Düzdür, bunun niyə belə olmasının hələ elmi cavabı yoxdur. Amma nə zamansa olacaq”.

Bu iddia onun özünün kəşf etdiyi bir yenilik deyil. Dokinzin çoxdan iflasa uğramış saxta fikirləridir. Məşhur təkamülçü bioloq və ateizmin aparıcı müdafiəçisi olan Riçard Dokinz 1986-cı ildə yazdığı “Kor Saatsaz” adlı bir kitabında insan daxil olmaqla, bütün onurğalı canlıların gözündə yerləşən “tərs çevrilmiş tor qişa”dan bəhs edir və gözün “qüsursuz yaradılmadığı”nı, “qüsurlu təkamül etdiyi”ni müdafiə edir.

Tərs çevrilmiş tor qişa anlayışı onurğalı gözünün tor qişasındakı (retina) “fotoreseptor” (işığa həssas) hüceyrələrinin gözün ön tərəfinə, yəni işığa doğru yox, gözün arxa tərəfinə baxan formada yerləşdirilmiş olmalarını ifadə edir. Bu hüceyrələrin işığı hiss edən səthləri arxa tərəfə baxır, bu hüceyrələrdən çıxan sinirlər isə, işıqla hüceyrələr arasında bir təbəqə əmələ gətirir. Həmin sinirlər də gözün müəyyən bir nöqtəsində yığılır və oradakı bir kanaldan beyinə doğru gedirlər. Bu kanalın üzərində fotoreseptor olmadığı üçün də bu nöqtədə görüntü qəbul edilmir.

Darvinistlər bu “tərsinə çevrilmə” vəziyyətini və bunun əmələ gətirdiyi “kor nöqtə”ni (görüntü əmələ gəlməyən nöqtə) əllərində bayraq etmişlər, bunun bir xəta olduğunu irəli sürüblər, bununla da, əslində gözün təbii seçmə yoluyla ortaya çıxdığını və təkamül prosesində bunun kimi qəribəliklərin gözlənilməz olmadığını iddia etmişlər.

Bu iddiaları ortaya atan Dokinz və ona inananlar yanılırlar. Yanılmanın səbəbi Dokinzin gözün anatomiyası və fiziologiyası haqqındakı cəhalətidir.

Bu iddianın əsassızlığını hərtərəfli şəkildə gözlər önünə sərən alim darvinizmin hazırda ən tanınmış tənqidçilərindən biri olan, Otaqo Universitetindən molekulyar biologiya professoru Maykl Dentondur. Denton “Origins&Design” jurnalında yayımlanan “Tərs çevrilmiş tor qişa: xətalı adaptasiyamı, yoxsa ön-adaptasiyamı?” başlıqlı elmi məqaləsində Dokinzin “xətalı xüsusiyyət” kimi göstərdiyi tərs çevrilmiş tor qişanın, əslində, onurğalı gözü üçün mümkün olan ən səmərəli şəkildə yaradıldığından bəhs edir. Denton bunu belə xülasə edir:

“Halbuki, onurğalı tor qişasındakı fotoreseptor hüceyrələrin çox yüksək enerji tələbatlarını düşündüyümüz zaman, onurğalı gözünün qəribə tərs çevrilmiş dizaynının teleologiyaya (məqsədyönlü yaradılışa) meydan oxumadığını, əslində, ali onurğalıların olduqca aktiv fotoreseptor hüceyrələrə bol miqdarlarda oksigen və qida təmin etmək probleminə çox unikal bir həll yolunu ifadə etdiyini görərik”.16

Professor Dentonun üzərində durduğu, Dokinzin isə fərqində belə olmadığı bu həqiqəti anlamaq üçün, öncəliklə, tor qişadakı fotoreseptor hüceyrələrin nə dərəcədə yüksək enerji və oksigen ehtiyacı içində olduqlarını müəyyənləşdirmək lazımdır. Sözügedən hüceyrələr biz gözümüzü açıq saxlayıb işığı gördüyümüz müddətcə, hər saniyə, hər salisə çox kompleks kimyəvi reaksiyalar səhnələyirlər. İşığın ən kiçik zərrəcikləri olan fotonlar bu hüceyrələr tərəfindən analiz edilir. Bu analizasiya fotonun başlatdığı olduqca təfərrüatlı kimyəvi reaksiya sayəsində baş verir və hər an yenidən təkrarlanır. Bu proses o qədər detallı və sürətlidir ki, Dentonun ifadəsiylə, “fotoreseptor təbəqə məlum olan bütün toxumalar içində ən böyük metabolik sürətlərə sahibdir”.17

denton1

Vüsal Məmmədovun 2016-cı ildə səsləndirdiyi “gözdəki qüsur” iddiasına məşhur biokimyaçı Maykl Denton hələ 1999-cu ildə cavab vermişdi.

Şübhə yoxdur ki, tor qişa hüceyrələri bu yüksək metabolizmanı ayaqda saxlaya bilmək üçün çox yüksək miqdarda enerji tələb edir. İnsanın tor qişa hüceyrələrinin oksigen ehtiyacı böyrək hüceyrələrinin ehtiyacından 50% daha çox, beyin qabığı hüceyrələrinin 3 qatı və ürək əzələsini təşkil edən hüceyrələrin tələbatının 6 qatıdır. Üstəlik, bu müqayisələr tor qişa təbəqəsi bütünlüklə götürülərək hesablanmışdır; bu təbəqənin yarısından azını təşkil edən fotoreseptor hüceyrələrin enerji ehtiyacı isə ümumi təbəqənin ehtiyacından daha yüksəkdir. Q.L. Uolls “Onurğalı Gözü” adlı ensiklopedik kitabında bu hüceyrələrin qidalanmaya və oksigenə “hərisliklə” ehtiyac duyduqlarını yazır.18

Bəs görməyimizi təmin edən bu hüceyrələrin fövqəladə dərəcədə yüksək qida və oksigen ehtiyacı necə qarşılanır? Əlbəttə ki, bədənin hər yerində olduğu kimi, qan yoluyla…

Bəs qan haradan gəlir?

“Tərs çevrilmiş tor qişa”nın niyə çox mükəmməl bir yaradılış həqiqəti olduğu bax burada üzə çıxır. Gözün tor qişasının düz arxasında bu təbəqəni sanki tor kimi örtmüş, özünəməxsus damar toxuması vardır. Denton bu barədə bunları yazır:

“Fotoreseptorların ifrat metabolik iştahası üçün lazım gələn oksigen və qidalar “choriocapillaris” deyilən unikal bir kapilyar yatağı tərəfindən təmin edilir. Bu, geniş və yastılaşdırılmış kapilyardan təşkil olunmuş bir şəbəkədir ki, fotoreseptorların dərhal arxasına yerləşdirilmiş zəngin bir damar təbəqəsi əmələ gətirir. (Bu təbəqə ilə fotoreseptorlar) Arasında sadəcə tor qişa epitel hüceyrə təbəqəsi (RPE) və bir də “Brux membranı” (Bruch’s membrane) adlanan xüsusi bir pərdə vardır. Bunlar birlikdə sadəcə fotoreseptor hüceyrələrin və RPE-nin fəaliyyətində ehtiyac duyulan metabolitlərin və qida məhsullarının tor qişaya keçməsinə izn verən olduqca seçici sərhəd əmələ gətirir. Buradakı kapilyar damarların ölçüsü 18-50 mikron diametr arasında dəyişir ki, bu da standart kapilyarlarınkından çox daha geniş ölçüdür. Bu özünəməxsus qan kanalları şəbəkəsi xüsusilə fotoreseptor təbəqəni bol miqdarda qanla təmin etmək üçün adaptə olduğunu göstərən bütün nişanələri daşımaqdadır”.19

Prof. Ceyms T. Makilveyn “Görmənin Biologiyasına Giriş” adlı kitabında “fotoreseptorların böyük metabolik tələbatları səbəbilə” gözdə “xoroidi “qana bulamaq” yönündə strategiya olduğu, beləliklə də, lazımi enerji tələbində heç bir problem olmamasını təmin etdiyi”ni yazır.20

Fotoreseptor hüceyrələr də məhz bu səbəbdən “tərsinə çevrilmiş” vəziyyətdədirlər. Ortada bir “strategiya”dan söz gedir. Tor qişanın tərs çevrilmiş quruluşu Dokinzin zənn etdiyi kimi bir “qüsur” deyil, müəyyən bir məqsədə xidmət edən yaradılış dəlilidir.

Denton əlaqədar məqaləsində tor qişanın başqa cür olmasının mümkün olub-olmadığını da incələyir. Gəldiyi nəticə isə, bunun qeyri-mümkün olmasıdır. Tor qişanın Dokinzin özünə görə təklif etdiyi kimi “düz” olması, yəni fotoreseptor hüceyrələrin işığa tərəf baxmaları halında bu hüceyrələr onları qidalandırmaqla məsul olan damar təbəqəsindən uzaqlaşacaqlar və ehtiyac duyduqları qida və oksigendən böyük ölçüdə məhrum qalacaqlar. Damarların tor qişanın içinə uzadılması da “həll yolu” deyildir, çünki bu, bir çox kor nöqtə əmələ gətirərək gözün görmə qabiliyyətini böyük ölçüdə azaldacaqdır.

Denton bu şərhi verir:

“Onurğalı retinasının dizaynı nə qədər çox incələnsə, hər bir xüsusiyyətin, faktiki olaraq, vacib olduğu bir o qədər üzə çıxır. Mümkün olan ən yüksək görmə qabiliyyətinə və ən yüksək həssaslığa malik bir gözü ən başdan yenidən dizayn etməyə qalxsaq, onurğalı gözünü yenidən inşa etməklə işi başa çatdırarıq- tərs çevrilmiş tor qişasıyla birlikdə…”21

Qısası, Dokinzin və digər təkamülçülərin “gözdəki qüsur” arqumenti cahillikdən qaynaqlanan arqumentdir. Canlıların detallarının daha dərin məlumatlarla və xüsusən də, şüurla incələnməsi nəticəsində də təkzib edilmişdir. Bu mövzuda daha ətraflı məlumatı “Təkamülçülərin “gözdəki xəta” iddiasına cavab” məqaləmizdən əldə edə bilərsiz.

V.Məmmədov: “Nə zaman təkamül təlimini əvəz edən başqa bir elmi nəzəriyyə ortaya çıxsa, onu birinci mən qəbul edəcəyəm”. 

Bütün yazılanlardan göründüyü kimi təkamül təlimi elm tərəfindən dəstəklənmir. “Gözdə qüsur var”,- deyən Vüsal Məmmədov yuxarıda qeyd etdiyimiz faktları bilmir, bilirsə də, qəbul etmək istəmir. Elmə əsaslanan iddiaları qəbul etmir. Bir dənə də olsun ara-keçid forma göstərə bilməyən Vüsal Məmmədov təkamülü elm kimi qəbul edir. Çünki Vüsal Məmmədov da digər əksər materialist kumirləri kimi ateizmi ideologiya olaraq dəstəkləyir.

Məqalədə Riçard Dokinzdən tez-tez nümunə göstərməyimizin səbəbi Vüsal Məmmədovun Dokinzi özünə nümunə götürməsidir. Dokinz özü açıqlaya bilmədiyi məqamları isə Vüsal Məmmədov qeyd-şərtsiz qəbul edir. Riçard Dokinz Reddit.com saytına 14 noyabr 2010-cu il tarixində verdiyi müsahibədə “Sizin fikrinizcə, biologiyanın cavablanmamış ən vacib 3 sualı hansılardır?”- sualına cavab olaraq deyir: “Şüur nədir və necə təkamül edib? Canlı həyat cansızdan necə yarandı və ilk öz-özünü törədən molekulun, yəni ilk genin mənşəyi nədir? Niyə cinsiyyətimiz var?”.

V.Məmmədov: “Şəxsən mənim həyatıma bu mənada təsir edən Quran yox, Viktor Hüqonun “Səfillər” romanı olub. “Səfillər”dəki Monsenyor Benevünün hərəkəti mənim bütün həyatıma təsir edib”.

Vüsal Məmmədovun təsirləndiyi Viktor Hüqonun “Səfillər” əsərindəki Monsenyor Benevü yepiskopdur. Yəni dindardır, Allaha inandığı üçün bu yaxşılıqları edir. Beləliklə, Vüsal Məmmədov gözəl xüsusiyyətləri yenə də dindən öyrənmiş olur. Niyə Vüsal Məmmədov, sanki peyğəmbər kimi baxdığı Riçard Dokinzin təqdim etdiyi həyat formasından deyil, Monsenyor Benevünün obrazlaşdırdığı əxlaqdan təsirlənir? Çünki Riçard Dokinz özü belə darvinist bir cəmiyyətdə yaşamaq istəmədiyini vurğulayır. Vüsal Məmmədov darvinist cəmiyyətin qurulmasına çalışır, amma özü dindən təsirlənir.

V.Məmmədov: “Quranda təbii ki, heç bir elm yoxdur, ola da bilməz”.

Vüsal Məmmədov iddia edir ki, Quranda elm yoxdur. Təkcə bir faktı qeyd edək. “Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik” (Zariyat surəsi, 47). Doğrudur, Quranın nazil edildiyi tarixdə elm primitiv idi, amma ayənin açıq-aydın şəkildə müasir elmin gəldiyi nəticəni necə izah etdiyinə diqqət yetirin. Müasir astrofizika kainatın sabit olmadığını, daim genişləndiyini bildirir, Quranda da göylərin yaradıldığı və daim genişləndiyi qeyd edilir. Quran elm kitabı deyil, amma ateizmin əksinə olaraq elmi doğru istiqamətləndirir. Ateist-materialist düşüncə isə elmi inkişafın qarşısını kəsir. Müasir elmin inkişaf edən sahələrinin ateizmlə heç bir əlaqəsi yoxdur. Ateizmin təsir etdiyi sahələr isə inkişaf etmir.

V.Məmmədov: “Ateizmin bugünkü qeyri-rəsmi, mənəvi lideri olan Riçard Dokinz nəhəng alimdir. Bu adam dahidir. Onun genetika sahəsində araşdırmaları, yaratdığı “Mem nəzəriyyəsi” çox dərindir. Onun “Eqoist gen” əsəri fəlsəfə ilə genetikanın kəsişməsində yazılan bir kitabdır”.

Riçard Dokinzin “Eqoist gen” iddiası tamamilə məntiqsiz və absurddur. Dokinz və digər bəzi təkamülçülər genləri sanki şüur və iradə sahibi varlıqlar olaraq izah edirlər. Halbuki genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə bərkidilmiş uzun nuklein turşu mərtəbələrindən ibarətdir. Yəni uzun molekullardır. Su (H2O) və ya H2SO4 (sulfat turşusu) molekul olduğu kimi, DNT də molekuldur. “Eqoist su”, “eqoist duz” və ya “qısqanc sulfat turşusu” anlayışı nə qədər mənasızdırsa, eqoist gen anlayışı da bir o qədər mənasızdır. Təkamülçülər insanı bir maddə yığını olaraq göstərməyə çalışır və bu maddə yığınının hər hansı bir hissəsini şüurlu olaraq təqdim etmək istəyirlər. Genlərin şüurlu olduğu iddiası isə təkamül fərziyyəsinin hal-hazırkı vəziyyətini dəyərləndirmək baxımından çox ibrətamizdir. Qədimdə taxtadan və ya daşdan hazırlanmış bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstliyin yerini müasir dövrdə molekullarda və bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu iddia edən darvinizm əvəz etmişdir. Yəni darvinizm nəzəriyyə funksiyasını yerinə yetirmir, çünki paqan dininə çevrilmişdir.

Əgər təkamül fərziyyəsi doğrudursa, onda Vüsal Məmmədov, məsələn, sürünənə qanad informasiyası əlavə edən mutasiya nümunəsi çəksin. Məsələn, desin ki, filan nömrəli mutasiyaya əsasən sürünən genlərində xəta baş verir, bu xəta nəticəsində sürünənə yeni gen əlavə edilir, bu gen çoxalma hüceyrələrinə yazılır və növbəti nəsillərdə üzə çıxır. Genomdakı informasiyanı artıra bilən hər hansı mutasiya nümunəsi verə bilərmi? Riçard Dokinzdən bunu soruşurlar, cavab verə bilmir. Bilirsiz niyə cavab verə bilmir? Çünki təbiətdə belə bir mexanizm yoxdur. Çünki canlılara yeni gen əlavə edilmir, canlı hansı genlə yaranıbsa, elə həmin genlə də ölür. Ən yaxşı halda genlərində dəyişiklik olur ki, bu da canlı üçün fəsadlara- genetik xəstəliklərə gətirib çıxarır. Bu da təkamül mexanizminin işləmədiyini göstərir. Milyonlarla canlı fosili var, bu fosillərdə heç bir dəyişiklik olmayıb. Milyonlarla canlı heç bir dəyişiklik keçirmədən dövrümüzə qədər gəlib çıxıb. Deməli, təkamül baş verməyib, bütün canlıları Allah yaradıb.

qonsales

Darvinist ehkamın qurbanlarından biri- məşhur astronom Qilyermo Qonsales. O, sırf Yaradıcının varlığından bəhs etdiyinə görə bütün karyerasının üstündən xətt çəkildi.

V.Məmmədov: Elm ehkamdan çox uzaqdır.

Vüsal Məmmədov elmin ehkamdan kənar olduğunu deyir. Əgər “elm-elm” deyən darvinistlər ehkamdan uzaqdırlarsa, niyə bu fərziyyəni təkzib edənləri işdən uzaqlaşdırırlar? Məsələn, məşhur astronom, yaşayışa əlverişli qalaktik zonaları kəşf edən Qilyermo Qonsales məhz darvinizmə inanmadığı üçün, yaradılışı qəbul etdiyi üçün işdən uzaqlaşdırılıb. Elm ehkamdan uzaq deyil, çünki bu gün materializm elmi istiqamətləndirir. Bunu Riçard Levontin belə etiraf edir:

“… Bizim materializmə bir bağlılığımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist izahlar verməyə nə cürsə vadar edən şey elmi metodlar və qaydalar deyildir. Əksinə, materializmə olan “a priori” bağlılığımız bizi materialist izahlar törədən araşdırma üsulları və bir sıra anlayışlar yaratmağa məcbur edir… Həm də ki, materializm mütləq doğru olduğuna görə, İlahi Qədəmlərin qapıdan içəri girməsinə icazə verə bilmərik”.22

Vüsal Məmmədov da eyni xətanı təkrarlayır. Əvvəlcədən öz doğrusunu qəbul edir, sonra bütün dünyaya bu eynəkdən baxır. Halbuki reallıqlar bundan tamamilə fərqlidir. Elmi faktlar bir Yaradıcının varlığını, kainatda gedən bütün proseslərə, bütün canlı aləmə hakimiyyətini göstərir.

Nəticə

Vüsal Məmmədovun “təkamül nəzəriyyəsinə dəlil” hesab etdiyi bütün arqumentlər onillər öncə çap olunan yüzlərlə alimin minlərlə elmi kitabında təkzib edilmiş fərziyyələrdir, hansı ki, Təkamülçülərə Cavab saytında bu iddiaların hamısının təkzibləri yayımlanmışdır. Təkamülçülərə Cavab saytına daxil olan bir oxucu, artıq Vüsal Məmmədovun çıxışlarının necə səthi, primitiv biologiya anlayışından qaynaqlandığını dərhal biləcək. Ona görə də elmi məlumatların belə geniş yayıldığı, asanlıqla, bir kliklə hər kəsə çata bildiyi bir vaxtda darvinist təbliğat aparmaq çox çətindir.

 

Mənbələr:

  1. Richard Dawkins, The Blind Watchmaker (New York and London: W. W. Norton, 1987), səh. 6
  2. Richard Dawkins: You Ask The Questions Special, The Independent, 04 December 2006, http://www.independent.co.uk/news/people/profiles/richard-dawkins-you-ask-the-questions-special-427003.html
  3. Millikan, R., Evolution Science and Religion, Yale University Press, New Haven CT, 1927, səh. 88
  4. H. Lisle Gibbs and Peter R. Grant, “Oscillating selection on Darwin’s finches”, Nature, 327, 1987, s. 513; Geniş məlumat üçün baxın: Jonathan Wells, Icons of Evolution, 2000, s. 159-175.
  5. Ətraflı məlumat üçün baxın: Yalçın İslamzadənin “Təkamül nəzəriyyəsi sübut olunub” başlıqlı müsahibəsinə cavab
  6. Richard Dawkins, The Blind Watchmaker, London: W. W. Norton 1986, s. 229.
  7. Darwin, C. R., 1882, The Descent of Man and Selection in relation to Sex, London John Murray, 2nd edition, səh. 165.
  8. Pierre Grassé, Evolution of Living Organisms. New York, Academic Press, 1977, s. 82.
  9. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179.
  10. S. J. Gould,”Evolution’s Erratic Pace”, Natural History, vol. 86, May 1977.
  11. Məcnun Babayevin Modern.az saytına verdiyi müsahibə, 16 Fevral 2016; Aqşin Kərimov, “Darvinist alim: “Bizim əcdadlarımız darburun meymunlardır””, Modern.az, 16 Fevral 2016
  12. Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Boston: Gambit, 1971, səh. 101
  13. Ç. Darvinin dostu Eysa Qreyə 3 aprel, 1860-cı il tarixli məktubundan.
  14. Cemal Yıldırım, Evrim Kuramı ve Bağnazlık, Bilgi Yayın Evi, yanvar 1989, səh. 58-59
  15. Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayıncılık, Ankara, 1995, 7-ci nəşr, səh. 475
  16. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  17. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  18. Walls, G.L. (1963). The Vertebrate Eye . New York: Hafner Publishing Company; səh. 652
  19. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  20. McIlwain, T.J. (1996). “An Introduction to the Biology of Vision”, Cambridge: Cambridge University Press, səh. 14
  21. Michael Denton, “The Inverted Retina: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2, Issue 37, 1999
  22. Richard Lewontin, “Billions and billions of demons”, The New York Review, səh. 31, 9 January 1997

Şərh üçün bağlıdır.

axtarış