• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Darvin elmə “təsadüf” inancını gətirdi

Nəzəriyyələri və ixtiraları ilə tanınmış ən məşhur elm xadimlərindən bir neçəsini xatırlayaq: Qaliley, Nyuton, Eynşteyn, Kelvin, Tesla… Siyahı hələ çox uzadıla bilər. Bu unudulmaz şəxsiyyətlərin elmə verdikləri töhfələrdən başqa daha bir ortaq cəhətləri var idi: hamısı xüsusi yaradılışa inanırdı. Bu o mənaya gəlir ki, kainatın və bütün canlıların üstün gücə və sonsuz ağıla sahib Allah tərəfindən yaradılması həqiqəti daima elmin mərkəz mövqelərindən birini təşkil etmişdir.

Ta ki 19-cu əsrin ortalarına qədər… Elmlə dinin danılmaz bir vəhdət təşkil etdiyi bu dövrlərdə Çarlz Darvin adlı ingiltərəli bir həvəskar bioloq “Növlərin Mənşəyi” adlı kitabını yayımladı. Kitabında canlıların necə təbii proseslərlə, spontan, yəni öz-özünə yarandıqları, ilk həyatın da palçıqlı sularda əmələ gəldiyi “inandırıcı” surətdə təsvir edilirdi. Bu fantaziyalara Darvinin çağdaşları- Qreqor Mendel, Riçard Ouen, Lui Paster kimi nüfuzlu alimlər, təbii ki, ciddi yanaşmadılar. Amma bu xəyal məhsulu ideyalara ciddi yanaşanlar da az deyildi; Karl Marks, Fridrix Engels kimi materialistlər dərhal Darvinin nəzəriyyəsini mənimsədilər, çünki mövcudluğu maddənin mütləqliyi ilə izah etməyə çalışan materialistlərin beynindəki “bəs həyat necə yarandı?” sualı nə cürsə cavablanmışdı… Materialist cərəyanın Darvindən etibarən geniş vüsət alması da, bu səbəbdən, heç də təəccüblü deyildi.

Yaxşı bəs öz nəzəriyyəsini elmi pərdə altında mahirliklə gizlədən Darvin həyatın “hərəkətverici qüvvəsi” olaraq nəyi görürdü? Bax bunu yaxından araşdırdığımız zaman təkamül fərziyyəsinin, əslində, “təsadüf” anlayışını ilahlaşdıran bütpərəst bir inancdan başqa bir şey olmadığını dərhal görürük. Darvinin canlıları formalaşdıran amil kimi istinad etdiyi təbii proseslər quraqlıq və ya buzlaşma dövrləri, yağışların çoxalması, ildırım çaxması, qitələrin yerdəyişməsi, ətraf mühitin qeyri-sabit olması və s. kimi  kortəbii proseslər idi. Darvin özü də öz inancının necə məntiqsiz və ziddiyyətli olduğunu anlamışdı, lakin materialist olması ondan “təsadüf”ə sitayiş etməyi tələb edirdi:

“Bütünlüklə ümidsiz bir qarışıqlığın içində olduğumun fərqindəyəm. Gördüyümüz dünyanın təsadüfün nəticəsi olduğunu düşünə bilmirəm. Amma yenə də hər ayrıca hissəyə Dizaynın nəticəsi kimi də baxa bilmirəm”.1

Darvindən sonra elm bir çox yeniliklərlə üzləşdi. Bu yeniliklərdən ən əsası, şübhəsiz, genetika elminin kəşfi idi ki, ətraf mühitin canlı orqanizmdə irsi dəyişikliyə yol aça bilməyəciyini göstərdi. O dövrə qədər inanılırdı ki, irsiyyət qan yoluyla ötürülür. Halbuki avstriyalı botanik Qreqor Mendel öz genetika qanunlarını irəli sürdükdən sonra məlum oldu ki, bütün canlı növlər müəyyən bir genetik irsə sahibdirlər və bu irsin sərhədləri daxilində çoxalıb-törəyirlər. Ətraf mühit canlını müəyyən qədər dəyişsə belə, bu dəyişiklik gələcək nəsillərə ötürülə bilməz, çünki genetik informasiya sabitdir. Gözlənilən o idi ki, təkamülçülər də bu kəşflə bərabər öz cəfəng iddialarından dönsünlər və elmin həqiqətlərilə üzləşsinlər. Lakin vəziyyət heç də belə olmadı…

Darvinin varisləri yepyeni bir “təsadüf” məntiqi ilə ortaya çıxdılar. Belə ki, genetik məlumatların da radiasiya və ya kimyəvi yolla təsadüfi dəyişikliklərə məruz qaldığını, bununla da, yeni canlı orqanizmlərin təsadüfi yollarla, kortəbii surətdə ortaya çıxacağı ideyasına əl atdılar. “Mutasiya” adı verilən bu təsadüfi genetik dəyişiklikləri sanki “yaradıcı qüvvə” kimi qəbul edən darvinist cəmiyyətin bu yeni və daha absurd məntiqi də çox keçmədən qüvvəsini itirdi. Belə ki, sehrli qüvvə kimi sığındıqları mutasiya anlayışı, əslində, canlıların sabit genetik informasiyasını pozaraq onları şikəst, anormal məxluqlara çevirən bir proses idi. Elə ən sadə bir misal olaraq, mutasiyaların normal hüceyrələri xərçəng hüceyrələrinə çevirməsini göstərə bilərik.

Burada bir haşiyə ayırıb təsadüf məntiqini aydınlaşdıraq. “Təsadüf” anlayışını ən yaxşı izah edən sahə, təbii ki, ehtimal nəzəriyyəsi olacaq. Ehtimal nəzəriyyəsi, əsasən, müəyyən bir hadisənin gerçəkləşmə ehtimalını araşdırmaqla məşğul olur. Bir çox molekulyar bioloq və riyaziyyatçı da bu sahəni həyatın mənşəyinə tətbiq etmiş və təsadüf bütünü qıracaq nəticələrə varmışlar. Belə ki, həyatın ən əsas mövcudluq şərtlərindən olan zülal molekullarının təbiətdə təsadüfən, öz-özünə əmələ gəlmə ehtimalının tam olaraq “0”-a bərabər olduğunu öyrənmişlər. Bir zülalı həyatın vahidinə çevirən 3 amili- aminturşu növü, aminturşu ardıcıllığı və peptid rabitəsini nəzərə aldığımız zaman, 500 aminturşudan ibarət ortaölçülü bir zülal üçün təsadüfən yaranma ehtimalı 1/10950 kimi fantastik bir ədəd hasil edir. 10950 ədədi 10-un yanına 950 dənə sıfır yazmaqla əldə edilən astronomik bir rəqəmdir. Bu rəqəmin nəhəngliyini az da olsa qavramaq üçün Sahara səhrasındakı qum dənələrinin sayının təxminən 1028-ə bərabər olduğunu, kainatdakı bütün atomların sayının 1078-ə bərabər olduğunu bilmək kifayət edər. Başqa bir misal versək, 10950-də 1 ehtimal havaya atılmış 3160 qəpiyin hamısının eyni üzünün düşməsi deməkdir.2 Bunu da qeyd etmək yerinə düşər ki, amerikalı riyaziyyatçı Uilyam Dembskinin hesablamalarına əsasən, 1/10150 ehtimalından kiçik ehtimaldakı hadisələrin gerçəkləşməsi praktiki olaraq mümkün deyildir.3

tesaduf-qepik

500 aminturşudan ibarət ortaölçülü bir zülalın təsadüfən yaranması ehtimalı havaya atılmış 3160 qəpiyin hamısının eyni üzünün düşməsi deməkdir, yəni qeyri-mümkün hadisədir.

Burada qısaca izah etdiyimiz təsadüf məntiqi daha da detallandırıla bilər, gəlinən nəticə budur ki, nəinki həyatın, həyatın ən kiçik vahidi sayılan bir zülalın belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Elə burda beynimizdə bir sual yarana bilər: minlərlə elm xadimini həyatın təsadüfən yaranması kimi elmdənkənar bir iddiaya inanmağa vadar edən nədir? Sualın cavabını məşhur astronom və riyaziyyatçı Fred Hoyl belə verir:

“Əslində, həyatın bir ağıl tərəfindən yaradıldığı o qədər açıqdır ki, insan bu həqiqətin niyə geniş surətdə qəbul edilmədiyinə təəccüblənir. Bunun səbəbi elmi yox, psixolojidir”.4

Fred Hoylun bu etirafındakı vəziyyəti, sözün əsl mənasında, büruzə verən məşhur təkamülçü alim Riçard Levontinin aşağıdakı sözləri bu cəhətdən olduqca maraqlıdır:

“…Bizim materializmə bir bağlılığımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist izahlar verməyə nə cürsə vadar edən şey elmi metodlar və qaydalar deyildir. Əksinə, materializmə olan “a priori” bağlılığımız bizi materialist izahlar törədən araşdırma üsulları və bir sıra anlayışlar yaratmağa məcbur edir… Həm də ki, materializm mütləq doğru olduğuna görə, İlahi açıqlamanın səhnəyə çıxmasına icazə verə bilmərik”.5

Göründüyü kimi, təkamülçülərin öz nəzəriyyələrini xilas etmək üçün ən ağlasığmaz fikirlərə əl atmaqlarının yeganə səbəbi vardır: “materializmə olan bağlılıq”! Belə olduğu halda, ortada elmdən yana heç bir şey qalmır və elm ideoloji olaraq qəbul edilmiş ehkamların mühasirəsinə alınır. Bu acınacaqlı vəziyyət özünü təsadüf kimi bir anlayışın bütləşdirilməsində göstərir. Fransa Elmlər Akademiyasının prezidenti olmuş Pyer-Pol Qrasse sözü gedən məsələni belə açıqlayır:

“Təsadüf ateizm pərdəsi altında adı çəkilməyən, lakin gizlicə sitayiş edilən bir növ ilahi qüvvəyə çevrilmişdir”.6

Bəli, Qrassenin sözləri hal-hazırda təkamül nəzəriyyəsini müdafiə edənlərin içində olduğu vəziyyəti çox yaxşı izah edir. Canlıların təsadüfən əmələ gəldiyinə inananların totemlərə sitayiş edən qəbilə üzvlərindən və ya Günəşə sitayiş edən bütpərəstlərdən heç bir fərqləri yoxdur. Hamısı heç bir yaradıcı gücü olmayan varlıqlara güc isnad edir və əsl yaradıcı olan Allahın qüdrətini təqdir edə bilmirlər.

Bunu da qeyd etmək yerinə düşər ki, bütün cəhdlərinə baxmayaraq son illərdə darvinistlərin bu istiqamətdəki bütün fəaliyyətləri öz təsirini itirməkdədir. Keçən əsrin sonlarından elm dünyasında öz sözlərini deməyə başlayan və sayları sürətlə artan bir qrup elm adamı “Ağıllı Dizayn” adlanan yeni və həyatın mənşəyinə dair alternativ bir nəzəriyyəni irəli sürmüşlər. Ağıllı dizayn nəzəriyyəsi canlılığın başlanğıcının yalnız yaradıcı, ağıl sahibi bir qüvvə ilə mümkün ola biləcəyini deyir və buna dair əsaslı sübutlar irəli sürür. “Kitabın müəllifi kitabdan daha ağıllıdır”,- deyən yaradılışçılar canlı həyatda gördüyümüz mürəkkəbliyin yeganə qaynağının Yaradıcı qüvvə olduğu fikrini əsaslandırırlar. Son illərdə genetika, paleontologiya, müqayisəli anatomiya, astronomiya kimi bir çox elm sahəsində əldə olunan nailiyyətlər yaradılışçıların arqumentlərini daha da möhkəmləndirmişdir.

Necə ki, bir zamanlar elm dünyası geosentrik sistemə, yəni bütün göy cisimlərinin Dünya ətrafında fırlanmasına inanmış, sonradan isə bu fərziyyə təkzib edilmişdirsə, bu gün də canlı aləmin Darvinin və davamçılarının iddia etdiyi kimi təsadüfən əmələ gəlməsi fikri süquta uğramışdır.

 

Mövzu ilə əlaqədar videolarımız:

Mövzu ilə əlaqədar digər məqalələrimiz:

 

Mənbələr:

  1. Francis Darwin, “The Life and Letters of Charles Darwin”, II cild, səh. 146
  2. Hesablamalar üçün baxın: Dominic Statham, “Hawking claims that life can form by chance”, 13 Oktyabr 2010
  3. William A. Dembski (2004), ”The Design Revolution: Answering the Toughest Questions About Intelligent Design”
  4. Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York: Simon & Schuster, 1984, səh. 130
  5. Richard Lewontin, “Billions and billions of demons”, The New York Review, səh. 31, 9 Yanvar 1997
  6. Pierre Paul Grassé, Evolution of Living Organisms, New York, Academic Press, 1977, səh. 107

Şərh üçün bağlıdır.

axtarış