• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“Bizim Yol” qəzetindəki “İnsan yadplanetlidən əmələ gəlib” başlıqlı iddiaya cavab

Təkamülçülər hər zaman cavab tapa bilmədikləri bütün suallar qarşısında öz təxəyyül güclərini işə salırlar. Artıq 150 ildən çoxdur ki, müxtəlif ssenarilər, rəvayətlər, absurd fikirlərlə heç bir elmi dayağı olmayan fərziyyələrini ayaq üstə saxlamağa çalışırlar. İnsanın mənşəyi də təkamülü dəstəkləyən insanların əsla cavab tapa bilmədikləri mövzulardan biridir. Əvvəlcə, 22 aprel 2018-ci il tarixində publika.az saytında, sonradan 24 aprel 2018-ci il tarixində “Bizim Yol” qəzetində çıxan “İnsan yadplanetlidən əmələ gəlib…” başlıqlı xəbər yuxarıda yazılanları bir daha təsdiq edir.

İlk öncə, onu qeyd etmək lazımdır ki, başdan sona oxuduğumuz zaman, xəbərin heç bir paleontoloji tapıntı və ya elmi kəşfə əsaslanmadığı, sadəcə fərziyyəvi fikirlər üzərində qurulduğu məlum olur. Xəbərdə insanların yadplanetlilərdən törədikləri iddia olunur. “Yadplanetli kişilər”in yer üzünə gəlmələri və buradakı 4 ayaqlı dişi meymunları insanlaşdırmaları… Bir- biri ilə ziddiyyət təşkil edən və absurd fikirlərlə dolu iddiaların, əslində, nə qədər əsassız olduğunu gəlin aydınlaşdıraq.

Xəbərin hələ başlığında səmavi dinlərdə “qadınların kişinin qabırğasından yarandığı” kimi yanlış bir iddia ortaya atılmışdır. Halbuki Allah sonuncu haqq və təhrifə uğramamış kitab olan Qurani-Kərimdə hər iki cinsiyyətin tək bir nəfsdən yaradıldığı çox açıq və aşkar şəkildə bildirilir:

Ey insanlar, sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yayan Rəbbinizdən qorxun. (Nisa surəsi, 1)

Ayədə keçən “ondan” (ər. minha) sözü ilk yaradılışdakı nəfsi vurğulayır. Ayədəki “tək bir nəfs” (ər. nəfsi-vahidə) ifadəsində hansısa bir cinsiyyətdən bəhs edilmir. Ənənəvi düşüncədə hər nə qədər “tək bir nəfs” ifadəsi “Adəm” kimi tərcümə edilsə də, burada hər hansı ad keçmir, bununla da, belə bir fikir yaranmasına mane olunur. Hz. Adəm necə yaradılmışdırsa, həyat yoldaşı da eyni şəkildə yaradılmışdır. İkisinin də yaradıldığı mənbə eynidir.

Bəli, qadının kişinin qabırğa sümüyündən yaranması “Bizim Yol” qəzetində bildirildiyi kimi rəvayətdir, ancaq bunun haqq dinlə heç bir əlaqəsi yoxdur. Eləcə də, qadınların yadplanetli kişilər tərəfindən yarandığı iddiası da rəvayətdən başqa bir şey deyil.

Dördayaqlıdan ikiayaqlıya təkamül qeyri-mümkündür

Digər tərəfdən, xəbərdə mağarada tapılmış sümüklərə əsasən “ibtidai qadınların dörd ayaqlı” olduğu iddia edilir. Halbuki xəbərdə yenə sadəcə fikir irəli sürülsə də, heç bir dəqiq mənbə və paleontoloji dəlil qeyd olunmayıb. Əslində, olunmaması heç də təəccüblü hal deyil, çünki əldə olunan bütün antropoloji qalıqlar insanların heç bir zaman dördayaqlı olmadıqlarını göstərir. “New Scientist“Science kimi nüfuzlu elmi jurnallarda fəaliyyət göstərmiş antropoloq, təkamülçü yazıçı Rocer Levin insanın dördayaqlı canlıdan törəməsinin nəzəri cəhətdən də qeyri-mümkün olduğunu belə etiraf edir:

“Fiziki cəhətdən baxdıqda, insanın təkamülü ilə əlaqədar hər hansı bir nəzəriyyə güclü çənələr və uzun, xəncərvari köpək dişlərlə təchiz edilmiş, dörd ayağı üzərində sürətlə qaça bilən meymunabənzər əcdadın ləng, ikiayaqlı və təbii müdafiə yolları ən zəif olan bir heyvana necə çevrildiyini izah etməlidir. Bundan əlavə, Hakslinin də ifadə etdiyi kimi, bizim “sanki bir dağın zirvəsinə yüksəlməmizi” təmin edən ağıl, nitq və əxlaq – bax bunlarla birgə təkamül nəzəriyyəsinə bütünlüklə meydan oxumaq olar”.1

Yadplanetlilərlə bağlı fantastik iddialar

“Bizim Yol” qəzeti bu cür davam edir: “Sual yarana bilər ki, bəs yadplanetlilərin öz dünyasında qadın yox idi? Alimlər güman edirlər ki, bu kişilər öz dünyasından qovulmuş canilər, üsyankarlar ola bilərdi. Ya da Yer Kürəsinə enməyə məcbur olmuşdular. Yaxud elmi təcrübə aparırdılar. Yəni hansısa səbəbdən öz planetlərinə qayıda bilmədikləri üçün burada qadına ehtiyacları varmış”.

Bu sətirləri oxuyarkən insanın ağlında fantastik filmlərin ssenariləri canlanır. Halbuki bunun, əslində, fantastik film ssenarisi deyil, “alimlər”in fərziyyələri olduğunu düşünəndə, belə bir əsassız, gülünc və elmdən kənar bir iddianı ancaq darvinist düşüncəli “alimlər”in ortaya ata biləcəklərinə yəqinlik artır.

Xəbərin növbəti sətirləri belə davam edir: “Hər halda yadplanetlilər həmin zamanda gen texnologiyasına malik idilər, ona görə də dişi meymunu dörd ayaqdan ikiyə qaldıra bilmişdilər. Ümumiyyətlə, qədim insanların məişətə, tibbə, təbiətə aid bir çox şeyləri gəlmələrdən öyrəndiyi məlumdur”.

Çox böyük yəqinliklə yadplanetlilərin həmin dövrdə gen texnologiyasına sahib olduğunu iddia edən məqalədə mövcudluqları elmə məlum olmayan bu varlıqların həmin texnologiyanı necə əldə etmələri və ya onlara necə sahib olmalarına dair tək bir dəlil və ya mənbə qeyd olunmayıb.

Qədimdə yaşayan insanların ali texnologiyası

Xəbərin irəliləyən sətirlərində isə maraqlı bir mövzuya toxunulur: “Məsələn, qədim insanlar tunc dövründə demək olar ki, dünyanın hər bir guşəsində eyni anda tuncdan alətlər düzəltmişdilər. Rabitənin, okeanları üzüb-keçəcək nəqliyyatın olmadığı bir dönəmdə dünyanın bu başındakı insan o bir ucundakının nə düzəltdiyini, hazırladığını haradan bilirdi? Kim bu yeni qabiliyyətləri dünyanın hər tərəfinə yayırdı?

İlk öncə, onu qeyd etmək lazımdır ki, əksər insanlar tərəfindən “Tunc dövrü” ibtidai insanların yaşadığı dövr kimi tanınır və ondan sonra “Dəmir dövrü” gəlir ki, bu dövrdə insanların artıq daha təkmil olduğu iddia edilir. Guya, istər fiziki olaraq, istərsə də əqli inkişaf bu istiqamətdə baş verib. Halbuki bu, tamamilə yanlış bir məlumatdır. Çünki əslində, tunc dəmirdən daha mürəkkəb xəlitədir. Mis, qalay, stibium, arsen kimi metalların qarışığından ibarət bu materialı əldə etmək üçün içərisindəki metalları xüsusi ərimə temperaturuna qədər əridəcək məlumat və texnologiyaya sahib olmaq lazımdır. Bu da həmin dövrdə yaşayan insanların heç də ibtidai olmadıqlarının, kifayət qədər texniki bilgilərə və bacarıqlara sahib olduqlarının bir başqa sübutudur.

Dünyanın fərqli yerlərində yaşayan insanlar əgər belə bir inkişaf səviyyəsinə sahibdirlərsə, necə ola bilər ki, başqa ərazilərdə yaşayan insanlarla əlaqə qurmağı bacarmasınlar? Hətta fərz etsək ki, bu insanların bir-birindən xəbərləri olmayıb, bu halda belə özlərinə lazım olan texnoloji imkanları yaradacaq qabiliyyətlərə sahib olmuşlar. 100 min illik neandertallar haqqında bu mövzuda Sent-Luis Vaşinqton Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır:

“Neandertal qalıqları və müasir insan skeletləri arasında aparılan təfsilatlı müqayisələr göstərmişdir ki, neandertal anatomiyasında hərəkət, alət istifadəsi, zəka səviyyəsi və ya nitq qabiliyyətlərində müasir insanlardan aşağı sayıla biləcək heç bir şey yoxdur”.2

Təkamülçülərin daha ibtidai insan adlandırdıqları Homo erectus-lara məxsus 700 min illik qalıqlarda isə onların gəmiçiliklə məşğul olduqları, dənizçilik mədəniyyətinə sahib olduqları3 aydın olur ki, bu da xəbərdə qeyd olunan sualın cavabıdır: “Rabitənin, okeanları üzüb-keçəcək nəqliyyatın olmadığı bir dönəmdə dünyanın bu başındakı insan o bir ucundakının nə düzəltdiyini, hazırladığını haradan bilirdi?” – deyə qeyd olunsa da, əlimizdəki paleontoloji dəlillər onu deməyə əsas verir ki, ibtidai olduğu iddia edilən dövrdə yaşayan insanlar, əslində, heç də ibtidai olmayıblar. Neandertallar, erectus-lar, sapiens-lər olaraq adlandırılan və sanki bir- birindən fərqli növlər kimi qələmə verilənlər, əslində, eyni növün, yəni insan növünün fərqli irqləridirlər.

Yadplanetli tezisindəki məntiqsizlik

Dünyadan kənar varlıqların yer üzündə həyatı əmələ gətirdiyi tezisi, göründüyü kimi, heç bir elmi təmələ əsaslanmır. Bu tezisi təsdiq edən və ya dəstəkləyən heç bir tapıntı yoxdur. Ancaq bu tezisi ortaya atan elm adamları belə bir axtarışa başlayarkən, əslində, mühüm bir həqiqəti gördükləri üçün başlamışlar.

Bu həqiqət – yer üzündə həyatın başlanğıcını təsadüflərdə axtaran nəzəriyyənin müdafiə edilməsinin mənasız olmasıdır. Canlı formalarda və hüceyrədəki mürəkkəbliyin ancaq şüurlu yaratmanın əsəri olduğu başa düşülür. Belə ki, həyatın mənşəyini kosmosdakı şüurda axtaran aparıcı alimlərin ixtisaslaşma sahələrinin də təsadüf məntiqini inkar etməsi bizə bu haqda ipucu verir. Bu cür elm adamlarından Fred Hoyl – astronom və bioriyaziyyatçı, Nobel mükafatı almış Frensis Krik – molekulyar bioloqdur. F.Hoyl sözü gedən mövzunu belə vurğulayır:

“Faktları sağlam düşüncə ilə dəyərləndirdikdə görürük ki, üstün bir ağıl fizikaya, həmçinin kimya və biologiyaya müdaxilə edib. Təbiətdə isə danışılmağa dəyər kortəbii qüvvələr yoxdur”.4

Burada bir cəhət də var: həyatın mənşəyini kosmosda axtaran alimlər həyatın başlanğıcı mövzusuna yeni şərh gətirmirlər. Məlumdur ki, təkamül nəzəriyyəsi həyatın yer üzündə təsadüflər nəticəsində ortaya çıxdığını müdafiə edir. Hoyl, Krik, Vikramasinqhe kimi alimlər də bu cür təsadüfi əmələ gəlmənin mümkün olmadığını gördükdə, həyatın kosmosdan gəlməsi fikrinə düşmüşlər. Həyatın təsadüflər nəticəsində meydana gəlməsinin qeyri-mümkünlüyü yer üzü üçün olduğu kimi, kosmos üçün də qüvvədə olduğuna görə, şüurlu yaratmanın varlığını qəbul etmək məcburiyyətində qalmışlar.

Ancaq bu şüurlu yaratmanın mənbəyi barədə ortaya atdıqları yadplanetlilər tezisi çox ziddiyyətli və mənasızdır. Müasir fizika və astronomiya kainatımızın bundan 13,8 milyard il əvvəl “böyük partlayış” adlandırılan partlayış ilə meydana gəldiyini üzə çıxarmışdır. Kainatdakı hər cür maddi varlıq da bu hadisədən sonra ortaya çıxmışdır. Beləliklə, Yerdəki həyatın mənşəyini kainatdakı başqa bir maddi mənşəli həyatda axtaran bir düşüncə kosmosda mövcud olduğunu iddia etdiyi həyatın necə meydana gəldiyini də açıqlamalıdır. Bu cür qiymətləndirmə məsələni həll etməyib geri çəkilməyə gətirib çıxarır. Göründüyü kimi, “kosmosdan gəlmə” tezisi təkamül fərziyyəsini dəstəkləmir, əksinə, təkamülün mümkün olmadığını üzə çıxarır və həyat üçün şüurlu yaradılışdan başqa bir açıqlama olmayacağını qəbul edən görüşdür. Bu tezisi ortaya atan alimlər doğru əsasa istinad edərək səhv yola girmiş və şüurlu yaradılışın mənbəyini kosmosda axtarmaq kimi mənasız fikrə düşmüşlər.

Ancaq şüurlu yaradılışın mənbəyinin “yadplanetlilər” kimi anlayış olmadığı açıqdır. Bir anlıq yadplanetlilərin olduğunu fərz etsək belə, onların özlərinin də təsadüfən ortaya çıxmadıqları, ancaq şüurlu şəkildə yaradıldıqları aydındır. (Çünki fizika və kimya qanunları kainatın hər yerində eynidir və bu qanunlar həyatın təsadüfən əmələ gələ bilməyəcəyini təsdiqləyir.) Bu da kosmosu, kainatı və onların içindəki hər cür varlığı hər şeyin fövqündə olan, heç nəyə tabe olmayan, maddə və zamandan asılı olmayan, üstün elm, qüdrət və ağıl sahibi olan Allahın yaratdığını göstərir.

 

Oxşar məqalələr:

İqtibaslar:

  1. Roger Lewin, Bones of Contention: Controversies in the Search for Human Origins, 1987, New York: Simon and Schuster, pp. 312-313
  2. Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 140; R.L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94
  3. “Ancient mariners – Early humans were much smarter than we suspected”, New Scientist, Mar 14, 1988
  4. F. Hoyle, “The Universe: Past and Present Reflections”, Annual Review of Astronomy and Astrophysics 20 (1982): 16

Şərh üçün bağlıdır.

axtarış