• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

“Darvinin vürokları” əfsanəsi

Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.

_________________________

ÇARLZ DARVİN 1835-ci ildə “Biql” adlı ingilis tədqiqat gəmisinin göyərtəsində Qalapaqos adalarına səfər edərkən arealın vəhşi təbiətindən nümunələr topladı. Bunların arasında çantasına atdığı bəzi vüroklar da var idi, onların çoxunu səhv etiketləmişdi. Baxmayaraq ki, Qalapaqos vürokları Darvinin düşüncəsinə zəif təsir göstərmişdi, bir əsr sonra onları öyrənən bioloqlar onları “Darvinin vürokları” adlandırdılar və özlərindən ixtira elədilər ki, guya, Darvin vürok dimdiklərindəki müxtəlifliyi onların qida mənbələri ilə əlaqələndirib (belə bir şey olmayıb).1 Əfsanəyə görə, Darvin öz nəzəriyyəsini formalaşdırarkən vüroklardan ilham almışdı. Hərçənd elm tarixçisi Frank Salloveyə görə, “heç nə həqiqətdən bu qədər uzaq ola bilməzdi”.2

1970-ci illərdə bioloqlar Piter və Rouzmeri Qrant və onların həmkarları Qalapaqos adalarının birində – Dafne adlı adada çadır qurdular. Burada müəyyən bir vürok növünü (orta yer vüroku) yaxından müşahidə etdilər. 1977-ci ildəki sərt quraqlıq geridə ancaq qabığı çətin qırılan toxumlar qoydu, quşların isə təxminən səksən beş faizi tələf oldu. Sağ qalanların dimdikləri, orta hesabla, beş faiz daha böyük idi və onların nəsilləri də nisbətən iri dimdikli olmağa meyil edirdi. Qrantlar təbii seçmə nümunəsi qeydə almışdılar.3

Əlbəttə ki, quşlar fərd kimi dəyişilməmişdi – sadəcə sağ qalanlar arasındakı orta dimdik ölçüsü dəyişmişdi. Buna rəğmən, Piter Qrant belə təxmin etdi ki, əgər daha çox quraqlıqlar olsa və orta dimdik ölçüsü artmağa davam etsə, təbii seçmə axırda təzə vürok növü əmələ gətirəcək. 1991-ci il tarixli bir “Scientific American” məqaləsində o yazırdı: “Quraqlıqlar, orta hesabla, on ildə bir dəfə baş versə, quraqlıqlar arasında seçmə getmədən, bu sürətlə təkrarlanan istiqamətlənmiş seçmə 200 il ərzində bir növü digərinə çevirə bilər”.4

ABŞ Milli Elmlər Akademiyasından eyni düşüncə ilə gedən müəlliflər 1999-cu il tarixli təkamül mövqeli kitabçalarında Darvinin vüroklarını “növləşmənin səciyyəvi tutarlı nümunəsi” adlandırdı.5 Eyni iddianı həmin dövrdə bir çox biologiya dərsliyində görmək olardı – vürokların Darvinin nəzəriyyəsinin formalaşmasında mühüm rol oynaması əfsanəsi ilə yanaşı.

Halbuki quraqlıq bitəndən sonra kiçik dimdikli quşlar təzədən artıb-çoxaldılar və orta dimdik ölçüsü də öz əvvəlki səviyyəsinə qayıtdı. Hansısa qəti təkamül prosesi getməmişdi. Bu isə, vürok ikonası ilə bağlı yeganə problem də deyil.

Çarpazlaşmaya dair sübutlar

VÜROK İKONASI bütövlükdə növləşmə ilə əlaqədardır, ona görə də bir növü digərindən necə fərqləndirməyi bilmək lazımdır. Bu mövzuda kifayət qədər müzakirələr gedir, ancaq adətən, heyvanlar bir-birilə çarpazlaşıb döllü nəsil verə bilirsə, onlar eyni növə daxil edilir. Buna görədir ki, müxtəlif it cinslərini ayrı-ayrı növlər kimi götürmürük, çünki onlar praktiki olaraq cütləşə bilir.

Bəs Qalapaqos adalarının vürokları necə? 1990-cı illərə çatanda Qrantlar və onların həmkarları müşahidə etmişdilər ki, bir sıra Qalapaqos vürok növləri bir-birilə çarpazlaşır və öz valideynlərindən daha da əlverişli nəsillər törədirlər.6 Təbii seçmə yolu ilə ayrılmaq əvəzinə, görünür, bu növlər hibridləşmə yolu ilə birləşirdi.

Lakin gözlənilən odur ki, Darvinin vürokları “adaptiv şüalanma” ikonası olsun, yəni növlər ortaq bir əcdaddan ayrılıb vaxt keçdikcə get-gedə müxtəlifləşsin (şəkilə nəzər yetirin). Neodarvinist nəzəriyyəyə əsasən, yeni növlər bir-birindən o vaxt ayrılır ki, onlar daha öz genlərini bölüşmür – bir-birlərindən cinsi təcrid olunur. Əgər çarpazlaşmağa və öz genlərini bölüşməyə davam edirlərsə, onlar, adətən, eyni növün variasiyaları sayılır. Hətta morfoloji cəhətdən fərqli olsalar belə (it cinsləri misalında olduğu kimi).

DARVİNİN HƏYAT AĞACI. “Növlərin mənşəyi”ndəki yeganə illüstrasiya.

1981-ci ildə iri bir erkək vürok yaxınlıqdakı bir adadan Dafneyə gəldi. Qrantlar ona “İri Quş” ləqəbini qoydular və genetik sınaq göstərdi ki, o, hibriddir. Bu quş bir neçə dişi orta yer vüroku ilə cütləşdi və döllü nəsilləri oldu. Həmin nəsillər digər orta yer vüroklarından böyük, özünəməxsus səsi olan quşlar idi və digər quşlarla əlaqəyə keçmirdi. 2009-cu ildə Qrantlar belə çıxış etdilər ki, bu hibrid populyasiyası adadakı digər vüroklardan cinsi tədric olunub və buna görə də məhz növləşmə nəzəriyyəsinin “bəzi müddəaları”nı doğruldur.7

Onlar “İri Quş”un törəmələrindən ibarət bu populyasiyanı yeni növ adlandırmağa hələ tam hazır deyildilər, lakin yazırdılar ki: “İndiki vaxtda bu populyasiya özünü (ayrı) növ kimi aparır, çünki onun üzvləri ancaq öz aralarında cütləşirlər”.8 2014-cü ildəki müsahibəsində isə Piter Qrant dedi: “Bu törəmələri yeni növ kimi qələmə vermək istəmirik, çünki hələ bir neçə nəsildir ki, mövcuddurlar və ola bilsin, ömürləri az oldu”.9

2015-ci ilə gələndə Qrantlar və bir alim komandası hesabat verdilər ki, Darvin vüroklarının bütün növlərinin gen xəritəsini çıxarıblar. Baxmayaraq ki, vürokları “növləşmə və adaptiv şüalanma tədqiqatları üçün ikonik model” adlandırmağa davam edirdilər, onlar “şüalanma boyunca növlərarası gen axışına dair çoxsaylı sübutlar” tapdılar.10 Görünür, Qalapaqos vürokları hələ ora çatandan bəridir çarpazlaşırlar. Hətta komanda bir sıra nümunələrə istinad edərək dedi ki, X adasındakı A növü ilə B növü genetik cəhətdən bir-birinə daha yaxındır, nəinki X adasındakı A növü ilə Y adasındakı A növü.

Qalapaqos vüroklarının fərqli “növləri” arasında geniş miqyaslı hibridləşməyə dair bütün bu faktlar göstərir ki, onlar heç də “növləşmənin tutarlı nümunəsi” deyil. Doğrusu, açıq-aşkar ortadadır ki, onlara heç ayrı-ayrı növlər kimi də baxmalı deyilik. Şimali Yaponiyanın aynu xalqı və Cənubi Afrikanın khunq xalqı bir-birindən təkcə fiziki və linqvistik cəhətdən deyil, həmçinin (bütün praktiki səbəblərə görə) cinsi cəhətdən də ayrıdırlar. Elə isə onlar ayrı növ sayılmalıdır? Yoxsa hamısı bəşər övladıdır? Təbii ki, aynular və khunqlar hamısı eyni növün nümayəndələridir.

Qalapaqos vürokları da müntəzəm şəkildə çarpazlaşdıqlarına görə, onları nə üçün ayrı növlər kimi tanımalıyıq? Təkamülə sübut kimi görsənsinlər deyəmi?

 

İqtibaslar:

  1. Frank J. Sulloway, “Darwin and his finches: The evolution of a legend,” Journal of the History of Biology 15 (1982): 1–53.
  2. Frank J. Sulloway, “The legend of Darwin’s finches,” Nature 303 (1983): 372.
  3. Peter T. Boag and Peter R. Grant, “Intense natural selection in a population of Darwin’s finches (Geospizinae) in the Galápagos,” Science 214 (1981): 82–85.
  4. Peter R. Grant, “Natural selection and Darwin’s finches,” Scientific American 265 (October, 1991): 82–87.
  5. National Academy of Sciences, Science and Creationism: A View from the National Academy of Sciences, 2nd ed. (Washington, DC: National Academy of Sciences Press, 1999), Chapter on “Evidence Supporting Biological Evolution,” 2. http://www.nap.edu/catalog/6024/scienceand-creationism-a-view-from-the-national-academy-of.
  6. Peter R. Grant and B. Rosemary Grant, “Hybridization of bird species,” Science 256 (1992): 193–197.
  7. Peter R. Grant and B. Rosemary Grant, “The secondary contact phase of allopatric speciation in Darwin’s finches,” Proceedings of the National Academy of Sciences USA 106 (2009): 20141-20148.
  8. Daniel Cressey, “Darwin’s finches tracked to reveal evolution in action: A new species of finch may have arisen in the Galápagos,” Nature News (November 16, 2009).
  9. Joel Achenbach, “The people who saw evolution,” Princeton Alumni Weekly (April 23, 2014). https://paw.princeton.edu/article/people-whosaw-evolution.
  10. Sangeet Lamichhaney, Jonas Berglund, Marcus Sällman Almén, Khurram Maqbool, Manfred Grabherr, Alvaro Martinez-Barrio, Marta Promerová, Carl-Johan Rubin, Chao Wang, Neda Zamani, B. Rosemary Grant, Peter R. Grant, Matthew T. Webster, and Leif Andersson, “Evolution of Darwin’s finches and their beaks revealed by genome sequencing,” Nature 518 (2015): 371–375.

Şərh üçün bağlıdır.

axtarış