• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

İlahiyyatçı Şahin Həsənlinin Çarlz Darvin və təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab

27/11/2015 tarixində ilahiyyatçı Şahin Həsənlinin Moderator.az saytında müsahibəsi təqdim edilmişdir. Müsahibədə Hacı Şahinin bir çox mövzuda fikirləri qeyd edilmişdir. Lakin bu məqalədə biz müsahibədəki sadəcə təkamül fərziyyəsi və Darvinlə bağlı qeyd olunan fikirlərə münasibətimizi bildirəcəyik.

Öncəliklə, bunu qeyd etmək lazımdır ki, dünyanın hər yerində ilahiyyatçıların, adətən, dünyəvi elmlərlə maraqlanmamasının fəsadları çox böyük olur.  Bu böyük fəsad, əsasən də, ateizm qarşısındakı məğlubiyyət və təslimiyyətlə nəticələnir. Son dövrlər, xüsusilə də, Türkiyədə bir çox ilahiyyatçı ateizm qarşısında qaldıqları çarəsizlikdən, acizlikdən, təslimiyyətçilikdən qaynaqlanan səbəblə, bəzən isə özlərini ateist dairələrə elmə önəm verirmiş kimi göstərmək məqsədi ilə darvinizmin, əslində, dinə zidd olmadığını və hətta Quranda da olduğunu iddia edirlər. Və beləliklə, həm qarşısında çarəsiz qaldıqları ateizm iddialarına cavab verməkdən xilas olurlar, həm də  ateistlərə də öz aləmlərində “elmə önəm verirmiş” kimi bir görüntü verdiklərini zənn edirlər. Bəzi ateistlərə bu “uzlaşma” xoş gəlsə də, ateizmin nüfuzlu adları bəzi ilahiyyatçıların bu təşəbbüslərinin bihudə olduğunu hər fürsətdə dilə gətirirlər. Hal-hazırda dünyada ateizmin başlıca təbliğatçısı kimi tanınan təkamülçü Riçard Dokinz deyir:

“Daha təcrübəli ilahiyyatçılar isə təkamül nəzəriyyəsi ilə yaxşı yola gedirlər. Düşünürəm ki, onlar qəflətdədirlər…”1

Çoxdandır ki, İranda, Türkiyədə və s. ölkələrdə olan bu “moda” artıq Azərbaycana da gəldi. Azərbaycanda ən çox tanınan ilahiyyatçılardan əsasən “Hacı Şahin”  kimi tanınan Şahin Həsənli də son müsahibələrindən birində təkamül fərziyyəsinin əsaslı elmi nəzəriyyə olduğunu, dinin də bu nəzəriyyəni tam olaraq inkar etmədiyini və Darvinin özünün də, əslində, inanclı olduğunu vurğuladı. Gəlin indi Hacı Şahinin iddialarının əsaslı olub-olmadığını araşdıraq.

Əvvəla, bu nüansı qeyd edək ki, təkamül fərziyyəsinin dinə uyğunluğunu iddia edən hər kəsin ortaq bir cəhəti olur: təkamül fərziyyəsinin mahiyyətindən xəbərsizlik. Bir çox insan “təkamül” sözünün hərfi mənası olan “inkişaf” mənası ilə təkamül fərziyyəsini qarışdırır. Çarlz Darvinin yaratdığı təkamül fərziyyəsinin mahiyyəti budur – Yaradıcının olmadığı, ilkin mühitdə cansız maddələrin təsadüfi təbiət hadisələri ilə öz-özünə birləşərək hüceyrənin ilkin komponentlerini formalaşdırdığı, bu cür proseslə təsadüfən birləşən uyğun komponentlərin nəticəsində ilk canlının bir Yaradıcı olmadan öz-özünə ortaya çıxdığı, digər bütün canlıların da bu tək hüceyrədən törəyərək çoxaldığı, növlər arasındakı tədrici törəmələrlə bütün canlı növlərinin bir-birindən törədiyi və ən sonda da insanın bir heyvan növündən törəyib formalaşdığı iddia olunur. Yəni “təkamül nəzəriyyəsi dinə zidd deyil” dedikdə  ortaya belə bir tablo çıxır: “dinə əsasən Yaradıcı yoxdur, canlıları Allah yaratmayıb, cansız maddələrdən birləşərək öz-özünə əmələ gəliblər, bütün canlı növlərini də Allah yaratmayıb, onlar da bir-birindən törəyiblər, insanı da Allah yaratmayıb, insan da heyvandan törəyib, təkamül edib”. Hacı Şahin “din” deyərkən hansı dini nəzərdə tutur, deyə bilmərik, amma bu din nə Musəvilik, nə Xristianlıq, nə də İslam deyil. Çünki hər 3 dinə görə həyat öz-özünə deyil, bir Yaradıcı tərəfindən yaradılıb, canlılar təkamül yolu ilə deyil, Allah tərəfindən ayrı-ayrı yaradılıb yer üzünə səpələnib, insanı da Allah xüsusi olaraq, ayrıca yaratdığını hər 3 dinin müqəddəs kitablarında vurğulayır.

mantis

Əgər Allah canlıları təkamüllə yaratmış olsaydı, bu təkamülün elmi sübutları da göz önündə olardı. Halbuki bu günə qədər kəşf olunmuş bütün paleontoloji, mikrobioloji, anatomik sübutlar canlıların bir-birlərindən törəmədiklərini, təkamül yolu keçmədiklərini göstərir. Canlılar Allah tərəfindən ayrı-ayrılıqda, bir anda, “Ol” əmri ilə yaradılmışdır.

Cavabımızı təsdiqləyən isbatları təqdim etməmişdən öncə bir məqamı da vurğulamaq yerinə düşər. Unudulmamalıdır ki, təkamül fərziyyəsi ortaya çıxana kimi ateizmin heç bir elmi bünövrəsi, əsası yox idi. Təkamül fərziyyəsi yarandıqdan sonra isə dünya tarixində ilk dəfə ateizm özünə “elmi” əsas qazandı. Çarlz Darvini “əslində, inanclı idi” kimi təqdim etmək çox yanlış və əsassızdır. Çarlz Darvinin bütün yaradıcılığının tək qayəsi Yaradıcının olmadığının “isbat edilməsi”ndən ibarət olmuş, bu məqsəd də bütün əsərlərinə yansımışdır. Darvinin yazdığı “Növlərin mənşəyi, təbii seçmə yolu ilə”, “İnsanın mənşəyi”  kitabları,  dostları və yaxınları ilə məktublaşmalarından da çox açıq aydın olur ki, Çarlz Darvin qatı ateist idi və əsərlərinin də yazılma səbəbi ateizmi “elmi” olaraq təsdiq etməkdir. Çarlz Darvinin “Növlərin mənşəyi, təbii seçmə yolu ilə”  kitabını oxuyan hər kəs bilir ki, Darvin kitabda, demək olar ki, verdiyi hər bioloji izaha həm də inanc baxımından izah verirdi. Kitabda canlılarla bağlı çəkdiyi nümunələrin hamısının sonunda bu misalları aparıb ateizmə, ya da dini yöndən verilə biləcək hansısa bir izaha bağlayırdı. Axı məqsədi elmi araşdırma olan bir insan nə üçün əsərində canlıların davranışları ilə bağlı yazdıqlarına verilə biləcək dini cavabları qeyd edib, sonra da onlara cavab yazırdı? Bunu başqa hansı elm adamı edib? Aydındır ki, bu davranışın qaynağı hansısa növün mənşəyini araşdırmaq deyil, məhz dini izahlara alternativ ortaya qoymaqdır. Ümumiyyətlə, Çarlz Darvin elm adamı deyildi. Heç bir akademik təhsili olmayan sadə səyyah idi. Darvin əsərlərində dini mövzuları yaxşı bildiyini, lakin bu məsələləri ağlının kəsmədiyini qeyd etmişdir. Darvinin etdiyi şey anlaya bilmədiyi dini izahlara alternativ cavablar təqdim etmək idi. Yəni Darvin bir növ ateizmin “elmi” əsasını sıfırdan yaratdı. Darvinin və darvinizmin mahiyyətini çox yaxşı anlamaq və buna görə bir şərh vermək lazımdır. Belə bir şəraitdə “Darvin inanclı insan olub” deməyin,  əslində, “ateizmin yaradıcısı və banisi inanclı insan idi” mənasına gəldiyini bilmək lazımdır.  Buna görə də, bütün əsərlərində Yaradıcının olmadığını isbat etməyə çalışan bir insana “inanclı biri olub”  demək, təbii ki, çox əsassız bir izahdır. Və bu izahın yanlış olduğunu elə əsərləri ilə yanaşı Çarlz Darvin özü birbaşa da ifadə edir:

“… Bu nəticə (teizm – Allah inancı) xatırladığım qədərilə, “Növlərin mənşəyi”ni yazdığım vaxt düşüncəmdə özünə güclü yer tuturdu; elə həmin vaxtdan etibarən də bu inanc olduqca tədricən, çoxsaylı tərəddüdlərlə zəifləməyə başladı”.2

Bu sözlər Çarlz Darvinin oğlu Frensis Darvinin atasının yazdığı məktubları bir yerə yığdığı kitabında öz əksini tapır. Darvin özü ateist olduğu qənaətinə “Növlərin mənşəyi” kitabını yazarkən gəldiyini açıq şəkildə vurğulayır. Gördüyümüz kimi, rəsmi və publisistik pərdəni qaldırıb Darvinin şəxsi görüş bucağına nəzər saldığımız zaman, bəzilərinin göstərmək istədiyinin əksinə, Darvinin dinlə yaxından-uzaqdan əlaqəli olmadığı görünür. Hətta daha da səmimi olduğu və çəkinmədiyi dostlarıyla ünsiyyətdə olarkən öz “Növlərin mənşəyi” kitabına “şeytanın İncili” deyə xitab edir3, təbii seçmə prosesini də “mənim ilahım” adlandırardı.4 Bu gün Darvinin sanki inanclı imiş kimi göstərilməsinin yeganə səbəbi isə təkamül nəzəriyyəsini geniş xalq kütlələrinə, xüsusilə də, Şərqə qəbul etdirmək siyasətindən başqa bir şey deyil.

Təqdim etdiyimiz bu sübutlardan da aydın olur ki, Çarlz Darvin Hacı Şahinin iddia etdiyi kimi inanclı deyil, özünün də ifadə etdiyi kimi tam ateist olmuşdur.

Hacı Şahin müsahibəsində, eyni zamanda, Darvinin fərziyyəsinin “elmi nəzəriyyə” olduğunu iddia edir. Halbuki Çarlz Darvinin təkamül fərziyyəsi məhz elm tərəfindən təkzib edilmiş çürük bir fərziyyədir. Çarlz Darvinin iddia etdiyi elmə zidd ibtidai anlayışlar elmi kəşflərlə təkzib edilmişdir. Xüsusilə, genetika, paleontologiya, mikrobiologiya, müqayisəli anatomiya və s. elm sahələri tərəfindən dəfələrlə, yüzlərlə elmi dəlillər təqdim edilərək təkamül fərziyyəsinin yanlışlığı sübut edilmişdir. Hörmətli Hacı Şahin bəyin etməli olduğu şey təkamül fərziyyəsi ilə din arasında uyğunluq axtarmaq deyil, ateizmin əsası olan təkamül fərziyyəsinin mahiyyətini və yanlışlığını yaxşı öyrənib müsəlmanları ateistlər qarşısında aciz qalmamaqları üçün məlumatlandırmaq olmalıdır.

Allah Quranda bir çox ayədə canlıları “Ol” əmri ilə bir anda yaratdığını və dünya üzərinə yaydığını ifadə etmişdir:

“…Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!”- deyər, o da (dərhal) olar”. (Ali-İmran surəsi, 47)

“Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar”. (Nəhl surəsi, 40)

“Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyuruğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar”. (Yasin surəsi, 82)

Eyni zamanda, Allah insanı da palçıqdan yaratdığını dəfələrlə vurğulamışdır. Qurana görə, insanın yaradılışı digər canlıların yaradılışından ayrı olaraq baş vermişdir:

“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!..” (Nisa surəsi, 1)

“Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam”. (Sad surəsi, 71)

Təkamül fərziyyəsinə görə isə, öncəliklə, canlılar bir Yaradıcı tərəfindən yaradılmamış, öz-özünə formalaşmışdır.  Hacı Şahinin qeyd etdiyi tədricən yaranma anlayışının dinlə təkamül fərziyyəsi arasında ortaqlıq təşkil etdiyi fikri də əsassızdır. Quranda canlıların tədrici yaradılışından bəhs edilmir. Əksinə, Quranın hər yerində hər şeyin Allahın “Ol”  əmri ilə bir anda yaradıldığı ifadə edilir. Bir məqamı da qeyd edək ki, burada hansısa tək bir canlının fərdi inkişafı ilə növlərin təkamülü anlayışının arasında çox böyük anlayış fərqi var. Bir canlı yumurta mərhələsindən və ya ana bətnindən yetkin dövrlərinə qədər bir çox dəyişiklik keçirə bilər, inkişafa məruz qalar, hansı ki, bunun təkamüllə heç bir əlaqəsi yoxdur. Bu proses həmin canlının genlərində öncədən proqramlanmış rejim üzrə gedir. Burada təkamül fərziyyəsinin “yaradıcı güc” hesab etdiyi təsadüflərə və bir növün digərinə çevrilməsi hadisəsinə qətiyyən yer yoxdur.

Eyni zamanda, canlı növlərinin yer üzərində fərqli zaman dilimlərində yaradılması ilə təkamül fərziyyəsinin mərhələli təkamül anlayışının eyniləşdirilməməsi də lazımdır. Təkamül fərziyyəsinin tədrici yaranma məntiqi canlıların bir-birinə tədrici çevrilməsini əsas götürür. Yəni “yaradılma” ilə “bir-birindən törəmə” anlayışlarını qarışdırmamaq  lazımdır.  Yer üzərində fərqli canlı növlərinin fərqli dövrlərdə ortaya çıxmasının səbəbi budur ki, hər bir canlı qrupu yaşaması üçün geoloji tarixin ən ideal dövrlərində yaradılmışdır. Allah hər canlı növünü özü üçün münasib şəraitin hökm sürdüyü dövrdə yaratmışdır. Beləliklə, termin oxşarlıqları səbəbindən  elmi olaraq doğru olan və təsdiqlənmiş Qurandakı Yaradılış izahı ilə elmi olaraq bütün iddiaları tam təkzib edilmiş təkamül fərziyyəsi iddialarını qarışdırmamaq lazımdır.

Nəticə

Bütün elmi faktlar, 600 milyon paleontoloji qalıq canlıların bir anda yaradıldığını və heç bir təkamül keçirmədiyini və bütün canlıların təkamül yolu ilə deyil, Allahın yaratması ilə ortaya çıxdığını sübut edir. Hacı Şahin Həsənli ölkəmizdə ən çox izlənilən ilahiyyatçılardan biri olaraq ateizmin qaynağı olan, ən əsası isə, elm tərəfindən tam süquta uğradılmış bir fərziyyəni müdafiə etməməlidir. Əksinə, bu fərziyyənin yanlışlığını isbat edən elmi dəlilləri mənimsəyib müsəlmanlara təbliğ edərək ateizmin əsassızlığını elmi olaraq isbat edə və bu yolla, müsəlmanların imanının güclənməsinə vəsilə ola bilər.

 

Mövzu ilə əlaqədar:

Ateizmin pionerlərindən – Darvin

Mənbələr:

*Şahin Həsənlinin sözügedən müsahibəsini bu linkdən oxuya bilərsiniz

  1. Riçard Dokinzin Houvard Konderlə müsahibəsi, Revelation TV, Mart, 2011, https://www.youtube.com/watch?v=BAbpfn9QgGA
  2. Frensis Darvin, “Çarlz Darvinin həyatı və məktubları”, səh. 80-81.
  3. Charles Darwin, The Correspondence of Charles Darwin, vol. 8, 1860, ed. Frederick Burkhardt (Cambridge: Cambridge University Press, 1993), 316; http://www.darwinproject.ac.uk/letter/DCP-LETT-2893.xml 
  4. Darwin, Life and Letters, 2:165.

Şərh üçün bağlıdır.

axtarış