• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Uydurma əcdadımız – Euphanerops

Son dövrlərdə təkamülçülər nəzəriyyələri üçün yeni iddia axtarışında ikən 1900-cü ildə tapılmış Euphanerops longaevus adlı bir fosili yenidən araşdırmağı qərara aldılar. Bu fosil Kanadadan tapılmışdır və Üst Devon dövrünə, yəni bundan təxminən 370 milyon il öncəsinə aiddir. Fosili incələdiyimiz zaman nəsli kəsilmiş bir ilanbalığı, yəni minoqa növü olduğunu asanlıqla müşahidə edirik. Lakin təkamülçülər ön mühakimələrinə əsaslanaraq bu fosil üzərində yeni bir ssenari qurdular…

Cüt üzgəc paradoksu

Tapılmış bu fosilin ən maraqlı xüsusiyyətlərindən biri də anal üzgəcinin tək yox, cüt olması idi. Bu, bugünkü heç bir balıq növündə rast gəlinməyən bir xüsusiyyətdir. Digər bir maraqlı fakt isə, cüt anal üzgəclərə nəinki bugünkü canlılarda, tarix boyu yaşamış digər heç bir canlıda da rast gəlinməmiş olmasıdır. Bu da cüt anal üzgəclərin sadəcə eufaneropsa xas spesifik bir xüsusiyyət olduğunu göstərir. Çikaqo Universitetindən onurğalılar üzrə paleontoloq Maykl Kots bu barədə belə deyir:

“…Həmçinin bu da mümkündür ki, bunlar (cüt anal üzgəclər) sadəcə eufaneropsun sahib olduğu xüsusiləşmiş üzvlər olsun və çənəli onurğalıların təkamül tarixini heç bir şəkildə əks etdirməsin”. (1)

Kotsun da dediyi kimi bu üzgəclər canlının xüsusiləşmiş üzvləridir və onurğalıların təkamülünə dair heç bir dəlil ortaya qoymur. Lakin təkamülçülər öz nəzəriyyələrini müdafiə edə bilmək üçün bu üzgəclərin “olduqca primitiv ayaqlar” olduğunu irəli sürdülər. Halbuki əsas ziddiyyət burada ortaya çıxırdı. Bu “ayağa çevrilməyə hazırlaşan” üzgəclər barəsindəki ziddiyyət isə müasir təkamül modeli ilə uzlaşmaması idi. Çünki təkamül nəzəriyyəsi arxa ayaqların anal üzgəclərdən yox, qarın üzgəclərindən təkmilləşdiyini müdafiə edir! (2,3) Belə ki, tetrapod (dördayaqlı) təkamülü bu əsas üzərində qurulmuşdur. Elə eufanerops haqqında “yeriməyi bu canlıdan öyrəndik” iddiaları da bu nöqtədə çürüdülmüş olur.

Cüt üzgəclər və təbii seçmə ziddiyyəti

İngiltərənin Mançester və Leysester Universitetlərindən akademik Robert Sansom bu cüt üzgəclər haqqında belə deyir: “…cüt üzgəclər daha yaxşı bir hərəkət qabiliyyətinə və ovçu-şikar əlaqəsinə işarə edir” (4). Buradan da başa düşüldüyü kimi, cüt üzgəclər suda daha çevik və sürətli hərəkət etməyə yarayan üzvlərdir və ovçulardan daha fərasətli şəkildə qaça bilməyə kömək edir. Elə burada bir sual doğur: əgər eufanerops quruya çıxmağa hazırlaşan bir canlıdırsa niyə bunun əksinə suda yaşamağa daha əlverişli bir orqan qazanıb? Təkamül nəzəriyyəsinin təbii seleksiya “mexanizmi”nə əsasən bir canlı suda yaşamağa daha əlverişli xüsusiyyətlər qazanıbsa, təbii seçmə onun quruya çıxmasına “imkan verə bilməz”. Buradan da görünür ki, eufanerops quruya çıxmaq bir tərəfə qalsın, suda yaşamağa daha da uyğun şəkildə yaradılmış bir canlıdır.

Cüt üzgəclər, dişlər və çənələrin “birgə inkişafı” iddiası

Təkamülçü mənbələrdə Eufaneropsun cüt üzgəclərinin inkişaf etməsinin balıqlarda alt çənə və diş inkişafı dövrünə rast gəldiyi iddia edilir. Belə ki, balıqlar ovlanma və ovçulardan qaçma ehtiyaclarını bunları “inkişaf etdirərək ödəmişdilər”. Bəs görəsən fosil tapıntıları bu “birgə inkişaf” iddiasını dəstəkləyirmi? Paleontologiya elminin kəşflərinə əsasən, çənəsinə rast gəlinən ilk canlılardan biri Guiyu adlı sümüklü balıqdır. Lakin bu balıq birgə inkişaf iddiasını çürüdəcək şəkildə Eufaneropsdan nə az, nə çox, tam 40 milyon il öncə yaşamışdır. Dişlərə isə Devon dövrü bir tərəfə qalsın, hələ Kembri dövrü canlılarında rast gəlinirdi. 420 milyon illik Andreolepis adlı balıq da dişlərə sahib olması cəhətdən diqqətəlayiqdir. Bütün bunlar da “birgə inkişaf” iddiasının heç bir elmi əsasının olmadığını göstərir.

“Yeriyən balıq” paradoksu

“Yeriyən balıq” iddiası təkamül nəzəriyyəsinin ən məşhur iddialarından biridir. Belə ki, təkamül nəzəriyyəsinə əsasən, balıqlar sudan quruya çıxaraq amfibilərə, reptililərə və nəticədə də quşlar və məməlilərə təkamül verdilər. İnsanlara bunun sadəcə bir hipotez olmadığını inandırmaq üçün isə təkamülçülər daima “yeriyən balıq” fosilləri axtarışında olublar. Bu səbəbdən də, illərlə latimeriya və tiktaalik kimi saxtakarlıqlara əl atıblar. Bəs “yeriyən balıq” tapmaq üçün fosillərə baxmağa ehtiyac varmı? Cavab: xeyr. Çünki yeriyən balıqlar hal-hazırda dənizlərdə və okeanlarda yaşayırlar! Qurbağa-balıq və yarasa balığı dəniz dibində, lil sıçrağanları adlı balıqlar isə hətta quruda yerimə qabiliyyətinə malikdirlər. Tək məsələ burasıdır ki, bu balıqların heç biri “amfibi olmağa namizəd” deyillər. Lil sıçrağanları xanıyabənzərlər (Perciformes) dəstəsinə aid tam balıqlardır. Yarasa balıqları isə dənizin 30 metr və daha dərinində yaşayıb “quruya çıxmağa həvəssiz” canlılardır. Qurbağa-balıqları bu cəhətdən daha diqqətəlayiqdirlər. Çünki Eosen dövründən (təxm. 40 mln. il əvvəl) bu günə qədər heç bir dəyişikliyə uğramayıblar. Təkamül nəzəriyyəsinə əsasən isə, bu balıqların “yeriyən üzgəclər”i 40 milyon il ərzində “yeriyən ayaqlar”a çevrilmiş olmalıydılar. Eufanerops isə “yeriyən balıq” olma cəhətdən ən ümidsiz fosillərdən biridir. Çünki ilk öncə bu canlının iddia edilən anal üzgəcləri, az öncə də bəhs etdiyimiz kimi, təkamül modeli ilə uzlaşmır. Bundan əlavə, birazdan bəhs edəcəyimiz mövzuda – nəsil ağacı mövzusunda da olduqca çarəsiz qalır.

Eufanerops və digər “çənəsizlər”

Fosil qeydlərindən də məlum olduğu kimi, eufanerops çənəsiz balıqdır. Bu gün də çənəsiz balıqların nümayəndələri: minoqalar (ilanbalıqları) və miksinlər yaşayırlar. Eufanerops adlı canlı sözügedən minoqalarla olduqca çox bənzərlik təşkil edir. Bu canlı minoqalarla təxminən eyni ölçülərə (10 sm uzunluqdadır) malikdir. Elə bunu nəzərə alaraq, elm adamları eufaneropsu ilanbalıqları (Petromyzontiformes) dəstəsinə daxil etmişlər. İlanbalıqları yaşayan fosillərdir, belə ki, Erkən Daş Kömür dövründən bəri 300 milyon ildir ki, heç bir dəyişikliyə uğramamışlar. Eufanerops da, sadəcə olaraq, ilanbalıqlarının nəsli kəsilmiş bir növüdür.

Ağciyərli balıq hiyləsi

Ağciyərli balıqlar (Dipnoi) iki cür – həm qəlsəmə, həm də ağciyər yoluyla tənəffüs etməyi bacaran canlılardır. Təkamülçülər eufaneropsun “necə ayaqlandığını” araşdırmaq üçün həmin bu canlıya – ağciyərli balığa müraciət etdilər. İddia bu cürdür ki, ağciyərli balıqlar nazik üzgəcləri ilə sıçramağa və yeriməyə bənzər hərəkətlər etməyi bacarırlar. Beləliklə, bunlar kimi canlılar zaman keçdikcə quruda yeriməyə uyğunlaşmış və ayaqlarla qollar inkişaf etdirmişlər. Bəs görəsən təkamülçülər ağciyərli balıqla müqayisədə “mahir yerimə və sıçrama ustaları” olan qurbağa-balığı, yarasa balığını və lil sıçrağanını qoyub niyə məhz ağciyərli balıqları araşdırmağı üstün tutdular? Cavab çox sadədir: çünki təkamül nəzəriyyəsinə əsasən dördayaqlı canlılar “ağciyərli balıqların qohumlarından” törəyiblər. Buradakı hiylə çox açıqdır. Təkamülçülər öz nəzəriyyələrini dəstəkləyə bilmək üçün təcrübələrini istədikləri tərəfə yönləndirirlər. Çünki əgər ağciyərli balığın əvəzinə yarasa balığını və ya lil sıçrağanını araşdırsaydılar bu balıqlarla quru canlıları arasında “əcdad əlaqəsi” qurmağı heç vaxt bacarmayacaqdılar.

Bəs ağciyərli balıqlar və ya onların dırnaqarası qohumları həqiqətən əcdad ola bilərdilərmi? Paleontologiya elmi bu suala “xeyr” cavabını verir. Çünki ətüzgəcli balıqlara daxil olan 418 milyon ildir heç bir dəyişikliyə uğramamış selakant balığı, 400 milyon ildir dəyişilməmiş ağciyərli balıqlar üzərlərindən 100 milyonlarla il belə keçsə də üzgəclərinin “ayaqlar”a çevrilməyəcəyini sübut ediblər.

Eufanerops və nəsil ağacının “vaxtından əvvəl inkişaf etmiş budaqları”

Nəsil ağacına əsasən, onurğalıların təkamülü bu sırayla baş vermişdir: … > Çənəsiz balıqlar > Çənəli balıqlar > “Ayaqlanan balıqlar” > Amfibiyalar > Sürünənlər və s. Bu sıraya diqqət yetirsək, eufanerops haqqındakı açıq ziddiyyəti müşahidə edə bilərik. Eufanerops çənəsiz balıqdır, yəni hələ ki “çənəli balığa çevrilməyə hazırlaşır”. Təkamülçü iddia isə bu minoqa bənzəri canlının çənəli balığa çevrilmədən birbaşa “ayaqlar” inkişaf etdirdiyini müdafiə edir. Çənəsizlər qrupuna adi bir balığın ayaq inkişaf etdirməsi, təkamülçü məntiqə əsasən, balıqların amfibilərə çevrilmədən birbaşa qanad inkişaf etdirməsi kimi fantastik bir iddiadır.

Eufanerops və həmyaşıd ayaqlılar

Təkamülçülər eufaneropsun “ayaq çıxarmağa hazırlaşdığını” iddia edərkən çox mühüm bir gerçəyi gözardı edirlər. Eufaneropsla eyni dövrdə onsuz da mükəmməl ayaqlara sahib canlılar yaşayırdılar! Nəsli kəsilmiş amfibi olan Akantosteqa bundan 370 milyon il öncə yer üzündə gəzirdi və “eufaneropsun təkmilləşməsini gözləmirdi”. Digər bir nəsli kəsilmiş suda-quruda yaşayan isə yenə eufaneropsun həmyaşıdı olan 370 milyon illik ixtiosteqa idi. Bunlardan əlavə, Son Devon dövrünə aid 360 milyon illik hinerpeton və tulerpeton adlı amfibilər də Devon dövrünün “ayaqsız” keçmədiyini sübut edirdilər.

Ümumiyyətlə bu iddianı ətraflı şəkildə araşdırdıqda tamailə əsassız olduğunu müşahidə etdik. Lakin Euphanerops iddiası ilə bağlı bütün təkamülçü KİV-lərdə vurğulanan ortaq bir müddəa da bu balığın “cüt üzv”lərinin balığın sudan quruya çıxarkən inkişaf edə biləcəyi iddiası idi. İndi isə gəlin bu iddianı da əsassız edən nüansları vurğulayaq.

Balıqların quruda yaşayan canlıların əcdadı olması iddiasının fosil tapıntıları qədər anatomik və fizioloji təhlillər tərəfindən də əsassız olduğu sübut edilmişdir. Dəniz canlıları ilə quru canlıları arasındakı böyük anatomik və fizioloji fərqləri təhlil etdikdə bu fərqlərin təsadüflərə əsaslanan mərhələli təkamül prosesi tərəfindən aradan qaldırılmasının mümkün olmadığını görərik. Sözügedən fərqlərin ən çox nəzərə çarpanlarını belə sadalamaq olar:

1. Ağırlığın daşınması. Dənizlərdə yaşayan canlılar öz ağırlıqlarını daşımaq kimi problemlə qarşılaşmırlar. Bədən quruluşları da bu cür funksiyaya uyğun deyil. Lakin quruda yaşayanların böyük əksəriyyəti enerjilərinin 40%-ni bədənlərini daşımaq üçün istifadə edirlər. Quru həyatına keçdiyi iddia edilən bir  su canlısının bu enerji ehtiyacını təmin etmək üçün yeni əzələ və skelet quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.

Təkamülçülərin selakant və buna bənzər balıqları “quruda yaşayan canlıların əcdadı” kimi təsəvvür etmələrinin əsl səbəbi isə bu balıqların üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zaman ərzində ağırlıq daşıyan ayaqlara çevrildiyini güman edirlər. Ancaq bu balıqların sümükləri ilə quru canlılarının ayaqları arasında çox mühüm fərq var: balıqlardakı sümüklər canlının onurğasına bağlı deyil. Onurğaya bağlı olmadığı üçün də ağırlıq daşıma kimi funksiya yerinə yetirə bilməzlər. Quruda yaşayan canlılarda isə sümüklər birbaşa onurğaya birləşmişdir. Ona görə bu üzgəclərin yavaş-yavaş ayaqlara çevrilməsi iddiası da əsassızdır.

2. Temperaturun qorunması. Quruda temperatur çox tez və böyük fərqlərlə dəyişir. Bir quru canlısının orqanizmindəki maddələr mübadiləsi bu yüksək temperatur fərqlərinə uyğunlaşır. Lakin dənizlərdə temperatur çox yavaş dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərq əmələ gətirmir. Dənizlərdəki sabit temperatura uyğun orqanizmə malik olan bir canlı quruda yaşaya bilmək üçün qurudakı temperatur dəyişikliyinə uyğunlaşacaq tərzdə qorunma sistemi qazanmalıdır. Şübhəsiz, balıqların quruya çıxar-çıxmaz təsadüfi mutasiyalar nəticəsində bu cür sistemə malik olduqlarını irəli sürmək cəfəngiyyatdır.

3. Sudan istifadə. Canlılar üçün həyati əhəmiyyəti olan su quruda az tapılır. Bu səbəbdən, suyun, hətta nəmin ölçülü istifadə edilməsi vacibdir. Məsələn, dəri su itirməyin və ya buxarlanmanın qarşısını alacaq formada olmalıdır. Canlı susama hissinə malik olmalıdır. Lakin əslində suda yaşayan canlıların susama hissi yoxdur və dəriləri də susuz mühitə uyğun deyil.

4. Böyrəklər. Su canlıları başda ammonyak olmaq üzrə orqanizmlərində toplanan artıq maddələri olduqları mühitdə su bol olduqda dərhal süzərək atırlar. Şirin su hövzələrində yaşayan balıqda tərkibində azot olan artıq maddələrin çoxu (yüksək miqdarda ammonyak (NH3)) qəlsəmələrdən yayılma yolu ilə xaric olur. Böyrəklər ifrazat sisteminin bir hissəsi olmaqdan çox heyvanın su tarazlığını qorumağa yarayır. Dəniz balıqlarının iki qrupu var. Köpək balıqları, skat və pişik balıqları qanlarında çox yüksək səviyyədə sidik saxlaya bilirlər. Köpək balıqlarının qanı digər onurğalılardakı 0.01-0.03% olan nisbətə qarşılıq 2.5% sidik saxlayır. Başqa növ, məsələn, sümüklü balıqlar daha fərqlidir. Daim su itirirlər, ancaq dəniz suyunu içdikdən sonra duzdan təmizləyərək itirdikləri suyu bərpa edirlər. Orqanizmlərindəki ifrazat maddələrini xaric etmək üçün quruda yaşayan onurğalılarda olandan fərqli sistemlərə malikdirlər. Bu səbəbdən sudan quruya keçidin baş verməsi üçün böyrəyi olmayan canlılar dərhal bir anda böyrək sisteminə malik olmalıdırlar.

5. Tənəffüs sistemi: Balıqlar suda həll olmuş oksigeni qəlsəmələriylə qəbul edirlər. Sudan kənarda isə bir neçə dəqiqədən artıq yaşaya bilmirlər. Quruda yaşamaq üçün bir anda qüsursuz ağciyər sisteminə malik olmalıdırlar. Bütün bu fizioloji dəyişikliklərin eyni canlıda təsadüflər nəticəsində və eyni anda meydana gəlməsi isə, əlbəttə, qeyri-mümkündür. Ona görə də nə eufanerops, nə də başqa bir balığın sudan quruya çıxması mümkün deyil.

Bu araşdırmamızın nəticəsindən görürük ki, eufanerops nəinki təkamül nəzəriyyəsini dəstəkləyən, hətta təkamül nəzəriyyəsinin bəsit bir modeli ilə belə ziddiyyət təşkil edən bir fosildir. Sadəcə olaraq, təkamülçülər bu fosili birtərəfli şərh etmiş, media və KİV vasitəsilə saxta propaqanda alətinə çevirmişlər. Eufanerops nəsli kəsilmiş bir ilanbalığıdır və media propandalarında iddia edilənlərin əksinə “yeriməyi öyrətmək üçün yaxşı bir müəllim deyil”.

 

Mənbələr:

  1. http://www.livescience.com/28590-bizarre-fish-sported-anal-fins.html
  2. Fossil tracks record ‘oldest land-walkers’ BBC News, 6 January 2010
  3. Hall, Brian K (2007) Fins into Limbs: Evolution, Development, and Transformation, University of Chicago Press
  4. http://www.ntvmsnbc.com/id/25434861/

Şərh üçün bağlıdır.

axtarış