DARVİN 1871-ci ildə nəşr olunan “İnsanın əmələ gəlməsi” (Descent of man) adlı kitabında insan və meymunların ortaq əcdaddan törədiyini irəli sürdü. O vaxtdan bəri Darvinin davamçıları bu iddianı dəstəkləməyə çalışmışlar. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, başda fosillər (daşlaşmış canlı qalıqları) olmaqla “insanın təkamülü” iddiası heç bir konkret elmi kəşf ilə dəstəklənməmişdir.
Cəmiyyətdəki insanlar, demək olar ki, bu həqiqətdən xəbərsizdir və təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu zənn edir. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə tutulması və sübut olunmuş həqiqət kimi təqdim edilməsidir. Əslində isə, “insanın təkamülü” ssenarisinin elmi əsası olmadığını təkamülçülər də bilir. Harvard Universitetinin paleoantropoloqlarından Devid Pilbim belə deyir:
Başqa elm sahəsi ilə məşğul olan hansı ağıllı alimi gətirsəniz və ona əlimizdəki məhdud dəlilləri göstərsəniz: “Bu mövzunu unudun; davam etmək üçün kifayət qədər dəlil yoxdur”, -deyəcək.182
Paleoantropologiya haqqında əhəmiyyətli bir kitabın müəllifi olan Uilyam Fiks isə belə deyir:
İnsanın mənşəyi haqqında şübhələnməyinizə heç bir lüzum olmadığını deyən bir çox alim hələ də var, ancaq yeganə çatışmazlıqları heç bir sübutlarının olmamasıdır…183
“Sübutu olmayan” bu təkamül iddiasına əsasən, insanın nəsil ağacı avstralopitek adlı bir meymun növü ilə başlayır. İddiaya görə, avstralopitek zaman ərzində ayağa qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək müasir insana (Homo sapiens) çevrilmişdir. Ancaq tapılan fosillər bu ssenarini dəstəkləmir. Hər cür keçid növ iddiasına baxmayaraq, insan və meymunlara aid fosillər arasında keçilməz sərhəd var. Hətta bir-birinin əcdadı kimi göstərilən növlərin, əslində, eyni dövrdə yaşamış müasir növlər olduğu məlum olmuşdur.
Bəs “insan təkamülü” tezisi nəyə əsaslanır?
Bu dırnaqarası əsas – təkamülçülərin üzərində spekulyasiya qura biləcəkləri fosillərin çox sayda olmağıdır. Tarix boyu 6000-dən çox meymun növü yaşamışdır. Bunların böyük qisminin nəsli kəsilmişdir. Bu gün yer üzündə cəmi 300 qədər meymun növü yaşayır. Məhz bu 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün fosilləri təkamülçülər üçün “dəlil” mənbəyi təşkil edir.
Digər tərəfdən, müxtəlif insan irqləri arasında da böyük fərqlər var. Qədim dövrdəki insan irqləri arasında fərqlər daha böyükdür. Zaman ərzində insan irqləri müəyyən qədər bir-biri ilə qarışmış və assimilyasiyaya uğramışdır. Buna baxmayaraq, bu gün dünyada yaşayan skandinavlar, zəncilər, piqmeylər, eskimoslar və ya Avstraliya aborigenləri arasında böyük fərqlər mövcuddur.
Təkamülçü paleoantropoloqlar tərəfindən “insanabənzər” (hominid) adlandırılan fosillərin, əslində, müxtəlif meymun növlərinə və ya itmiş insan irqlərinə aid olmadığını göstərən heç bir sübut yoxdur. Başqa cür desək, insan ilə meymunlar arasında heç bir “keçid növ” nümunəsi yoxdur.
Bu ümumi izahlardan sonra “insanın təkamülü” ssenarisinin elmi kəşflərlə necə ziddiyyət təşkil etdiyini birlikdə təhlil edək.
İnsanın xəyali nəsil ağacı
Darvinist nəzəriyyə bu gün yaşayan insanın insanabənzər varlıqlardan törədiyini iddia edir. 5-6 milyon il əvvəl başlandığı güman edilən bu prosesdə bugünkü insan ilə “əcdadları” arasında bəzi “keçid növ”lərin yaşadığı iddia edilir. Tamamilə xəyal olan bu ssenaridə dörd əsas “kateqoriya” sadalanır:
- Australopithecina (Australopithecus cinsinə aid növlər)
- Homo habilis
- Homo erectus
- Homo sapiens
Təkamülçülər insanların “ibtidai insanabənzər əcdad”ını “cənub meymunu” mənasını verən avstralopitek adlandırırlar. Bu canlılar, əslində, nəsli kəsilmiş qədim meymun növüdür. Avstralopitek cinsinin müxtəlif növləri mövcuddur. Bunların bəziləri iri, bəziləri isə daha kiçik və incə quruluşa malik meymunlardır.
İnsanın təkamülünün daha sonrakı mərhələsini isə Homo, yəni insan adı altında təsnif edirlər. İddiaya əsasən, Homo seriyasındakı canlılar avstralopitekdən daha təkmil canlılardır. Bu növün təkamülünün ən son mərhələsində isə Homo sapiens, yəni bugünkü insanın meydana gəldiyi irəli sürülür.
Təkamülçü KİV-lərdə və dərs kitablarında nəşr olunan, mediada tez-tez adı çəkilən pitekantrop (Yava adamı), sinantrop (Pekin adamı), “Lüsi” kimi fosillər yuxarıda sadaladığımız dörd növdən birinə aid edilirlər. Bu növlər də, həmçinin öz daxilində yarımnövlərə bölünür.
Bir vaxtlar çox iddialı olan Ramapithecus kimi keçid növ namizədlərinin adi meymun olduğu aşkar edilməsilə birlikdə, onlar insanın xəyali nəsil ağacından səssiz-səmirsiz çıxarılıb.185
Təkamülçülər “Australopithecus > Homo habilis > Homo erectus > Homo sapiens” ardıcıllığını tərtib edərkən bu növlərin hər birinin özündən sonrakının əcdadı olması kimi təsəvvür verirlər. Halbuki paleoantropoloqların son kəşfləri Australopithecus, Homo habilis və Homo erectusun dünyanın müxtəlif yerlərində eyni dövrlərdə yaşadıqlarını göstərir. Hətta Homo erectusa aid insanların bir qismi çox yaxın tarixə qədər yaşayıblar.
“Yava (adası)nın sonuncu Homo erectusu: Cənub-şərqi Asiyadakı Homo sapienslər ilə potensial çağdaşlığı” (Latest Homo erectus of Java; Potential contemporaneity with Homo sapiens en Southeast Asia) başlıqlı məqalədə Yavada tapılan Homo erectus fosillərinin “orta hesabla, yaşının 27±2-dən 53,3±4 min il əvvələ qədər” olduğu və onun “H. erectusun Cənub-şərqi Asiyanın dövrümüzdəki insanlar (H. sapiens) ilə anatomik cəhətdən eyni dövrdə yaşadığı ehtimalını artırdığı” ifadə edilir.186
Bundan əlavə, Homo sapiens neanderthalensis və Homo sapiens sapiens (müasir insan) eyni yerdə yan-yana tapılmışdır. Bu isə həmin canlıların bir-birinin əcdadı olmasının əsassızlığını üzə çıxarır.
Qısaca desək, bütün elmi kəşflər təkamülçülərin irəli sürdüyü fosillərin təkamül prosesini sübut etmədiyini göstərir. İnsanın əcdadları kimi ortaya atılan fosillərin bir qismi meymun növlərinə, bir qismi də müxtəlif insan irqlərinə aiddir.
Yaxşı, bəs əlimizdəki fosillərin hansı insan, hansı meymundur? Bunların hər hansı birinin həqiqi “keçid növ” hesab edilməsi nə üçün mümkün deyil? Bu sualların cavabını görmək üçün həmin “kateqoriyalar”a ardıcıllıqla nəzər yetirək.
Avstralopitek (Australopithecus)
İlk kateqoriya olan avstralopitek “cənub meymunu” mənasına gəlir. Bu canlıların 4 milyon il bundan əvvəl Afrikada ortaya çıxdığı və 1 milyon il əvvələ qədər yaşadıqları güman olunur. Avstralopitek növləri arasında bəzi fərqlər var. Təkamülçülər ən qədim avstralopitek növünün A. afarensis olduğunu hesab edirlər. Bundan ardınca daha incə skeletə malik olan A. africanus ilə ondan daha böyük sümükləri olan A. robustus gəlir. A. boisei isə bəzi tədqiqatçılar tərəfindən ayrı növ, bəziləri tərəfindən də A. robustusun yarımnövü qəbul edilir.
Avstralopitek növlərinin hamısı dövrümüzdəki meymunlara bənzəyən nəsli kəsilmiş meymunlardır və hamısının beyni bugünkü şimpanzelərin beyni ilə eyni həcmdədir və ya daha kiçikdir. Əllərində və ayaqlarında bugünkü meymunlarda olduğu kimi ağaclara dırmaşmaq üçün çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün mükəmməl quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə müasir meymunlardakı kimi erkək avstralopitek dişidən daha iridir. Kəllə sümüklərindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir sıra xüsusiyyətlər bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadığını göstərən dəlillərdir.
Təkamülçülər avstralopiteklərin adi meymun anatomiyasına malik olmasına baxmayaraq, bütün digər meymunların əksinə, insanlar kimi dik yeridiklərini iddia edirlər.
Sözügedən “dik yerimə” iddiası Riçard Liki, Donald Cohanson kimi təkamülçü paleoantropoloqların on illərdir müdafiə etdiyi fikirdir. Amma bir çox alim avstralopitekin skeleti üzərində çoxsaylı tədqiqat aparmış və bu iddianın əsassızlığını üzə çıxarmışdır. Böyük Britaniya və ABŞ-dan olan iki məşhur anatom Solli Sukerman və prof. Çarlz Oksnardın avstralopitek nümunələri üzərində apardıqları geniş miqyaslı tədqiqatlar bu canlıların ikiayaqlı olmadıqlarını, dövrümüzdəki meymunlarla eyni hərəkət formasına malik olduğunu göstərmişdir. Böyük Britaniyanın dəstəyi ilə təşkil olunmuş beş mütəxəssisdən ibarət tədqiqat qrupunda bu canlıların sümüklərini 15 il boyu araşdıran Sukerman, özü də təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq, avstralopiteklərin sadəcə adi meymun növü olduğunu və qətiyyən dik yerimədiklərini müəyyən etmişdir.187 Bu mövzudakı araşdırmaları ilə məşhur olan digər təkamülçü anatom Çarlz E.Oksnard da avstralopitek skeletini dövrümüzdəki oranqutanlara bənzədir.188
Avstralopitekin insanın əcdadı olmadığı son dövrdə təkamülçü mənbələr tərəfindən də qəbul edilir. Məşhur fransız elm jurnalı “Science et vie” 1999-cu il, may sayında bu mövzunu üz qabığında dərc etmişdi. Jurnal Australopithecus afarensis növünün ən əsas fosil nümunəsi hesab edilən Lüsini “Adieu Lucy” (Əlvida, Lüsi) başlığı altında göstərərək avstralopitek növünə məxsus meymunların insanın nəsil ağacından çıxarılmalı olduğunu vurğulamışdır. StW 573 seriyalı yeni avstralopitek fosilinə əsaslanaraq yazılan məqalədə belə deyilir:
Yeni nəzəriyyə avstralopitek cinsinin insanın mənşəyi olmadığını deyir… StW 573-ü araşdırmaq səlahiyyətinə malik olan yeganə qadın tədqiqatçının nail olduğu nəticələr insanın əcdadı ilə bağlı aktual nəzəriyyələrdən fərqli olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yerləşən insan və əcdadları hesab edilən primat cinsli iri meymunlar aradan çıxarılır… Avstralopiteklər və Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər, Homo növlərinin (insanların) əcdadlarının hələ də üzə çıxarılması gözlənilir.189
Homo habilis
Avstralopitekin skelet və kəllə sümüyü quruluşunun şimpanzelərdən o qədər də fərqlənməməsi və bu canlıların dik yeriməsi iddiasının əsaslı dəlillərlə təkzib edilməsi təkamülçü paleoantropoloqları çətin vəziyyətdə qoymuşdur. Çünki xəyali təkamül sxemlərində avstralopitekdən sonra Homo erectus gəlir. Homo erectus adının əvvəlindəki “homo” (yəni “insan”) terminindən də bilindiyi kimi, bu, insan qrupudur və skeleti də dikdir. Kəllə sümüyünün həcmi avstralopitekdən iki dəfə böyükdür. Şimpanzeyə bənzəyən meymun növü olan avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən “əlaqə”lər, yəni “keçid forma”lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur.
Homo habilis 1960-cı illərdə ailəliklə “fosil ovçusu” olan Likilər tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən insanın əcdadı ola bilərdi.
Halbuki eyni növə aid 1980-ci illərin sonunda tapılan qalıqlar bu fikri tamamilə dəyişdirdi. Yeni tapılan qalıqlara əsaslanan Bernard Vud və Lorinq Breys kimi tədqiqatçılar onların “alətdən istifadə edən insan” mənasına gələn Homo habilis əvəzinə “alətdən istifadə edən Cənubi Afrika meymunu” mənasına gələn Australopithecus habilis adlandırılmasını təklif etdilər. Çünki Homo habilis avstralopitek adlandırılan meymunlarla bir çox ortaq xüsusiyyətə malik idi. Avstralopitek kimi uzun qollu, qısa ayaqlı və meymunabənzər skelet quruluşu var idi. Əl və ayaq barmaqları dırmaşmağa uyğun idi. Çənə quruluşu eynilə dövrümüzdəki meymunlarınkına bənzəyirdi. 630 sm3-lik beyin həcmi də onların meymun olduğunu göstərirdi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən keçid forma adlandırılan Homo habilis, əslində, bütün digər avstralopiteklər kimi nəsli kəsilmiş meymun idi.
Sonrakı illərdə aparılan tədqiqatlar Homo habilisin, həqiqətən də, avstralopitekdən fərqli canlı olmadığını aşkar etdi. 1984-cü ildə Tim Uayt tərəfindən tapılan və OH 62 adlandırılan skelet və kəllə sümüyü qalığı bu növün dövrümüzdəki meymunlarınkı kimi kiçik beyinə, budaqlara dırmaşmağa yarayan uzun qollara və qısa ayaqlara malik olduğunu göstərdi.
Amerikalı antropoloq Holli Smitin 1994-cü ildə apardığı dəqiq təhlillər də Homo habilisin, əslində, “homo”, yəni insan deyil, meymun olduğunu göstərdi. Smit Australopithecus, Homo habilis, Homo erectus və Homo neanderthalensis növlərinin dişləri üzərində apardığı təhlillər haqqında belə deyirdi:
Dişlərin inkişafı və quruluş meyarına əsaslanaraq apardığımız təhlillər avstralopitek və Homo habilis növlərinin Afrika meymunları ilə eyni kateqoriyaya aid olduğunu, lakin Homo erectus və neandertal növlərinin dövrümüzdəki insanlarla eyni quruluşa malik olduğunu göstərir.190
Eyni ildə Fred Spur, Bernard Vud və Frans Zonneveld adlı üç anatom tamamilə fərqli üsulla tədqiqat apararaq eyni nəticəyə gəldilər. Bu üsul insan və meymunların daxili qulaqlarında olan və müvazinətin təmin olunmasına xidmət edən yarımdairəvi kanalların müqayisəli təhlili idi. Spur, Vud və Zonneveld gəldikləri nəticəni belə yekunlaşdırdılar:
“Daşlaşmış hominid qalıqlar arasında dövrümüzdəki insan morfologiyasını göstərən ilk növ Homo erectusdur. Əksinə, Cənubi Afrikadan gələn və avstralopitek və parantrop adlandırılan kəllə sümüyündəki yarımdairəvi kanal ölçüləri dövrümüzə qədər yaşayan iri meymunlarınkına bənzəyir”.191
StW 53 adlı Homo habilis nümunəsi üzərində tədqiqat aparan Spur, Vud və Zonneveld “StW 53-ün avstralopiteklərdən daha az “ikiayaqlı kimi davrandığı”nı müəyyən etdilər. Bu, H. habilisin avstralopitekdən daha çox meymuna bənzədiyini göstərir. Bu səbəbdən həmin alimlər StW 53-ün “Australopithecina və H. erectus arasında morfoloji keçid formasının olmaması” nəticəsinə gəldilər.192
Bu kəşf ilə iki əsas nəticəyə gəlirik:
- Homo habilis adlandırılan fosillər, əslində, “homo” – yəni insan deyil, avstralopitek (meymun) təsnifinə daxildir.
- Həm Homo habilis, həm də avstralopitek növləri əyri yeriyən, yəni meymun skeletinə malik canlılardır. İnsanla heç bir əlaqəsi yoxdur.
Homo rudolfensis haqqındakı xəta
Homo rudolfensis termini 1972-ci ildə tapılan bir neçə qalıq hissəsinə verilən addır. Bu qalıq hissələri Keniyadakı Rudolf gölü (indiki Turkana gölü) ətrafında tapıldığı üçün qalığın təmsil etdiyi güman edilən növə Homo rudolfensis adı verilmişdir. Bir çox paleoantropoloqlar bu qalıqların, əslində, ayrı bir növə aid olmadığını, Homo rudolfensis adlandırılan canlının da, əslində, bir Homo habilis, yəni meymun növü olduğunu qəbul edirlər.
Qalıqları tapan Riçard Liki 2,8 milyon il yaş verdiyi və “KNM-ER 1470” adlandırdığı kəllə sümüyünü antropologiya tarixinin ən böyük kəşfi elan edərək böyük əks-səda doğurmuşdu. Likinin fikrincə, bu qədim canlı avstralopitek kimi beyin həcmi çox kiçik, lakin insanabənzər sifətə malik olan və avstralopitek ilə insan arasındakı itmiş halqa idi. Ancaq bir müddət sonra aydın oldu ki, KNM-ER 1470 kəllə sümüyünün bir çox elmi jurnalların üz qabığında dərc olunan “insanabənzər” siması, əslində, sümük parçalarını birləşdirərkən, bəlkə də, qəsdən edilən səhvlərin nəticəsi idi. İnsan üzü anatomiyası sahəsilə məşğul olan prof. Tim Bromic 1992-ci ildə kompüter simulyasiyalarının köməyi ilə aşkar etdiyi bu həqiqəti belə xülasə edir:
“KNM-ER 1470 bərpa edilərkən üz cizgiləri eynilə bugünkü insanların kəllə sümüyünə oxşar şəkildə quraşdırılmışdı. Halbuki apardığımız tədqiqatlara əsasən, üz kəllə sümüyünə daha maili birləşdirilməlidir. Bu isə eynilə avstralopitekdə olan meymunabənzər sifət xüsusiyyətlərini göstərir”.193
Təkamülçü paleoantropoloq C.E.Kronin bu mövzu ilə bağlı belə deyir:
“Kobud şəkildə formalaşdırılmış üz, kəllə sümüyünün kiçikliyi və böyük azı dişlər kimi primitiv xüsusiyyətlər KNM-ER 1470 ilə avstralopitek arasında oxşarlıq təşkil edir… KNM-ER 1470 digər Homo nümunələri kimi başqa incə quruluşlu avstralopiteklər ilə bir çox ortaq xüsusiyyət daşıyır. Bu xüsusiyyətlər sonrakı Homo nümunələrində (yəni Homo erectusda) yoxdur”.194
Miçiqan Universitetindən Ç.Lorinq Breys isə çənə və diş üzərində apardığı təhlillərdə bu kəllə qutusu haqqında eyni nəticəyə gəlir:
“Çənənin böyüklüyü və azı dişlərin əhatə etdiyi yerin genişliyi ER 1470-in, sözün əsl mənasında, avstralopitek üzünə və dişlərinə malik olduğunu göstərir”.195
KNM-ER 1470 üzərində ən az Liki qədər araşdırma aparmış Con Hopkins Universitetinin paleoantropoloqu prof. Alan Uolker də bu canlının Homo erectus kimi “homo”, yəni insan növünə deyil, əksinə, avstralopitek təsnifinə daxil edilməsinin tərəfdarıdır.196
Qısaca desək, avstralopitek ilə Homo erectus arasında keçid forma kimi göstərilməyə cəhd edilən Homo habilis və ya Homo rudolfensis kimi təsniflər tamamilə xəyalidir. Bu canlılar avstralopitek ardıcıllığına məxsusdur. Bütün anatomik xüsusiyyətlər bu canlıların adi meymun növü olduğunu göstərir.
Bu həqiqət Bernard Vud və Mark Kollard adlı iki təkamülçü antropoloqun 1999-cu ildə “Science” (Elm) jurnalında dərc olunan tədqiqatları ilə daha da aydınlaşdı. Vud və Kollard Homo habilis və Homo rudolfensis (kəllə 1470 növü) kateqoriyalarının da xəyali olduğunu, əslində, bu kateqoriyalara daxil edilən qalıqların avstralopitek təsnifi daxilində araşdırılmasını qeyd etmişdi:
Hələ yaxın dövrdə fosil növləri mütləq beyin həcmi, dil qabiliyyəti mövzusundakı çıxarışlar və əlin funksiyası, daşdan alətlər düzəltmək bacarıqları ilə bağlı təsəvvürlər kimi əsaslara söykənilərək Homo kateqoriyasına daxil edilmişdir. Bir neçəsi istisna olmaqla, bu cinsin (Homo) insanın təkamülü çərçivəsindəki tərifi və Homo sərhədlərinin müəyyən olması sanki problemsiz fakt kimi qəbul edilmişdi. Amma… yeni kəşflər, bu kəşflərə dair şərhlər və paleoantropoloji qeydlərdəki məhdudiyyətlər növləri Homo cinsinə daxil etmək üçün istifadə edilən meyarları əsassız hala salıb… Praktikada fosilləşmiş hominid növlər Homo kateqoriyasına dörd əsas meyardan biri və ya daha çoxuna əsasən daxil edilir… Halbuki indi daha da aydın olmuşdur ki, bu meyarların heç biri qənaətbəxş deyil. Kəllə həcmi problemlidir, çünki mütləq beyin həcminin bioloji əhəmiyyətinin olması fərziyyəsi mübahisəlidir. Eyni şəkildə, nitq funksiyasının beyinin ümumi görünüşünə əsaslanaraq izah edilməsinin qeyri-mümkünlüyünə dair olduqca tutarlı sübutlar var və beyinin nitq ilə əlaqədar hissələrinin daha əvvəlki araşdırmaların eyham etdiyinin əksinə, lokalizə olmadığına dair dəlillər var…
Bir sözlə, H. habilis və H. rudolfensisə aid fosil kəşflərini də əlavə etsək, Homo cinsi (bunlar üçün) yaxşı cins deyil. Buna görə də H. habilis və H. rudolfensis Homo cinsindən çıxarılmalıdır… Hələ ki, həm H. habilisin, həm də H. rudolfensisin avstralopitek cinsinə keçirilməsini təklif edirik.197
Vud və Kollardın gəldiyi nəticə qeyd etdiyimiz həqiqəti təsdiqləyir: tarixdə “insanın ibtidai əcdadları” olmamışdır. Bu cür göstərilən canlılar, əslində, avstralopitek kateqoriyasına aid olan meymunlardır. Fosillər bu nəsli tükənmiş meymunlar ilə fosil qeydlərində birdən-birə üzə çıxan Homo – yəni insan növü arasında heç bir təkamül əlaqəsinin olmadığını göstərir.
Homo erectus
Təkamülçülərin xəyali sxeminə görə, Homo növünün növdaxili təkamülü belədir: əvvəlcə Homo erectus, sonra Homo sapiens archaic və neandertal adamı (Homo sapiens neanderthalensis), sonra da Kromanyon adamı (Homo sapiens sapiens). Halbuki bu təsniflərin hər biri, əslində, ayrı-ayrı insan irqləridir və aralarındakı fərq eskimos ilə zənci və ya piqmey ilə avropalı arasındakı fərqdən çox deyil.
Əvvəlcə, təkamülçülərin ən ibtidai insan növü hesab etdiyi Homo erectusu təhlil edək. “Erect” termini “dik” deməkdir. Homo erectus isə “dik yeriyən insan” mənasını verir. Təkamülçülər bu insanları “erect” xüsusiyyəti ilə əvvəlkilərdən fərqləndirmək məcburiyyətində qalmışdılar. Çünki mövcud Homo erectus fosilləri avstralopitek və ya Homo habilis fosillərində müşahidə olunmayan dik yerimə qabiliyyətini göstərir. Bugünkü insanın skeleti ilə Homo erectus skeleti arasında heç bir fərq yoxdur.
Təkamülçülərin Homo erectusu “ibtidai” hesab etməsinin səbəbi isə beyin həcminin (900-1100 sm3) bugünkü insanın beyin həcmindən nisbətən kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da dünyada Homo erectusla eyni kəllə həcminə malik bir çox insan yaşayır (məsələn, piqmeylər) və bu gün də müxtəlif irqlərdə qaş çıxıntıları var (məsələn, Avstraliya yerliləri).
Kəllə həcmindəki fərqin zəka və bacarıqla əlaqəsi yoxdur. Zəka beyinin həcminə görə deyil, beyindaxili mütəşəkkilliyə uyğun olaraq dəyişir.198
Homo erectusu bütün dünyaya tanıdan fosillər Asiyada tapılmış sinantrop (Pekin adamı) və pitekantrop (Yava adamı) fosilləri idi. Ancaq bir müddət sonra hər iki fosilin saxta olduğu məlum oldu. Sinantrop gipsdən düzəldilmiş və əsli itmiş modellərdən ibarət idi, pitekantrop isə bir kəllə sümüyü parçası ilə ondan metrlərlə uzaqda tapılmış bud sümüyündən ibarət idi və bunların eyni canlıya aid olduğuna dair heç bir göstərici yox idi. Bu səbəbdən Afrikada tapılan Homo erectus fosilləri getdikcə daha çox əhəmiyyət qazandı. (Bu məqamda Homo erectus adlandırılan fosillərdən bir qisminin bəzi təkamülçülər tərəfindən Homo ergaster adlı ikinci təsnifə daxil edildiyini də qeyd etmək lazımdır. Bu barədə aralarında anlaşılmazlıq var. Biz isə sözügedən fosillərin hamısını Homo erectus təsnifi daxilində araşdıracağıq).
Afrikada tapılan Homo erectus nümunələrinin ən məşhuru Keniyadakı Turkana gölü yaxınlığında tapılan “Turkana uşağı” fosilidir. Bu fosilin 12 yaşında bir uşağa aid olduğu və böyüdükdə təxminən 183 sm boyu olacağı müəyyən olundu. Fosilin özünəməxsus dik skelet quruluşu dövrümüzdəki insandan fərqlənmir. Amerikalı paleoantropoloq Alan Uolker: “Bu skelet ilə bugünkü insan skeletini bir-birindən fərqləndirmək çox çətindir”, -deyir. Uolker kəllə sümüyünü gördükdə güldüyünü, çünki kəllə sümüyünün neandertal kəlləsinə həddən artıq bənzədiyini yazır.199
Növbəti səhifələrdə təhlil edəcəyimiz neandertallar bugünkü insanın bir irqidir. Bu səbəbdən Homo erectus da yenə bugünkü insanın bir irqidir.
Təkamülçü paleoantropoloq Riçard Liki də Homo erectus ilə dövrümüzdəki insan arasındakı fərqin irqi fərqdən başqa məna kəsb etmədiyini belə ifadə edir:
Hər insan bu fərqləri sezə bilər: kəllənin forması, üzün mailliyi, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqlər bu gün müxtəlif coğrafi bölgələrdə yaşayan insan irqləri arasındakı fərqlərdən çox deyil. Belə bir variasiya insan icmaları bir-birlərindən uzun zaman ayrı qaldıqda üzə çıxır.200
Konnektikut Universitetindən prof. Uilyam Laflin eskimoslar və Aleut adaları insanları üzərində uzun illər anatomik tədqiqatlar aparmış və bu insanlar ilə Homo erectusun heyrətamiz dərəcədə bir-birinə bənzədiyini görmüşdür. Laflin bütün bu irqlərin, əslində, Homo sapiens növünə (müasir insana) aid müxtəlif irqlər olduğu nəticəsinə gəlmişdir:
Hamısı Homo sapiens növünə aid olan eskimoslar və Avstraliya yerliləri kimi bir-birindən uzaq qruplar arasındakı böyük fərqləri nəzərə alsaq, Homo erectusun da öz daxilində müxtəlif fərqlər daşıyan bu növə (Homo sapiensə) aid olduğu nəticəsinə gəlmək çox məntiqlidir.201
Son illərdə Homo erectus kateqoriyasına aid edilən fosillərin, əslində, Homo sapiensdən ayrı növ sayılacaq qədər fərq daşımadığı elm dünyasında getdikcə daha çox dilə gətirilir. “American Scientist” jurnalında bu mövzudakı mübahisələr və 2000-ci ildə bu mövzu ilə bağlı təşkil edilən bir konfransın nəticəsi belə yekunlaşdırıldı:
“Senkenberq konfransında iştirak edənlərin əksəriyyəti Miçiqan Universitetindən Milford Uolpoff, Kanberra Universitetindən Alan Torn və həmkarları tərəfindən başlanan Homo erectusun taksonomik statusuna dair qızğın müzakirələrə qatıldılar. Bunlar (Uolpoff və Torn) qətiyyətlə Homo erectusun bir növ olmadığını, tamamilə aradan qaldırılmalı olduğunu müdafiə etdilər. Onların fikrincə, Homo cinsinin bütün üzvləri 2 milyon il əvvəldən dövrümüzə qədər müxtəlifləşərək çox açıq və geniş sahələrə yayılmış yeganə növ, yəni Homo sapiens növü idi və bu növ daxilində təbii fərqlər və yarımnövlər tapılmırdı. Konfransda Homo erectusun mövcud olmadığı müzakirə olunurdu.202
Yuxarıdakı tezisi müdafiə edən alimlərin gəldiyi nəticə “Homo erectus Homo sapiensdən fərqli növ deyil, Homo sapiens daxilindəki irqdir” şəklində ifadə edilə bilər. Adi insan irqi olan Homo erectus ilə “insanın təkamülü” ssenarisində ondan əvvəl gələn meymunlar (Australopithecus, Homo habilis və Homo rudolfensis) arasında böyük uçurum var. Yəni fosil qeydlərində meydana çıxan ilk insanlar təkamül keçirmədən, eyni anda və birdən-birə meydana gəliblər.
Neandertallar: anatomiyaları və mədəniyyətləri
Neandertallar (Homo sapiens neanderthalensis) bundan 100 min il əvvəl Avropada birdən-birə üzə çıxmış və təxminən 35 min il əvvəl sürətlə və səssiz şəkildə yox olmuş və ya digər irqlərlə qarışaraq assimilyasiyaya uğramış insanlardır. Müasir insandan yeganə fərqi skeletlərinin bir qədər daha güclü və kəllə sümüyü ölçülərinin orta hesabla daha çox olmasıdır.
Neandertallar insan irqidir və bu gün bu həqiqət hər kəs tərəfindən qəbul edilir. Bəzi təkamülçü paleoantropoloqlar bu insanları uzun zaman “ibtidai növ” qəbul edirdi, lakin kəşflər neandertal insanının bu gün küçədə gəzən hər hansı “cüssəli” insandan fərqli olmadığını göstərir. Bu mövzuda Nyu Mexiko Universitetindən məşhur paleoantropoloq Erik Trinkaus belə yazır:
“Neandertal fosilləri və müasir insan sümükləri arasında aparılan müqayisələr göstərir ki, neandertalların anatomiyasında və ya hərəkət, alətlərdən istifadə, zəka səviyyəsi və ya nitq qabiliyyəti kimi xüsusiyyətlərində günümüzdəki insanlardan zəif sayılan heç bir şey yoxdur.203
Bu səbəbdən hal-hazırda bir çox tədqiqatçı neandertal insanını dövrümüzdəki insanın yarımnövü təyin edərək Homo sapiens neanderthalensis adlandırır.
Digər tərəfdən, fosil tapıntıları neandertalların mütərəqqi mədəniyyətə malik olduğunu da göstərir. Bunun ən maraqlı nümunələrindən biri neandertal insanları tərəfindən düzəldilmiş fosilləşmiş fleytadır. Ayının bud sümüyündən düzəldilmiş bu fleyta arxeoloq İvan Turk tərəfindən 1995-ci ilin iyulunda Sloveniyanın şimalında bir mağaradan tapılmışdır. Daha sonra isə musiqişünas Bob Fink fleytanı təhlil etmişdir. Fink karbon testinə əsasən, 43.000-67.000 il yaşı olduğu deyilən bu alətin 4 notdan ibarət olduğunu və fleytada yarımtonlar və tam tonların olduğunu təsbit etmişdir. Bu kəşf neandertalların müasir musiqi mədəniyyətinin əsası olan yeddi notdan istifadə etdiklərini göstərir. Fleytanı tədqiq edən Fink “qədim fleytanın üzərindəki ikinci və üçüncü dəliklər arasındakı məsafənin üçüncü və dördüncü dəliklər arasındakı məsafənin iki misli” olduğunu da ifadə edir. Bu isə göstərir ki, birinci məsafə tam notu, ona qonşu olan məsafə isə yarımnotu təmsil edir. “Bu üç not inkaredilməz şəkildə diatonik ölçmədəki kimi səs çıxarır”, -deyən Fink neandertalların musiqi zövqü və biliyi olan insanlar olduğunu ifadə edir.204
Digər bəzi fosil kəşfləri də neandertalların ölüləri basdırdıqlarını, xəstələrə baxdıqlarını, boyunbağı və digər bəzək əşyalarından istifadə etdiklərini göstərir.205
Digər tərəfdən, qazıntılar əsnasında neandertal insanları tərəfindən istifadə edildiyi müəyyən olunan 25 min illik tikiş iynəsi də tapılmışdır. Sümükdən düzəldilmiş bu iynə düzdür və sapın keçirilməsi üçün açılmış dəliyə malikdir.206 Əlbəttə, tikiş iynəsinə ehtiyacı olan, geyim mədəniyyətinə malik olan insanlar “ibtidai” sayıla bilməz.
Neandertalların alət düzəltmə qabiliyyəti ilə bağlı Nyu-Meksiko Universitetindən antropologiya və arxeologiya professoru Stiven L.Kun və Meri C.Stiner tədqiqat aparmışlar. Hər iki alimin təkamül nəzəriyyəsini müdafiə etməsinə baxmayaraq, apardıqları arxeoloji araşdırmalar və təhlillər İtaliyanın cənub-qərb sahilindəki mağaralarda min illərlə yaşamış neandertalların müasir insan kimi kompleks düşüncə tələb edən fəaliyyətlərlə məşğul olduğunu göstərir.207
Kun və Stiner bu mağaralarda müxtəlif alətlər tapmışdılar. Nizə ucları da daxil olmaqla bütün tapıntılar iti uclu kəsici alətlərdir və çaxmaq daşının kənarlarındakı təbəqələrin yonulmasıyla düzəldilmişdir. Şübhəsiz, daşları yonaraq bu cür alətlər düzəltmək zəka və bacarıq tələb edir. Bu prosesdəki ən əsas problemlərdən biri təzyiq nəticəsində qayaların ucunda əmələ gələn qırılmalardır. Buna görə işi icra edən adam növbəti dəfə ucları qorumaq üçün “nə qədər vurmalıyam” və ya əyri bir alət düzəldirsə, “nə qədər əyməliyəm” deyə qərar vermək və öz-özlüyündə dəqiq hesablama aparmaq məcburiyyətindədir.
Kaliforniya Universitetindən Marqaret Konki hətta neandertallardan əvvəlki dövrlərə aid olan alətlərin də nə etdiklərinin şüurunda olan ağıllı cəmiyyətlər tərəfindən düzəldildiyini belə izah edir:
“Arxaik insanların əlləri ilə düzəltdikləri alətlərə baxsanız, onların naşı əl işləri olmadığını görərsiniz. Arxaik insanlar istifadə etdikləri vasitələrin nə olduğunun və nə cür bir dünyada yaşadıqlarının şüurundadırlar”.208
Bir sözlə, elmi kəşflər neandertalların zəka və mədəniyyət cəhətdən bizdən fərqi olmayan insan irqi olduğunu göstərir. Bu irq digər irqlərlə qarışıb assimilyasiyaya uğrayaraq və ya naməlum şəkildə tarix səhnəsindən çıxmışdır. Amma əsla “ibtidai”, “yarımeymun” və s. deyil.
Homo sapiens archaic, Heydelberq adamı (Homo heidelbergensis) və Kromanyon
Homo sapiens archaic xəyali təkamül sxeminin müasir insandan əvvəlki pilləsini təşkil edir. Əslində, bu insanlar haqqında təkamülçülərin baxış prizmasına görə deyiləcək bir şey yoxdur, çünki onlar dövrümüzdəki insandan çox kiçik fərqlərə görə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu irqin nümayəndələrinin hal-hazırda hələ də yaşadıqlarını söyləyərək Avstraliya yerlilərini nümunə göstərirlər. Aborigenlər də eynilə bu irq kimi qalın qaş çıxıntılarına, içəri doğru meyilli çənə quruluşuna və bir az kiçik beyin həcminə malikdirlər. Bundan əlavə, çox yaxın keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların yaşadıqlarına dair məlumatlar əldə edilmişdir.
Təkamülçü ədəbiyyatda Homo heidelbergensis adlandırılan kateqoriya isə, əslində, Homo sapiens archaiclə eynidir. Eyni insan irqini təsvir etmək üçün bu iki ayrı kateqoriyadan istifadə edilməsinin səbəbi təkamülçülər arasındakı fikir ayrılığıdır. Heydelberq adamı kateqoriyasına daxil edilən bütün fosillər anatomik cəhətdən dövrümüzdəki avropalılara bənzəyən insanların bundan 500 min, hətta 740 min il əvvəl Böyük Britaniyada və İspaniyada yaşadıqlarını göstərir.
Kromanyon adamı isə 30.000 il əvvələ qədər yaşadığı təxmin edilən irqdir. Qübbə formasında kəllə qutusuna, geniş alına malikdir. 1600 sm3-lik beyin həcmi müasir insanın orta beyin həcmindən çoxdur. Qalın qaş çıxıntıları var və kəllənin arxa hissəsində neandertal adamının və Homo erectusun xarakterik xüsusiyyəti olan sümük çıxıntısı var.
Avropalı irq kimi qəbul edilməsinə baxmayaraq, kromanyonun kəllə quruluşu və həcmi hal-hazırda Afrika və tropik qurşaqlarda yaşayan bəzi irqlərinkinə bənzəyir. Bu oxşarlığa əsaslanaraq onun Afrika mənşəli qədim irq olduğu təxmin edilir. Digər bəzi paleoantropoloji tapıntılar kromanyon və neandertal irqlərinin bir-birləri ilə qaynaşaraq dövrümüzdəki bəzi irqlərə əsas təşkil etdiklərini göstərir.
Nəticə etibarı ilə, bu insanların heç biri “ibtidai növ”lər deyil, tarixən yaşamış, digər irqlərə qarışıb assimilyasiyaya uğrayaraq və ya nəsli kəsilib yox olaraq tarix səhnəsindən silinmiş fərqli insan irqləridirlər.
Təkamül ağacının məhvi
Buraya qədər təhlil etdiklərimiz əsasında bu nəticəyə gəlirik: “insanın təkamül” ssenarisi tamamilə fantastikadır. Çünki belə bir nəsil ağacının mövcud olması üçün meymunlardan insanlara doğru ortaq əcdaddan gələn mərhələli təkamül baş verməli və bu prosesə dair daşlaşmış qalıqlar (fosillər) tapılmalıdır. Halbuki meymunlarla insan arasında keçilməz uçurum var. Skelet quruluşları, beyin həcmləri, dik və əyri yerimə kimi xüsusiyyətlər insan ilə meymunu bir-birindən ayırır. (1994-cü ildə daxili qulaqdakı müvazinət kanalları üzərində aparılan tədqiqatların avstralopitek və Homo habilisi meymun kateqoriyasına, Homo erectusu isə insan kateqoriyasına aid etdiyini qeyd etmişdik).
Bu fərqli növlər arasında nəsil ağacının olmadığını göstərən başqa bir kəşf isə bir-birinin əcdadı kimi göstərilən növlərin eyni tarixdə və eyni yerdə yaşamasıdır! Əgər təkamülçülərin iddia etdikləri kimi avstralopitek zaman ərzində Homo habilisə, onlar da Homo erectusa çevrilsəydilər, bu növlərin yaşadıqları dövrlər də eyni ardıcıllıqla bir-birini əvəz etməliydi. Halbuki belə bir xronoloji ardıcıllıq yoxdur.
Təkamülçülərin hesablamalarına görə, avstralopitek bundan 4 milyon il əvvəldən 1 milyon il əvvələ qədər yaşamışdır. Homo habilis kimi tərif edilən canlıların isə 1,9-1,7 milyon il bundan əvvəl yaşadıqları hesablanır. Homo habilisdən daha “təkmil” olduğu deyilən Homo rudolfensisin yaşı isə 2,8-2,5 milyon il hesablanır! Yəni Homo rudolfensis “əcdadı” hesab edilən Homo habilisdən təxminən 1 milyon il qədimdir. Digər tərəfdən Homo erectusun yaşı 1,8-1,6 milyon ildir. Yəni Homo erectusa aid nümunələr də “əcdadları” Homo habilis ilə təxminən eyni zaman intervalında meydana gəlib.
Alan Uolker: “Şərqi Afrikada avstralopiteklərlə Homo habilis və Homo erectus növlərinin eyni vaxtda yaşadıqlarına dair qəti sübutlar var”, –deyərək bu faktı təsdiqləyir.209 Luis Liki Olduvay dərəsi bölgəsindəki Bed II təbəqəsində avstralopitek, Homo habilis və Homo erectus fosillərini, demək olar ki, yan-yana tapmışdı.210
Əlbəttə, belə bir nəsil ağacı ola bilməz. Harvard Universitetindən paleontoloq Stiven Cey Quld özü də təkamülçü olmağına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:
“Əgər bir-biri ilə paralel dövrdə yaşayan və açıq şəkildə, biri digərindən törəməmiş üç hominid (insanabənzər) şaxəsi (A. africanus, qaba avstralopiteklər və H. habilis) qəbul ediriksə, bəs bizim nəsil ağacımıza nə oldu? Üstəlik, bunların heç biri yer üzündə hökm sürdükləri müddət boyunca hər hansı təkamül meyli nümayiş etdirmirlər”.211
Homo erectusdan Homo sapiensə doğru getsək, yenə də ortada hər hansı soy ağacının olmadığını görərik. Homo erectusun və Homo sapiens archaicin bundan 27 min il əvvələ, hətta 10 min il əvvələ qədər yaşadıqlarını göstərən kəşflər var. Avstraliyada Kou bataqlığında 13 min illik Homo erectusa aid kəllə sümüyü tapılmışdır.212
Bu mövzuda ortaya çıxan ən maraqlı kəşflərdən biri də 1996-cı ildə Yava adasında tapılan 30 min illik Homo erectus, neandertal və Homo sapiens qalıqlarıdır. “The New York Times” qəzeti ön səhifəsində bu qalıqlar haqqında yazdığı xəbərdə: “Bir neçə on il əvvələ qədər alimlər insanın formalaşmasını bir növdən başqasına doğru irəliləyən xətti ardıcıllıq kimi görürdülər. Həmçinin bu iki növün eyni dövrdə və ya bölgədə birgə tapılmasının qeyri-mümkün olduğu düşünülürdü”, –deyə yazmışdır.213 Sözügedən kəşf insanın mənşəyi haqqında ortaya atılan “təkamül ağacı”nın əsassız olduğunu bir daha göstərir.
Homo sapiensin gizli tarixi
Bütün bu araşdırdıqlarımızla bərabər təkamülçülərin xəyali nəsil ağacını kökündən məhv edən ən mühüm həqiqət isə Homo sapiens, yəni bugünkü insanın tarixinin düşünülməyəcək qədər qədim olmasıdır. Paleontoloji kəşflər bundan təxminən bir milyon il əvvəl də eynilə bizim kimi Homo sapiens insanlarının yaşadıqlarını göstərir.
Bu mövzudakı ilk tapıntılar məşhur təkamülçü paleoantropoloq Luis Likiyə aid idi. Liki 1932-ci ildə Keniyada Viktoriya gölü yaxınlığındakı Kancera bölgəsində anatomik cəhətdən dövrümüzdəki insandan fərqi olmayan və Orta Pleystosen dövrünə aid olan bir neçə qalıq tapdı. Ancaq Orta Pleystosen dövrü bundan bir milyon il əvvələ gedib çıxır.214 Bu kəşflər təkamül ağacını (nəsil ağacı) alt-üst etdiyi üçün bəzi təkamülçü paleoantropoloqlar tərəfindən rədd edildi. Amma Liki fikrinin doğru olduğunu həmişə müdafiə etdi.
Bu müzakirələr təzəcə unudulmuşdu ki, 1995-ci ildə İspaniyada tapılan yeni bir fosil Homo sapiensin yaşının zənn edildiyindən daha qədim olduğunu ortaya qoydu. Sözügedən fosil Madrid Universitetindən üç ispan paleoantropoloq tərəfindən İspaniyanın Atapuerka ərazisində yerləşən Qran Dolina mağarasında tapıldı. Fosil bugünkü insanla tamamilə eyni görünüşə sahib olan 11 yaşlı uşağa aid kəllə sümüyünün üz hissəsinə aid hissə idi. Ancaq yaşı 800 min il idi. “Discover” jurnalı 1997-ci il dekabr sayında bu mövzuya geniş yer verdi.
İspaniyanın Atapuerka ərazisində tapılan üz sümüyü bugünkü insanlarla eyni üz quruluşuna malik olan insanların 800 min il əvvəl də yaşadıqlarını göstərirdi.
Bu fosil Qran Dolina tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferrerasın belə insanın təkamülü haqqındakı inanclarını sarsıtmışdı. Ferreras belə deyirdi:
Böyük, geniş, qabarıq, yəni primitiv bir şeylə qarşılaşacağımızı ümid edirdik. 800.000 il yaşı olan bu uşağın Turkana uşağı kimi bir şey olmasını gözləyirdik. Amma bizim tapdığımız tamamilə müasir bir üz idi… Bunlar sizi sarsıdan faktorlardır: fosil tapmaq yox, bütöv fosil tapmaq da gözlənilməz və gözəl hadisədir. Lakin ən təsirli olan bu günə aid olduğunu düşündüyünüz bir şeyi keçmişdə tapmağınızdır. Bu, Qran Dolinada maqnitofon tapmaq kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı. Alt Pleystosen təbəqələrində maqnitofonlar, kasetlər tapmağı gözləmirik, ancaq 800 min illik “müasir” üz tapmaq da bunun kimi bir şeydir. Onu gördükdə çox heyrətlənmişdik.215
Bu fosil Homo sapiens tarixinin 800 min il geriyə çəkilməsinin lazım olduğuna işarə edirdi. Amma fosili tapan təkamülçülər, ilk şoku keçirdikdən sonra, bu fosilin başqa bir növə aid olduğuna qərar verdilər. Çünki təkamülün nəsil ağacına əsasən, 800 min il əvvəl Homo sapiens yaşamamalıydı. Ona görə Homo antecessor adlı xəyali növ uydurdular və Atapuerka kəllə sümüyünü bu ardıcıllığa daxil etdilər.
Daxmalar və ayaq izləri
Bu günə qədər kəşf edilən bir çox tapıntı Homo sapiensin tarixinin 800 min ildən daha qədim olduğunu göstərdi. Bunlardan biri də Luis Likinin 1970-ci illərin əvvəllərində Olduvay dərəsindəki tapıntıları idi. Liki buradakı Bed II təbəqəsində avstralopitek, Homo habilis və Homo erectus növlərinin eyni anda bir yerdə yaşadıqlarını müəyyən etmişdi. Ancaq daha da maraqlısı Likinin eyni təbəqədə (Bed II) tapdığı bir daxma idi. Liki burada daşdan tikilmiş bir daxmanın qalıqlarını tapmışdı. Hadisənin ən maraqlı tərəfi isə bu idi ki, Afrikanın bəzi bölgələrində hələ də istifadə edilən bu daxmaları yalnız Homo sapienslər tikə bilərdi! Yəni Likinin tapıntılarına görə avstralopitek, Homo habilis, Homo erectus və bugünkü insan bundan təxminən 1,7 milyon il əvvəl bir yerdə yaşamış olmalıydılar.216 Bu həqiqət, əlbəttə, bugünkü insanların avstralopitek adlandırılan meymunlardan təkamüllə törədiyini irəli sürən təkamül nəzəriyyəsini tamamilə əsassız edirdi.
Əslində, indiyə kimi bugünkü insanların izlərini 1,7 milyon ildən də qədimə aparan tapıntılar ələ keçib. Bu tapıntıların ən əsası Meri Liki tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində aşkar olunan ayaq izləri idi. Bu izlər 3,6 milyon illik təbəqənin üzərində idi və ən əsası, bugünkü insanın ayaq izlərindən qətiyyən fərqlənmirdi.
Meri Likinin aşkar etdiyi bu ayaq izləri daha sonra Don Cohanson və Tim Uayt kimi məşhur paleoantropoloqlar tərəfindən də araşdırıldı. Əldə edilən nəticələr eyni idi. Uayt belə yazırdı:
Qətiyyən şübhəniz olmasın… Bunlar bugünkü insanın ayaq izlərindən qətiyyən fərqlənmir. Əgər bu izlər bu gün hər hansı Kaliforniya çimərliyində tapılsaydı və bir uşaqdan bunların nə olduğu soruşulsaydı, heç tərəddüd etmədən burada bir insanın gəzdiyini söyləyərdi. Bunları çimərlikdəki yüzlərlə digər insan ayaq izindən ayıra bilməzdi. Heç siz də ayırd edə bilməzdiniz.217
Şimali Kaliforniya Universitetindən Luis Robins isə ayaq izlərini araşdırdıqdan sonra belə deyirdi:
“Ayaq qövsü hündürdür, kiçik ölçülü insanın ayağı mənimkindən daha hündürdür, yəni barmaqlar insan barmaqlarıyla eyni şəkildə yeri örtür. Bunu başqa heyvan növlərində görə bilməzsiniz”.218
Ayaq izlərinin morfoloji quruluşu üzərində aparılan araşdırmalar bunun adi bir insan, özü də bugünkü insan (Homo sapiens) izi kimi qəbul edilməsini tələb edirdi. Ayaq izlərini araşdıran Rassel Tattl belə yazırdı:
“Bu izlər ayaqyalın Homo sapiens tərəfindən buraxılmış olmalıdır… Aparılan bütün morfoloji tədqiqatlar bu izləri buraxan canlının ayağının günümüzdəki insan ayağından fərqli olmadığını göstərir”.219
Bitərəf araşdırmalar ayaq izlərinin əsl sahiblərini də müəyyən etdi: ortada 10 yaşında bir insanın 20 ədəd və daha az yaşlı birisinin 27 ədəd daşlaşmış ayaq izi vardı. Bunlar tamamilə bizim kimi normal insanlar idi.
Bu vəziyyət Laetoli ləpirlərini on illərlə müzakirə mövzusuna çevirdi. Təkamülçü paleoantropoloqlar insanın 3,6 milyon il əvvəl yer üzündə yeriyə bildiyini qəbul edə bilmir və buna dair izah verməkdə çətinlik çəkirdilər. 90-cı illərdə bu “izah” formalaşdı. Təkamülçülər bu izlərin bir avstralopitekə məxsus olduğuna qərar verdilər; çünki bundan 3,6 milyon il əvvəl Homo növünün yaşaması, nəzəriyyələrinə görə, mümkün deyildi! Rassel Tattl 1990-cı il tarixli bir məqaləsində belə yazırdı:
“Nəticədə, Laetoli G ərazisindəki 3,5 milyon illik ayaq izləri bugünkü insanların izlərinə çox bənzəyir. Bu tapıntı izləri qoyan canlıların bizdən daha pis və ya fərqli yeriyən canlı olduğunu göstərmir. Əgər ayaq izləri bu qədər qədim olmasaydı, bunların da bizim kimi adi Homo növü tərəfindən qoyulduğunu müzakirəsiz qəbul edə bilərdik… Amma yaş problemi səbəbi ilə bu ləpirlərin Lüsi fosili ilə eyni növə, yəni Australopithecus afarensis növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etməliyik”.220
Qısaca desək, 3,6 milyon illik bu ayaq izlərinin avstralopitekə aid olması qeyri-mümkün idi. Ayaq izlərinin avstralopitekə aid olduğuna dair fikir yaranmasının səbəbi isə, sadəcə olaraq, fosillərin tapıldığı 3,6 milyon illik vulkanik təbəqə idi. Bu qədər qədim zamanda insanların yaşaya bilməyəcəyini düşünərək ayaq izlərini avstralopitekə aid etmişdilər.
Laetoli izləri haqqında verilən bu izahlar bizə çox vacib həqiqəti göstərir. Təkamülçülər nəzəriyyələrini elmi nailiyyətlərə əsaslanaraq müdafiə etmirlər! Ortada kor-koranə müdafiə olunan bir nəzəriyyə var və əlimizə keçən hər bir elmi tapıntı bu nəzəriyyə ilə uzlaşdırılmaq naminə təhrif edilir və ya görməzliyə vurulur.
Bir sözlə, təkamül nəzəriyyəsi elmi nəzəriyyə deyil, elmdən kənar cəfəngiyatdır.
Son dəlil: Sahelanthropus tchadensis və təkamül ağacının məhvi
Təkamül nəzəriyyəsinin insanın mənşəyi haqqındakı iddialarını məhv edən ən son tapıntı isə 2002-ci ilin yayında Mərkəzi Afrikada, Çadda tapılan və Sahelanthropus tchadensis adı verilən fosil oldu.
Bu fosil darvinist aləmi bir-birinə qatdı. Bütün dünyada məşhur olan “Nature” jurnalı bu fosil haqda yayımladığı xəbərdə: “Tapılan yeni kəllə sümüyü insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə məhv edə bilər”, -deyə etiraf etdi.221
Harvard Universitetindən Daniel Liberman bu yeni tapıntının “kiçik bir atom bombası qədər təsirli olacağı”nı söylədi.222
Bunun səbəbi tapılan fosilin 7 milyon il yaşı olmasına baxmayaraq, “insanın ən qədim əcdadı” olduğu iddia edilən və 5 milyon illik avstralopitek növündən olan meymunlardan (təkamülçülərin bu günə qədər əsas götürdükləri meyarlara görə) daha “insanabənzər” quruluşa malik olması idi. Bu vəziyyət, əslində, nəsli kəsilmiş bütün meymun növləri arasında çox subyektiv və qərəzli “insanabənzərlik” meyarlarına görə qurulan təkamül əlaqələrinin tamamilə xəyal olduğunu göstərirdi.
Con Vitfild 2002-ci il, 11 iyul tarixli “Nature” jurnalında nəşr olunan “İnsan ailəsinin ən qədim üzvü tapıldı” başlıqlı məqaləsində Corc Vaşinqton Universitetindən təkamülçü antropoloq Bernard Vuddan sitat gətirərək bu fikri təsdiqləyirdi:
“Universitetdə oxumağa başladığım 1963-cü ildə insanın təkamülü bir nərdivan kimi görünürdü. Bu nərdivanın pillələri meymundan insana doğru irəliləyən və hər mərhələsi əvvəlkindən daha az meymuna oxşayan ardıcıl keçid formalardan təşkil olunmuşdu… Amma hal-hazırda insanın təkamülü qarmaqarışıq kola bənzəyir… Fosillərin bir-birləri ilə nə cür əlaqəyə malik olduğu və hər hansı birinin, həqiqətən, insanın əcdadı olub-olmadığı hələ də mübahisəlidir”.223
Yeni tapılan meymun fosili haqqında “Nature” jurnalının redaktoru və tanınmış paleoantropoloq Henri Cinin verdiyi izahlar çox əhəmiyyətli idi. Ci “The Guardian” qəzetində nəşr olunan məqaləsində fosil haqqındakı müzakirələrə toxunur və belə yazırdı:
“Nəticə nə olursa-olsun, bu kəllə sümüyü bir daha və qəti şəkildə göstərir ki, əvvəldən qəbul edilən (insanla meymun arasındakı) “itkin halqa” düşüncəsi axmaqlıqdır… Hal-hazırda çox aydın şəkildə bilinməlidir ki, onsuz da, həmişə şübhəli olan itkin halqa fikri artıq tamamilə etibarını itirmişdir”.224
İkiayaqlılıq problemi
Buraya qədər təhlil etdiyimiz bütün fosillərlə bərabər insanlarla meymunlar arasındakı keçilməz anatomik sərhədlər də insanın təkamül nağılını təkzib edir. Bu keçilməz sərhədlərdən biri də yerimə formasıdır.
İnsan iki ayağı üzərində dik yeriyir. Bu, başqa heç bir canlıda rast gəlinməyən, çox spesifik hərəkət formasıdır. Digər bəzi heyvanlar isə iki ayaqla çox məhdud hərəkət qabiliyyətinə malikdirlər. Ayı və meymun kimi heyvanlar nadir hallarda (məsələn, bir qidanı əldə etmək istədikdə) iki ayaqları üzərində qısa müddət ərzində hərəkət edə bilirlər. Normal hallarda önə doğru meyillənmiş skeletə malikdirlər və dörd ayaq üzərində yeriyirlər.
Bəs görəsən, ikiayaqlılıq xüsusiyyəti təkamülçülərin iddia etdikləri kimi meymunların dördayaqlı yerişindən törəyib?
Xeyr… Araşdırmalar göstərir ki, ikiayaqlı yerişin təkamülü heç vaxt baş verməmişdir, baş verməsi də mümkün deyil. Əvvəla, ikiayaqlılıq təkamüllə əldə olunan üstünlük deyil. Çünki meymunların hərəkət forması insanın ikiayaqlı yerişindən daha asan, daha sürətli və daha səmərəlidir. İnsan nə şimpanze kimi budaqdan-budağa tullana bilər, nə də hepard kimi saatda 125 km sürətlə qaça bilər. Əksinə, insan iki ayağı üzərində yeridiyi üçün yerdə daha yavaş hərəkət edə bilir və bu səbəbdən təbiətdəki canlıların ən müdafiəsizlərindən biridir. Beləliklə də, təkamülçü məntiqə görə, meymunların ikiayaqlı yerişə meyil etməsinin heç bir mənası yoxdur. Əksinə, təkamül nəzəriyyəsinə görə insanlar dördayaqlı vəziyyətə gəlməlidirlər.
Təkamülçü iddianın başqa bir müəmması isə ikiayaqlı yerişin darvinizmin “mərhələli təkamül” modelinə qətiyyən uyğun gəlməməsidir. Təkamül nəzəriyyəsinin əsası olan bu model nəzəriyyənin müəyyən mərhələsində ikiayaqlılıqla dördayaqlılıq arasında “qarışıq”, “ortaq” yeriş tərzinin olmasını zəruri edir. Halbuki ingilis paleoantropoloq Robin Krompton 1996-cı ildə kompüterin köməyi ilə apardığı araşdırmalarda bu cür “qarışıq” yerişin qeyri-mümkün olduğunu göstərmişdir. Kromptonun gəldiyi nəticə budur: hər hansı canlı ya tamamilə dik, ya da tamamilə dörd ayağı üzərində yeriyə bilər.225
Bu iki yeriş arasında hər hansı tərzdə yerimə forması enerjiyə olan tələbatın həddən artıq artması səbəbilə mümkün deyil. Ona görə də yarı-ikiayaqlı canlının mövcudluğu mümkün deyil.
İnsanla meymun arasındakı uçurum təkcə ikiayaqlılıqla məhdudlaşmır. Beynin həcmi, nitq kimi digər bir çox xüsusiyyətlər təkamülçülər tərəfindən əsla izah edilmir. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir:
İnsanla (insanın təkamülü ilə) əlaqədar ən əhəmiyyətli dörd sirr budur:
1) Niyə iki ayaq üzərində yeridilər? 2) Niyə bədənlərindəki sıx tükləri itirdilər? 3) Niyə bu cür böyük beyin formalaşdırdılar? 4) Niyə nitqi öyrəndilər?
Bu suallara veriləcək standart cavablar belədir: 1) Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualları daha da artırmaq olar, amma cavab dəyişməyəcək.226
Təkamül: elmdən kənar inanc
Solli Sukerman Böyük Britaniyanın ən məşhur alimlərindən biridir. O, on illərlə fosillər üzərində çalışmış, bir çox tədqiqat aparmış, hətta bu araşdırmalarına görə London Kral Cəmiyyətinə üzv seçilmişdir. Sukerman təkamülçüdür, yəni təkamül haqqında qəsdən əks şərhlər verməz. Lakin insanın təkamülü ssenarisinə aid edilən fosilləri on illərlə araşdırdıqdan sonra ortada həqiqi nəsil ağacının olmadığına qənaət gətirmişdir.
Sukerman maraqlı “elm şkalası” tərtib etmişdir. Elmi hesab etdiyi məlumat mənbələrindən elmdən kənar hesab etdiyi sahələrə qədər sxem qurmuşdur. Sukermanın bu cədvəlinə görə, ən “elmi”, yəni konkret məlumatlara əsaslanan elm sahələri kimya və fizikadır. Sxemdə bunlardan sonra biologiya, daha sonra sosial elmlər gəlir. Sxemin ən kənarında, yəni ən “elmdən uzaq” sayılan bölmədə isə, Sukermanın fikrincə, telepatiya, altıncı hiss kimi “duyğulardan kənar qavrayış” anlayışları və bir də “insanın təkamülü” yerləşir! Sukerman sxemin bu hissəsini belə izah edir:
“Obyektiv həqiqətin sərhədlərindən çıxıb bioloji elm kimi qəbul edilən bu sahələrə, yəni duyğulardan kənar qavrayışa və insanın fosil tarixinin izah olunmasına keçdikdə öz nəzəriyyəsinə inanan insan üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, nəzəriyyələrinə tamamilə inanan bu insanların bəzi təzadları eyni anda qəbul etmələri belə mümkündür”.227
İnsanın mənşəyi haqqında məşhur KİV-lərdən biri olan “Discovering archeology” jurnalında isə jurnalın redaktoru Robert Lokk tərəfindən yazılan məqalədə: “İnsanın əcdadını axtarmaq işıqdan çox istilik verir”, -deyilir və məşhur təkamülçü paleoantropoloq Tim Uaytın bu etirafı verilir:
“Bu günə qədər cavablandıra bilmədiyimiz suallara görə hamımız ümidsizliyə düşmüşük”.228
Məqalədə təkamül nəzəriyyəsinin insanın mənşəyi ilə bağlı qarşılaşdığı müəmma və bu sahədə aparılan təbliğatın əsassızlığı belə izah edilir:
“Bəlkə də, elmin heç bir sahəsi insanın mənşəyini müəyyən etmək səylərindən daha mübahisəli deyil. Tanınmış paleontoloqlar insanın nəsil ağacının ən əsas budaqları üzərində belə müəmma içindədirlər. Yeni budaqlar böyük mübahisələrlə ortaya qoyulur, ancaq yeni fosil tapıntıları qarşısında etibarını itirib yox olur”.229
Eyni həqiqət məşhur “Nature” jurnalının redaktoru Henri Ci tərəfindən də qəbul edilmişdir. Ci 1999-cu ildə nəşr olunan “In search of deep time” adlı kitabında: “İnsanın təkamülü ilə əlaqədar 5-10 milyon il əvvələ aid bütün fosillər kiçik bir qutuya sığa biləcək qədər azdır”, -deyir. Cinin buradan gəldiyi nəticə də çox maraqlıdır:
“Əcdad-xələf əlaqələrinə əsaslanan insanın təkamül sxemi tamamilə həqiqətdən uzaq insan icadıdır və insanların ehkamlarına görə formalaşdırılmışdır… Bir yığın fosil götürmək və bunların qohumluq əlaqələrini iddia etmək təcrübi yolla sübut ediləcək elmi fərziyyə deyil, nağıllarla eyni mahiyyət daşıyan iddiadır – əyləndirici, bəlkə də, yönləndiricidir, amma elmi deyil”.230
Göründüyü kimi, təkamül nəzəriyyəsinin əsası bu nəzəriyyəni dəstəkləyən hər hansı elmi nailiyyət deyil, bu nəzəriyyəyə kor-koranə inanmış bəzi alimlərdir. Bu alimlər heç bir elmi əsası olmasa da, təkamül əfsanəsinə həm özləri inanır, həm də onlarla əməkdaşlıq edən mediadan istifadə edərək kütlələri inandırırlar.
Rekonstruksiya xətası
Təkamülçülər nəzəriyyələrini sübut edəcək elmi nəticələr əldə edə bilməsələr də, başqa məsələdə olduqca mahirdirlər: təbliğat. Bu təbliğatın ən əsas elementi isə “rekonstruksiya” adı verilən saxta illüstrasiyalardır.
Rekonstruksiya “yenidən inşa”, “bərpa” deməkdir və ancaq kiçik bir sümüyü tapılmış canlının şəklinin və ya maketinin düzəldilməsidir. Qəzetlərdə, jurnallarda, filmlərdə gördüyünüz “meymun-adam”ların hər biri rekonstruksiyadır.
Ancaq insanın mənşəyi ilə əlaqədar fosil qeydləri çox vaxt yarımçıq olduğu üçün bunlara əsaslanaraq hər hansı ehtimal vermək tamamilə təxəyyülə söykənir. Buna görə də təkamülçülər tərəfindən fosillərə əsaslanaraq düzəldilən rekonstruksiyalar tamamilə təkamül ideologiyasının əsaslarına uyğun olaraq hazırlanır. Harvard Universiteti antropoloqlarından Devid Pilbim: “Mənim məşğul olduğum paleoantropologiya sahəsində daha əvvəl aldığım təəssüratlardan meydana gəlmiş nəzəriyyə daim həqiqi məlumatlara üstün gəlir”, -deyərkən bu həqiqətə diqqət çəkir.231 İnsanlar əyani vasitələrdən daha tez təsirləndikləri üçün məqsəd bu insanları təxəyyül yolu ilə bərpa edilmiş varlıqların keçmişdə həqiqətən yaşadığına inandırmaqdır.
Burada bir cəhətə diqqət yetirmək lazımdır: sümük qalıqlarına əsaslanaraq görülən bu cür işlərdə yalnız əldə olan predmetin olduqca ümumi xüsusiyyətləri üzə çıxarıla bilər. Halbuki əsl müəyyənedici detallar zaman ərzində məhv olan yumşaq toxumalardır. Təkamülə inanan hər hansı bir insanın bu yumşaq toxumalara istədiyi kimi forma verib xəyali varlıq uydurması çox asandır. Harvard Universitetindən Ernest A.Huton bu vəziyyəti belə izah edir:
“Yumşaq hissələrin yenidən bərpasına cəhd etmək daha da riskli işdir. Dodaqlar, gözlər, qulaqlar və burun ucu altdakı sümük paylarında heç bir iz buraxmır. Eyni materiallarla bir neandertal kəlləsinə həm şimpanze görünüşü, həm də bir filosofa aid üz cizgiləri verə bilərsiniz. Qədim insan növlərinə aid olduğu iddia edilən bu rekonstruksiyaların elmi dəyəri yox dərəcəsindədir və yəqin ki, sadəcə ictimaiyyəti yanlış istiqamətləndirmək məqsədi daşıyır… Buna görə də rekonstruksiyalara etibar etməyin”.232
Təkamülçülər bu məsələnin o qədər “ağını çıxardıblar” ki, eyni kəllə sümüyünə bir-birindən olduqca fərqli simalar, üz cizgiləri yapışdırırlar. Australopithecus robustus (Zinjanthropus) adlı fosil üçün edilən bir-birindən tamamilə fərqli üç ayrı rekonstruksiya buna misaldır.
Fosillərin birtərəfli şərh olunması və ya xəyali rekonstruksiyalar edilməsi təkamülçülərin təbliğatdan hansı tərzdə istifadə etdiklərini göstərən faktdır. Lakin bunları təkamül nəzəriyyəsi tarixində rast gəlinən bəzi konkret saxtakarlıqlarla müqayisə etdikdə çox adi görünür.
Mediada və akademik nəşrlərdə mütəmadi olaraq təlqin edilən “meymun-insan” imicini dəstəkləyən heç bir konkret fosil yoxdur. Təkamülçülər əllərinə fırça götürüb xəyali varlıqlar çəkirlər, amma bu canlıların daşlaşmış qalıqlarının olmaması onlar üçün böyük problemdir. Bu problemi “həll etmək” üçün istifadə etdikləri maraqlı üsullardan biri isə tapa bilmədikləri fosilləri “düzəltmək”dir. Elm tarixinin ən böyük qalmaqalı olan Piltdaun adamı bunun bir nümunəsidir.
Piltdaun adamı qalmaqalı
Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Dauson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı çuxurda çənə sümüyü və kəllə parçası tapdığını iddia etdi. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Bu nümunələrə “Piltdaun adamı” adı verildi, 500 min il yaşı olduğu deyildi və müxtəlif muzeylərdə insan təkamülünə konkret dəlil kimi nümayiş etdirildi. 40 ildən çox bu qalıq haqqında elmi məqalələr yazıldı, müxtəlif fikirlər söyləndi və şəkillər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox alim Piltdaun adamı üzərində doktorluq müdafiə etdilər.233 Məşhur amerikalı paleoantropoloq H.F.Osborn da 1935-ci ildə Britaniya muzeyini ziyarət edəndə demişdi: “Təbiət sürprizlərlə doludur; bu, bəşəriyyət tarixindən əvvəlki dövrlər haqqında əhəmiyyətli faktdır”.234
1949-cu ildə isə Britaniya muzeyinin paleontologiya fakültəsindən Kennet Okli yaş təyin etmək üçün əsas metodlardan “flüor testi” metodunu bəzi qədim qalıqlar üzərində sınamaq istədi. Bu metod Piltdaun adamı qalığı üzərində də sınaqdan keçirilir. Nəticə çox təəccüblü olur. Aparılan sınaqda Piltdaun adamının çənə sümüyündə flüor olmadığı aydın oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az miqdarda flüor ehtiva edən kəllənin isə yalnız bir neçə min il yaşı olmalıydı.
Flüor metoduna əsaslanan sonrakı xronoloji araşdırmalar kəllənin sadəcə bir neçə min illik olduğunu ortaya qoydu. Çənə sümüyündəki dişlərin isə süni olaraq aşındığı, qalıqların yanına əlavə edilən primitiv əl alətlərinin isə polad alətlərlə yonulmuş adi suvenir tipli əşyalar olduğu aydın oldu. Vaynerin apardığı analizlərlə bu saxtakarlıq 1953-cü ildə qəti olaraq ortaya qoyuldu. Kəllə 500 yaşında bir insana, çənə sümüyü isə yenicə ölmüş oranqutana aid idi! Dişlər insana aid olduğu təəssüratını vermək üçün sonradan xüsusi olaraq əlavə olunmuş və oynaq yerləri də hamarlanmışdı. Daha sonra da bütün hissələr qədimi görüntü yaratmaq üçün kalium-dixromat ilə ləkələndirilmişdi. Sümüklər turşuya batırılanda bu ləkələr itirdi. Saxtakarlığı ortaya qoyan qrupdan Le Qros Klark: “Dişlər üzərində süni şəkildə qədimilik təəssüratı vermək cəhdləri o qədər bilinir ki, necə olub ki, bu izlər diqqətdən qaçıb?” -deyərək təəccübünü gizlədə bilmirdi.235 Bütün bunlardan sonra “Piltdaun adamı” 40 ildən çox nümayiş etdirildiyi Britaniya muzeyindən tələm-tələsik çıxarıldı.
Nebraska adamı qalmaqalı
1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin direktoru Henri Ferfild Osborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Pliosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş, iddiaya görə, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçməmiş mövzu ilə əlaqədar çox dərin elmi qalmaqallar başladı. Bəziləri bu dişi Pithecanthropus erectus adlandırdılar, bəziləri isə bunun insana daha yaxın olduğunu dedilər. Böyük mübahisələrə səbəb olan bu daşlaşmış qalığa “Nebraska adamı” adı verildi. Elmi don geyindirmək üçün dərhal “elmi” ad da qoyuldu: Hesperopithecus haroldcooki.
Bir çox təkamülçü Osbornu dəstəklədi. Bircə dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəninin rəsmləri çəkildi. Hətta bir az da irəli gedərək Nebraska adamının, həyat yoldaşının və uşaqlarının təbii mühitdə ailəvi şəkilləri də dərc olundu.
Bütün bu ssenarilər bircə dənə dişə görə uyduruldu. Təkamülçü dairələr bu “xəyali adam”ı o dərəcədə mənimsədilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər qəti qərarların verilməsinə qarşı çıxdıqda hər cür tənqidə məruz qaldı. Lakin 1927-ci ildə skeletin digər hissələri tapıldı. Məlum oldu ki, bu diş nə meymuna, nə də insana aiddir. Diş Prosthennops cinsinden vəhşi Amerika donuzunun nəsli kəsilmiş bir növünə aid imiş.
“Science” jurnalında Uilyam Qreqorinin bu yalanı xəbər verdiyi məqaləsinin başlığı belə idi: “Belə görünür ki, Hesperopithecus nə meymundur, nə də insan”.236 Nəticədə, Hesperopithecus haroldcookinin və “ailəsi”nin bütün şəkilləri dərhal elmi ədəbiyyatdan çıxarıldı.
Nəticə
Təkamül nəzəriyyəsini dəstəkləmək üçün edilən bütün bu elmi saxtakarlıqlar və qərəzli dəyərləndirmələr bu nəzəriyyənin elmi açıqlamadan daha çox ideologiya olduğunu göstərir. Hər bir ideologiyada olduğu kimi, bu ideologiyanın da fanatik tərəfdarları var və bunlar təkamülü nəyin bahasına olsa da, sübut etməyə çalışırlar. Nəzəriyyəyə elə doqmatik tərzdə bağlanıblar ki, əllərinə keçən hər yeni kəşfi, təkamüllə heç bir əlaqəsi olmadığı halda, nəzəriyyəyə böyük dəlil hesab edirlər. Şübhəsiz, bu, elm adından deyilən böyük yalandır; çünki elm dünyasının əsassız bir doqma uğrunda səhv istiqamətləndirildiyini göstərir.
Skandinaviyalı alim Sören Lövtrup isə “Darvinizm: bir əfsanənin təkzibi” (Darwinism: The refutation of a myth) adlı kitabında bu mövzuda belə deyir:
“Düşünürəm ki, hər kəs bir elm sahəsinin tamamilə səhv nəzəriyyədən asılı olmasının böyük bir uğursuzluq olduğunu qəbul edəcək. Ancaq biologiyada eynilə bu baş verir: uzun zamandan bəri insanlar təkamül mövzularını darvinist anlayışlarla müzakirə edir: “adaptasiya”, “seleksiya təzyiqi” və ya “təbii seçmə” kimi anlayışlarla. Sonra da bu mübahisələrlə təbiət hadisələrini izah etdiklərini zənn edirlər. Amma əslində, heç bir izah vermirlər… İnanıram ki, darvinizm əfsanəsi bir gün elm tarixindəki ən böyük yalan kimi tanınacaq”.237
Darvinizmin “elm tarixindəki ən böyük yalan” olduğunun ən əsas sübutlarından bəziləri isə molekulyar biologiyadan gəlir.
İqtibaslar:
- 182- Richard E. Leakey, The Making of Mankind, Michael Joseph Limited, London, 1981, səh. 43.
- 183- William R Fix,. The Bone Peddlers, Macmillan Publishing Company: New York, 1984, səh. 150-153.
- 184- “Could science be brought to an end by scientists’ belief that they have final answers or by society’s reluctance to pay the bills?” Scientific American, dekabr 1992, səh. 20.
- 185- David Pilbeam, “Humans Lose an Early Ancestor”, Science, aprel 1982, səh. 6-7
- 186- C. C. Swisher III, W. J. Rink, S. C. Antón, H. P. Schwarcz, G. H. Curtis, A. Suprijo, Widiasmoro, “Latest Homo erectus of Java: Potential Contemporaneity with Homo sapiens in Southeast Asia”, Science, cild 274, no. 5294, 13 dekabr 1996 sayı, səh. 1870-1874; həmçinin bax: Jeffrey Kluger, “Not So Extinct After All: The Primitive Homo Erectus May Have Survived Long Enough To Coexist With Modern Humans”, Time, dekabr 23, 1996.
- 187- Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 75-94.
- 188- Charles E. Oxnard, “The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, cild 258, səh. 389
- 189- Isabelle Bourdial, “Adieu Lucy”, Science et Vie, may 1999, no. 980, səh. 52-62.
- 190- Holly Smith, American Journal of Physical Antropology, cild 94, 1994, səh. 307-325.
- 191- Fred Spoor, Bernard Wood & Frans Zonneveld, “Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 iyun 1994, səh. 645.
- 192- Fred Spoor, Bernard Wood & Frans Zonneveld, “Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 iyun 1994, səh. 648.
- 193- Tim Bromage, New Scientist, cild 133, 1992, səh. 38-41.
- 194- J. E. Cronin, N. T. Boaz, C. B. Stringer, Y. Rak, “Tempo and Mode in Hominid Evolution”, Nature, cild 292, 1981, səh. 113-122.
- 195- C. L. Brace, H. Nelson, N. Korn, M. L. Brace, Atlas of Human Evolution, 2-ci nəşr, New York: Rinehart and Wilson, 1979.
- 196- Alan Walker, Scientific American, cild 239(2), 1978, səh. 54.
- 197- Bernard Wood, Mark Collard, “The Human Genus”, Science, cild 284, no. 5411, 2 aprel 1999, səh. 5-71.
- 198- Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992, səh. 136.
- 199- Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992, səh. 83.
- 200- Boyce Rensberger, The Washington Post, 19 noyabr 1984.
- 201- Richard Leakey, The Making of Mankind, London: Sphere Books, 1981, səh. 62.
- 202- Pat Shipman, “Doubting Dmanisi”, American Scientist, noyabr-dekabr 2000, səh. 491.
- 203- Erik Trinkaus, “Hard Times Among the Neanderthals”, Natural History, cild 87, dekabr 1978, səh. 10; R. L. Holloway, “The Neanderthal Brain: What Was Primitive”, American Journal of Physical Anthropology Supplement, cild 12, 1991, səh. 94.
- 204- “Early Music”, Science, 1997, 276 (5310): 203–205; Fink, Bob, “NEANDERTHAL FLUTE: Oldest Known Musical Instrument Plays Notes of Do, Re, Mi Scale”, http://www.greenwych.ca/fl-compl.htm
- 205- Ralph Solecki, Shanidar: The First Flower People, Knopf: New York, 1971, səh. 196; Paul G. Bahn and Jean Vertut, Images in the Ice, Leichester: Windward, 1988, səh. 72.
- 206- D. Johanson, B. Edgar, From Lucy to Language, səh. 99, 107.
- 207- S. L. Kuhn, “Subsistence, Technology and Adaptive Variation in Middle Paleolithic Italy”, American Anthropologist, cild 94, no. 2, 1992, səh. 309-310.
- 208- Roger Lewin, Modern İnsanın Kökeni, Tübitak Popüler Bilim Kitapları: Ankara, 1997, səh. 169.
- 209- R. E. F. Leakey, A. Walker, “On the Status of Australopithecus afarensis”, Science, cild 207, no. 4435, 7 mart 1980, səh. 1103.
- 210- A. J. Kelso, Physical Antropology, 1-ci nəşr, New York: J. B. Lipincott Co., 1970, səh. 221; M. D. Leakey, Olduvai Gorge, 3-cü cild, Cambridge: Cambridge University Press, 1971, səh. 272.
- 211- S. J. Gould, Natural History, cild 85, 1976, səh. 30.
- 212- Jeffrey Kluger, “Not So Extinct After All: The Primitive Homo Erectus May Have Survived Long Enough To Coexist With Modern Humans”, Time, 23 dekabr 1996
- 213- John Noble Wilford, “3 Human Species Coexisted Eons Ago, New Data Suggest”, The New York Times, 13 dekabr 1996.
- 214- L. S. B. Leakey, The Origin of Homo sapiens, ed. F. Borde, Paris: UNESCO, 1972, səh. 25-29; L. S. B. Leakey, By the Evidence, New York: Harcourt Brace Jovanovich, 1974.
- 215- Robert Kunzig, “The Face of An Ancestral Child”, Discover, dekabr 1997, səh. 97, 100.
- 216- A. J. Kelso, Physical Anthropology, 1-ci nəşr, 1970, səh. 221; M. D. Leakey, Olduvai Gorge, 3-cü cild, Cambridge: Cambridge University Press, 1971, səh. 272.
- 217- D. C. Johanson & M. A. Edey, Lucy: The Beginnings of Humankind, New York: Simon & Schuster, 1981, səh. 250.
- 218- “The Leakey Footprints: An Uncertain Path,” Science News, cild 115, 1979, səh. 196
- 219- Ian Anderson, “Who made the Laetoli footprints?”, New Scientist, cild 98, 12 may 1983, səh. 373.
- 220- Russell H. Tuttle, “The Pitted Pattern of Laetoli Feet”, Natural History, cild 99, mart 1990, səh. 64.
- 221- John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 iyul 2002.
- 222- D. L. Parsell, “Skull Fossil From Chad Forces Rethinking of Human Origins”, National Geographic News, 10 iyul 2002.
- 223- John Whitfield, “Oldest Member of Human Family Found”, Nature, 11 iyul 2002.
- 224- “Face of yesterday : Henry Gee on the dramatic discovery of a seven-million-year-old hominid”, The Guardian, 11 iyul 2002.
- 225- Ruth Henke, “Aufrecht aus den Baumen”, Focus, cild 39, 1996, səh. 178.
- 226- Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press, 1994, səh. 5.
- 227- Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 19.
- 228- Robert Locke, “Family Fights”, Discovering Archaeology, iyul/avqust 1999, səh. 36-39.
- 229- Robert Locke, “Family Fights”, Discovering Archaeology, iyul/avqust 1999, səh. 36.
- 230- Henry Gee, In Search of Deep Time, New York, The Free Press, 1999, səh. 116-117.
- 231- David Pilbeam, “Rearranging Our Family Tree”, Nature, iyun 1978, səh. 40.
- 232- Earnest A. Hooton, Up From The Ape, New York: McMillan, 1931, səh. 332.
- 233- Malcolm Muggeridge, The End of Christendoms, Eerdmans, 1980, səh. 59.
- 234- Stephen Jay Gould, “Smith Woodward’s Folly”, New Scientist, 5 aprel 1979, səh. 44.
- 235- Stephen Jay Gould, “Smith Woodward’s Folly”, New Scientist, 5 aprel 1979, səh. 44.
- 236- W. K. Gregory, “Hesperopithecus Apparently Not An Ape Nor A Man”, Science, cild 66, dekabr 1927, səh. 579.
- 237- Søren Løvtrup, Darwinism: The Refutation of A Myth, New York: Croom Helm, 1987, səh. 422.