XIX əsrin ortalarında İngiltərədə sənaye inqilabının başladığı vaxtlarda sənaye bölgələrindəki ağacların qabıqları açıq rəngli idi. Bu səbəbdən, bu ağacların üstünə qonan Biston betularia növündən olan kəpənəklərin tünd rəngli növləri (melanik kəpənəklər) burada qidalanan quşlar tərəfindən tez görülür və yeyilirdilər. Lakin əlli il sonra sənaye çirklənməsi nəticəsində ağacların gövdələrinə sarmaşan yosun növündən olan şibyələr məhv olur və ağacların gövdələri qaralır. Bu dəfə açıq rəngli kəpənəklər ağac gövdələrində daha aydın göründüyünə görə, quşlar tərəfindən yeyilirlər. Nəticədə, açıq rəngli kəpənəklər sayca azalır, tünd rəngli melanik kəpənəklər yem olmadıqları üçün çoxalırlar.
Təkamülçülər bu vəziyyəti təbii seçmə ilə təkamül iddialarına mühüm dəlil kimi göstərdilər. Ardınca da hər zamankı saxtakarlıq üsulundan istifadə edərək açıq rəngli kəpənəklərin zaman ərzində təkamül keçirərək tünd rəngli kəpənəklərə çevrilməsi kimi yalan uydurdular. Bu iddia “iş başındakı təkamül” (evolution in action) adı altında bütün dünyaya tanıdıldı. Lakin həqiqətlər daha fərqli idi, bu kəpənəklər təkamül xarakterli dəyişikliyə məruz qalmadıqları üçün ortada böyük darvinist saxtakarlıq var idi.
Darvinist tibb doktoru və həvəskar bioloq olan H.B.D. Ketlvel 1953-cü ildə ardıcıl təcrübələr keçirərək bu hadisəni müşahidə etməyə qərar verdi. İngiltərənin çöllərində bu kəpənəklərin yaşadıqları ərazilərdə müşahidə və təcrübələr apardı. Ketlvel təcrübələri nəticəsində açıq rəngli şibyələrin olduğu ağacların üstündəki tünd rəngli kəpənəklərin daha çox ovlandığını müəyyən etdi və bunu darvinizm adına sanki böyük kəşf kimi “Scientific American” jurnalında “Darvinin itmiş dəlili” (Darvin’s Missing Evidence) başlığı altında xəbər verdi. 1960-cı ildə Ketlvelin hekayəsi artıq bütün dərsliklərdə yer tutmuşdu.
İddianın irəli sürülməsindən təqribən bir il sonra 1985-ci ildə isə bu mövzu ilə bağlı qəribəliklər məlum oldu. Kreyq Holdric adlı gənc amerikalı biologiya müəllimi apardığı tədqiqat nəticəsində Ketlvelin yaxın dostu olan və onun təcrübələrində iştirak edən Sir Siril Klarkın qeydlərində maraqlı ifadəyə rast gəldi. Klark belə deyirdi:
Müşahidə etdiyimiz tək şey kəpənəklərin günü harada keçirmədikləri oldu. 25 il ərzində ağac gövdələrində və ya bizim qurduğumuz tələlərin yanındakı divarlarda sadəcə iki dənə betularia tapa bildik.
Holdric uzun zaman şagirdlərinə ağac gövdələrinə qonmuş kəpənəklərin fotoşəkillərini göstərir və quşların daha çox görünənləri seçib yediklərini danışırdı. Amma indi bu kəpənəyi 25 il ərzində araşdırmış birisi bunları ağac gövdələrinə qonmuş halda, sadəcə 2 dəfə gördüyünü deyirdi. Çox keçmədən bu hekayə qızğın elmi müzakirəyə çevrildi. Nəticədə, aparılan elmi tədqiqatlar bu nəticəni üzə çıxardı:
Ketlvelin təcrübələrindən daha sonra aparılan bir çox tədqiqat bəhs edilən kəpənəklərin sadəcə bir növünün ağac gövdəsinə qonduğunu, digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı. 1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda qonduğu hər kəsə məlum oldu. Bu barədə 25 illik fəaliyyət göstərən Siril Klark və Rori Houlet, Maykl Macerus, Toni Libert, Paul Breykfild kimi bir çox elm adamı Ketlvelin təcrübəsində kəpənəklərin təbii davranışlarından kənar davranmağa məcbur olduqlarını, təcrübə nəticələrinin buna görə elmi cəhətdən qəbul edilə bilməyəcəyini bildirdilər.
Ketlvelin təcrübəsini nəzərdən keçirən tədqiqatçılar daha təəccüblü nəticə ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş bölgələrində açıq rəngli kəpənəklərin daha çox olması ehtimal edilirdi, ancaq tündlərin faizi açıq rənglilərdən dörd dəfə çox idi. Yəni Ketlvelin iddia etdiyi və dərhal hər təkamülçü mənbədə təkrarlandığı kimi kəpənəyin sayındakı nisbətlə ağac qabıqları arasında bir əlaqə yox idi.
Amerikalı lepidopterist (kəpənəklər üzərində elmi tədqiqat aparan şəxs) Ted Sarqent və digər tədqiqatçılar sözügedən güvələrin ağac qabıqları üzərinə qonmadıqları, ağacların hündür budaqlarının altında gizləndikləri həqiqətinə diqqət çəkdi. Ancaq təkcə bu deyildi, eyni zamanda, bu güvələr gündüzlər yatır, gecələr uçurdular. Yəni quşlar yatarkən! İşin əsli araşdırıldıqda qalmaqal böyüdü: Ketlvelin fotoşəkillərini çəkdiyi ağac qabığının üstündəki güvə kəpənəkləri, əslində, ölü kəpənəklər idi. Çünki kəpənəklər ağacın gövdəsinə deyil, budaqların alt hissəsinə qonduqları üçün belə bir şəkil əldə etmək imkanı heç yox idi. Ona görə, Ketlvel bu ölü canlıları iynə və yapışqanla ağaca bərkitmiş və o şəkildə fotoşəkillərini çəkmişdi.91 Darvinistlərin təqribən bir əsr boyu qürurla elmi dəlil kimi göstərdikləri kəpənəklərin saxtakarlıq olduğunun öyrənilməsi nəticəsində “New York Times” belə şərh verirdi:
İş başındakı təkamülün ən məşhur nümunəsi indi artıq ən böyük biabırçılığa çevrilmiş olmalıdır.
Çikaqo Universiteti təkamül bioloqu Cerri Koyn bu böyük saxtakarlığı 1998-ci ildə öyrəndikdə illər boyu tələbələrinə öyrətdiyi sənaye kəpənəkləri hekayəsinin bir yalan olmasına görə utandığını yazmış və bunları demişdi: “Bu, eynilə 6 yaşımda ikən yeni il ərəfəsində hədiyyələri şaxta babanın deyil, atamın gətirdiyini öyrəndiyim zaman hiss etdiyim ümidsizlik kimi idi”.
Bütün bu həqiqətlərin üzə çıxması ilə birlikdə Darvinin itmiş dəlili kimi göstərilən sənaye inqilabı kəpənəkləri hekayəsinin böyük yalandan ibarət olduğu başa düşülmüşdür. On illərlə dünyanın hər tərəfində yüz milyonlarla insan ağac qabıqlarına iynələnmiş bir neçə ölü kəpənəyin fotoşəkili və davamlı olaraq təkrarlanan köhnəlmiş hekayə ilə səhv məlumatlandırılmışdır. Əsl həqiqət isə budur: Darvinin ehtiyacı olan dəlillər yoxdur və bunların bir gün tapılması da qeyri-mümkündür. Çünki canlılar təkamül keçirməyiblər.
Maraqlısı budur ki, sənaye inqilabı kəpənəkləri hələ də bəzi dərs kitablarında təkamülə dəlil kimi təqdim edilməkdə davam edir. Darvinistlər bu yolla bunun saxtakarlıq olduğunu bilməyən gəncləri aldatmağı qarşılarına məqsəd qoyublar. Lakin açıq şəkildə üzə çıxmasına baxmayaraq, saxtakarlığı hələ də dəlil kimi göstərməyə çalışmaq darvinizmin çarəsizliyinin, dəlildən kasad olmasının və ideoloji saxtakarlıqdan ibarət olmasının sübutudur. Yaradılış gerçəyi açıqdır. Bu açıq həqiqətdən qaçan darvinistlər yalanın və hiyləgərliyin həll yolu olacağını düşünürlər. Lakin Allah hiyləni, batil və saxta dini mütləq aradan qaldıracaqdır.
De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!” (İsra surəsi, 81)