Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?.. Böyük ehtimalla rənglər, canlı həyat, müxtəliflik qarşısında böyük heyranlıq hissi keçirər və bu qədər çox canlının necə əmələ gəldiyini öz-özünüzə sual verərdiniz. Bunun ardınca gəldiyiniz nəticə böyük bir okeanın ortasında kiçicik bir quru parçası üzərində çox böyük bir yaradılış sərgiləndiyi olardı. Hansı ki, normal bir anlayışa və məlumata sahib olan hər insan az öncə təsvir edilən məkana getdiyi zaman və bu canlılarla qarşı-qarşıya gələndə hər birinin yaradılışında bir fövqəladəlik olduğunu başa düşə bilər.
Hərçənd ki, təbiətdə gördüyü bu möcüzəvi müxtəliflik Darvini bir çox insanın əksinə, bütün varlıqların təsadüf nəticəsində əmələ gəlməsi kimi elm və məntiqdən kənar nəticəyə gətirmişdi. O, bütün bunları yaradan Allahın sonsuz qüdrətini təqdir edə bilməmişdir. Kainatdakı sənətdən təsirlənməsi və bir tədqiqatçı kimi bu həqiqəti dərhal başa düşməsi lazım gəldiyi halda, Darvində bu məntiq tam əksinə işləmişdir. Şübhəsiz, bu, onun məntiq pozuntusunu göz önünə qoymaqdadır. Lakin bütün bunlara baxmayaraq, bir çox mətbuat-nəşriyyat orqanı Çarlz Darvini olduqca ağıllı, uğurlu və əfsanəvi bir alim kimi tanıdır. Halbuki Darvinin həyatı və görüşlərini nəzərdən keçirdiyimiz zaman həqiqətin heç də bu cür olmadığı açıq-aşkar görünəcəkdir. Əvvəla, Darvin “Biql” gəmisi ilə sözü gedən səfərə çıxdığı zaman biologiya sahəsində heç bir təhsili və təcrübəsi yox idi. O günə kimi canlılar üzərində ciddi şəkildə bir araşdırma aparmamışdı.
Qalapaqos adaları, xüsusilə, quş və sürünən növlərinin çoxluq təşkil etdiyi, bir çox canlı növünün yaşadığı bölgədir və buna görə də buraya gedən bir alimin tədqiq edə biləcəyi saysız canlı növü mövcuddur. Amma diqqət etsək, Darvin bu canlıların minlərcəsini toplayıb texniki spirtdə saxlamasına baxmayaraq, sadəcə vürok növlərinə diqqət çəkmiş və bu canlıları tədqiq etdiyi zaman çox səthi nəticələrə gəlmişdir. Vürokların dimdiklərinin nazikliyi, uzunluğu və qalınlığı, əlbəttə ki, incələnə bilər. Amma təkcə bu incələmə ilə bütün canlı növlərinin mənşəyinə: məsələn, nəhəng ölçülü balinaların, fərqli görünüşləri ilə fillərin, möhtəşəm uçuş qabiliyyətlərilə milçəklərin, qanadlarındakı ecazkar simmetriya ilə nəzərə çarpan kəpənəklərin, dəniz altında yaşayan bir-birindən olduqca fərqli balıqların, çanaqlı dəniz canlılarının, quşların, sürünənlərin və ən əsası da, ağla və şüura sahib insanın necə var olduğu istiqamətində bir çıxarış etmək ağıl və elm yoluyla düşünən insanın mənimsəməyəcəyi hərəkətdir. Hamısından əvvəl, həqiqi bir alim vürok quşlarını tədqiq etdiyi zaman birinci bu canlıların necə olub ki, qüsursuz uçuş mexanizminə sahib olduğunu soruşar. Bircə quş lələyindəki aerodinamik xüsusiyyətin, uçmağa əlverişli olan yüngül və elastik quruluşun, lələkləri bir-birinə bitişdirən kiçik qarmaqcıqların necə yarandığını araşdırar.
Lələklər və qanadlar bütün bu texniki qüsursuzluqları ilə yanaşı, eyni zamanda son dərəcədə estetik və gözqamaşdırıcıdırlar. Gah xallı, gah rəngarəng, gah da çox cəh-cəlallı olan bu qanadlardakı simmetriya, rənglər, estetika təsadüfən əmələ gəlməmişdir. Açıq şüurla, zehni mübtəlalıqlardan uzaq formada düşünən bir alim əvvəlcə bunların mühakiməsini aparar. Bütün bu araşdırma və düşüncələrinin nəticəsində çox aydın və qəti olan həqiqəti görər: bu qüsursuz nizam, tayı-bərabəri olmayan gözəlliklər və saymaqla qurtara bilməyəcəyimiz müxtəliflik Allahın yaratmasının əsərləridir.
Misal üçün, bir tovuzquşunun lələkləri həddən artıq gözqamaşdırıcıdır və bu lələklərdəki nizam, estetika və simmetrik görünüş ağıl və vicdan sahibi bir insanın dərhal bu gözəlliyi yaradanı düşünməsinə vasitəçi olar. Ancaq görün Darvin tovuzquşunun lələkləri ilə bağlı nələr fikirləşir:
“Göz haqqında düşünməyin məni büsbütün titrətməyə tutduğu vaxtları yaxşı xatırlayıram, amma bu şikayət dövrünün öhdəsindən gəldim. İndi isə sistemdəki bəzi kiçik, xırda-para təfərrüatlar mənə narahatçılıq verir. Bir tovuzquşunun quyruğundakı lələyin görünüşü, nə vaxt nəzər salsam, məni dilxor edir!”1
Şübhəsiz, təkbaşına bu nümunə özü Darvinin elmə və təbiətdə qarşılaşdığı varlıqlara qarşı tutduğu qərəzli mövqenin bir göstəricisidir. Görünür, Darvin Qalapaqos adalarında qarşılışdığı canlıların böyük bir hissəsindən ötrü, sözün əsl mənasında, “dilxor olub” və onları “texniki spirtdə saxlamaqla” kifayətlənib, lakin onlarda gördüyü xüsusiyyətlərin üstündə düşünmək istəməmişdir.
Halbuki insanın bütün kainatda var olan Yaradılış dəlillərini görə bilməsi üçün Qalapaqos adalarına getməsinə də ehtiyac yoxdur. İnsan öz bədənindən başını azca qaldırıb baxdığı göy üzünə qədər hər yerdə Allahın varlığının, gücünün, üstün ağlının və elminin saysız dəlilini görə bilər.
Məsələn, Darvini büsbütün titrətməyə tutan göz bu saysız dəlildən sadəcə biridir. Göz təsadüflərin nəticəsində əmələ gələ bilməyəcək qədər kompleks və qüsursuz quruluşa malikdir. 40 ayrı orqanoiddən təşkil olunmuş gözün mühüm bir tərəfi “sadələşdirilməz komplekslik” deyə adlandırılan səciyyəyə sahib olmasıdır. Bu, o mənaya gəlir ki; gözün funksiya icra etməsi üçün bu 40 orqanoidin hər birinin eyni vaxtda bir yerdə olmağı lazımdır. Bunların biri olmasa, göz heç bir işə yaramaz. Bu 40 ayrı hissənin hər biri də öz növbəsində kompleks bir nizamdadır. Misal üçün, gözün arxa qismindəki torlu qişa təbəqəsi 11 ayrı təbəqədən təşkil olunub. Torlu qişanın düz arxasında isə damarlı qişa adlı qan damarı şəbəkəsi vardır. Bədənin ən sıx damar şəbəkəsini əmələ gətirən bu qişa işığı analiz edən torlu qişa hüceyrələrinin oksigen ehtiyacını ödəyir. Digər təbəqələrin hər birinin isə ayrı vəifələri vardır. Heç bir təkamülçü bu dərəcədə kompleks bir orqanın necə əmələ gəldiyi sualına ağlabatan bir cavab verə bilməz. Çünki göz Allahın qüsursuz yaratmasının dəlillərindən biridir. Quranda bildirildiyi kimi:
O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. (Həşr surəsi, 24)
Çarlz Darvin isə elə qarışıq və sağlam olmayan təfəkkürə sahibdir ki, təbiətdə mövcud olan bu qüsursuzluqları gördüyü zaman ağıl və vicdan sahibi hər insan kimi Allaha iman etmək əvəzinə, dilxor olmuş, depressiyaya girmiş, hətta intihar etmək istədiyini demişdir. Darvinin canlılardakı qüsursuz tərtibatları gördüyü zaman hiss etdiklərini ifadə edən sözlərindən bəziləri belədir:
“Bu ecazkar kainatı və ələlxüsus da, insanın təbiətini seyr etməkdən heç cür məmnun qala bilmirəm. Hər şeyə dizayn edilmiş qanunların nəticəsi kimi baxmağa meyilliyəm… Bütün bu qanunlar hər şeyi bilən, hər gələcək hadisəni və nəticəsini əvvəlcədən görən Yaradıcı tərəfindən açıq-aydın dizayn edilmiş ola bilər. Lakin nə qədər fikirləşsəm, bir o qədər çaşqınlığa düşürəm”.2
“Bütünlüklə ümidsiz bir qarışıqlığın içində olduğumun fərqindəyəm. Gördüyümüz dünyanın təsadüflərin nəticəsi olduğunu düşünə bilmirəm. Amma yenə də hər ayrıca hissəyə Dizaynın nəticəsi kimi də baxa bilmirəm”.3
Özü də, Darvin ortaya atdığı nəzəriyyənin yanlışlığını və əsassızlığını da bilib və belə yazıb:
“Əsərimin bu fəslinə gəlib çatmazdan çox qabaq oxucuya bir yığın çətinliklər üz verəcək. Bəziləri elə ağırdır ki, bu günə kimi onlar haqqında sarsıntı keçirmədən düşünə bilməmişəm”.4
Yaxın dostu Eysa Qreyə yazdığı bir məktubda isə: “Yaxşı agaham ki, mənim spekulyasiyalarım həqiqi elmin sərhədlərini çoxdan aşıb”, -deyərək nəzəriyyəsini elmdənxaric spekulyasiya kimi qiymətləndirmişdi.5
Darvinə kor-koranə inananlar və onu özlərinə “öndər” elan edənlər onun bu cəhətlərini də mütləq nəzərdə saxlamalıdırlar.
İqtibaslar:
- Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Boston:Gambit, 1971, s. 101
- Francis Darwin, The Life and Letters of Charles Darwin, II cild, New York:D. Appleton and Company, 1888, s. 105
- Francis Darwin, The Life and Letters of Charles Darwin, II cild, s. 146
- Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, Beşinci Baskı, Ankara 1996, s. 185
- Letter to Asa Gray, 18 June [1857]; Darwin Correspondence Project, “Letter no. 2109,” accessed on 23 August 2017