Təkamül fərziyyəsinin və ateizmin təbliğatçısı olan azvision.az saytı 5 noyabr 2015-ci il tarixində “Niyə pərvanə özünü oda atır?” adlı məqalə yayımlayıb. Məqalədə güvələrin uçarkən təbii işıq mənbələrini istinad olaraq seçdiyi və bu səbəbdən, eyni bucaq altında hərəkət etdiyi, ancaq şam işığı kimi süni işıq mənbələrini hesablaya bilmədikləri, nəticədə daralan spiralvari uçuş səbəbindən şam işığında özlərini tələf etdiyindən yazılır. Məqalədə iddia olunur ki, güvələr ilk yarandığı dövrdə sadəcə təbii işıq mənbələri var idi, şam işığı kimi insanlar tərəfindən meydana gətirilən süni işıq mənbələri isə yox idi, bu səbəbdən, guya təkamül (!) güvələrə yeni xüsusiyyət əlavə edə bilməyib. Yeni xüsusiyyət əlavə olunmadığı üçün güvələr spiral dövrlər edərək şam işığında yanırlar.
Azvision.az-ın bu iddiası tamamilə abstrakt hekayəyə əsaslanır. Əvvəla, bütün güvələr spiral dövrlər edərək işıq mənbəyinə yaxınlaşmırlar. Şimali Karolina Universitetindən biotibbi mühəndislik professoru Henri Syaonun apardığı müşahidələrə görə güvələr işıq mənbəyinə doğru düz formada uçur, tam yaxınlaşdıqda isə spiral dövrlər edirlər. Digər tərəfdən, heç də bütün güvələr təbii işıq mənbələrindən kompas kimi istifadə etmirlər. Əslində, təbii işıq mənbələrindən kompas kimi istifadə edənlər ancaq köç edən güvələrdir. Güvələrin 50-70%-i isə mövsümlə əlaqədar köç etmirlər. Bundan əlavə, digər bir versiyanı ABŞ Kənd Təsərrüfatı Departamentindən Filip Kallahan araşdırıb. Kallahana görə şam işığının yaydığı infraqırmızı işıq spektri dişi güvələrin yaydığı feromonun tezliyi ilə eynidir. Nəticə etibarilə, işığa doğru uçan güvə, əslində, dişinin ona “seks siqnalı” göndərdiyini zənn edir.
Bütün bu elmi məlumatları nəzərə alaraq azvision.az-ın iddiasının əsassızlığına nəzər salaq.
Güvələrin fərz olunan təkamülün ilk mərhələsində Günəş və Ay kimi təbii işıq mənbələrindən kompas kimi istifadə edib daha sonradan yaranan süni işığa qarşı əlacsız qalması və özlərini alovda yandırması iddiası yanlışdır. Çünki:
- Heç də güvələrin hamısı süni işıq ətrafında dövr etmirlər. Əksinə, adətən işığa birbaşa, düz formada yaxınlaşırlar.
- Güvələrin yarıdan çoxu heç təbii işıq mənbəyindən kompas kimi istifadə etmirlər. Çünki ölçüləri kiçik olduğu üçün köçmürlər.
- Güvələrin süni işığa doğru cəzb olunması işıq bucağını hesablaya bilməməkdən deyil, dişi güvələrin yaydığı feromonların tezliyi ilə işığın yaydığı tezliyi qarışdırmaqdan qaynaqlana bilir.
Yəni bütün bu təhlillərdən aydın görünür ki, azvision.az tamamilə spekulyativ hekayəyə əsaslanaraq təkamülü müdafiə etmək istəyir. Amma təkamülə belə mücərrəd və bəsit “sübutlar” tapmaq əvəzinə, aşağıda qeyd edilən istiqamətdə düşünsələr daha yaxşı olar:
– Necə olur ki, bəzi güvə növləri yarasaların yaydığı exolokasiya siqnallarını qarışdıra bilir? Güvələrin beyninin sadəcə kiçik sinir buğumlarından təşkil olunduğunu nəzərə alsaq, belə yüksək texnologiyanın həmin canlıda kortəbii mutasiyalar nəticəsində meydana gəldiyini necə izah etmək olar?
– Güvə gözləri müasir nanotexnologiyaya da ilham mənbəyidir. Belə ki, bu gözlər güvənin qaranlıqda hərəkət etməsi üçün işığın, demək olar ki, hamısını udur. Güvənin 6 bucaqlı pətək (fasetli) gözlərini 25.000 dəfə böyütdükdə gözlərin 200 nm hündürlükdə və 300 nm məsafədə milyonlarla nanoçıxıntıdan təşkil olunduğu görünür (1 nm = 0,000000001 metr). Bu nano çıxıntılar işığın əks olunmasının qarşısını alır. İşıq şüalarını udan və görüntünün dəqiq olmasını təmin edən televizor monitorları, telefon ekranları və s. cihazlar məhz azvision.az-ın təsadüfi təbiət prosesləri nəticəsində əmələ gəldiyini iddia etdiyi güvə gözlərinin xüsusiyyətləri əsasında hazırlanıb. Güvələrdəki bu nanotexnologiya hansı təsadüfi mutasiya nəticəsində əmələ gəlib? Təbii seçmə işığın dalğa uzunluğu ilə güvə gözlərindəki nanoçıxıntıların ölçülərini necə hesablayıb?
– Necə olur ki, ilk güvə gözlərində işığa həssas hüceyrələr formalaşıb? Darvin özü bu sual qarşısında acizliyini belə ifadə edirdi: “Fərqli məsafələrə fokuslanmağı tənzimləyən, müxtəlif miqdarlarda işığı içəri buraxan, sferik və xromatik yayınmaya düzəliş edən bütün misilsiz mexanizmləri ilə göz kimi bir orqanın təbii seçmə yoluyla əmələ gəlmiş ola biləcəyini düşünmək, ürəkdən etiraf edirəm ki, cəfəngiyatın pik nöqtəsidir”.1
– Hansı mutasiya səbəbindən güvələr Aydan təbii kompas kimi istifadə edirlər?
Bu sualları daha da artırmaq olar. Amma suallar təkamülçülər üçün cavabsız qalacaq. Başqa bir məsələ ondan ibarətdir ki, əgər “təkamül” ehtiyac duyulan bir mexanizm yaratmağı qərara almışdırsa, güvələr milyonlarla il ərzində təkamülü gözləyərkən bu funksiya hələ yaranmadığı üçün məhv olub getməli idilər.
Azvision.az saytının dərc etdiyi bu məqalədə “təkamül şüurlu “yaradıcı” deyil” ifadəsi işlənməsinə baxmayaraq, sonradan, şüursuz təkamül prosesinin vəziyyəti analiz edib milyonlarla il ərzində dəyişiklik yaradacağı vurğulanır. Bu da məqalədə necə məntiq xətalarına yol verildiyinin digər bir nümunəsidir.
Təbii ki, yuxarıda sadaladığımız güvələrin sahib olduğu xüsusiyyətlər kortəbii mutasiyalarla izah oluna bilməz və yalnız Yaradıcının ilhamı ilə reallaşmışdır. Milyonlarla il yaşı olan güvə fosilləri də bu canlıların heç bir təkamül keçirmədiyini, Allah tərəfindən yaradıldıqları ilk gündən etibarən bu xüsusiyyətlərə sahib olduqlarını, heç bir dəyişikliyə məruz qalmadıqlarını göstərir. Yanda Rusiyanın Kalininqrad vilayətindən tapılmış və təxminən 50 milyon il yaşı olan kəhrəba içində güvə fosili görünür. Bu və bu kimi yüzlərlə güvə və digər kəpənəklərin fosilləri vardır ki, canlılar aləminin yerdə qalan nümayəndələri kimi tarixdə heç bir təkamül prosesinin baş vermədiyini isbat edir. Gündən-günə genişlənən fosil qazıntıları və üst-üstə yığılan kəşflər bu həqiqəti təkrarlamağa davam edir.
İqtibas:
- Charles Darwin in The Origin of Species, J. M. Dent & Sons Ltd, London, 1971, p. 167; Charles Darwin, The Origin of Species, First Edition Reprint. New York, Avenel Books, 1979. s. 217; Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, 5. baskı, Ankara, 1996, s.198
Supersiz