“National Geographic” Azərbaycan jurnalının yanvar, 2015 sayında yayımlanmış “Qida Rasionunun Təkamülü” başlıqlı məqalədə bir çox əsaslı xətaya və elmi təhriflərə yol verilmişdir. Təkamülçülərə Cavab saytı hələ 2014-cü ilin iyun ayında BBC-nin “Daş dövrü pəhrizi” iddialarına tam elmi cavabları yayımlamışdı. Hansı ki, “National Geographic”in sözügedən məqaləsi də bu köhnə iddiaya həsr olunub. Həmin mövzu üzərində ətraflı işlənildiyi üçün bu məqalədə “daş dövrü” iddialarına yenidən cavab verməyə ehtiyac duymuruq. Lakin bunu xüsusilə vurğulamaq lazımdır ki, məqalədə ən sıx işlədilən “daş dövrü”, “mağara adamı” kimi ifadələr yalnız və yalnız təkamülçü xəyal məhsulundan ibarətdir və tarixdə heç vaxt belə bir dövr və insanlar mövcud olmamışdır1. Məqalənin müəllifi Enn Gibbons isə onsuz da özü kimi təkamülçü olan Raymond Dart, Riçard Renqhem və digərlərinin tezislərinə yer vermiş, lakin təbii ki, alternativ görüşləri görməzdən gəlmişdir.
“ƏT YEYƏRƏK BEYNİ BÖYÜYƏN MEYMUN” NAĞILI
“National Geographic” yazır:
“Bəzi alimlərin fikrincə, təxminən iki milyon il əvvəl əcdadlarımızın daha böyük beyninin inkişafında onların ət yeməsi həlledici rol oynayıb. Meymunların yediyi aşağıkeyfiyyətli bitki yerinə, yüksək kalorili ət və ilik yeməklə birbaşa əcdadımız olan Homo erectus hər yeməkdə daha böyük beyni qidalandırmağa bəs edəcək əlavə enerji qəbul edirdi”2.
Bu iddianın əsaslandırıldığı nöqtə isə budur: meymun beyni bədənin ümumi enerjisinin 8%-ini tələb edir. İnsanda isə bu nisbət 20%-ə bərabərdir. Demək ki, meymunlar vegetarianlıqdan çıxıb ətlə qidalanmağa başladıqca daha çox kalorini (enerji) mənimsədilər və beyinlərini böyütməyə kifayət edəcək qədər enerji istehlak etdilər. Məqalənin irəliləyən bölümlərində isə, bişmiş ət yeməklə daha çox kalori (daha böyük beyinlər) əldə etdiyimiz və qidalanma tərzindən asılı olaraq da həzm orqanlarımızın kiçildiyi xəbər verilir.
Lakin bu iddiada mühüm bir hiyləyə yol verilmişdir. Çünki, məsələn, bir insan həyatı boyunca böyük miqdarda ət istehlak edir, beynini daha çox kalori ilə təmin edir. Bunun nəticəsində də beyni daha sağlam ola bilər, beynini daha əhatəli şəkildə işlədə bilər, altshaymer, şizofreniya kimi xəstəliklərdən bu şəkildə qoruna bilər. Lakin həmin insan bu xüsusiyyətlərini öz uşaqlarına ötürməyəcək, çünki ət yeyərək əldə etdiyi bu üstünlüklər onun genetik quruluşunda heç bir dəyişiklik əmələ gətirməmişdir. Buna görə də, irsiyyət qanunlarına əsasən, həyatı boyu qazandığı bu xüsusiyyətləri övladlarına, yəni gələcək nəsillərə ötürə bilməz. Bunun daha yaxşı anlaşılması üçün bu cür bir nümunə verə bilərik: bodibildinqlə məşğul olan bir atanın uşağının əzələli doğulmasını gözləmək olmaz. Bu uşağın əzələli bədənə sahib olması üçün atası kimi idmanla məşğul olması gərəkdir.
Ət yeyərək beynin inkişaf etdiyi iddiası 20-ci əsrin əvvəllərində irsiyyət qanunlarının kəşf edilməsi ilə tərk edilmiş lamarkist cərəyanın bir nümunəsidir. Təkamülçülər lamarkizmin elmi yanaşma olmadığını bildikləri halda, gözdən pərdə asmaq, mövzu barədə əhatəli məlumata sahib olmayanları təlqin yoluyla təsir altına almaq üçün bu cür təkamül hekayələrini tez-tez işlədirlər. İnsan beyninin dırnaqarası təkamülü ilə əlaqədar hekayələr də daima bu lamarkçı görüşün törəmələridir. Məsələn, iki ayaq üzərində yeriməyə başladığı zaman əlləri boş qalan və əlini işlədərək beyni inkişaf edən insanabənzərlərin hekayəsi və ya kartof yeyərək beyni inkişaf edən şimpanzenin hekayəsi də bu növdən xurafatlardır.
Nəticə olaraq, kiçikhəcmli bir beyinə sahib vegetarian canlı ət yeməyə başlasa, daha sonra bişmiş ət yeməyə öyrədilsə, bununla da beyni bir az daha çox inkişaf etsə belə, o, bu xüsusiyyətini növbəti nəsillərə ötürməyəcəkdir. Beləliklə də, “getdikcə artan beyin həcmi” qətiyyən müşahidə edilməyəcəkdir. Bu elmi həqiqət “National Geographic”in “əcdadların nə yeyibsə, osan” aforizminin də qüvvəsini itirdiyini göstərir.
Həmçinin, “National Geographic” jurnalının gözdən qaçırdığı çox açıq bir həqiqət də var: olduqca böyük bir canlı qrupu bütün həyatını ətlə qidalanaraq keçirir. Və bu canlılar milyonlarla ildir ki, müxtəlif növ ətlərlə qidalanırlar. Məsələn, ayılar, bayquşlar, ilanlar və digərləri… Lakin bu canlıların heç birinin beyni, milyonlarla ildir ki, təkamül keçirməmişdir. Heç kəs ayıların və ya bayquşların ət yediyi üçün inanılmaz dərəcədə inkişaf etmiş beyinlərə sahib olduğunu, ağılları ilə dünyaya hakim olub sənət əsərləri yaratdıqlarını, mədəniyyətlər qurduqlarını, göydələnlər inşa etdiklərini iddia edə bilməz. Bu vəziyyət ət yeyərək beynin təkamül keçirdiyi iddiası ilə ziddiyyət təşkil etmirmi?
Eyni vəziyyət “bişmiş ət” üçün də qüvvədədir. Çünki genoma yeni informasiya əlavə etmək baxımından çiy ətlə bişmiş ət arasında heç bir fərq yoxdur: ikisi də əlavə etmir! “Bişmiş ət” hipotezinin ən məşhur müdafiəçilərindən biri bu mövzuda “Od tutmaq: Bişirmək bizi necə insana çevirdi” adlı kitabın müəllifi olan Riçard Renqhemdir. Renqhem odun kəşf olunmasıyla birlikdə bişmiş ətin kiçikhəcmli “meymun beyni”ni insan beyninə çevirdiyinə qəlbən inanır. Sözügedən kitabdakı iddiaları tənqid edən ABŞ-ın Vanderbilt Universitetindən Dr. Elizabet Mitçell “Beynin qidası: aşpazlıq” adlı məqaləsində bu sözlərə yer verir:
“Qədim yunanlar inanırdılar ki, yarı-ilah Prometey Zevsin qoyduğu məhdudiyyətlərə xilaf çıxaraq odu oğurladı və insanlara verdi. Oda nəzarət və hər növ texnologiya tarix boyunca insan sivilizasiyalarını (hansı ki, başqa sivilizasiya da mövcud deyil) irəli aparmışdır. Lakin yemək bişirmə bacarığının… meymunabənzər varlıqları insana çevirməsi ideyası mif kateqoriyasına düşür, eynilə Prometey nağılı kimi. İkisi də “biri var idi, biri yox idi” nağılıdır”3.
Lakin təkamülçülər heç də belə düşünmürlər. Təkamülçülər odun insan həyatındakı rolunu ifadə etməkdən ziyadə, onu ilahlaşdırmışlar! Hətta onların arasında atəşpərəst ifadələrə yer verənlərə də rast gəlmək mümkündür. Necə ki, nevroloq S. Herkulano-Huzel kimi bir çox təkamülçü inanır ki, bizi insan edən məhz oddur:
“Nə qədər çox bu haqda düşünsəm, öz mətbəximə daha çox təzim edirəm. O, bizim burada olmağımızın səbəbidir… Odu istifadə etməkdən daha çox, onu bişirmək üçün istifadə etmək idi ki, bizim insan olmağımıza yol açdı”4.
“SÜDÜ HƏZM ETMƏK GENİ”NİN TƏKAMÜLÜ NAĞILI
“National Geographic”in təkrarladığı digər bir köhnə darvinist hekayə isə “insanın süd içməyə uyğunlaşması” iddiasıdır5. Bu iddiaya əsasən, minillər öncə körpə vaxtı ana südünü asanlıqla həzm edən uşaqlar süddən ayrıldıqdan sonra bu xüsusiyyətlərini itirirdilər, başqa bir sözlə, südün əsas tərkibini təşkil edən laktozaya qarşı müqavimət qazanırdılar. Lakin 10.000 il öncə (bu tarix təkamülçü ön-mühakimələrə əsasən dəyişə bilir) baş vermiş bir mutasiya (?) nəticəsində insanlar yetkin halda südü həzm etmək xüsusiyyəti qazanmışlar. Hərçənd ki, bu iddia öz daxilində bir çox ziddiyyət və hiyləgərlik ehtiva edən fərziyyədən ibarətdir.
Öncəliklə qeyd edək ki, südü həzm etmək geni, yəni laktaza geni ilk insan yaradıldığından bəri genomumuzda mövcuddur. Sonradan belə bir xüsusiyyətin meydana çıxması, genlərə əlavə olunması imkansızdır. Əgər təkamülçülərin iddia etdikləri kimi, qədim insanların genomunda “südü həzm etmək” geni olmasaydı, bu insanlar nə qədər süd içirlərsə-içsinlər, heç vaxt bu xüsusiyyəti qazana bilməyəcəkdilər. Yazıdakı məntiqsizlik də açıq-aydın görülür. Çünki sanki daha əvvəl yaşamış insanların bütün genləri araşdırılıb və onlarda laktozaya davamlılıq geninin olmadığından, sonradan qazanıldığından əminliklə bəhs olunur. “Bu adamlar təkamül nəticəsində qazandıqları südə davamlılıq genini nəsillərinə ötürüblər” iddiasındakı məlumat əksikliyindən qaynaqlanan xəta da olduqca nəzərəçarpandır. Çünki genlərin dəyişməsilə heç vaxt faydalı xüsusiyyət qazanılması mümkün deyil.
Genlərdə dəyişiklik yalnızca mutasiyaların təsirilə həyata keçə bilər ki, bu da canlılara heç bir fayda vermir, yalnızca zərər verir, bəzi hallarda təsirsiz ötüşür. Çünki mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar. Ona görə də, mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda olan dəyişikliklər kimidir: yəni ölümlər və ya şikəstliklər. Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməmişdir. İnsanlar üzərində müşahidə edilən bütün mutasiyalar zərərlidir. Tibb kitablarında “mutasiya nümunəsi” kimi verilən monqolizm, Daun sindromu, albinizm, cırtdanlıq kimi əqli və ya fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların zərərli təsirlərini göstərir. Bu yaxınlarda sosial gündəmdə olduqca məşhurlaşmış ALS xəstəliyi də mutativ mənşəlidir. Amerikalı patoloq Devid A. Demik mutasiyalar haqqında yazdığı elmi məqaləsində bu mövzuda belə deyir:
“Son illərdə genetik mutasiyalarla əlaqədar minlərlə insan xəstəliyi təsnif edilmişdir. Yeni nəşr edilən bir kitabda 4500 fərqli genetik xəstəlik sadalanır. Habelə molekulyar genetik analizlərdən əvvəl klinik cəhətdən tərif edilən bəzi irsi sindromların (məsələn, Marfan sindromunun) mutasiyalar nəticəsində əmələ gəlməsi məlum olmuşdur…”6
Elə bütün bu səbəblərdən məqalədəki müxtəlif yerlərə səpələnən insanın geninin dəyişməsilə bağlı cümlələrin heç bir elmi əsası yoxdur.
“İnsanlar mal-qara otarmağa başladıqdan sonra südü həzm etmək çox faydalı oldu və Avropa, Yaxın Şərq, Afrikadakı heyvandarlar arasında laktozaya qarşı dözümlülük müstəqil şəkildə təkamül etdi. Çinlilər və tailər, Amerikanın cənub-qərbində yaşayan pima hinduları və Qərbi Afrikadakı bantular kimi mal-qaradan asılı olmayan qruplar laktozaya qarşı dözümsüz olaraq qalırlar (südü yaxşı həzm edə bilmirlər)”.
“National Geographic” bu sözlərə yer verdiyi zaman sanki laktoza həzmetmə qabiliyyətinin tarixən təkamül yoluyla formalaşıbmış təəssüratı yaratmağa çalışır. Halbuki burada bəhs olunan fərqlilik insan birliklərində və fərqli etnik qruplarda reallaşmış hər hansı bir təkamül deyil, yalnız insanın öz növü içində reallaşan bir variasiya, yəni “müxtəliflik”dir. Variasiya təkamülə dəlil meydana gətirməz, çünki variasiya onsuz da var olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni bir xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi üçün əhəmiyyətli olan isə, yeni bir növ meydana gətirən yeni bir məlumatın necə ortaya çıxa biləcəyi sualıdır.
İnsanlar doğulduqları andan etibarən laktozanı həzm edə bilən laktaza geninə sahibdirlər. Ana südüylə bəsləndiyi illərin sonrasında, emal edilməmiş çiy südü artıq istifadə etmədiklərindən, adı çəkilən gen passiv hala gəlir. Müxtəlif cəmiyyətlərdə bu genin aktiv mövqedə olması cəmiyyətlərin fərqli ekoloji faktorlarından qaynaqlanan bir vəziyyətdir7. Qidalanma tərzi və həyat şərtləri fərqli olan müxtəlif cəmiyyətlərdə müxtəlif variasiyalar ola bilər. Ancaq bu variasiyalar insanın gen hovuzuna yeni bir məlumat əlavə etmir, onda daha əvvəl heç olmayan bir laktaza geni meydana gətirmir, olmayan bir xüsusiyyəti var etmir.
Necə ki, Şimali Avropada laktaza geninin aktiv halda olmasının səbəbi gündəlik əkinçiliyin ənənəvi olaraq davam etməsi və yetkinlərin qidalanma tərzinin də buna uyğun olmasıdır8. Bu cəmiyyətlər kiçik yaşlardan etibarən qidalanma tərzlərində bir dəyişiklik etmədiklərindən sahib olduqları laktaza geni aktiv qalaraq fəaliyyətə davam edir.
Əslində, mövzu ilə maraqlanan hər kəs “National Geographic”dəki təkamülçü söz oyununu da heyrətlə qarşılayacaqdır. Çünki hələ keçən ilin- 2014-cü ilin əvvəllərinə qədər təkamülçü alimlər iddia edirdilər ki, insanlar südü həzm etməyə 3000 il əvvəl maldarlıqla məşğul olduqlarına görə “adaptasiya olub”lar. Halbuki 2014-cü ilin yanvar ayında İspaniyanın Kantabria dağlarından tapılmış bir insanın qalıqları və donmuş DNT-si göstərdi ki, insanlar 7000 il əvvəl də laktaza, yəni südü həzm etməyə yarayan genə sahib olublar9. Daha sonra BBC kimi təkamülçü mənbələr öz ön-mühakimələrini işə salıb bu xəyali “adaptasiya”nı 4000 il geriyə- 7000 il öncəsinə çəkmişdilər. İndi də heç bir arxeoloji, paleontoloji dəlilə əsaslanmadan bu xüsusiyyətin bizdə 10.000 il öncə formalaşdığını sayıqlayırlar. Bu isə onların canlı tarixini istədikləri şəkildə, təkamül doqmasına əsasən şərh etdiklərini bizə göstərir.
NƏTİCƏ
“Qida Rasionunun Təkamülü” başlığı altında aparılan araşdırma yazısı yuxarıda izah etdiyimiz bir çox təhriflərə və yanlışlıqlara yol açmışdır. Ümumiyyətlə, “daş dövrü pəhrizi” adlandırılan xəyali bir qidalanma tərzinin mövcudluğu təkamülçülər arasında da daima müzakirə mövzusu olmuşdur. Çox az arxeoloji qalıq çox az fosil sübutu ilə bir yerə gətirilərək təkamülçülər tərəfindən birtərəfli şəkildə şərh edilmiş və nəticədə ortaya “daş dövrü pəhrizi” çıxmışdır. Hələ keçən ilin ortalarına qədər neandertalların yalnız ətyeyən olduğu zənn edilirdi. Lakin yeni tədqiqat işlərilə birlikdə təkamülçülərin inandığı bu əsas nəzəriyyələrdən biri də təkzib edilmiş oldu10. “Daş dövrü pəhrizi” ilə bağlı iddialar da sadəcə məlumat əksikliyindən qaynaqlanır və təkamülçülər tərəfindən cəmiyyəti birtərəfli yönləndirmək üçün istifadə olunur. Dr. Elizabet Mitçell bu mövzuya həsr etdiyi bir məqaləsində bu sözlərə yer verir:
“Təkamülçü antropoloqlar bizim qidalanma keçmişimizi təxəyyüllərində canlandırırlar, lakin bu hekayəni sübutlarla dəstəkləmək, hətta təkamül modeli çərçivəsində belə çətindir. Əvvəla, adicə bu pəhrizin nədən ibarət olduğuna dair sübut və nəhayət nə formaya çevrildiyi belə, bir çoxlarının düşündüyünün əksinə, asanlıqla müəyyən edilə bilmir… Bir sıra “mağara adamları” mütəmadi olaraq ət yemişdirmi, yoxsa daha çox başqa kalori mənbələrinəmi yönəlməli olublar- bunu öyrənməyin yolu yoxdur”11.
“National Geographic” Azərbaycan jurnalı eynilə xaricdə fəaliyyət göstərən həmkarları kimi təkamül təbliğatına başlamışdır. Bilinməlidir ki, heç bir əsası olmayan bu fərziyyələri təkrarlamaqdan təkamülçülər özləri də yorulacaqlar. İnsanlarla meymunlar arasında çox böyük fizioloji, genetik, paleontoloji uçurumlar vardır və hər hansı xəyali mexanizmlə biri digərinə çevrilə bilməz. İnsan üstün elmə sahib bir Yaradıcının yaratmış olduğu şərəfli bir varlıqdır. İnsan tamamilə özünəməxsus və şüurlu şəkildə yaradılmış varlıqdır. Şüura, ağıla sahib, plan qurub hesabat apara bilən, keçmişi dəyərləndirib gələcəyə dair təxminlər irəli sürən, mühakimə, dəyərləndirmə qabiliyyətlərinə sahib yeganə varlıqdır. Nə meymunlar, nə də hər hansı bir digər canlı qrupu bu xüsusiyyətlərin heç birinə sahib deyildir.
Mövzu ilə əlaqədar videolarımız:
Digər əlaqədar məqalələrimiz:
- İnsanın mənşəyi
- Təkamülçülərin uydurma xronologiyası
- BBC Azərbaycan saytının “ibtidai insan” və “daş dövrü” xətaları
- Az.ann.az saytının “İnsan hələ də təkamül edirmi?” başlıqlı yazısına cavab
Mənbələr:
- Tam əhatəli məlumat üçün: www.dasdovru.com
- Ann Gibbons, “Qida Rasionunun Təkamülü”, “National Geographic” Azərbaycan, №5, 2015, səh. 112
- Elizabeth Mitchell, “Brainfood: Cooking”, November 10, 2012
- news.nationalgeographic.com/news/2012/10/121026-human-cooking-evolution-raw-food-health-science
- Ann Gibbons, “Qida Rasionunun Təkamülü”, “National Geographic” Azərbaycan, №5, 2015, səh. 114
- David A. Demick, “The Blind Gunman”, Impact, no. 308, February 1999
- Elizabeth Mitchell, “Does a Paleo-Diet Hold the Evolutionary Key for Good Nutrition?”, July 3, 2014
- http://www.creationresearch.net/news%20evidence/Email%20updates/emailup-14Feb02.htm
- http://www.tr.euronews.com/2014/01/29/mavi-gozlu-magara-adami/
- Ətraflı məlumat üçün: Neandertalların keçid forma yox, insan irqi olması ilə bağlı yeni kəşf
- Elizabeth Mitchell, “Does a Paleo-Diet Hold the Evolutionary Key for Good Nutrition?”, July 3, 2014