11 iyun 2014 tarixində BBC Azərbaycan saytı “Biological Reviews” jurnalına istinadən bir yazı dərc etdi1. Yazıda heç bir elmi əsası olmayan “insanın təkamülü” nağılına yeni bir fərziyyə əlavə edilmişdi. Bu yeni fərziyyəyə əsasən, insanın üz skeleti “tarixən aldığı yumruq zərbələri” sayəsində formalaşmışdı. Bu, o qədər elmdənkənar bir iddia idi ki, hətta iddianın sahibləri- “Biological Reviews” yazarları da bunun sadəcə bir “hipotez” və “ssenari” olduğunu məqalənin bir neçə yerində vurğulamışdılar.2
Mövzu haqqında məlumatı olmayan insanlar üçün yazılanlar həqiqət kimi görünə bilər. Amma elmi araşdırmaların nəticəsi belə bir iddianın doğru olmadığını uzun müddət əvvəldən bizə göstərmişdir. Qısaca olaraq, dərc olunan yazıda yaşamaq uğrunda mübarizənin, başqa sözlə, təbii seçmənin təkamül xarakterli dəyişiklik meydana gətirdiyi deyilir. Təbii seçmə ilə təkamül nəzəriyyəsi nəzəri əsassızlıqla bərabər, əslində, konkret elmi kəşflər qarşısında da çıxılmaz vəziyyətə düşmüşdür. Bir nəzəriyyənin elmilik dəyəri müşahidə və təcrübələr qarşısındakı uğuru və ya uğursuzluğu ilə ölçülür. Təbii seçmə ilə təkamül nəzəriyyəsi isə müşahidə və təcrübələr qarşısında tamamilə məğlub olmuşdur.
Darvin 1871-ci ildə nəşr olunan “İnsanın əmələ gəlməsi” (“Descent of man”) adlı kitabında insan və meymunların ortaq əcdaddan törədiyini irəli sürdü. O vaxtdan bəri, Darvinin davamçıları bu iddianı dəstəkləməyə çalışmışlar. Lakin aparılan bütün tədqiqatlara baxmayaraq, başda fosillər (daşlaşmış canlı qalıqları) olmaqla, “insanın təkamülü” iddiası heç bir konkret elmi kəşf ilə dəstəklənməmişdir.
Darvindən bəri təbii seçmə vasitəsilə canlıların təkamül keçirdiyinə dair tək bir tapıntı belə üzə çıxmamışdır. Məşhur təkamülçü olan İngiltərə Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Patterson bu həqiqəti belə qəbul edir:
“Heç kəs təbii seçmə mexanizmlərilə yeni növ əldə edə bilməmişdir. Heç kəs belə bir şeyə, qismən də olsa, nail ola bilməmişdir. Bu gün neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur”.3
Darvin də bu həqiqəti “faydalı dəyişikliklər baş vermədikcə, təbii seçmə heç bir şey edə bilməz” deyərək qəbul etmişdir.4
Mövzu ilə maraqlanmamış oxucular, demək olar ki, bu həqiqətdən xəbərsizdir və təkamül nəzəriyyəsinin bir çox elmi faktlarla sübut olunmuş həqiqət olduğunu zənn edə bilirlər. Səbəb isə bu mövzunun mediada daim müxtəlif yollarla gündəmdə tutulması və sübut olunmuş bir həqiqət kimi təqdim edilməsidir. Əslində isə “insanın təkamülü” ssenarisinin elmi əsası olmadığını təkamülçülər də bilir. Harvard Universitetinin paleoantropoloqlarından Devid Pilbim belə deyir:
“Başqa elm sahəsi ilə məşğul olan hansı ağıllı elm adamını gətirsəniz və ona əlimizdəki məhdud dəlilləri göstərsəniz, “bu mövzunu unudun, davam etmək üçün kifayət qədər dəlil yoxdur” deyəcək”.5
Paleoantropologiya haqqında əhəmiyyətli bir kitabın müəllifi olan Uilyam Fiks isə belə deyir:
“İnsanın mənşəyi haqqında şübhələnməyinizə heç bir lüzum olmadığını deyən bir çox elm adamı hələ də var, ancaq yeganə çatışmazlıqları heç bir sübutlarının olmamasıdır…”6
İnsanın təkamülü iddiasının həqiqətən də heç bir elmi əsası yoxdur. “Dəlil” kimi önə sürülənlər isə ancaq bəzi fosillərin birmənalı və əsassız şərh olunmasından ibarətdir.
“Sübutu olmayan” bu təkamül iddiasına əsasən, insanın nəsil ağacı avstralopitek (australopithecus- lat. “australis”- cənub, yun. “pithecus”- meymun) adlı bir meymun növü ilə başlayır. İddiaya görə, avstralopitek zaman ərzində ayağa qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək müasir insana (Homo sapiens) çevrilmişdir. Ancaq tapılan fosillər bu ssenarini dəstəkləmir.
Bu nöqteyi-nəzərdən, BBC Azərbaycanın istinad etdiyi tədqiqatın müəllifi professor Deyvid Kerrierlə yanaşı bütün təkamülçülər aşağıdakı maddələri izah etməlidirlər. Canlının təkamül etməsi üçün yumruq, təpiklə onun genlərində dəyişikliklər olmalı və bu dəyişikliklər sonrakı nəsillərə ötürülməlidir. Buna görə də:
1. Təkamülçülər bu yumruq və təpiyin hansı mutasiyanı meydana gətirdiyini, hansı genlərə yeni məlumat əlavə etdiyini göstərməlidirlər. Lakin mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar.
Ona görə də mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda olan dəyişikliklər kimidir: yəni ölümlər, ya da şikəstliklər…
Bunun səbəbi isə çox sadədir: DNT çox kompleks quruluşa malikdir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı bioloq B. G. Ranqanatan bunu belə açıqlayır:
“Əvvəla, mutasiyalar təbiətdə çox nadir meydana gəlirlər. İkincisi, onlar genlərin quruluşundakı nizamlı dəyişikliklər deyil, təsadüfi dəyişikliklərdir; ona görə, əsasən zərərli olurlar. Olduqca nizamlı sistem daxilindəki hər hansı bir dəyişiklik daha yaxşıya doğru deyil, daha pisə doğru olur. Məsələn, əgər bir zəlzələ bina kimi çox nizamlı quruluşa malik konstruksiyanı silkələsə, binanın skeletində təsadüfi dəyişiklik olar və bu, binanı əsla təkmilləşdirməz”.7
Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməmişdir. Ona görə də yumruq və təpiyin mutasiya meydana gətirib təkamül etdirəcəyini düşünmək də, iddia etmək də çox gülüncdür.
2. Əgər təkamülçülər insanın takamülünü sübut etmək istəyirlərsə, onda nəsli kəsilmiş meymun növü olan avstralopiteklə insan arasında mərhələli dəyişimi göstərən ara keçid forması təqdim etməlidirlər. Belə ki, çənə bərkliyi, demək olar ki, bütün məməlilərə xas olan normal sümük xüsusiyyətidir. Ona görə də, bu əlaməti dəlil göstərməli deyil, kompleks skelet sisteminin və möhkəm funksiyalı çənələrin necə meydana gəldiyini, daha sonra hansı mexanizmlərlə dəyişdiyini, cəfəng-elmdənkənar boşboğazlıqla yox, elmi dəlillərə əsaslanaraq sübut etməli, eyni zamanda bu dəyişməni mərhələli şəkildə göstərən ara mövqeli fosil qalıqlarını gətirməlidirlər.
Həmçinin azca diqqət yetirməklə, “Biological Reviews” jurnalındakı bu məqalədə üzə çıxan ciddi bir ziddiyyəti də görə bilərik. Məqalədə insanın əcdadı sayılan avstralopiteklərin daha “möhkəm” üz skeletinə malik olduqları deyilir, daha sonra isə, mövzu insanlara gəldikdə “üz möhkəmliyi azalmış” ifadəsi işlədilir8. Əgər yumruqlaşma yoluyla təkamül edəcəkdiksə, niyə insanın üzü öz “əcdad”larından daha zərif quruluşa malikdir? Təkamül prosesi əksinəmi işləmişdir? Bax təkamülçülər bu kimi suallara heçbir şəkildə cavab verə bilməməkdədirlər. Çünki təkamül “ziddiyyətlərin nəzəriyyəsi”dir.
3. Yumruq-təpiklə bir canlının dəyişib təkamül keçirməsini, həm də növbəti nəsillərin bu sayədə dəyişdiyini iddia etmək elmi mənada böyük bir səhv və cəfəngiyatdır. Əgər məsələyə bu məntiqlə yanaşsaq, onda bir boksyorun oğlunun anadangəlmə boksyor doğulmasını gözləməliyik. Təbii ki, bunun nə elmlə, nə də məntiqlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Lakin “Biological Reviews” jurnalı, göründüyü kimi, illər öncə Mendelin genetika qanunlarını kəşf etməsiylə süquta uğrayan lamarkist bir yanaşma tərzi nümayiş etdirir.
Bu keçidə daxil olub insanın təkamül ssenarisi ilə əlaqədar müasir insanın əcdadı kimi iddia olunan avstralopitek və Homo habilisin tamamilə meymun növləri olduğunu, Homo erectus, Neandertal kimi canlıların isə insan irqləri olduğunu göstərən elmi dəlillər, faktlarla tanış olun.
Mənbələr:
- bbc.co.uk/azeri/international/2014/06/140611_avstralopitecs_skull.shtml
- Carrier, D. R. and Morgan, M. H. (2014), Protective buttressing of the hominin face. Biological Reviews
- Colin Patterson, “Cladistics”, Brian Leek ilə Reportaj, Peter Franz, 4 mart 1982, BBC.
- Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 177.
- Richard E. Leakey, The Making of Mankind, Michael Joseph Limited, London, 1981, səh. 43.
- William R Fix,. The Bone Peddlers, Macmillan Publishing Company: New York, 1984, səh. 150-153.
- B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988.
- Carrier, D. R. and Morgan, M. H. (2014), Protective buttressing of the hominin face. Biological Reviews