31 Yanvar 2014 tarixində az.ann.az saytında “İnsan hələ də təkamül edirmi?” başlıqlı bir yazı yayımlandı. Yazıda hələ 2012-ci ildə aparılmış bir araşdırma olduqca yeni bir məlumat imiş kimi göstərilirdi. Cavid Ramazanlı tərəfindən ingiliscədən tərcümə olunmuş bu məqalənin üslubundan da görünürdü ki, təkamülçülər “yeni məlumat” zənn etdikləri fərziyyələrin keçən əsrin darvinist iddiaları ilə eynilik təşkil etdiyindən xəbərsizdirlər.
İlk öncə məqalənin başlığına diqqət yetirək: “İnsan hələ də təkamül edirmi?”. Təkamülçülər sanki insanın keçmişdə təkamül etdiyini sübut ediblərmiş kimi indi də bu prosesin hal-hazırda baş verib-vermədiyini müzakirə edirlər. Məlumdur ki, təkamülçülərin bu cür başlıqlardan istifadə etməklərinin tək səbəbi mövzu barədə ətraflı məlumatı olmayan insanları aldatmaq və təkamül doqmasını xalqın şüuraltına yeritməkdir.
Saytdakı məqalədə yerləşdirilən şəklə də münasibət bildirmək istəyirik. Şəkildə insanın təkamül sxemi təsvir olunub. Halbuki insanın təkamül keçirmədiyi onillərdir ki, bütün elm dünyasına məlumdur. Şəkildə təsvir olunanın əksinə, dördayaqlı yeriş formasından ikiayaqlı yeriş formasına keçmək praktiki olaraq mümkün deyildir.
Araşdırmalar göstərir ki, ikiayaqlı yerişin təkamülü heç zaman baş verməmişdir, baş verməsi də mümkün deyildir. Əvvəla, ikiayaqlılıq təkamüllə əldə olunan üstünlük deyildir. Çünki meymunların hərəkət forması insanın iki ayaqlı yerişindən daha asan, daha sürətli və daha səmərəlidir. İnsan nə şimpanze kimi budaqdan-budağa tullana bilər, nə də hepard kimi saatda 125 km sürətlə qaça bilər. Əksinə, insan iki ayağı üzərində yeridiyi üçün yerdə daha yavaş hərəkət edə bilir və bu səbəbdən, təbiətdəki canlıların ən müdafiəsizlərindən biridir. Dolayısı ilə, təkamülçü məntiqə görə, meymunların iki ayaqlı yerişə meyil etməsinin heç bir mənası yoxdur. Təkamül nəzəriyyəsinə görə isə insanlar dördayaqlı vəziyyətə doğru təkamül keçirməlidirlər.
Meymunların əl və ayaqları ağaclarda yaşamağa uyğun dizayna malikdir.
Təkamülçü iddianın başqa bir müəmması isə iki ayaqlı yerişin darvinizmin “mərhələli təkamül” modelinə qətiyyən uyğun gəlməməsidir. Təkamül nəzəriyyəsinin əsası olan bu model nəzəriyyənin müəyyən mərhələsində iki ayaqlılıqla dörd ayaqlılıq arasında “qarışıq”, “ortaq” yeriş tərzinin olmasını zəruri edir. Halbuki ingilis paleoantropoloq Robin Krompton 1996-cı ildə kompyuterin köməyi ilə apardığı araşdırmalarda bu cür “qarışıq” yerişin qeyri-mümkün olduğunu göstərmişdir. Kromptonun gəldiyi nəticə budur: “hər hansı canlı ya tamamilə dik, ya da tamamilə dörd ayağı üzərində yeriyə bilər”1.
Bu iki yeriş arasında hər hansı tərzdə yeriş forması enerjiyə olan tələbatın həddən artıq artması səbəbiylə mümkün deyil. Ona görə də yarı-ikiayaqlı canlının mövcudluğu mümkün deyil.
İnsanla meymun arasındakı uçurum təkcə iki ayaqlılıqla məhdudlaşmır. Beynin həcmi, nitq kimi digər bir çox xüsusiyyətlər təkamülçülər tərəfindən əsla açıqlanmır. Təkamülçü paleoantropoloq İleyn Morqan belə etiraf edir:
“İnsanla (insanın təkamülü ilə) əlaqədar ən əhəmiyyətli dörd sirr budur:
1) Niyə iki ayaq üzərində yeridilər? 2) Niyə bədənlərindəki sıx tükləri itirdilər? 3) Niyə bu cür böyük beyin formalaşdırdılar? 4) Niyə nitqi öyrəndilər?
Bu suallara veriləcək standart cavablar belədir: 1) Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualları daha da artırmaq olar, amma cavab dəyişməyəcək”2.
Məqaləyə Giriş
Sözügedən məqalənin məzmunu isə spekulyasiyalarla doludur. Məsələn, C. Ramazanlının tərcüməsində deyilir:
“Və biz sadəcə təkamül etmirik, hətta əvvəlkindən də daha sürətlə təkamül edirik. Son 10 min ildə bizim təkamül etmə sürətimiz 100 dəfə artıb, genlərimizdə daha çox mutasiya gedir və bu mutasiya da daha çox təbii seçməyə səbəb olur”.
Görəsən təkamülçülər hansı mexanizmlə “10 min ildə 100 dəfə sürətlənən təkamül” iddiasını dəstəkləyə bilər? Məlumdur ki, bunlar söz yığınından başqa bir şey deyildir və sırf təkamül inancına sadiq qalmaq uğruna müdafiə edilir. Bu fərziyyənin ardınca isə mutasiya və təbii seçmədən bəhs edilir və bunlar sanki təkamülə səbəb olan faktorlarmış kimi göstərilir. Halbuki mutasiyaların 99 %-inin zərərli, 1 %-inin isə neytral (təsirsiz) olduğu, heç bir faydalı mutasiya nümunəsinin olmadığı və təbii seçmənin heç bir təkmilləşdirici gücə malik olmadığı bu gün elm dünyasının ən nüfuzlu şəxsləri tərəfindən belə qəbul edilir. Məsələn, Amerikalı genetik B. G. Ranqanathan bu haqda belə deyir:
“Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu dörd xüsusiyyət mutasiyaların təkamüli bir inkişaf meydana gətirməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə ixtisaslaşmış bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələn təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Böyük ehtimalla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz olacaq. Zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə, onu dağıdar”3.
Təbii seçmə isə faydalı mutasiya olmadığı təqdirdə heç bir işə yaramayan dırnaqarası bir mexanizmdir. Bunu təkamül nəzəriyyəsinin banisi Darvin özü belə etiraf edir: “Faydalı dəyişikliklər meydana gəlmədiyi müddətcə təbii seçmə heç nə edə bilməz”4. Belə olduğu halda, ann.az-dakı iddiaların əksinə, genlərimizdə nə qədər mutasiya baş verirsə versin (və bunun təbii seçməyə səbəb olduğunu nəzərə alsaq belə) bunlar təkamül xarakterli dəyişikliklərə yol açmayacaq.
Bu fərziyyələrin ardından isə ann.az təkamülün sübutları olduğunu zənn etdiyi 5 iddia ilə davam edir. İndi bunları sırayla incələyək:
1. “BİZ SÜD İÇİRİK”
Məqalənin bu hissəsində təxminən 3000 il əvvəl insanların inək, qoyun, keçi kimi heyvanları əhliləşdirdiyi və əvvəllər südü həzm edə bilməyən insanların artıq həzm etməyə uyğunlaşdığı deyilir. Halbuki bu tamamilə yalnış bir iddiadır. İspaniyadan tapılmış insan qalıqları üzərində elə bu yaxınlarda aparılmış bir araşdırmaya əsasən, 7000 il öncə yaşamış insanlar belə laktozanı (süd şəkəri) həzmetmə qabiliyyətinə malik idilər5.
Bundan əlavə, “süd içərək təkmilləşmək” iddiasındakı məntiq xətası da olduqca nəzərəçarpandır. Çünki bu iddia 18-ci əsrin Lamarkist iddialarına əsaslanır. Lamark hələ 3 əsr bundan əvvəl canlıların həyat boyunca məruz qaldığı dəyişiklikləri gələcək nəsillərə ötürdüyünü irəli sürürdü. Halbuki Mendel qanunlarının kəşfindən sonra irsiyyətin genlərlə ötürüldüyü və insanın sonradan qazanılmış xüsusiyyətləri gələcək nəsillərə heç bir şəkildə ötrürə bilmədiyi məlum oldu. Əgər təkamülçülərin iddia etdikləri kimi qədim insanların genomunda “südü həzmetmək” geni olmasaydı, bu insanlar nə qədər süd içirlərsə içsinlər heç vaxt bu xüsusiyyəti qazana bilməyəcəkdilər.
Təkamülçülər bu zaman mutasiya iddiasına əl atırlar və mutasiyaların genomumuza yeni məlumat əlavə etdiyini irəli sürürlər. Məqalədə də insan genomunda bir mutasiya baş verdiyi və bu mutasiya səbəbilə laktozanı həzmetmə qabiliyyəti qazandığımız iddia olunur. Halbuki bunlar heç bir elmi-genetik araşdırmaya əsaslanmayan hipotezlərdən ibarətdir. Təkamülçülər əgər faydalı mutasiyaların baş verdiyini irəli sürürlərsə, bunu “tarixin boynuna atmamalı” və müşahidə edilə biləcək bir nümunə irəli sürməlidirlər.
Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar.
Ona görə də mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda olan dəyişikliklər kimidir: yəni ya ölürlər, ya da şikəst olurlar…
Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməmişdir.
İnsanlar üzərində müşahidə edilən bütün mutasiyalar zərərlidir. Tibb kitablarında “mutasiya nümunəsi” kimi verilən monqolizm, Daun sindromu, albinizm, cırtdanlıq kimi əqli və ya fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların zərərli təsirlərini göstərir.
2. “BİZ AĞIL DİŞLƏRİMİZİ İTİRİRİK”
Bir sonrakı iddiada əcdadlarımızda çənələrdəki kiçik dəyişikliklərlə əlaqədar olaraq zaman keçdikcə ağıl dişlərinin lazımsız orqana çevrildiyi deyilir, həm də kor bağırsaq da rudiment, yəni lazımsız orqan kimi qiymətləndirilir. Görünür məqaləni hazırlayanlar 100 il geridə qalıblar.
Rudiment orqanlar iddiası bundan bir əsr əvvəl irəli sürülmüşdü. İddiaya əsasən, canlıların orqanizmlərində əcdadlarından onlara miras qalmış, ancaq istifadə edilmədiyi üçün zaman ərzində funksiyasını itirmiş orqanlar mövcuddur.
Bu əsla elmi iddia deyildi, çünki məlumat çatışmazlığından qaynaqlanırdı. “Funksiyasını itirmiş orqanlar” əslində “funksiyası müəyyən edilməmiş” orqanlar idi. Bunun ən yaxşı göstəricisi də təkamülçülər tərəfindən sadalanan uzun “rudiment orqanlar” siyahısının getdikcə qısalması oldu. Özü də bir təkamülçü olan S.R.Skedinq “Təkamül nəzəriyyəsi” (Evolutionary theory) jurnalında dərc etdirdiyi “Rudiment orqanlar təkamülə dəlildirmi?” başlıqlı məqaləsində bu həqiqəti belə qəbul edir:
“(Biologiya haqqında) məlumatımız artdıqca rudiment orqanlar siyahısı da getdikcə qısaldı… Bir orqanın funksiyasız olduğunu müəyyən etmək mümkün olmadığına və onsuz da rudiment orqanlar iddiası elmi xüsusiyyət daşımadığına görə, “rudiment orqanların” təkamül nəzəriyyəsi lehinə hər hansı dəlil təşkil etmədiyi nəticəsinə gəlmişəm”6.
Darvin tərəfindən “rudiment orqan” adlandırılan gözdəki aypara formasındakı çıxıntının isə gözün təmizlənməsi və nəmləndirilməsində mühüm rol oynadığı məlum oldu.
Bunların ən çox diqqətçəkəni məqalədə də qeyd olunan “ağıl dişi”dir. Bəzi təkamülçü mənbələrdə üçüncü azı diş kimi məlum olan bu dişin insan orqanizminin “funksiyasını itirmiş” hissəsi olduğu iddiası yer alır. Buna dəlil kimi də çoxlu sayda insanda bu dişin problemlərə yol açması və cərrahi müdaxilə ilə çıxarılmasının çeynəmə funksiyasına təsir etmədiyi deyilir. Məqalədə də ağıl dişinin əziyyət verildiyi deyilir.
Ağıl dişinin funksiyasız olması təlqinindən təsirlənən bir çox həkim gündəlik təcrübələri ərzində digər dişlərin yaratdığı problemlərə daha ehtiyatla yanaşaraq, bu dişləri qorumağa çalışır, ağıl dişinin çəkilməsini isə adət halına salmışlar. Lakin son illər ərzində aparılan bəzi araşdırmalar bu dişin çeynəmə funksiyasını üzərinə götürməkdə digər dişlərdən heç bir fərqinin olmadığını göstərmişdir7. Bu dişin digər dişlərin yerləşməsini pozduğu inancının da əsassız olduğunu göstərən fəaliyyətlər aparılmışdır8. Ağıl dişində rast gəlinən və dərman vasitəsilə həll ediləcək problemlərdə bu dişin çıxarılması haqqında elmi tənqidlər yayımlanmışdır9.
Beləliklə, ağıl dişinin “yararsız” olduğu inancının heç bir elmi təmələ əsaslanmadığı və bu dişin çeynəmədə digər dişlər kimi funksiyalı olduğu bu gün tibb dünyasının ortaq fikridir.
Bəs sözügedən dişin çox az insana narahatlıq verməsinin səbəbi nədir? Bu mövzunu araşdıran elm adamları ağıl dişinin problemlərinin müxtəlif dövrlərdə yaşamış insan cəmiyyətlərinə görə fərqləndiyini müəyyən etdilər. Xüsusilə sənayedən əvvəlki cəmiyyətlərdə bu problemə çox az rast gəlindiyi məlum oldu. Bunun səbəbi kimi xüsusilə son bir neçə əsrlik dövr ərzində bərk qida maddələri əvəzinə daha yumşaq qida maddələrinə üstünlük verilməsinin çənə inkişafına mənfi təsir etdiyi göründü. Ona görə, ağıl dişi problemlərinin də, əsasən, qidalanma vərdişlərindən irəli gələn çənə inkişafı problemləri ilə bağlı şəkildə üzə çıxdığı müəyyən edildi.
Cəmiyyətlərin qida tərcihlərindəki oxşar dəyişikliklərin digər dişlərə də mənfi təsiri məlumdur. Məsələn, son əsr ərzində şirin və turş yeməklərə üstünlük verilməsi digər dişlərdə çürümə faizi və sürətini artırmışdır. Əlbəttə, bu vəziyyət ağıl dişinə də aiddir. Bu dişlə bağlı problemlər hər hansı “təkamül” kütləşməsindən deyil, dövrümüzün insanlarının qidalanma vərdişlərindən qaynaqlanır.
3. “BİZ XƏSTƏLİKLƏRƏ QARŞI DÖZÜMLÜYÜK”
Bəzi xəstəliklərə qarşı müqavimətli olmağımızın səbəbi heç bir təqdirdə yeni genetik məlumat deyil. Bu qeyri mümkündür. Lakin insanda mövcud olan genlər aktiv və passiv ola bilirlər. Yəni məqalədə qeyd olunan xəstəliklərə qarşı müqavimət qazanmaq üçün mutasiya keçirməmişik. Həmin xəstəliklərə qarşı müqaviməti təmin edən gen insan yaradılandan bəri mövcuddur. Sadəcə olaraq, aktiv olan nəslin sayında artım baş vermişdir. Təbii seçmə məfhumunun məqalədə tez-tez işlənilməsi də məlumatsızlıqdan irəli gəlir. Çünki təbiətin bizim üçün nəyin yaxşı, nəyin zərərli olduğuna qərar verə biləcək bir gücü yoxdur. Bəzi xəstəliklərə qarşı o xəstəliklə tanış olmadan müqavimət göstərə biləcək genin olması genomumuzdakı sistemin hər şeydən xəbərdar olan üstün ağıl sahibi Allah tərəfindən yaradıldığını göstərir. Çünki genetik sistemimiz o qədər mükəmməldir ki, oraya sonradan edilən hər hansı kortəbii bir dəyişiklik ya ölümlə, ya da şikəst qalmaqla nəticələnə bilər.
Bundan əlavə, məqalədə “40.000 ildə 1.800 genə sahib oduğumuz”dan da bəhs edilir. Rəqəmlərlə gözdən pərdə asmaq təkamülçülərin klassik taktikalarından biridir. Təkamülçülər əgər həqiqətən elmi bir araşdırma yürüdüb bu nəticəyə gəliblərsə, onlardan “yeni əmələ gəlmiş” 1.800 genin sadəcə birini bizə açıqlamalarını tələb edirik. Lakin əlbəttə ki, bu imkansızdır, çünki mutasiyalar genoma heç bir zaman yeni məlumat əlavə edə bilməzlər.
4. “BİZİM BEYNİMİZ QIRIŞIR”
Məqalədə bu barədə tədqiqat aparan insanların da ortaq fikirdə olmadığı qeyd olunur. Ona görə də bunu təkamüllə əlaqələndirib fakt kimi irəli sürmək sadəcə psixoloji təlqin xarakteri daşıyır. Əlavə olaraq bir iddiada qeyd olunur ki, beynimiz qırışdıqca aramızdakı rəqabət azalır və məsələləri birlikdə həll etməyə üstünlük veririk. Halbuki təkamülün mexanizmi kimi təqdim olunan, məqalədə də dəfələrlə vurğulanan təbii seçmə rəqabətə əsaslanır. Əks halda, təkamül üçün əlverişli şərait olmur (təkamül fərziyyəsinə görə).
İnsanın beyninin həcmi və s. kimi iddialar beynimizin daha yaxşı işləməsinə dəlalət etmir. Çünki məlum olan bizdən əvvəlki mədəniyyətlərin qalıqları onların bizdən daha üstün texnologiyalara malik olduqlarını göstərir. Tarixin hər dövründə inkişaf etmiş və geridə qalmış mədəniyyətlər mövcud olmuşdur. Məsələn, Misirdə naqilsiz elektrik sistemindən istifadə olunduğu arxeoloqlara, uzun zamandır ki, məlumdur.
Bunun əksinə, müasir dövrümüzdə isə Mashco-Piro adlanan və hal-hazırda Peruda yaşayıb digər insanlarla heç bir əlaqəsi olmayan , eyni zamanda cəmiyyətdən izolə olunmuş bir qəbilə aşkar edilib. Təkamülçülər bir neçə 10 ildən sonra bu insanların qalıqlarını tapsalar “10 il öncəki insanların heç bir texnologiyası yox idi” deyərlər. Halbuki, onlarla eyni dövrdə yaşayırıq və mədəniyyət baxımından daha təkmilik.
5. “BİZİM MAVİ GÖZLƏRİMİZ VAR”
Az.ann.az-da yazılır: “Ancaq 10 000 il əvvəl Qara dənizin sahilində yaşan bir insanda genetik mutasiya baş verib və onun gözləri qəhvəyidən mavi rəngə çevrilib”. “10.000 il əvvəl bir insanda bir mutasiya baş verdi, gözlərimiz maviləşdi” sözləri uşaq nağıllarından o qədər də fərqlənmir. Mutasiyaların zərərli olduğunu qeyd etmişdik. Burada da mutasiyanın baş verdiyi və gözlərin rənginin dəyişdiyi deyilir. Sonra da bu barədə konkret bir dəlil yoxdur deyilir. Məqalədə keçən “müəmma” sözü də, əslində, təkamül nəzəriyyəsinin bütünlüklə içində olduğu vəziyyəti ifadə edir. Əlavə olaraq onu da qeyd edək ki, insanda və başqa canlılarda bir gen bir neçə əlaməti idarə etdiyinə görə gözün rənginə təsir edən gendə mutasiya baş verib rəngini dəyişsə də başqa orqanında mütləq mənfi təsirlərə yol açacaqdır. Buna pleyotropik təsir deyilir. Göründüyü kimi, elmi məlumatlarla ann.az saytının iddiaları arasında yaxından-uzaqdan hər hansı bir əlaqə yoxdur.
Ardınca, məqalədə kişilərin qısqanclıq hissinin də təkamüllə əlaqəsi var imiş kimi bir təəssürat yaradılır. Halbuki bu iddia illər öncə irəli sürülmüş, lakin yalnışlığı elmi yolla sübut edilmiş bir fərziyyədir. “American Psychological Society”nin nəşri olan “APS Observer”da yayımlanan bir xəbərdə bu mövzuda əldə edilən nəticələr bu cür dəyərləndirilir:
Torontodakı APS İllik Qurultayında Nortistern Universitetindən Devid A. Destenonun rəhbərliyində, “Qısqanclıqda Cinsi Fərqliliklər: Təkamül, yoxsa İnsan İşi?” başlığı altında araşdırmaçılar bu mövzuda təkamülçü görüşlərlə tamamilə zidd yeni tədqiqatlar ortaya qoydular. Bu tədqiqatların nəticələri göstərirdi ki, cinsi-emosional qısqanclıq arasındakı cinsi fərqliliklər təkamül keçirmiş psixoloji mexanizmlərin deyil, eqosentrizmin bir nəticəsidir10. Eynilə bu məntiqsizliyi psixoloq Devid Bass da fərq etmiş və belə demişdir: “Heç bir kişi “yoldaşım başqa birisiylə cinsi əlaqəyə girir, irsi atalığım təhlükəyə girəcək, bununla da, genlərim yeni nəsillərə ötürülməyəcək…” deyə düşünməz”.
Nəticə
Gördüyümüz kimi Az.ann.az saytında cənab Cavid Ramazanlı tərəfindən yerləşdirilən “İnsan hələdə təkamül edirmi?” məqaləsinin elmi dəyəri yoxdur və həqiqətləri əks etdirmir. Məqalədə elm tərəfindən illər əvvəl yalnışlığı isbat edilmiş fərziyyəninin elmdənkənar iddiaları araşdırılmadan həqiqətmiş kimi insanlara təqdim edilərək insanlar yalnış istiqamətlənidirilir.Gələcəkdə az.ann.az saytının cəmiyyətdəki sosial balansın qorunması baxımından, ədalətlilik, dürüstlük prinsipi baxımından bu cür yalan yalnış məlumatların olduğu məqalələri araşdırıb sonra yayınlayacağını ümid edirik.
Mənbələr:
- Ruth Henke, “Aufrecht aus den Baumen”, Focus, cild 39, 1996, səh. 178
- Elaine Morgan, The Scars of Evolution, New York: Oxford University Press,1994, səh. 5
- B.G.Ranganathan, Origins?, The Banner Of Truth Trust, Pennsylvania, 1988
- Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189
- http://tr.euronews.com/2014/01/29/mavi-gozlu-magara-adami/
- S. R. Scadding, “Do ‘Vestigial Organs’ Provide Evidence for Evolution?”, Evolutionary Theory, cild 5, may 1981, səh. 173
- Leonard M.S., 1992. Removing third molars: a review for the general practitioner. Journal of the American Dental Association, 123(2):77-82
- M. Leff, 1993. Hold on to your wisdom teeth. Consumer reports on Health, 5(8):4-85
- Daily.T 1996. Third molar prophylactic extraction: a review and analysis of the literature. General Dentistry, 44(4):310-320
- Avidan Milevsky, “Gender Differences in Jealously Revisited”, APS Observer, Volume 14, number 6, İyul/Avqust 2001