İlk dəfə 1975-ci ildə insanla şimpanzenin sadəcə 1% genetik fərqi olduğu iddiası gündəmə gəlmişdi. O vaxtlar hələ insan genomunun (2001) və şimpanze genomunun (2005) tam surəti çıxarılmamışdı. Ancaq təkamülçülər qəsdən bir-birlərinə oxşayan bir neçə geni (məs., hemoqlobin genləri) müqayisə edib belə nəticəyə gəlmişdilər. Bu oxşatma prosesi bu günə qədər davam edir. Bəs bu “oxşarlığın” əsl mahiyyəti nədir?
İnsan genomu təxminən 3 milyard hərfdən (nukleotiddən) ibarətdir. Hətta 1%-lik fərq iddiasının doğru olduğu qəbul edilsə belə, bu, 30 milyon hərf fərqi mənasına gəlir. 30 milyon hərflə 30 cildlik kitab yazıla biləcəyini düşünsək, mətbuatda təkamülçülərin tez-tez dilə gətirdiyi və çox cılız görünən “bir faiz”in nə qədər nəhəng məlumat fərqinə bərabər olduğunu asanlıqla görə bilərik.
İndi isə gəlin insanla şimpanze arasındakı real fərqlərə nəzər salaq. 2007-ci ildə nüfuzlu “Science” jurnalında “Müqayisəli fərqlər: 1% əfsanəsi” adlı məqalə yayımlandı. Məqalənin müəllifi Con Kohen tez-tez təkrarlanan bir faizlik fərq məsələsini tədqiq edir və şimpanze genomunun nəşrinə istinadən, əslində, ortada 5% fərq olduğunu üzə çıxarır.1 (Lakin Kohenin bu araşdırması görməzdən gəlindi, 2012-ci ildə yenə eyni jurnalda 1%-lik fərqdən bəhs olunurdu).
2012-ci ildə o vaxta qədərki bütün çıxarışları müqayisə edən genetik Ceffri Tomkins və dr. Cerri Berqman isə çox təəccüblü nəticəyə gəldilər. Birlikdə yayımladıqları məqalələrində belə yazılırdı:
“Rahatlıqla bu nəticəyə gəlmək olar ki, insan-şimpanze genom oxşarlığı təxminən 87% eynilikdən yuxarı çıxmır və çox güman ki, 81%-dən də artıq deyildir”.2
Belə bir nəticə alınmasının səbəbi keçmişdə təkamülçülərin sadəcə DNT-in müəyyən, seçilmiş seqmentlərini müqayisə etmələri idi. Bütöv müqayisələr isə 19%-lik nəhəng fərqləri üzə çıxardı. Dr. Tomkins hətta başqa bir tədqiqatında ortada 30%-lik genetik fərqin olduğunu ortaya qoyur.3 Sırf Y xromosomu üzərində aparılan müqayisəli araşdırmalar isə, daha köklü fərqlər, insanla şimpanze arasında keçilməz sərhədlər üzə çıxarmışdır.4 Göründüyü kimi, mənzərə heç də təkamülçülərin görmək istədiyi çərçivəyə sığışmır.
Təkamülçülərin bu mövzuda əl atdıqları başqa bir saxta təbliğat metodu isə “molekulyar saat” metodudur. Darvinistlərin iddiasına görə, növlərin ayrılma tarixini müəyyən etmək üçün yeni yaradılan “molekulyar saat” metodu, guya, nəsil ağaclarındakı təkamül tarixlərini təsdiqləyir. İddiaya görə, 25 milyon il əvvəl ayrılan növlərdə 7,3%-lik, 12 milyon il əvvəl ayrılan növlərdə isə 3,6%-lik DNT fərqi var.
Burada da xətalı məlumatlara yer verilir. İlk öncə, ortadakı məntiq xətasını üzə çıxaraq. Təkamülçülər genetika elmindən öz nəzəriyyələri üçün sui-istifadə etməklə müxtəlif canlıların genetik oxşarlıqlarını ölçür, genetik cəhətdən nisbətən oxşar olan növləri “bir-birinə yaxın qohum” adı altında budaqlara yerləşdirirlər. Daha sonra bu genetik fərqlərə əsasən, iki canlının “ən yaxın ortaq əcdadı”nın nə vaxt yaşamış ola biləcəyini xəyal edirlər. Bəziləri üçün 100 milyon, bəziləri üçün 25 milyon, bəziləri üçün də 12 milyon il “ortaq əcdad yaşı” təyin edirlər. Daha sonra eynilə bu iddia ilə çıxış edirlər: 12 milyon il əvvəl ayrılan növlər 25 milyon il əvvəl ayrılanlardan daha çox ortaq genə malikdir (!). Buradakı absurd dövri məntiqi, ciddi məntiq xətasını görmək elə də çətin deyil.
Üstəlik, bu iddia elmi cəhətdən də doğru deyil. Misal üçün, 2005-ci ildə şimpanze genomu çıxarıldıqdan sonra 2006-cı ildə bir darvinist mənbə insan-şimpanze genlərinin sadəcə 94% üst-üstə düşdüyünü qeyd etdi.5 “Təkamül ağacı”nda bizdən daha uzaqda yerləşən rezus meymunları ilə aparılan müqayisələrdə isə 93 faizlik genetik oxşarlıq olduğu deyilir.6 Bu qədər yaxınlıq təkamülçülər cəhətdən çıxılmaz vəziyyətdir. Çünki təkamül nəzəriyyəsinə əsasən, şimpanzelərlə ortaq əcdaddan 6 milyon il əvvəl, rezuslarla isə düz 25 milyon il əvvəl ayrıldığımız güman edilir. Belə bir vəziyyətdə rezuslarla aramızda çox daha geniş boşluq olmalı idi, lakin elə təkamülçülərin özlərinin apardığı tədqiqatlar sadəcə 1 faizlik boşluq göstərir.
Bütün bunlar insanla şimpanzenin genlərinin 99% oxşar, yaxud da 98% oxşar olduğu kimi iddiaların yalnız və yalnız darvinist cəfəngiyatdan ibarət olduğunu göstərir. Canlılar arasında genetik oxşarlığın təkamülə sübut olması iddiaları ilə bağlı ətraflı məlumatı Homologiya xətası məqaləsindən əldə edə bilərsiniz.
İqtibaslar:
- Cohen, J., Relative differences: the myth of 1%, Science, 316(5833):1836, 2007
- Tomkins, J. and Bergman, J., Genomic monkey business—estimates of nearly identical human-chimp DNA similarity re-evaluated using omitted data, J. Creation 26(1):94–100, April 2012
- Tomkins, J., Comprehensive analysis of chimpanzee and human chromosomes reveals average DNA similarity of 70%, Answers Research Journal 6(1):63–69, Feb. 2013
- Hughes, J., və 16 digər (Devid Peyc daxil olmaqla), Chimpanzee and human Y chromosomes are remarkably divergent in structure and gene content, Nature, 463 (7280):536–539, 28 January 2010
- Minkel, J.R., Human-Chimp Gene Gap Widens from Tally of Duplicate Genes. ScientificAmerican.com, 19 December 2006
- Choi, C., Monkey DNA points to common human ancestor, Livescience, 12 April 2007