• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Ateist Cəfər Quluzadənin “modern.az” saytına verdiyi müsahibəsindəki iddialara cavab

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə Modern.az saytının suallarını cavablandırıb. Bu müsahibədə Cəfər Quluzadə çoxsaylı ateist-materialist fikirlər səsləndirib. Bu məqalədə Cəfər Quluzadənin materialist düşüncələrinin elm tərəfindən necə təkzib olunduğunu izah edəcəyik.

C. Quluzadə: “Kainatda ümumi bir nizam var”.

Hər şeydən əvvəl, Cəfər Quluzadənin kainatdakı nizamı qəbul etməsi təqdirəlayiq haldır. Çünki nizamın mövcudluğu qanunların olduğuna, bu da öz növbəsində qanunu təyin edən Yaradıcının olduğuna işarədir.

C. Quluzadə: “Kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və böyük partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. Bu da sübut olunmamış bir nəzəriyyədir”.

Cəfər Quluzadə “Big bang” (böyük partlayış) nəzəriyyəsinin sübut olunmadığını qeyd edir. Bu iddia tamamilə yanlış və absurddur. Habbl qanunu olaraq tanınan ulduz spektrlərinin qırmızıya doğru sürüşməsi, kainatın hər yerinə yayılmış kosmik mikrodalğa arxa plan şüalanması, eləcə də kainatdakı hidrogen-helium nisbəti, kainatdakı deyterium və litium miqdarı, kosmik barion sıxlığı, kainatın genişlənmə sürəti, ulduz populyasiyaları, normal və ekzotik maddə ölçmələri, neytrino kütləsi və s. faktorlar Big Bang nəzəriyyəsini tam olaraq sübut edir. Kainatın böyük partlayışla yaranması nəticəsində bu partlayışdan qalan və “kosmik arxa plan radiasiyası” adlandırılan qalıqlar Arno Penzias və Robert Uilson adlı iki tədqiqatçı tərəfindən kəşf edilmişdi. Penzias və Uilson Big Bangi təcrübi olaraq ilk göstərən alimlər olduqları üçün Nobel mükafatına layiq görülüblər. 1989-cu ildə COBE adlı süni peykin fəzaya göndərilməsilə Penzias və Uilsonun hesablamaları təsdiqlənmişdi. Nəticələr cihazların qəti şəkildə kainatın başlanğıcındakı böyük partlayışın soyuq, qatı vəziyyətinin qalıqlarını göstərdiyini sübut edir. Cəfər Quluzadə də iddia edir ki, böyük partlayış sübut olunmayıb. Əgər sübut deyilsə, bu təcrübi müşahidələr nədir? Cəfər Quluzadənin Big Bang nəzəriyyəsini qəbul etməməsi və ya onu şübhə altına qoymasını başa düşmək mümkündür. Çünki bu vəziyyət, demək olar ki, əksər ateistlərdə müşahidə olunur. Əvvəllər ateist olan, lakin sonradan Yaradılışı qəbul edən tanınmış filosoflardan Entoni Flyu bu barədə belə qeyd edir:

“Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini söyləyirlər. Mən də etiraf etmək istəyirəm. “Biq Bənq” modeli bir ateist baxımından olduqca sıxıntılıdır. Çünki elm dini qaynaqlar tərəfindən müdafiə edilən bir iddianı – kainatın başlanğıcı olduğu iddiasını isbat etmişdir”.1

Kainatın başlanğıcı olduğu və onun genişləndiyi fikri, demək olar ki, bütün ilahi kitablarda qeyd olunub. Ateist-materialist düşüncəyə sahib insanlar isə bunun əksini, yəni maddənin mütləq olduğunu, əzəli və əbədi olduğunu müdafiə ediblər. Kainatın başlanğıcının olması isə, onun yaradılması deməkdir.

C. Quluzadə: “Təbiət etibarı ilə materialistəm. Dünyanı idarə edən qüvvə ümumdünya cazibə qüvvəsidir. Bununla çox şeyi izah etmək olar. Fərz edək ki, dinlərin dediyi kimi kainatı Allah yaradıb. O zaman sual olunur: bəs Allahı kim yaradıb? İlkin təkan məsələsinə görə haqlı olaraq bu sual yaranır. Bütün hər şey, o cümlədən kainat da təsadüfən yaranıb. Burada yaradıcı axtarmağa ehtiyac yoxdur”.

C. Quluzadə kainatı idarə edən qüvvənin cazibə qüvvəsi olduğunu deyir. Allahı inkar etməsinə səbəb olaraq ilkin təkan məsələsini göstərir. Burada sual yaranır. Niyə Cəfər Quluzadə cazibə qüvvəsinə də eyni metodla yanaşmır? Niyə sorğu-sual etmir ki, bəs cazibə qüvvəsini kim yaradıb? Bu fakt Cəfər Quluzadənin subyektiv və qərəzli mövqeyini göstərir. Həqiqi elm adamının metodu isə belə olmamalıdır. Həqiqi alim təcrübə və müşahidələrə baxmalı və bunun yekununda nəticə çıxarmalıdır. Əgər təcrübə və müşahidələr bir Yaradıcının varlığına işarə edirsə, həqiqi alim də bunu qəbul etməlidir. Təəssüf ki, Cəfər Quluzadədə bu mövqeyi deyil, materializmin qərəzli mövqeyini müşahidə edirik. Eynilə Harvard universistetinin professoru Riçard Levontinin izah etdiyi kimi:

“Bizim materializmə bir bağlılığımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist izahlar verməyə nə cürsə vadar edən şey elmi metodlar və qaydalar deyildir. Əksinə, materializmə olan “a priori” bağlılığımız bizi materialist izahlar törədən araşdırma üsulları və bir sıra anlayışlar yaratmağa məcbur edir… Həm də ki, materializm mütləq doğru olduğuna görə, İlahi Qədəmlərin qapıdan içəri girməsinə icazə verə bilmərik”.2

C. Quluzadə kainatın təsadüfən yarandığını deyir. Təsadüf riyazi anlayışdır, hər hansı bir hadisənin təsadüfən əmələ gəlib-gəlməyəcəyini riyazi olaraq hesablamaq mümkündür. Kainatın yaranması anındakı həssas riyazi asılılıqlar isə kainatın təsadüfən meydana gələ bilməyəcək qədər kompleks olduğunu sübut edir. Məsələn, hesablamalar, kainatın genişlənmə sürətinin çox kritik ölçüdə olduğunu göstərir. Əgər kainat bir qədər də yavaş genişlənsəydi, cazibə qüvvəsindən ötrü içinə çökəcək, əgər bir qədər sürətlə genişlənsəydi, kosmik material tamamilə dağılıb yox olacaqdı. Əgər partlayış sürətinin müəyyən vəziyyətə gəldiyi vaxtda bu sürət həqiqi sürətindən cəmi 10-18 qədər belə fərqlənsəydi, bu, lazımi tarazlığı yox etməyə kifayət edəcəkdi. Beləliklə də kainatın partlayış sürəti inanılmaz dərəcədə həssas tarazlıqla müəyyənləşdirilmişdir. Stiven Hokinq belə “Zamanın qısa tarixi” adlı kitabında kainatın genişlənmə sürətindəki bu fövqəladə tarazlığı qəbul edir:

“Kainatın genişlənmə sürəti o qədər kritik bir nöqtədədir ki, “Biq Bənq”dən sonrakı birinci saniyədə bu nisbət yüz min milyon dəfə milyonda bir qədər kiçik olsaydı belə, kainat indiki vəziyyətinə gəlmədən içinə çökəcəkdi”.3

Cəfər Quluzadənin təsadüf iddiasının əksinə, kainatın hər yerində hədsiz nizam və riyazi asılılıq var. Məsələn, karbon elementinin meydana gəlməsi prosesini müşahidə etsək görərik ki, burada hədsiz nizam var. Yer kürəsindəki həyat karbon əsaslıdır. İnsan orqanizmi karbon birləşmələrindən ibarətdir. Karbon elementi isə Günəşdən təxminən 50 dəfə böyük olan qırmızı nəhənglər adlanan ulduzlarda əmələ gəlir. 6 protonlu karbonun yaranması üçün nüvəsində 2 protonu olan 3 ədəd helium birləşməlidir. Karbonun yaranması zamanı ilk öncə 2 ədəd helium birləşir və bu, berillium izotopu adlanır. Qırmızı nəhənglərdə meydana gələn berillium izotopu dörd protondan və dörd neytrondan ibarətdir. Bu berillium izotopu meydana gəldikdən 0,00000000000000001 saniyə sonra dərhal parçalanır. Karbonun yaranması üçün isə ikiqat rezonans baş verməli, hədsiz qeyri-stabil olan berillium izotopuna növbəti helium birləşməlidir. Qeyri-mümkün kimi görünsə də qırmızı nəhənglərdə, həqiqətən də, “ikiqat rezonans” baş verir. İki heliumun rezonans yaradaraq birləşdiyi anda, ortaya çıxan berillium 0,00000000000000001 saniyə ərzində üçüncü bir heliumla ayrı bir rezonans yaradıb birləşir və karbonu meydana gətirir. İkiqat rezonans hadisəsini kəşf edən Fred Hoyl materialist olmasına baxmayaq bu etirafı etmişdir:

“Əgər ulduz nukleosintezi (atom nüvələrinin birləşməsi) yolu ilə karbon və ya oksigen meydana gətirmək istəsəniz, iki ayrı səviyyəni tənzimləməli olarsınız. Eləcə də, aparmalı olduğunuz tənzimləmə hal-hazırda ulduzlarda olan tənzimləmədir… Həqiqətlərin ağıl süzgəcindən keçirilərək şərh olunması göstərir ki, üstün bir ağıl Sahibi fizika, kimya və biologiyaya müdaxilə etmişdir və təbiətdə varlığından bəhs etməyə dəyən şüursuz güclər yoxdur. Həqiqətlərin hesablanmasıyla ortaya çıxan ədədlər o qədər ağlasığmazdır ki, məni bu nəticəni mübahisəsiz şəkildə qəbul etməyə sövq edir”.4

Cəfər Quluzadə “burada Yaradıcı axtarmağa ehtiyac yoxdur” desə də, onun bu fikrini elm adamlarının ümumi gəldiyi nəticə kimi qəbul etmək doğru deyil. Ona görə ki, yuxarıda sadalanan faktlar elmin Yaradıcının varlığını təsdiq etməsi ilə bağlı mühüm arqumentlərdir. Ateist Cəfər Quluzadədən fərqli olaraq, fizika üzrə Nobel mükafatçısı prof. Çarlz Taunz yaradılış haqqında belə deyir:

Dindar bir insan olaraq Yaradıcının varlığını və təsirini güclü şəkildə hiss edirəm. Kosmoloji kəşflər bizə dini baxışların tərənnüm etdiyi kainatı göstərir. Qanunauyğunluqların mövcudluğu ancaq yaradılışla izah oluna bilər”.5

“Allahı kim yaradıb?” sualına isə hazırladığımız videoda müasir fizikaya əsasən elmi cavab vermişdik. Videonu bu linkdən izləyə bilərsiniz.

C. Quluzadə: “Kvant mexanikası materializmlə heç bir ziddiyyət təşkil etmir”.

Bu fikir tamamilə yanlışdır. Çünki kvant mexanikası materializmi tamamilə əsassız edir. Görünür, Cəfər Quluzadə bu mövzudan narahat olduğu üçün “ziddiyyət təşkil etmir” deyərək məsuliyyətdən boyun qaçırır. Elm adamları artıq maddənin cansız, kortəbii, naməlum zərrəciklər olduğuna inanmırlar. Başqa sözlə, kvant fizikası materialist məna daşımır. Çünki maddənin kökündə qeyri-maddi bir şey var. Aparılan tədqiqatlar nəticəsində elementar zərrəciklərin dalğa xüsusiyyəti daşıdığı müşahidə edilmişdir. Yəni materializmin mütləq maddə kimi tərif etdiyi atomun içində materialistlərin inancının əksinə, maddə deyil, əslində, enerji dalğaları var. Atomun içindəki bu kiçik zərrəciklər, eynilə işıq kimi, istədikdə dalğa olur, istədikdə zərrəciyə çevrilirlər. Yəni materialist şərhə əsasən, atomun içində “mütləq şəkildə mövcud olan maddə” materialistlərin gözlədiklərinin əksinə, bəzən görünür, bəzən də yox olur. Bu mühüm kəşf real dünya zənn etdiyimiz görüntülərin kölgə varlıq olduğunu, maddənin fizikadan tamamilə uzaq olduğunu və metafizikaya aid olduğunu göstərir. Bir sözlə, kvant mexanikləri maddi dünyanın bir illüziya olduğunu deyirlər. Maks Plank Fizika İnstitutunun rəhbəri professor Hans-Peter Dürr bu həqiqəti belə xülasə edir:

“Maddə nədirsə, maddədən təşkil olunmayıb”.6

C. Quluzadə: “Materializm bu gün də yaşayır. Həmişə də yaşayacaq. Materializm olanı deyir. İdealizm deyir ki, mən bunu görürəmsə, deməli həmin cisim var. Materializm isə deyir ki, mən bunu görsəm də, görməsəm də, o var. Düz deyir. Yəni mən koramsa, o cisim yoxdur?!”

Jurnalist Aqşin Kərimov Cəfər Quluzadəyə sualında kvant fizikasının materializmi elmi cəhətdən əsassız etdiyindən bəhs edir. Bizim tərəfimizdən hazırlanan həmin məqaləni bu linkdən oxuya bilərsiniz.

Cəfər Quluzadənin, təəssüf ki, bilgisinin azlığı və ya müasir elmi gedişatlardan xəbərsizliyi isə “yəni mən koramsa, o cisim yoxdur?!” ifadəsində ortaya çıxır. Klassik fizikada müşahidə olunan sistemlər onu müşahidə edən və tədqiq edən şüurun varlığından asılı olmadan bir varlığa malikdir. Ancaq kvant fizikasında ancaq müşahidə nəticəsində fiziki kəmiyyətin həqiqi dəyəri olur.

Cəfər Quluzadə: “Kainatda sonsuz sayda dalğalar var. Biz o dalğaların müəyyənlərini qəbul edə bilirik. O dalğalar müəyyən formada gəlib beynə çatanda beyində qıcıqlanmanı yaradır, insanda fikirlər oyanır”.

Əgər Cəfər Quluzadə kainatdan dalğalar qəbul edib bunu yuxu formasında görürsə, belə olan halda bu suallarımıza cavab versin: dalğalardan beyinin hansı payı təsirlənir? Beyində hansı neyronlar düşünür? Neyronlar dalğaları necə qəbul edib şərh edirlər? Neyronlar niyə bu dalğaları yuxu formasında şərh edirlər? O deyir ki, yuxusunda qohumları haqqında gördüyü hadisələr həyata keçir. Bəs bu dalğalarla Cəfər Quluzadənin qohumlarının nə əlaqəsi var? Dalğalar Cəfər Quluzadənin qohumlarının vəfat etdiyini, digər qohumlarının da gələcəkdə avtonəqliyyat qəzası keçirəcəyini haradan bilirlər? Hörmətli Cəfər Quluzadə, bu, elm deyil! Ateistlər sırf Allahın varlığını qəbul etməmək üçün belə absurd hekəyələrə inanmağa özlərini sövq edirlər. Nəticədə də Cem Yılmaz kimi gülüş ustalarının şouları üçün mövzuya çevrilirlər. Cem Yılmazın bu mövzuda hazırladığı “Kvantçılar” səhnəsini buyurub linkdən izləyə bilərsiniz.

Cəfər Quluzadə: “Din elmə zərbə vuran bir qüvvədir. Elmin qabağını alan, inkişafı ləngidən dindir”.

Din elmə təşviq edir, elmi həvəsləndirir. Çünki dindar insan elmi kəşflər etdikcə Allahın yaratma sənətini müşahidə edir. Tarixdə elmin əsasını qoyan, elmin inkişafına töhfələr vermiş bir çox elm adamı da dindar olub, Allahın varlığına inanıblar. Məsələn, İsaak Nyuton, Maks Plank, Lui Paster, Jorj Lemetr, Maykl Faradey, Ernest Rezerford, Cabir ibn Həyyan, İbn əl-Heysəm və s. digər yüzlərlə alim Allahın varlığına inanaraq böyük elmi kəşflər ediblər.

Bunun əksinə olaraq, materializm isə birbaşa elmin inkişafına əngəl törədib. Elə götürək Cəfər Quluzadənin sahəsi olan kosmologiyanı. Stasionar kainat modeli sırf materializmi dəstəklədiyi üçün bir qrup alimlər tərəfindən Big Bang modelinə qarşı qoyulmuşdu. Elmi kəşflərə baxmayaraq, materialistlər tərəfindən müdafiə edilirdi. Amma daha sonradan kəşflər artdıqca materialistlər geri çəkilməyə məcbur oldular.

Elmin inkişafına əngəl törədən başqa bir fərziyyə isə darvinizmdir. Təkamül fərziyyəsi ilk canlı hüceyrəsinin və zülalların təsadüfən necə əmələ gəldiyini izah edə bilmir. Bundan əlavə təbii seçmə mexanizmi canlıya yeni gen əlavə etmədiyi üçün təkamülün başqa mexanizmi olan mutasiya bunu etməlidir. Canlıya yeni gen əlavə edən faydalı mutasiya nümunəsi isə müşahidə edilmir. Deməli, təkamül fərziyyəsi də yanlışdır. Amma bu fərziyyə materializmi və ateizmi dəstəklədiyi üçün hələ də tədris olunur.

C.Quluzadə: “Quranda bir şey var ki, guya göyün 7 qatı var. (İlahiyyatçı Vasim Məmmədəliyevə) Dedim ki, Vasim müəllim, 7 qatın nə olduğunu bilirsiniz? Dedim ki, o zaman 7 göy cismi məlum idi. Qurandakı da onlara işarədir”.

Əvvəlcə, bu mövzu haqqında bəzi ayələri diqqətinizə çatdıraq.

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!” (Bəqərə surəsi, 2/29)

“Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?” (Nuh surəsi, 71/15)

“Yeddi göyü qat-qat yaradan da Odur…” (Mülk surəsi, 67/3) 

Cəfər Quluzadə elmi mövzularda olduğu kimi, dini məsələlərdə də düzgün informasiya verməkdə əskik bacarıq nümayiş etdirir. Çünki 7 göy cisminin ayələrdəki məna ilə üst-üstə düşmədiyi məlum olan həqiqətdir. Bu ayələrdə “qat” kimi tərcümə edilən “tibəqən” kəlməsi ərəb dilində “təbəqə, bir şeyin uyğun olan qapağı və örtüyü” mənalarına da gəlir ki, bu da öz növbəsində üst qatın alt qata uyğunluğunu göstərir. Kəlimənin cəm halda istifadəsi isə “qat-qat” şəklində yazılır. Ayələrdə göyün qat-qat halında təsvir edilməsi atmosfer təbəqələrini, şübhəsiz ki, ən mükəmməl şəkildə ifadə edir. Quranda işarə edilən və son əsrlərdə kəşf olunmuş 7 atmosfer qatı bunlardır: troposfer, stratosfer, mezosfer, termosfer, ekzosfer, ionosfer maqnitosfer. Müasir insanın XX əsrin texnologiyası olmadan dərk edib anlaya bilmədiyi bu həqiqətlərin 1400 il əvvəl göndərilmiş Qurani-Kərimdə aydın şəkildə ifadə olunması, əlbəttə ki, çox böyük bir möcüzədir. Cəfər Quluzadə kainatın genişlənməsi ilə bağlı konkret elmi kəşflərə əsaslanan, Quranda qeyd edilmiş faktı qəbul etmək istəmir. Bunu mövcud vəziyyətə görə gələcəkdə baş vermək ehtimalı olan hadisələri yəqin etmək fikri ilə eyni mahiyyətdə izah edir. Beləliklə, Quranın İlahi kitab olmadığı təsürratını yaradır. Halbuki Quran endirildiyi dövrdə,yəni 1400 il öncə  bu haqda heç bir mövcud arqument yox idi. Kainatın genişlənməsi 1929-cu ildən başlayan elmi müşahidə və təcrübələrlə kəşf edilməyə başlanılmışdı. “Zəriyət” surəsinin 47-ci ayəsində bəhs olunan bu fakt hazırkı dövrümüzdə elmi dəlillər tərəfindən dəstəklənərək sübuta yetirilmişdir.

Müasir elmi faktlar Allahın mütləq yaradıcı olduğunu qəti şəkildə sübut edir.

İqtibaslar:

  1. Henry Margenau, Roy Abraham Vargesse, “Cosmos, Bios, Theos”, La Salle IL: Open Court Publishing, 1992, səh. 241
  2. Richard Lewontin, “Billions and billions of demons”, The New York Review, səh. 31, 9 Yanvar 1997
  3. Stephen Hawking, “A Brief History Of Time”, Bantam Press, London: 1988, səh. 121-125
  4. Paul Davies, “The Accidental Universe”, Cambridge: Cambirdge University Press, 1982, səh. 118
  5. Newsweek, “Science Finds GOD”, Sharon Begley, 27 iyul 1998, səh. 47
  6. Peter Russell, The Primacy of Consciousness; http://www.peterussell.com/SP/PrimConsc.html

 

 

üçün 2 cavab

  1. LEGİON dedi ki:

    Çox sağ olun, Uca ALLAH sizdən razı olsun. Bu günə qədər ateistlərə verilmiş ən tutarlı, ən sanballı cavab budur.

  2. Onetime dedi ki:

    Bu müsahibəni oxumuşdum, bəzi nüansları maraqlı idi, amma bəziləri doğrudan da paradoks təşkil edirdi.
    O müsahibəyə belə elmi cəhətdən dolğun cavab verilməsi doğrudan da gözəldir, təşəkkür edirəm.

axtarış