• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

İMMUNİTET, “RUDİMENT ORQANLAR” VƏ EMBRİOLOGİYA

ƏVVƏLKİ BÖLMƏLƏRDƏ təkamül nəzəriyyəsinin paleontologiya və molekulyar biologiya sahələrində qarşılaşdığı ziddiyyətləri və düşdüyü çıxılmaz vəziyyətləri elmi dəlillər və kəşflər əsasında təhlil etdik. Bu bölmədə isə təkamülçü mənbələrdə nəzəriyyəyə dəlil kimi göstərilən bəzi bioloji faktlardan bəhs edəcəyik. Bu faktlar, əslində, təkamül nəzəriyyəsini dəstəkləyən heç bir elmi kəşfin olmadığını göstərir.

Bakteriyaların antibiotik müqaviməti

Təkamülçülərin nəzəriyyələrinə dəlil kimi göstərməyə çalışdıqları bioloji faktlardan biri bakteriyaların antibiotiklərə qarşı müqavimətidir. Təkamül nəzəriyyəsini dəstəkləyən bir çox mənbə antibiotiklərə qarşı müqaviməti “faydalı mutasiyaların canlıları təkmilləşdirdiyinə nümunə” kimi göstərir. Buna bənzər bir iddia DDT kimi dərman vasitələrinə qarşı immunitet qazanan həşəratlar haqqında da irəli sürülür.

Halbuki bu məsələdə də təkamülçülər yanılırlar.

Antibiotiklər bəzi mikroorqanizmlər tərəfindən digər mikroorqanizmlərə qarşı mübarizə aparmaq üçün hazırlanan “öldürücü molekullardır”. İlk antibiotik 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf edilən penisilindir. Fleminq kif göbələyinin stafilokokk (Staphylococcus) bakteriyasını öldürən molekul hazırladığını aşkar etmiş və bu kəşf tibb dünyasında yeni cığır açmışdır. Mikroorqanizmlərdən götürülən antibiotiklər müxtəlif bakteriyalara qarşı istifadə edilmiş və uğurlu nəticələr əldə edilmişdir. Ancaq bir müddət sonra məlum olmuşdur ki, bakteriyalar antibiotiklərə qarşı zaman ərzində immunitet qazanırlar. Bunun mexanizmi isə belə işləyir: antibiotikə məruz qalan bakteriyaların böyük hissəsi ölür, amma bəziləri bu antibiotikdən təsirlənmir və bunlar sürətlə çoxalaraq bütöv populyasiya əmələ gətirirlər. Beləliklə, bütün populyasiya antibiotikə qarşı müqavimətli olur.

Təkamülçülər isə bu faktı “bakteriyaların şərtlərə uyğunlaşaraq təkamül keçirməsi” kimi göstərməyə cəhd edirlər.

Halbuki məsələ bu səthi təkamülçü dəyərləndirmədən çox fərqlidir. Bu mövzuda ən ətraflı elmi fəaliyyət göstərən şəxslərdən biri 1997-ci ildə nəşr olunmuş “Təsadüfən deyil” (Not by chance) adlı kitabı ilə tanınan israilli biofizik prof. Li Spetnerdir. Spetner bakteriya immunitetinin iki fərqli mexanizmlə təmin edildiyini, amma bunların ikisinin də təkamül nəzəriyyəsinə heç bir dəlil olmadığını izah edir. Bu iki mexanizm:

  • Bakteriyalarda əvvəlcədən mövcud olan müqavimət genlərinin ötürülməsi və
  • Mutasiya nəticəsində genetik məlumat itkisinə uğrayan bakteriyaların antibiotikə qarşı müqavimət qazanmasıdır.

Spetner 2001-ci il tarixli bir məqaləsində ilk mexanizmi belə izah edir:

Bəzi mikroorqanizmlər bu antibiotiklərə qarşı müqavimətə icazə verən genlərlə təmin edilib. Bu müqavimət antibiotik molekulunu tərkib hissələrinə ayırma, yaxud da onu hüceyrədən xaric etmə şəklində təzahür edə bilər… Bu genlərə malik orqanizmlər onları digər bakteriyalara ötürə, onlara da müqavimət qazandıra bilər. Müqavimət mexanizmlərinin konkret bir antibiotikə istiqamətlənməsinə baxmayaraq, patogen (xəstəlik törədən) bakteriyaların çoxu… (bir deyil,) bir neçə gen dəstləri toplayıb, cürbəcür antibiotiklərə müqavimət qazanmağa nail olmuşdur.307

Prof. Spetner bunun “təkamülə dəlil” olmadığını isə belə açıqlayır:

Antibiotik müqavimətinin bu qayda ilə əldə edilməsi… təkamülü izah etmək üçün lazım gələn mutasiyalara prototip (nümunə) təşkil edən növdən genetik dəyişiklik deyil. Nəzəriyyəni aydınlaşdırmalı olan genetik dəyişikliklər təkcə bakteriyanın genomuna informasiya əlavə etməklə qalmayıb, bütün bioloji aləmə də yeni bir informasiya əlavə etməlidir. Genlərin üfüqi ötürülməsi isə bəzi növlərdə, onsuz da, mövcud olan genləri, sadəcə olaraq, ətrafa yayır.308

Yəni təkamül yoxdur, çünki yeni genetik məlumat ortaya çıxmır, sadəcə əvvəlcədən mövcud olan bir genetik məlumat bakteriyalar arasında ötürülür.

İmmunitetin ikinci növü, yəni mutasiya nəticəsində üzə çıxan immunitet də təkamülə dəlil deyil. Spetner bu mövzunu belə açıqlayır:

Hərçənd, görünür, mikroorqanizm bəzən də tək bir nukleotidin (DNT pilləsinin) təsadüfən başqası ilə əvəzedilməsi yolu ilə antibiotikə müqavimət qazana bilir… Zelman Vaksman və Albert Şats tərəfindən kəşf edilən və haqqında ilk dəfə 1944-cü ildə xəbər verilən streptomisin elə antibiotikdir ki, bakteriyalar bu yolla ona qarşı müqavimət qazana bilir. Lakin bu prosesdə keçirdikləri mutasiya streptomisin (streptomycin) mühitində mikroorqanizmə faydalı olsa da, o, neodarvinist nəzəriyyənin tələb etdiyi növdən mutasiyalar üçün prototip təşkil edə bilməz. Streptomisinə müqavimət qazandıran mutasiya tipi ribosomda özünü büruzə verir və onun antibiotik molekulu ilə molekulyar cütləşməsini pozur.309

Spetner bu hadisəni “Təsadüfən deyil” (Not by chance) adlı kitabında qıfıl-açar əlaqəsinin pozulmasına bənzədir. Streptomisin bir qıfıla tamamilə uyğun gələn bir açar kimi bakteriyaların ribosomuna yapışır və bu ribosomu təsirsiz hala salır. Mutasiya isə ribosomun formasını pozur və bu təqdirdə, streptomisin ribosoma yapışa bilmir. Bu, “bakteriya streptomisinə qarşı immunitet qazandı” kimi izah edilsə də, əslində, bakteriya üçün qazanc deyil, itkidir. Spetner sözünə belə davam edir:

… Məlum olur ki, (ribosomun quruluşundakı) bu pozulma spesifiklik (müəyyən bir iş üzrə ixtisaslaşma) itkisidir və buna görə də informasiya itkisidir. Əsas məqam da bundan ibarətdir ki, təkamül bu cür mutasiyalarla yerinə yetə bilməz, onlar nə qədər çox olsa da. Təkamül yalnız spesifikliyi aradan qaldıran mutasiyaların yığılması hesabına qurula bilməz.310

Mövzunun xülasəsi belədir: bakteriyanın ribosomuna təsir edən bir mutasiya bu bakteriyanı streptomisinə qarşı müqavimətli edir. Amma bunun səbəbi mutasiyanın ribosomu “pozması”dır. Yəni bakteriyaya genetik məlumat əlavə edilmir. Əksinə, ribosomun forması pozulur, əslində, bir növ bakteriya “şikəst” olur. (Belə ki, bu mutasiyanı keçirən bakteriyaların ribosomunun normal bakteriyalara nisbətən daha faydasız olduğu müəyyən edilmişdir). Bu “şikəstlik” ribosoma yapışacaq quruluşa malik olan antibiotikə mane olduğu üçün “antibiotikə qarşı müqavimət” əmələ gəlir.

Nəticədə, ortaya “genetik məlumatı təkmilləşdirən” mutasiya nümunəsi çıxmır. Antibiotikə qarşı müqaviməti təkamülə dəlil kimi göstərmək istəyən təkamülçülər mövzunu çox səthi şəkildə dəyərləndirir və yanılırlar.

Eyni vəziyyət DDT və buna bənzər kimyəvi maddələrə qarşı həşəratlarda əmələ gələn immunitetə də aiddir. Bu immunitet nümunələrinin çoxunda əvvəlcədən mövcud olan immunitet genlərindən istifadə edilir. Təkamülçü bioloq Fransisko Ayala: “Həşərat zəhərlərinin ən təsirli növlərinə qarşı immunitet bu süni maddələr həşəratlara tətbiq edildikdə o həşərat növünün müxtəlif genetik variasiyalarında açıq şəkildə mövcud idi”, -deyərək bu həqiqəti qəbul edir.311 Mutasiya ilə açıqlanan digər bəzi nümunələr isə eynilə yuxarıda izah edilən ribosom mutasiyasında olduğu kimi həşəratlarda “genetik məlumat itkisinə” yol açan faktlardır.

Bu halda bakteriya və həşəratlarda immunitet mexanizmlərinin təkamül nəzəriyyəsinə dəlil olduğu irəli sürülə bilməz. Çünki təkamül nəzəriyyəsi canlıların mutasiyalar yolu ilə inkişaf etdiyi iddiasına əsaslanır. Spetner nə antibiotikə qarşı immunitetin, nə də başqa bioloji faktın bu cür mutasiyaya nümunə olduğunu belə açıqlayır:

Makrotəkamülün ehtiyacı olan mutasiyalar heç vaxt müşahidə edilməmişdir. Neodarvinist nəzəriyyənin ehtiyacı olan təsadüfi mutasiyaları təmsil edən, molekulyar səviyyədə təhlil edilmiş heç bir mutasiyanın genetik məlumat əlavə etdiyi müşahidə edilməmişdir. Sual: “müşahidə edilmiş mutasiyalar nəzəriyyəyə dəlil olan mutasiyalardır?” Cavab: “Xeyr”.312

Rudiment orqanlar xətası

Təkamülçü ədəbiyyatda uzun müddət yer alan, amma əsassızlığı məlum olduqdan sonra səssiz-sədasız bir kənara qoyulan iddialardan biri də “rudiment orqanlar” anlayışıdır. Ancaq bəzi yerli təkamülçülər “rudiment orqanları” hələ də təkamülün böyük dəlili hesab edir və elə göstərməyə çalışırlar.

Rudiment orqanlar iddiası bundan bir əsr əvvəl irəli sürülmüşdü. İddiaya əsasən, canlıların orqanizmlərində əcdadlarından onlara miras qalmış, ancaq istifadə edilmədiyi üçün zaman ərzində funksiyasını itirmiş orqanlar mövcuddur.

Bu əsla elmi iddia deyildi, çünki məlumat çatışmazlığından qaynaqlanırdı. “Funksiyasını itirmiş orqanlar”, əslində, “funksiyası müəyyən edilməmiş” orqanlar idi. Bunun ən yaxşı göstəricisi də təkamülçülər tərəfindən sadalanan uzun “rudiment orqanlar” siyahısının getdikcə qısalması oldu. Özü də bir təkamülçü olan S.R.Skeddinq “Təkamül nəzəriyyəsi” (Evolutionary theory) jurnalında dərc etdirdiyi “Rudiment orqanlar təkamülə dəlildirmi?” başlıqlı məqaləsində bu həqiqəti belə qəbul edir:

(Biologiya haqqında) məlumatımız artdıqca rudiment orqanlar siyahısı da getdikcə qısaldı… Bir orqanın funksiyasız olduğunu müəyyən etmək mümkün olmadığına və onsuz da rudiment orqanlar iddiası elmi xüsusiyyət daşımadığına görə, “rudiment orqanlar”ın təkamül nəzəriyyəsi lehinə hər hansı dəlil təşkil etmədiyi nəticəsinə gəlmişəm.313

Alman anatomiyaçısı R.Viderşeym tərəfindən 1895-ci ildə ortaya atılan “rudiment insan orqanları” siyahısı appendiks, büzdüm sümüyü kimi təxminən 100 orqandan ibarət idi. (Appendiks, əsasən, “appendisit” kimi tanınan orqandır. Dilimizdə səhvən “appendisit” tələffüz edilən bu söz, əslində, bu orqanın infeksiyaya uğramasına verilən addır). Ancaq elm inkişaf etdikcə Viderşeymin siyahısındakı orqanların hamısının orqanizmdə çox mühüm funksiya yerinə yetirdiyi məlum oldu. Məsələn, “rudiment orqan” hesab edilən appendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Bu həqiqət 1997-ci il tarixli bir tibbi mənbədə belə bildirilir:

Orqanizmdəki qalxanabənzər vəzi, dalaq, appendiks, sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir. Onlar da orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edirlər.314

Eyni “rudiment orqanlar” siyahısına daxil edilmiş badamcıqların da boğazı xüsusilə yetkinlik yaşına qədər infeksiyalara qarşı qorumaqda mühüm rol oynadığı məlum oldu. Onurğa sümüyünün son hissəsi olan büzdüm sümüyünün isə çanaq sümüyünün ətrafındakı sümüklərə dəstək olduğu, bu səbəbdən büzdüm sümüyü olmadan rahat oturmağın mümkün olmadığı məlum oldu. Bundan əlavə, bu sümüyün çanaq hissəsindəki orqanların və buradakı müxtəlif əzələlərin də birləşdiyi sümük olduğu müəyyən edildi.

Sonrakı illərdə yenə “rudiment orqanlardan” hesab edilən qalxanabənzər vəzinin T hüceyrələrini hərəkətə gətirərək orqanizmin limfa sistemini aktivləşdirdiyi, epifiz vəzinin lütein hormonuna təsir edən melatonin hormonu ifraz etdiyi kəşf edildi. Qalxanabənzər (tiroid) vəzinin körpələrdə və uşaqlarda orqanizmin normal inkişafını təmin etdiyi və maddələr mübadiləsi və orqanizmin aktivliyinin tənzimlənməsində rol oynadığı müəyyən edildi. Hipofiz vəzinin ön payının da qalxanabənzər, böyrəküstü vəzi, çoxalma vəziləri kimi bir çox hormon vəzisinin düzgün fəaliyyət göstərməsini və skeletin inkişafını tənzimlədiyi aşkar edildi.

Darvin tərəfindən “rudiment orqan” adlandırılan gözdəki aypara formasındakı çıxıntının isə gözün təmizlənməsi və nəmləndirilməsində mühüm rol oynadığı məlum oldu.

Rudiment orqanlar iddiasında təkamülçülərin çox mühüm məntiqi səhvi də vardı. Məlum olduğu kimi bəzi təkamülçülər canlılardakı rudiment orqanların keçmişdəki əcdadlarından miras qaldığını iddia edirdilər. Halbuki “rudiment orqan” hesab edilən bəzi orqanlar insanın əcdadı olduğu iddia edilən canlılarda yoxdur! Məsələn, təkamülçülər tərəfindən insanın əcdadı hesab edilən bəzi meymunlarda appendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq H.Enok bu məntiqi səhvi belə ifadə edir:

İnsanların appendiksi var. Ancaq daha qədim əcdadları olan ibtidai meymunlarda appendiks yoxdur. Appendiks təəccüblü şəkildə daha ibtidai quruluşa malik olan məməlilərdə, məsələn, opossumlarda yenidən üzə çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər?315

Bütün bunlarla bərabər, funksiyasını itirmiş bir orqanın zaman ərzində kiçilərək yox olması məntiqi cəhətdən ziddiyyətlidir. Bu ziddiyyəti dərk edən Darvin “Növlərin mənşəyi” kitabında belə etiraf edir:

Bununla yanaşı, başqa bir çətinlik də var. Bir orqan funksiyasını itirdikdən və bunun nəticəsində çox kiçildikdən sonra, necə ola bilər ki, ondan heç seçilməyən bir iz qalana kimi ölçücə kiçilməyə davam etsin, axırda da tamam yoxa çıxsın? Bir orqan bir dəfə funksiyasını itirdikdən sonra istifadəsiz qalmasının həmin orqana müsbət təsiri ola bilməz. Burada mənim verə bilməyəcəyim bir açıqlamaya ehtiyac var.316

Qısaca desək, təkamülçülər tərəfindən ortaya atılan rudiment orqanlar ssenarisinin həm öz daxilində məntiqi səhvləri var, həm də elmi cəhətdən səhvdir. İnsanlarda “əcdadlarından miras qalmış” heç bir rudiment orqan yoxdur.

“Rudiment orqanlar”a daha bir zərbə: atın ayağı

Rudiment orqanlar nağılına ən son zərbəni atın ayağı üzərində aparılmış bir tədqiqat vurdu. “Təbiət” (Nature) jurnalının 20-27 dekabr 2001-ci il tarixli sayında dərc edilən “Biomexanika: təhlükəli vibrasiyalara qarşı amortizator” (Biomechanics: Damper for bad vibrations) adlı məqalədə belə deyilir:

Atların ayaqlarındakı bəzi əzələ lifləri heç bir funksiyası olmayan təkamül prosesinin qalıqları kimi görünür. Ancaq əslində, bu əzələ lifləri at qaçarkən ayağın içində əmələ gələn zərərli titrəmələrin qarşısını alır.

Məqalə belə davam edir:

Atların və dəvələrin ayaqlarında 6 millimetrdən daha qısa əzələ liflərinə bağlı olan 600 millimetrdən daha uzun vətərləri olan əzələləri var. Bu cür qısa əzələlər heyvan hərəkət etdikcə uzunluğunu ancaq bir neçə millimetr dəyişdirə bilir və bunlar böyük məməlilərin o qədər də işinə yarayan kimi görünmür. Vətərlər passiv yaylar kimi funksiya yerinə yetirir və qısa əzələ liflərinin lazımsız olduğu təkamül prosesində funksiyasını itirmiş daha uzun liflərin qalıqları olduğu hesab edilmişdir. Ancaq Uilson və həmkarları… bu liflərin sümük və vətərləri potensial şəkildə zərər verən titrəmələrdən qoruduğunu irəli sürürlər…

Təcrübələri qısa əzələ liflərinin ayağın yerə vurulmasının ardınca yaranan zərərli titrəyişləri yavaşıda bildiyini göstərmişdir. Qaçan heyvan ayağını yerə vurduqda bu zərbə ayağın titrəməsinə səbəb olur. Titrəyişlərin tezliyi nisbətən yüksəkdir –məsələn, atlarda 30-40 Hs– ayaq yerdə olanda bu zərbələr yavaşladılmasaydı, həddən artıq titrəmə dövranı baş verərdi.

Titrəmələr zərər verə bilər, çünki sümük və vətərlər yorğunluq vəziyyətindən tez təsirlənirlər. Sümük və vətərlərdəki yorğunluq təkrarən baş verən təzyiqdən qaynaqlanan zərərin toplanmasıdır. Sümük yorğunluğu həm atletlərdə, həm də yarış atlarında mənfi təsirlər meydana gətirən zərbə qırılmalarının səbəbidir və vətər yorğunluğu ən az bəzi vətər infeksiyalarının səbəbi ola bilər. Uilson və həmkarları çox qısa əzələ liflərinin əmələ gələn titrəmələri yavaşladaraq həm sümükləri, həm də vətərləri qoruduğunu irəli sürürlər.317

Qısaca desək, atların anatomiyasının daha diqqətlə təhlil edilməsi təkamülçülərin funksiyasız olduğunu iddia etdikləri orqanların çox mühüm funksiyaları olduğunu üzə çıxarmışdır.

Başqa sözlə, elmi irəliləyiş təkamülün dəlili kimi dəyərləndirilən xüsusiyyətlərin, əslində, yaradılış həqiqətinin dəlili olduğunu göstərmişdir. Təkamülçülər obyektiv hərəkət etməli və elmi kəşfləri ağılla dəyərləndirməlidirlər. “Təbiət” (Nature) jurnalında bu mövzu belə şərh edilir:

Uilson və həmkarları təkamül prosesi ərzində funksiyasını itirmiş bir orqanın qalığı kimi görünən bir əzələnin mühüm rolu olduğunu tapdı. Onların bu elmi fəaliyyəti digər rudiment orqanların da (insan appendiksi kimi) göründüyü kimi funksiyasız olub-olmadığı sualını doğurur.318

Əldə edilən bu nəticələr təəccüblü deyil. Təbiətlə əlaqədar nə qədər çox şey öyrənsək, o qədər çox yaradılış dəlilini görürük. Maykl Bihinin bildirdiyi kimi, “dizaynın olduğu nəticəsinə bilmədiklərimizə görə deyil, son 50 il boyu öyrəndiklərimizə görə gəlirik”.319 Eyni müddət ərzində isə, darvinizmin cahillikdən qaynaqlanan iddia olduğu üzə çıxır.

Rekapitulyasiya xətası

Bu gün bəzi xarici və yerli təkamülçü KİV-lərdə uzun müddət əvvəl elmi ədəbiyyatdan çıxarılmış “rekapitulyasiya” nəzəriyyəsi elmi həqiqət kimi göstərilir. Rekapitulyasiya termini təkamülçü bioloq Ernst Hekkelin XIX əsrin sonlarında ortaya atdığı “ontogenez filogenezin təkrarıdır” (ontogeny recapitulates phylogeny) nəzəriyyəsinin xülasəli şəkildə ifadəsidir.

Hekkel tərəfindən irəli sürülən bu nəzəriyyə canlı rüşeymlərinin inkişaf prosesi ərzində “əcdadları”nın keçirdiyi təkamül prosesini təkrarladığını iddia edirdi. Məsələn, insan rüşeyminin ana bətnindəki inkişafı ərzində əvvəlcə balıq, sonra sürünən xüsusiyyətləri göstərdiyini, ən sonda insana çevrildiyini irəli sürürdü.

Halbuki sonrakı illərdə bu nəzəriyyənin tamamilə təxəyyül məhsulu olan bir ssenari olduğu məlum olmuşdur. İnsan rüşeyminin ilk dövrlərində üzə çıxdığı iddia edilən “qəlsəmələr”in, əslində, insanın orta qulaq sümüklərinin, almacıq və dilaltı sümüyünün, qırtlaq qapağı və başqa orqanların başlanğıcı olduğu məlum olmuşdur. Rüşeymin “yumurta sarısı kisəsi”nə bənzədilən hissəsinin də, əslində, döl üçün qan hazırlayan kisə olduğu aşkar edilmişdir. Hekkelin və onun davamçılarının “quyruq” adlandırdıqları hissə isə insanın onurğa sümüyüdür və ayaqlardan əvvəl əmələ gəldiyi üçün “quyruq” kimi görünür.

Bunlar elm dünyasında hər kəsə məlum olan həqiqətlərdir. Təkamülçülər də bunu qəbul edirlər. Qabaqcıl darvinistlərdən olan Corc Qeylord Simpson və U.Bek: “Hekkel təkamül prosesini səhv göstərib. Bu gün canlıların embrioloji inkişafının keçmişlərini əks etdirmədiyi artıq məlumdur”, -deyə yazırlar.320

16 oktyabr 1999-cu il tarixli “New Scientist” jurnalında dərc olunmuş bir məqalədə Hekkelin biogenetik qanunu haqqında belə deyilir:

(Hekkel) bunu biogenetik qanun adlandırdı və bu fikir rekapitulyasiya kimi məşhurlaşdı. Əslində, Hekkelin dəyişilməz görünən qanununun qısa müddət sonra səhv olduğu aşkar oldu. Məsələn, insan rüşeyminin əsla balıqlar kimi qəlsəmələri yoxdur və o, heç vaxt yetkin sürünənə və ya meymuna bənzəyən inkişaf mərhələsindən keçmir.321

“American Scientist”də dərc olunan bir məqalədə isə belə deyilir:

Biogenetik qanun (rekapitulyasiya nəzəriyyəsi) artıq tamamilə məhv olmuşdur. 1950-ci ildə dərsliklərdən çıxarılmışdır. Əslində, elmi mübahisə kimi XX əsrin 20-ci illərində sonu çatmışdı.322

Məsələnin daha da maraqlı cəhəti isə Ernst Hekkelin, əslində, ortaya atdığı rekapitulyasiya nəzəriyyəsini dəstəkləmək üçün rəsm saxtakarlıqları etməsidir. Hekkel balıq və insan rüşeymlərini bir-birinə bənzətmək üçün saxta rəsmlər çəkmişdir. Bunun üzə çıxmasından sonra özünü müdafiə etmək üçün dediyi sözlər isə digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiyini bildirməkdən ibarət idi:

Etdiyim bu saxtakarlıq etirafından sonra özümü rüsvay olmuş və qınanmış hesab etməliyəm. Lakin mənim təsəllim budur ki, mənim kimi təqsirkar yüzlərlə həmkarımın, bir çox etibarlı müşahidəçi və məşhur bioloqun nəşr etdirdiyi ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənim kimi etdikləri saxtakarlıqlar, qeyri-düzgün məlumatlar, az-çox təhrif edilmiş rəsmlər var.323

Məşhur elmi jurnal olan “Elm”in (Science) 5 sentyabr 1997-ci il sayında Hekkelin rüşeym rəsmlərinin saxtakarlıq olduğunu açıqlayan bir məqalə dərc olundu. “Hekkelin rüşeymləri: saxtakarlıq yenidən aşkar edildi” başlıqlı məqalədə belə deyilir:

Londondakı Müqəddəs Corc Xəstəxanası Tibb Məktəbindən təkamülçü Maykl Riçardson: “(Hekkelin rəsmlərinin) verdiyi təsəvvür, yəni rüşeymlərin bir-birinə çox bənzəməsi yalandır”, -deyir… O və həmkarları Hekkelin çəkdiyi növdəki və yaşdakı canlıların rüşeymlərini yenidən təhlil edərək və fotoşəkillərini çəkərək müqayisə etmişlər. Riçardson “Anatomiya və embriologiya” (Anatomy and embryology) jurnalında yazdığı məqalədə: “Rüşeymlər təəccüblü dərəcədə fərqlidir”, -deyə qeyd edir.

Hekkelin rüşeymləri oxşar göstərmək üçün bəzi orqanları qəsdən rəsmlərində göstərmədiyini və ya xəyali orqanlar əlavə etdiyini bildirən “Elm” (Science) jurnalı məqalənin ardında bu məlumatları verir:

Riçardson və qrupunun bildirdiyinə əsasən, Hekkel təkcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda müxtəlif növləri bir-birlərinə bənzər göstərmək üçün ölçüləri ilə də oynamış, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə Hekkel fərqləri gizlətmək üçün növlərin adını yazmamış və bircə növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində, bir-birlərinə çox yaxın olan balıq növlərinin rüşeymlərində belə görünüş və inkişaf prosesi baxımından çox böyük fərqlər var. Riçardson: “Hekkelin rəsmləri biologiyadakı ən böyük saxtakarlıqlardan biridir”, -deyir.

“Elm” (Science) jurnalındakı məqalədə Hekkelin bu məsələ ilə bağlı etiraflarının bu əsrin əvvəlindən etibarən ört-basdır edildiyindən və saxta rəsmlərinin dərs kitablarında elmi həqiqət kimi öyrədilməyə başlanmasından da belə bəhs edir:

Hekkelin etirafları çəkdiyi şəkillərin 1901-ci ildə “Darwin and after Darwin” adlı bir kitabda nəşr olunmasından sonra itib getdi. Şəkillər isə ingiliscə biologiya dərsliklərində geniş miqyasda çoxaldıldı.324

Qısaca desək, Hekkelin şəkillərinin saxtakarlıq olduğu hələ 1901-ci ildə üzə çıxmış, amma bütün elm dünyası bu şəkillərlə bir əsr boyu aldadılmışdır.

İqtibaslar:

  • 307. Dr. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001; http://www.trueorigin.org/spetner2.asp
  • 308. Dr. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001.
  • 309. Dr. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001.
  • 310. Dr. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001.
  • 311. Francisco J. Ayala, “The Mechanisms of Evolution”, Scientific American, cild 239, sentyabr 1978, səh. 64.
  • 312. Dr. Lee Spetner, “Lee Spetner/Edward Max Dialogue: Continuing an exchange with Dr. Edward E. Max”, 2001.
  • 313. S. R. Scadding, “Do ‘Vestigial Organs’ Provide Evidence for Evolution?”, Evolutionary Theory, cild 5, may 1981, səh. 173.
  • 314. The Merck Manual of Medical Information, Home edition, New Jersey: Merck & Co., Inc. The Merck Publishing Group, Rahway, 1997.
  • 315. H. Enoch, Creation and Evolution, New York: 1966, səh. 18-19.
  • 316. Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, 5-ci nəşr,, Ankara 1996, səh. 516.
  • 317. R. Mcneill Alexander, “Biomechanics: Damper For Bad Vibrations”, Nature, 20-27 dekabr 2001.
  • 318. R. Mcneill Alexander, “Biomechanics: Damper For Bad Vibrations”, Nature, 20-27 dekabr 2001.
  • 319. Bihinin Prinstondakı seminarı, 1997
  • 320. G. G. Simpson, W. Beck, An Introduction to Biology, New York, Harcourt Brace and World, 1965, səh. 241.
  • 321. Ken McNamara, “Embryos and Evolution”, New Scientist, 16 oktyabr 1999.
  • 322. Keith S. Thompson, “Ontogeny and Phylogeny Recapitulated”, American Scientist, cild 76, may/iyun 1988, səh. 273.
  • 323. Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, səh. 204.
  • 324. Elizabeth Pennisi, “Haeckel’s Embryos: Fraud Rediscovered”, Science, 5 sentyabr 1997.

Şərh üçün bağlıdır.

axtarış