• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Darvinin “aşağı dərəcəli qadın” təlimi

Bir çox elmi jurnal və qəzetdə 400-dən çox məqaləsi dərc olunan, 20 kitabın müəllifi olan və darvinizmi tənqid edən fəaliyyətləri ilə tanınan Cerri Berqman “The History of Evolution’s Teaching of Women’s Inferiority” adlı məqaləsində Darvinin və onun çağdaşı olan təkamülçülərin qadınlara baxış bucaqlarını incələmiş və onların qadınları alçaldan ifadələrindən bəzilərini bir yerə yığaraq Darvinin və darvinizmin naməlum bir cəhətini təəccübləndirici dəlillərlə ortaya qoymuşdur. Burada C.Berqmanın eyni mövzuda müxtəsər qələmə alınmış bir məqaləsi tərcümə olunmuşdur.

_________________________

Təkamül nəzəriyyəsinin irqçi cəhəti yaxşı sənədləşdirilmiş və xalqa geniş miqyasda çatdırılmışdır. Lakin daha az məlum olan bir həqiqət də vardır; Çarlz Darvin də daxil olmaqla, bir çox təkamülçü, həmçinin qadınların bioloji olaraq kişilərdən daha aşağı səviyyəli olduqlarını da tədris edirdilər. Qadınlar haqqındakı görüşləri də daxil olmaqla, Darvinin ideyaları cəmiyyət üzərində çox güclü təsirə malik olmuşdur. Darvinin qadınlara qarşı münasibətinin ən təsirli göstəricilərindən biri isə (öz kuzinası Emma Vecvudla evlənməmişdən qısa bir müddət əvvəl) evlənməyin üstünlüklərini bu cür siyahıya almış olması idi: “…Daimi yoldaş (və ötmüş yaşda dost), səninlə maraqlanacaq bir kəs, sevgi və oyun obyekti – hər halda, itdən daha yaxşı bir şey. Ev və evin qayğısına qalmağa bir nəfər…”1 Darvin evlənəcəyi zaman “yazıq kölə, …bir zəncidən daha da pis” olacağını düşünürdü. Lakin sonradan: “Bir insan ayaq üstə dura bilməyəcəyi yaşda, dostu olmadan… və uşağı olmadan özbaşına qalaraq tək-tənha yaşaya bilməz”, – deyə yazırdı. Darvin fəlsəfi qeydini belə tamamlayırdı: “Evləndikdən sonra da xoşbəxt olan kölələr var”.2

Darvin belə düşünürdü ki, kişilər təkamül cəhətdən qadınlardan daha öndədirlər.3 Darvinin çağdaşı olan bir çox antropoloq qadınların “beynə ziyan gətirəcək dərəcədə, həddindən artıq inkişaf etmiş hissiyyata” və “heyvanlarınkı ilə analoji” beyinlərə sahib olduqlarını düşünürdülər.4 Ceneva Universitetindən təbiət tarixi professoru Karl Foqt Darvinin gəldiyi nəticələrin bir çoxunu qəbul edir və “uşaqların, dişilərin və ahıl ağdərililərin” hamısının “yetkin zənci”lərlə eyni zəka və təbiətə malik olduqlarını iddia edirdi.5 Corc Romens də daxil olmaqla, Darvinin bir çox ardıcılı bu düşüncəni qəbul etdi. Kevlsin dediyi kimi:

“… Olduqca az zəkalı və çox emosional. Romens… Darvinin “qadınlar kişilər qədər yüksək dərəcədə təkamül etməyib” görüşünü paylaşırdı, hansı ki, o, bir bioloq nəslinə təsir göstərmiş bu ideyaları bir çox kitabında və məqaləsində açıq şəkildə ifadə edirdi. Əslində, Romens özünü təkamülün himayədarı kimi görürdü və onu doğru yolda tutmaq səlahiyyətinin özünə verildiyini düşünürdü… Paleontoloq Eduard Drinker Koup yazırdı ki, erkək heyvanlar “həyat uğrunda mübarizədə dişilərdən daha aktiv rol oynayırlar” və bütün dişilər, analar kimi, emosional gücləri uğruna inkişaflarını qurban vermişlər…”6

19-cu əsrin bioloqlarının qadınların ikinci sinif olmasına inanmalarının səbəblərindən biri də Darvinin “nəzarətsiz dişi aqressiyasının irqlərin törəməsində pozuntulara yol açdığı” və “nizamlı təkamül prosesini sapdıra bildiyi”nə inanması idi.7

Darvin insanlardakı cinsi fərqlərin qismən cinsi seçmənin nəticəsində əmələ gəldiyini yazırdı. Xüsusilə də ona görə ki, erkəklər dişilər üçün yarışda özlərinin fiziki və intellektual cəhətdən üstün olduqlarını sübut etməli, dişilər isə elə ilk etapda cəlbedici olmalı idilər. Darvin gəldiyi nəticəni dəstəkləmək üçün arvadlarını əldə saxlamaq uğrunda kişilərin rəqibləri ilə döyüşmələrini tələb edən mədəniyyətləri misal çəkirdi. Çünki “həmişə ən güclü tərəf mükafatı qazanır” və nəticə olaraq da, “zəif kişi yaxşı ovçu olmadığı təqdirdə… daha güclü kişi onun arvadını xoşlayırsa, nadir hallarda öz arvadını əlində saxlaya bilər”.8

Darvin gəldiyi nəticəni aydınlaşdırmaq üçün başqa nümunələr də verir, belə ki, təkamül qüvvələrinin kişilərin qadınlardan daha üstün olmasına səbəb olduqlarını heyvanlarla müqayisədə göstərirdi. İnsanlar heyvanlardan təkamüllə törədiyinə və “heç kimin buğanın inəkdən, vəhşi qabanın dişi donuzdan, ayğırın madyandan və heyvanxana gözətçilərinin də bildiyi kimi, iri meymunların erkəklərinin dişilərdən səciyyəvi cəhətdən fərqliliyinə dair şübhəsi olmadığı”na görə eyni vəziyyət dişi insanlar üçün də qüvvədə olmalıdır.9 Bundan əlavə, qadınların bəzi xüsusiyyətləri “aşağı irqlər üçün və bu səbəbdən də keçmiş və aşağı mədəniyyət səviyyəsi üçün xarakterikdir”.10 Yekun olaraq, Darvin yazısını belə bitirir ki, kişi:

“… Hər hansı sahəyə yiyələnirsə, qadının bacardığından daha yüksək mövqeyə çatır. İstər dərin düşüncə, ağıl və təxəyyül tələb edən işlər olsun, yaxud da adicə duyğuların və əllərin istifadəsi olsun. Əgər poeziya, rəssamlıq, heykəltəraşlıq, musiqi (həm bəstə, həm də ifa daxil olmaqla), tarix, elm və fəlsəfədəki ən görkəmli kişilər və qadınlardan ibarət iki siyahı tutulsa, hər sahənin altında da yarım düjün ad sadalansa, bu iki siyahı heç müqayisəyə də gəlməz. Biz, həmçinin cənab Qaltonun da “İrsi istedad” əsərində çox yaxşı təsvir etdiyi kimi, orta hesablardan kənaraçıxma qanunundan belə bir çıxarış edə bilərik ki, kişilər bir çox sahədə qadınlardan qəti üstünlüyə qabildirlərsə, deməli, kişidəki orta əqli qüvvə qadındakından yüksək olmalıdır”.11

Aydındır ki, Darvin həm qadınlar, həm də kişilər üçün mədəniyyət, ətraf mühit, sosial rolların təsirini və öz dövründə də, tarix boyunca da nisbətən məhdud imkanların mövcud olmasını tamamilə görməzlikdən gəlirdi.

Darvinin qadınların kişilərdən daha aşağı səviyyəli olduqları nəticəsinə gəlməsi onun təkamül nəzəriyyəsinə verdiyi böyük töhfənin məğzini təşkil edir: təbii anticinsi seçmə. Çünki seçmə uzun müddət ərzində zəifləri və zəiflərin yaşaması üçün imkan yaradan bütün faktorları aradan qaldırır. Kişilər qadınlardan daha çox seçmənin təzyiqinə məruz qalırlar, belə ki, qədim dövrlərdə daha güclü, daha cəld və daha ağıllı erkəklər ov ovlayıb evə gətirməyə daha çox qabil idilər. Ona görə də təbii seçmə erkəkləri dişilərdən daha yüksək bir dərəcəyə gətirəcəkdi. Qadınlar tarixən ev işləri, nökərlik və monoton işlərlə məşğul olduqlarına, ov ovlamadıqlarına görə təbii seçmənin təzyiqinə daha az məruz qalmışdılar. Bundan əlavə, kişilər ənənəvi olaraq qadınları qoruyurdular: yalnız kişilər döyüşə gedirdilər və ictimai müharibə normalarına görə qadınları qəsdən öldürmək qadağan idi. Müharibələr zəif kişiləri sıradan çıxardı və yalnız ən yaxşıları evə qayıdıb törəməyə davam edə bildilər. Nüfuzlu təkamülçü Topinar bunu belə yekunlaşdırırdı ki, kişilər daha üstün idilər, çünki onlar həm özlərini, həm də arvadlarını və ailələrini qorumaq üçün döyüşürdülər. Bundan əlavə, Topinar belə təlim verirdi ki, kişilər:

“Kişi bütün məsuliyyəti və sabahın qayğısını daşıyır, daima aktiv olub ətraf mühitlə və insan rəqibləri ilə mübarizə aparır. O, müdafiə edib bəsləməli olduğu qadından daha iri beyinə ehtiyac duyur. O qadın ki, heç bir məşğuliyyəti olmadan oturur, rolu uşaqları böyütmək, sevmək və passiv olmaqdır”.12

Qadınların aşağı dərəcəliliyi – 1800-cü illərdə bir çox alim tərəfindən doğru qəbul edilmiş bir fakt idi ki, təbii seçmə yolu ilə təkamül üçün böyük bir dəlil təşkil edirdi. Quld iddia edir ki, o zamanlar “qadın-kişi bərabərliyinin tərəfdarı olan çox az alim” var idi. Demək olar ki, hamısı “zəncilərin və qadınların” ikinci sinif olduqlarına inanırdılar. Bu alimlər geniş araşdırmalar yürütmədən və əsaslı fikirləri olmadan, sadəcə olaraq ehkamlarını təkrarlamırdılar. Onlar təkamül nəzəriyyəsinin bu mühüm maddəsi olan qadınların kişilərdən aşağı dərəcəli olmasını elmi yolla sübut edərək təsdiqləmək üçün səy göstərirdilər.

Qadınların kişilərdən daha aşağı dərəcəli olmasını göstərmək üçün əl atılan cəhdlərdən biri də qadınların beyin həcimlərinin daha kiçik olmasını sübut etmək cəhdi idi. Tədqiqatçılar ilk öncə dişi kəllə qutusu həcminin daha kiçik olduğunu göstərməli, sonra isə daha çətin iş olan beyin həcminin ağıl ilə əlaqədar olması məsələsini sübut etməli idilər.13

Qadınların ağıl səviyyəsinin aşağı olduğunu “sübut etmək” üçün kraniologiyadan (kəllə sümüklərini öyrənən elm sahəsi) istifadə edən çoxsaylı araşdırmaçıların arasında ən nüfuzlu şəxslərdən biri Pol Broka idi (1824–1880). Avropanın “ən prestijli antropoloqlarından” biri və fiziki antropologiyanın bir elm kimi inkişafının öncül lideri Broka 1859-cu ildə nüfuzlu Antropologiya Cəmiyyətinin əsasını qoydu. O zamanlar bu cəmiyyətin əsas bir məşğuliyyəti də “insan qruplarının təsviri və onların müvafiq dəyərlərinin təyini” üçün kəllə qutuları da daxil olmaqla, müxtəlif insan xüsusiyyətlərinin ölçülməsi idi.14 Broka bu nəticəyə gəlirdi ki, insan beyni:

“… Yetkin insanlarda ahıllarınkından daha böyük, kişilərdə qadınlardan, nüfuzlu kişilərdə orta savadlı kişilərdən, daha üstün irqlərdə daha aşağı irqlərdən böyükdür… Digər şeylər bərabərdir, ağlın inkişafı ilə beyin həcminin inkişafı arasında diqqətəlayiq bir əlaqə mövcuddur”.15

Broka qadınların kişilərdən daha aşağı səviyyəli olması ilə xüsusilə çox maraqlanırdı: “Broka qruplar arasındakı müqayisələrində ən çox qadın beyninə qarşı kişi beyni haqda çoxlu məlumat toplayırdı…”16 O belə nəticəyə gəldi ki, “dişi beyninin nisbətən kiçik ölçülü olması onun qismən fiziki cəhətdən, qismən də əqli cəhətdən aşağı səviyyəli olmasından irəli gəlir”.17 Broka, həmçinin bunu da bildirirdi ki, kişi və qadın beyinləri arasındakı bərabərsizlik hələ getdikcə də böyüyür, hansı ki, o bunu “dominant kişilər və passiv qadınlar üzərində təkamül təzyiqlərinin fərqliliyinin nəticəsi” kimi izah edirdi.18

Bu görüşlər Darvin dövrünün ən görkəmli təkamülçülərinin bir çoxu tərəfindən qəbul edilirdi. Qustav Le Bon (1841–1931) sosial psixologiya və kollektiv davranış sahələrinin qabaqcıl öndərlərindən idi. Kütlə psixologiyası haqqındakı klassik təlimi (Kütlə; 1895) hər sosial elmlər tələbəsinə tanış olan bu alim yazırdı ki, hətta:

“… Ən ağıllı irqlərdə belə böyük miqdarda qadın vardır ki, beyinləri ölçücə ən yaxşı inkişaf etmiş kişi beynindən daha çox qorillalarınkına yaxındır. Bu ikinci siniflik o qədər açıqdır ki, heç kim buna bir an belə etiraz edə bilməz; sadəcə qadınların hansı dərəcədə aşağı olduqları müzakirəyə dəyər. Qadınlar… insan təkamülünün ən aşağı formalarını təmsil edirlər… və yetkin, mədəni kişidən daha çox uşaqlara və vəhşi ibtidailərə yaxındırlar. Onlar tərəddüd, ziddiyyət, düşüncə və məntiqdən məhrumluq, fikir yürütmək üçün qeyri-kafi bacarıq cəhətdən üstündürlər. Şübhə yoxdur ki, kişilərdən orta hesabla üstün olan seçkin qadınlar da var, amma bu o qədər istisna bir haldır ki, bir bədheybətin, məsələn, ikibaşlı qorillanın doğulması halı qədər müstəsna vəziyyət təşkil edir; nəticə etibarilə, onlara heç əhəmiyyət verməsək də olar”.19

Fişer isə təbii seçmə nəzəriyyəsinin bütünlükdə mübahisəli olduğunu deyərək Çomskinin bu sözlərindən sitat gətirir:

“… İnsan ağlının hazırkı kompleks vəziyyətinə gəlib çatmasını təmin edən proseslər… tamamilə müəmmalıdır… Bu inkişafı rahatlıqla “təbii seçmə”nin işi kimi qələmə verə bilərik. Bu şərtlə ki, həmin iddianın heç bir əsası olmadığının, bu fenomenlərin hansısa naturalist izahı olmasının inancdan başqa bir şey olmadığının fərqində olaq”.20

Təkamülün gəldiyi “ikinci dərəcəli qadın” nəticəsini ciddi şəkildə tənqid etmək üçün işlədilən başqa bir metod isə təkamül nəzəriyyəsinin özünü tənqid etmək oldu. Məsələn, Fişer bu müşahidəni edir:

“Əcdadlarımız hesab edilən və sadəcə bir çoxu əzilmiş, parçalanmış və yaxud da üzərindən milyonlarla il keçməsindən sonra dəyişikliyə uğramış kəllələrdən ibarət fosillərin həqiqi beyin orqanizasiyalarına əsaslanaraq insanın mənşəyi barədəki nəzəriyyələri sübutsuz qəbul etməyin doğurduğu çətinliklər astronomik dərəcədə çoxdur”.21

Morqan belə nəticəyə gəlir ki, “ikinci sinif qadın” düşüncəsi biologiyada dərin kök salmışdı və bu sahənin mütəfəkkirləri “biologiyadan və mənşələr mövzusundan uzaqlara sapmışdılar”. Morqan belə ümid edirdi ki, onlar bundan vaz keçəcək və “gələcəkdə hər şeyin fərqli olacağına dair zəmanət verəcəklər”.22 Morqan vurğulayır ki, biz yenə də təkamül biologiyasına əhəmiyyət verməyə bilmərik, çünki “meşə mirası və insanın bir yırtıcı ovçu kimi təkamülünə inanmaq insanların şüurunda Yaradılışa inanmaq kimi dərin bir kök salıb”. O, yazısını belə bitirir ki, təkamül yenidən dəyərləndirilməlidir və alimlər bəzi zamanlar ehkamlarından və hazır fəlsəfi reseptlərdən dolayı “doğru yoldan azıblar”. Morqan təkamülün bariz şəkildə görünən “ikinci sinif qadın” fikrinə etiraz edilməli olduğunu bildirir və deyir ki, onun bu kitabında və onu qabaqlayan saysız-hesabsız elmi əsərdə onlarla yazıçı qadınların kişilərdən aşağı səviyyəli olması düşüncəsini mahir bir şəkildə deviriblər və bununla da, təkamülçülüyün özül sütunlardan birini sarsıblar.

 

İstinadlar:

  1. “The Autobiography of Charles Darwin, 1809–1882”, Nora Barlow, Ed., 1958, New York: W. W. Norton & Co., Inc., səh. 232, 233
  2. “The Autobiography of Charles Darwin, 1809–1882”, Nora Barlow, Ed., 1958, New York: W. W. Norton & Co., Inc., səh. 234
  3. Kevles, Bettyann, 1986, “Females of the Species: Sex and Survival in the Animal Kingdom”, Cambridge, MA: Harvard University Press, səh. 8
  4. Fee, Elizabeth, 1979, “Nineteenth-Century Craniology: The Study of the Female Skull”, Bulletin of the History of Medicine, 53:418
  5. Carl Vogt, “Lectures on Man: His Place in Creation, and the History of Earth”, edited by James Hunt, London: Paternoster Row, Longman, Green, Longman, and Roberts, 1864, xv, səh. 192
  6. Kevles, Bettyann, 1986, “Females of the Species: Sex and Survival in the Animal Kingdom”, Cambridge, MA: Harvard University Press, səh. 8,9
  7. Fee, Elizabeth, 1979, “Nineteenth-Century Craniology: The Study of the Female Skull”, Bulletin of the History of Medicine, 53:415
  8. Darwin, Charles, 1896, “The Descent of Man and Selection in Relation to Sex”, New York: D. Appleton and Company, səh. 562
  9. Darwin, Charles, 1896, “The Descent of Man and Selection in Relation to Sex”, New York: D. Appleton and Company, səh. 563
  10. Darwin, Charles, 1896, “The Descent of Man and Selection in Relation to Sex”, New York: D. Appleton and Company, səh. 563,564
  11. Darwin, Charles, 1896, “The Descent of Man and Selection in Relation to Sex”, New York: D. Appleton and Company, səh. 564
  12. Gould, Stephen Jay, 1981, “The Mismeasure of Man”, New York: W. W. Norton & Company, səh.104
  13. Van Valen, Leigh, 1974, “Brain Size and Intelligence in Man”, American Journal of Physical Anthropology, 40:417–423.
  14. Gould, Stephen Jay, 1981, “The Mismeasure of Man”, New York: W. W. Norton & Company, səh.83
  15. Gould, Stephen Jay, 1981, “The Mismeasure of Man”, New York: W. W. Norton & Company, səh.83
  16. Gould, Stephen Jay, 1981, “The Mismeasure of Man”, New York: W. W. Norton & Company, səh.103
  17. Gould, Stephen Jay, 1981, “The Mismeasure of Man”, New York: W. W. Norton & Company, səh.104
  18. Gould, Stephen Jay, 1981, “The Mismeasure of Man”, New York: W. W. Norton & Company, səh.104
  19. Gould, Stephen Jay, 1981, “The Mismeasure of Man”, New York: W. W. Norton & Company, səh.104-105
  20. Chomsky, Noam, 1972, “Language and Mind”, New York: Harcourt, Brace, and World, səh. 97
  21. Fisher, Elizabeth, 1979, “Woman’s Creation: Sexual Evolution and the Shaping of Society”, Garden City, NY: Anchor Press/Doubleday, səh. 113
  22. Morgan, Elaine, 1972, “The Descent of Woman”, New York: Stein and Day, səh. 2

Şərh üçün bağlıdır.

axtarış