• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

Rudiment orqan iddialarına cavab –II– hissə

Rudiment orqan iddialarına cavab –I– hissə

1. QULAQ ƏZƏLƏLƏRİ

Başımızın iki tərəfində hər qulağımızın 3 xarici əzələsi vardır – auricularis superior, auricularis anteriorauricularis posterior əzələləri. Bəzi insanlar qulaqlarını xaricdən görünən şəkildə hərəkət etdirə bilmirlər, bəziləri isə hərəkət etdirə bilirlər. Çarlz Darvin özü “İnsanın mənşəyi və cinsi seçmə” kitabında bu mövzuya toxunmuş və insanla onun bəzi “meymunabənzər əcdadları”nın digər məməlilərdəki qulaqları hərəkət etdirmək qabiliyyətlərini itirdiyini iddia etmişdir.1 O, bunu iri meymunlar və insanların başlarını üfüqi müstəvidə hərəkət etdirmək və hər istiqamətdən gələn səsi tuta bilmək qabiliyyətləri ilə izah edirdi. Bəs nəyə görə təkamülçülər makakalar (Macaca) və digər bəzi meymunların başlarını üfüqi müstəvidə hərəkət qabiliyyətləri ilə birlikdə, digərlərindən daha yaxşı inkişaf etmiş qulaq əzələlərinə də malik olduqlarını2 qeyd etmirlər? Bu, təkamül hekayəsini danışarkən əks-dəlillərin necə görməzdən gəlindiyini sübut edir. İddia olunur ki, bu əzələlər qulaqlarını müxtəlif istiqamətlərə hərəkət etdirib səsləri tutmağı bacaran əcdadlarımızdan qalıb. Əslində, qulaq seyvanımız (lat. auricula), onsuz da, bu funksiyanı yerinə yetirir – səsi tutmaq və istiqamətini müəyyənləşdirmək. Həmçinin tədqiqatlar göstərmişdir ki, arxa tərəfdən qəfil səs gəldikdə, gözlərimizi refleks kimi arxaya hərəkət etdirən sinir qıcıqlarına qulaq əzələləri də cavab verir və qulağı arxaya doğru hərəkətə gətirir.3 Bioloqların bildirdiyinə görə, xarici qulaq əzələlərinin başqa bir funksiyası da qulaq kirinin xaricə atılmasına kömək etməkdir. Ümumilikdə, bədəndəki əzələlərin çoxu digər əzələlərlə ilişikli şəkildə işləyir. Ona görə insan çeynəyəndə, gülümsəyəndə və s. vaxtlarda qulaq əzələləri də qulağı hərəkətə gətirir. Bu, qulaq kirinin tədricən bayıra atılmasını, bu minvalla da, qulaqların təmizlənməsini təmin edir.4 Bununla belə, xarici qulaq əzələlərinin başqa funksiyalarının kəşf olunması da istisna edilmir. Ümumiyyətlə, rudiment və ya qeyri-funksional əzələ iddiası ilə bağlı əsas problem budur: işlənməyən əzələlər sürətlə degenerasiyaya uğrayır. İstər uzun müddət çəkisizlik şəraitində qalan astronavtlar, istərsə də daimi yataq xəstələri kimi insanlar sadəcə bir neçə ay ərzində əhəmiyyətli miqdarda əzələ kütləsi itirirlər. Qısaca desək, əzələ kütləsi “ya işlət, ya itir” məsələsidir. Ehtimaldan kənardır ki, bir fərdin ömür boyu işlətmədiyi hər hansı əzələ sağlam əzələ toxuması kimi qalsın. Nəinki milyonlarla il ərzində nəsildən-nəslə qalmaq! Ona görə də bədənimizdəki istənilən əzələnin mövcudluğu, faktiki olaraq, elə həmin əzələnin funksional olduğunu sübut edir.

2. İLANIN “ÇANAQ SÜMÜYÜ QALIĞI”

Yatağan ilanlar (əfilər, lat. Boidae) və pitonlarda (lat. Pythonidae) anus dəliyinin yanlarında caynaq formalı iki kiçik çıxıntı var (erkəklərdə bu, daha aydın görünür5). Ç.R.Darvin qeyd edirdi ki, bunlar ilanların “çanaq və arxa ətraf rudimentləri”dir.6 Təkamülçülərin iddiasına görə, ilanlar hansısa “dördayaqlı əcdad”dan törəyib, buna görə arxa ətrafları rudiment kimi qalıb. Onlara görə, ilanlardakı bu sümüklər (çanağın bir hissəsi olan) qalça və bud sümüklərinin rudimentləşmiş formasıdır. Hərçənd ki, belə bir nəticəyə gəlmək üçün nə anatomik, nə də paleontoloji bir əsas var. Məlum olmuşdur ki, ilanlarda bu sümüklər cütləşmə halını almağa kömək edir. Bu caynaqvari çıxıntılar cinsi əlaqə və cütləşmə zamanı tutub-saxlamağa və sürtünmə yaradaraq qarşı cinsi təhrik etməyə xidmət edir.7 Həmçinin erkəklərdə onlardan digər erkəklərlə vuruşma zamanı istifadə edilir.8 Deməli, təkamülçülərin iddialarının əksinə, bunlar ilanlarda «rudiment» deyil, tam funksional orqanlardır. Təkamülçülər bu caynaqşəkilli çıxıntıların bu gün nəyə görə yalnız yatağanlarda və pitonlarda müşahidə edildiyini də izah edə bilmir, əlacsız qalıb yatağanları və pitonları «primitiv» adlandırırlar.9 Lakin niyə bu gün onlarla paralel yaşayan ilanlar müasir, onlar primitiv sayılmalıdır – bunun heç bir izahatı yoxdur. Əslində, təkamül yox, yaradılış baxış bucağından baxsaq, yatağanlar və pitonlardakı bu orqanın yaradılış dəlili olduğunu görərik. Yatağanlar və pitonlar dünyanın ən uzun və çəkicə ən ağır ilanlarıdır.10 Uzunluqları bəzən 10 metrə, çəkiləri isə 200 kq-a çatır. Bu nəhəng ilanların gözləri ilə cinsiyyət üzvləri arasında çox uzun məsafə var. Buna görə onlar cinsiyyət üzvlərinin idarəsi üçün əlavə nəzarətə ehtiyac duyurlar.11 Anus dəliyinin iki tərəfindəki caynaqvari çıxıntılar da məhz bu məqamda onların köməyinə gəlir. Bu da yatağan və piton ilanlarının caynaqlarla yaradılışının olduqca məqsədəuyğun olduğunu göstərir. Ən qədim ilanlar isə fosil qeydlərində heç bir arxa ətrafa, çanaq sümüklərinə malik olmadan, elə bugünkü ilanlar kimi təzahür edirlər. 2015-ci ildə Böyük Britaniya, Portuqaliya və ABŞ-dan dünyanın ən qədim ilanlarının fosilləri tapıldı.12 Bunların içində yaşca daha qədim olan 168–165 milyon illik Eophis, ondan sonra 156–151 milyon illik Portugalophis, daha sonra isə 151–146 milyon illik Diablophis gəlir. Dünyanın ən qədim ilanları olmasına baxmayaraq, bunların heç birində nə çanaq, nə bud sümüyü müşahidə edildi.13 Fosillərin skelet quruluşu bugünkü ilanlardan qətiyyən fərqlənmir. Əgər, həqiqətən, ilanların nə vaxtsa «ayaqları» olmuşdusa, ən qədim ilanlarda bu ayaqlar ya bütöv, ya da heç olmasa, rudimentləşmiş şəkildə mütləq müşahidə edilməli idi. Müşahidə edilmədiyinə görə, deməli, ilanlar heç vaxt belə bir mərhələdən keçməyib. Qədim fosil qalıqları içində daha cavan – 100-90 milyon illik dörd fosil də tapılmışdır ki, təkamülçülər bunları «ayaqlı ilanlar» adlandırırlar: Haasophis, Pachyrhachis, EupodophisNajash. Təkamülçülərin dilə gətirmədiyi maraqlı bir fakt isə bu 4 fosil canlıyla eyni dövrə və eyni coğrafi bölgəyə aid Simoliophis, Pachyophis Mesophis adlı ilanların tapılmış olması, lakin bu ilanların nə ön, nə arxa ətrafının olmasıdır.14 Elə isə, onların birini müasir, digərini primitiv adlandırmaq olmaz. Bəs bəzi qədim ilanlarda arxa ətraflar nəyə xidmət edib? Yuxarıda bəhs etdiyimiz müasir ilanlarda oxşar orqanların cinsi funksiyasının olması bizə əsas verir ki, bu qədim canlılarda da arxa ətraf nayihəsinin cinsi prosesin gedişatına kömək etdiyi nəticəsinə gələk.15 Bununla bərabər, Najash adlı «ayaqlı ilan»ın torpağın altında yaşamağa uyğun morfologiyaya malik olduğu, arxa ətraflarından da qazmaq və sürünmək üçün istifadə etdiyi qeyd olunur.16Nature” jurnalı bunları “funksional ayaqlar” adlandırır.17 Əgər ən qədim ilanlar (167 milyon il) ayaqsızdırsa, daha cavan ilanlarda (90 milyon il) ayaqlara rast gəlinirsə, lakin müasir ilanlarda yenə ayaq yoxdursa, bu, təkamüllə izah edilə bilməz. Təkamül iddiasına görə, ən qədim ilanlar ayaqsız üzə çıxmalı, milyonlarla il sonra ayaq qazanmalı, daha sonra təzədən ayaqlarını itirməlidirlər. Bu təsəvvür isə elə birbaşa təkamül təliminin Dollo prinsipinə, yəni «təkamülün dönməzliyi» prinsipinə ziddir.18

3. KİŞİLƏRDƏ MƏMƏCİK

Ç.Darvinin rudiment orqanlara verdiyi başlıca nümunə “erkəklərin rudiment məmələrə malik olması” idi.19 Darvinin ardıcılı Ernst Hekkel də bunu “heç bir fizioloji maraq kəsb etməyən həqiqi rudiment orqan” adlandırırdı.20 Beləliklə, onların dövründən bəri uzun illər kişilərdə məməciklər (döş ucu) “artıq, qeyri-funksional” orqan kimi təqdim edilmişdir. Halbuki irəliləyən anatomik tədqiqatlar bunun tam əksini sübut etdi. Məlum oldu ki, kişilərdə məməciklər başlıca olaraq cinsi stimul yaratmaqda rol oynayır.21 Həm kişi, həm də qadın məməcikləri zəngin sinir toxuması ilə təchiz olunmuşdur və buna görə də toxunmaya qarşı çox həssasdır.22 Kişi məməciyi qadın məməciyi ilə eyni həssaslığa malikdir.23 İngilis cərrah P.A.Sayks qeyd edir ki: “… Məməciyin sinir şəbəkəsi başlıca olaraq dördüncü qabırğalararası sinirin ön və yan dəri şaxələri ilə qidalandırılır. O, həmçinin üçüncü və beşinci qabırğalararası sinirlərdən də müvafiq şaxələri qəbul edir”.24 Zəngin miqdarda sinir toxumasına malik olmağı bir orqanın funksiyasının olduğundan xəbər verir. Onları rudiment kimi xarakterizə etmək ona görə problemlidir ki, bu orqanlar qan-damar şəbəkəsi ilə tam təchiz olunmuş, həmçinin normadan artıq sinir təchizatına malikdir. Yəni funksional bir orqanın malik olduğu hər şeyə malikdir. Əgər onlar, həqiqətən də, təkamül prosesinin artıq məhsulu idisə, niyə belə mürəkkəb təchizata malik olmalıdır? Bu sual təkamülçülər tərəfindən cavabsızdır. Kişi və qadınlarda məməcik-areolar kompleksdə (NAC) müəyyən fərqlər mövcud olsa da, həm kişi, həm də qadın məməcikləri toxunma yoluyla stimulə edilə bilir.25 Müqayisə edildikdə görünür ki, kişi məməcik bölgəsinin sinirləri qadınlardakından daha çox bir-birinə yaxındır, bu da seksual stimul funksiyasının daha mərkəzləşmiş və yığcam olmağına yol açır. Hansısa qəza və ya xəstəlik nəticəsində zədələnən məməcik-areolar kompleksi yenidən bərpa etmə cəhdləri də kişi məməciyinin əhəmiyyətinə işarə edir.26 Başqa bir ingilis həkim M.Stopparda görə, yalnız və yalnız insanlarda döş və döş ucları cinsi fəaliyyətdə rol oynayır və bu mühüm cavab reaksiyasının primatlardan təkamül etdiyinə dair heç bir dəlil yoxdur.27 Seksual stimul yaratmaqdan əlavə, kişilərdə məməciklər hormonal proseslərə də cavab verir. Kişilərdə məmə toxumasının böyüməsi xəstəliyi (ginekomastiya) estrogen-androgen hormonlarının nisbətinin pozulmasından xəbər verir. (Xatırlamaq lazımdır ki, yetkinlik yaşına çatmamış qız uşaqlarında da döş toxuması hələ estrogen hormonuna məruz qalmadığına görə inkişaf etmir.) Məməciklər bu xəstəliyin simptomunu üzə çıxararaq xəstəliyin müalicə edilməli olduğu siqnalını verir.28 Hormonal proseslərə cavab reaksiyası da kişi məməciklərinin tam funksional olduğunu başqa cəhətdən sübut edir. Bütün bunlardan əlavə, kişilərdə məmə ucları estetik vəzifə də daşıyır. Məməciklər mövcud olmadığı təqdirdə, kişi bədəninin necə qəribə, qeyri-estetik görkəm alacağını təsəvvür etmək çətin deyil. Bu orqanın «rudiment» olmadığını, tam funksional olduğunu hərtərəfli təhlil etdik. Lakin təkamülçülərin bu orqanla bağlı iddialarındakı gülməli məntiq xətasını da ifşa etmək lazımdır. Kişilərdə məməciklərin olmasını təkamülçülər təkamül prosesinin qalığı imiş kimi göstərirlər. Halbuki burada çox ciddi məntiq xətası var. Bu orqan əgər bizə “rudiment” kimi qalıbsa, onda gərək kişilər qadınlardan törəsin. Bu, olduqca absurd bir yanaşma olardı. Bir orqanın rudiment olduğunu iddia etmək üçün onun əvvəlki canlıda funksional olduğunu göstərmək lazımdır. Halbuki insanın dırnaqarası əcdadı kimi göstərilən heç bir məməlidə erkəklər süd ifraz eləmir, körpəni südlə bəsləmirlər, yəni məməciklərin heç vaxt kişilərdə belə bir funskiyası olmayıb. Görəsən, təkamülçülər iddia edirlər ki, bizim əcdalarımızın hamısı dişi olub, erkəklər isə dişilərdən törəyib, sonra da süd ifrazı qabiliyyətlərini itiriblər? Xeyr. Çünki təkamül təliminə əsasən, məməlilər sürünənlərdən başlanğıc götürüb və erkəklə dişinin ayrılması hələ ilk etaplarda baş tutub. Ona görə məməciklər bizə – elə təkamülə əsasən – hansısa “dişi əcdad”dan qala bilməz.

4. ATLARIN AYAĞINDAKI “QALIQ” ƏZƏLƏ

Kiçikölçülü əzələlər barədə başqa bir rudiment orqan nağılı isə atın ayağı ilə bağlıdır. Atların ayaqlarındakı bəzi əzələ lifləri heç bir funksiyası olmayan təkamül prosesinin qalıqları kimi görünür. Atların və dəvələrin ayaqlarında 6 millimetrdən daha qısa əzələ liflərinə bağlı olan 600 millimetrdən daha uzun vətərləri olan əzələləri var. Bu cür qısa əzələlər heyvan hərəkət etdikcə uzunluğunu ancaq bir neçə millimetr dəyişdirə bilir və bunlar böyük məməlilər üçün o qədər də əlverişli kimi görünmür. Vətərlər passiv yaylar kimi funksiya yerinə yetirir və qısa əzələ liflərinin lazımsız olduğu təkamül prosesində funksiyasını itirmiş daha uzun liflərin qalıqları olduğu hesab edilmişdir. Ancaq müasir tədqiqatlarla məlum olmuşdur ki, bu əzələ lifləri at qaçarkən ayağın içində əmələ gələn zərərli titrəyişlərin qarşısını alır. Bu məlumat “Təbiət” (Nature) jurnalının 20-27 dekabr 2001-ci il tarixli sayında dərc edilən “Biomexanika: təhlükəli vibrasiyalara qarşı amortizator” (Biomechanics: Damper for bad vibrations) adlı məqalədə verilir.29 Alimlər irəli sürürlər ki, bu liflər sümük və vətərləri onlara potensial şəkildə zərər verən titrəyişlərdən qoruyur. Təcrübələr qısa əzələ liflərinin ayağın yerə vurulmasının ardınca yaranan zərərli titrəyişləri yavaşıda bildiyini göstərmişdir. Qaçan heyvan ayağını yerə vurduqda bu zərbə ayağın titrəməsinə səbəb olur. Titrəyişlərin tezliyi nisbətən yüksəkdir – məsələn, atlarda 30-40 Hs – ayaq yerdə olanda bu zərbələr yavaşladılmasaydı, həddən artıq titrəmə dövranı baş verərdi. Titrəmələr zərər verə bilər, çünki sümük və vətərlər yorğunluq halından tez təsirlənir. Sümük və vətərlərdəki yorğunluq təkrarən baş verən təzyiqdən qaynaqlanan zərərin toplanmasıdır. Sümük yorğunluğu həm atletlərdə, həm də yarış atlarında mənfi təsirlər meydana gətirən zərbə qırılmalarının səbəbidir və vətər yorğunluğu ən az bəzi vətər infeksiyalarının səbəbi ola bilər. Alimlər çox qısa əzələ liflərinin əmələ gələn titrəyişləri yavaşladaraq həm sümükləri, həm də vətərləri qoruduğunu irəli sürürlər.30 Qısaca desək, atların anatomiyasının daha diqqətlə təhlil edilməsi təkamülçülərin funksiyasız olduğunu iddia etdikləri orqanların çox mühüm funksiyaları olduğunu üzə çıxarmışdır. Başqa sözlə, elmi irəliləyiş təkamülün dəlili kimi dəyərləndirilən xüsusiyyətlərin, əslində, yaradılış həqiqətinin dəlili olduğunu göstərmişdir.

5. UÇMAYAN QUŞLARIN İÇİBOŞ SÜMÜKLƏRİ

Quşların çox sayda içiboş (pnevmatik) sümükləri vardır. Bu yaradılışın bir çox üstün cəhətləri olmaqla bərabər, başlıca funksiyası quşun yüngül olması, rahat uça bilməsidir. İçiboş sümüklərin sayı növdən-növə dəyişsə də, havada süzən və ən yüksək hündürlüyə qalxan quşlarda bu say ən çox olur. Lakin bu gün təxminən 60 quş növü vardır ki, uçma qabiliyyətinə malik deyil. Bəs bu quşların sümük quruluşu necədir? Uça bilməyən quşların böyük hissəsini su quşları təşkil edir ki, su quşlarının da adətən sümüklərinin içi dolu olur (məs., maygülülər – Podicipediformes). Su quşları olan pinqvinlər, qaqarlar31 (Gaviiformes) və tupiklərin (Fratercula) isə ümumiyyətlə pnevmatik sümüyü yoxdur.32,33 Bu xüsusi yaradılış sayəsində onların ağırlığı artır və suya daha asan dala bilirlər. Uça bilməyən kivilər də sümük iliyinə malikdir, yəni sümükləri doludur.34 Təkamülçülər isə bəzi uça bilməyən quşların da içiboş sümüklərinin olduğunu, bu xüsusiyyətin “uça bilən əcdadlar”dan rudiment kimi qaldığını fərz edirlər. Burada, əvvəla, xüsusi bir məqamı vurğulamaq lazımdır: pnevmatik sümüklər heç də sırf uçmaq üçün deyildir. Pnevmatikliyin orqanizmdə oynadığı rollarla bağlı bir sıra mülahizələr vardır. İlkin rol, əlbəttə ki, bədən ağırlığını azaltmasıdır.35 Pnevmatikliyin digər funksiyaları isə: bədənin ağırlığını dəyişmədən sümükləri möhkəmləndirmək, bədənin kütlə mərkəzini sabitləşdirmək, bədənin hərəkətini stabilləşdirməkdir. Bəzi uçmayan quşlar, misal üçün, dəvəquşu və emular müvafiq olaraq pnevmatik bud sümüklərinə və pnevmatik boyun fəqərələrinə malikdir. Sadəcə boyun fəqərələrinin pnevmatik olması yenə ümumi bədən kütləsini azaldır, ancaq bundan əlavə, (emudakı kimi)36 uzun boynu saxlayıb hərəkət etdirməyi asanlaşdırır. Həmçinin boyun fəqərələrinin içiboş olması kütlənin bədənin ağırlıq mərkəzindən uzaqlaşmamasını təmin edir, bununla da, fırlanma ətaləti azalır, çeviklik artır. Bud sümüklərinin içiboş olması (dəvəquşudakı kimi)37 bədənin ağırlıq mərkəzini yer səthinə yaxınlaşdırır, beləliklə, daha stabil duruşa və yırğalanmadan hərəkət etməyə imkan verir. Skelet pnevmatikliyi heyvanlarda bədənin sümük kütləsinin fərqli paylanmasına da imkan yaradır. Oxşar bədən ölçülərinə malik bir quşun (pnevmatik) və bir məməlinin (qeyri-pnevmatik) sümük kütləsi təxminən eyni olur. Lakin məlum olmuşdur ki, quş sümüyünün sıxlığı məməli sümüyünün sıxlığından daha çoxdur. Bu, göstərir ki, quşlarda sümüklərin içiboş olması onların bədəni daxilində daha yaxşı çəki tarazlığı yaradır və bununla da, uçuşu asanlaşdırmaqla yanaşı, daha üstün müvazinət və çeviklik qabiliyyətləri verir.38 Bəzən insanların “uçmayan quşlar” kimi tanıdıqları və eyni zamanda içiboş sümükləri olan toyuq, ördək, hindtoyuğu kimi quşlar isə əhliləşmə prosesi nəticəsində öz uçuş qabiliyyətlərindən qalıblar.39 Ev toyuğu və ev ördəyi kimi əhliləşdirilmiş quşların eyni növdən olan vəhşi nümayəndələri – müvafiq olaraq, Bankiv cəngəllik toyuğu (Gallus gallus) və yaşılbaş ördək (Anas platyrhynchos) yaxşı uçuş qabiliyyətinə malikdir.40 Elə xüsusi yetişdirilmiş quş cinsləri (bəzi hindtoyuğu cinsləri) də var ki, süni seçmə nəticəsində uçuş qabiliyyətlərini tamamilə itirmişlər. Belə ki, döş əti kütləsinin artımı istiqamətində seleksiya aparıldığı üçün artıq quşun qanadlarının öz kütləsini daşımağa gücü çatmır.

6. UÇMAYAN QUŞLARIN QANADLARI

Uçmayan quşlarla bağlı maraq doğuran bir sual onların “niyə qanadlara malik olması”dır. Bu gün təxminən 60 növ uçma qabiliyyətinə malik olmayan quş mövcuddur. Təkamül fərziyyəsinin iddiasına görə, uçmayan quşların qanadları dırnaqarası uçan əcdadlardan rudiment kimi qalmışdır. Lakin bu quşların qanadının olması heç də o demək deyil ki, onların “əcdadları” nə vaxtsa uçub, sonradan bu qabiliyyət rudimentləşib. Təkamülçülər uçmayan quşların qanadlarının başqa bir çox funksiya daşıdığını fəhm edə bilmirlər. Növündən asılı olaraq, uçmayan quşların qanadları bu funksiyaları yerinə yetirir: qaçış əsnasında müvazinəti saxlamaq, isti havada sərinləmək, yıxıldıqda döş qəfəsini qorumaq, üzmək, cütləşmə rəqsləri, ovçuları qorxutmaq, cücələri mühafizə etmək və s.41 Uça bilməyən quşların böyük hissəsini təşkil edən su quşları qanadlarından suyun altında məharətlə üzmək üçün istifadə edirlər. Pinqvinlər hətta bəzi balıqlardan daha sürətli və çevik üzmə qabiliyyətinə malikdir. Emular cücələrinə yaxınlaşan düşmənləri qorxutmaq üçün ağızlarını açaraq və qanadlarını şıppıldadaraq onların üstünə qaçırlar.42 Dəvəquşu qanadlarının “həddən artıq lüzumsuz” olduğunu yazan “New Scientist” jurnalının yazarı Lora Spinniyə Cənubi Afrikadan məktub yazan bir dəvəquşu fermeri belə qeyd edir: “Lora Spinni dəvəquşu qanadlarını “həddən artıq lüzumsuz” hesab edir. Mən 18 ildir ki, dəvəquşuları yetişdirirəm və bunun belə olmadığına şahidlik edə bilərəm”.43 O, daha sonra dəvəquşuların öz qanadlarından hansı əhəmiyyətli məqsədlər üçün istifadə etdiyini qələmə alır: termorequlyasiya (istiliyi tənzimləmə); qaçarkən stabillik əldə etmək və düz bucaq altında çevik dönüşlər etməyi bacarmaq; cütləşmə rəqsləri və cütləşərkən stabillik yaratmaq; xəbərdarlıq siqnalları və digər ünsiyyət formaları; yuva qurmaq; cücələr üçün kölgə və sığınacaq yaratmaq. Beləliklə, təkamülçülərin bu iddiasının necə əbəs və puç olduğu məlum olur. Təkamülçülər bunu da izah edə bilmirlər ki, uçmayan quşların qanadları rudimentdirsə, bəs nəyə görə qanadları hərəkətə gətirən əzələlər tam funksionaldır?44 Bu sual da onlar üçün cavabsızdır. “Uçmayan quşlar” kimi tanınan toyuq, ördək, hindtoyuğu kimi quşlar əhliləşmə prosesi (təkamül deyil) nəticəsində öz uçuş qabiliyyətlərindən qalıblar. Onların vəhşi nümayəndələri, məsələn, Bankiv cəngəllik toyuğu və yaşılbaş ördək çox yaxşı uçuş qabiliyyətinə malikdir.45 Bununla belə, əhliləşmiş nümayəndələr də müxtəlif məqsədlər üçün qanadlarından məhdud istifadə qabiliyyəti ilə qısa məsafəli və qısa hündürlüklü uçuşlar həyata keçirə bilirlər.

7. “KİŞİ UŞAQLIĞI” VƏ “QADIN SPERMA KANALI”

İnkişaflarının ən erkən mərhələlərində oğlan və qız rüşeymləri, mahiyyət etibarilə, eyni quruluşda olur. Rüşeymdə həm kişi, həm də qadın cinsiyyət sistemi başlanğıc götürür. Bu sistemlər sonradan müvafiq olaraq kişi cinsiyyət sisteminə və qadın cinsiyyət sisteminə başlanğıc verən Müller və Volf axacaqlarıdır. Hansı sistemin inkişaf edəcəyini isə mayalanma vaxtı atadan ötürülən genlər (X və ya Y xromosomu) və genetik faktorların idarəsindəki hormonlar təyin edir. Oğlanlarda inkişafın sonrakı mərhələlərində Volf sistemi kişi anatomiyasını əmələ gətirdiyi halda, Müller sistemi itib-gedir. Qadınlarda isə Müller sistemi qadın anatomiyasını əmələ gətirmək üzrə tam inkişaf edir, Volf sistemi itib-gedir. Embrioloji tədqiqatlarla məlum olmuşdur ki, kişilərdə Müller, qadınlarda isə Volf axacaqları heç də tam yoxa çıxmır, hər iki cinsdə bəzi toxuma qalıqları kimi iz qoyur. Kişilərdə Müller axacaqları prostat “uşaqlığı” (ing. prostatic utricle) və Morqanyi kisəciyi (lat. appendix testis) adlı qalıqlar qoyur. Qadınlarda isə Volf axacaqları yumurtalıq şəbəkəsi (lat. rete ovarii) və Qartner axacağı (ing. Gartner’s duct) adlı strukturlar kimi qalır.46 Bəzi həvəskar təkamülçülər qadın cinsiyyət sistemində yumurtalıqların ətrafındakı ucları qapalı borucuqların (yumurtalıq şəbəkəsi) kişidəki sperma kanalının qalığı olduğunu irəli sürmüşlər. Eyni formada, kişinin prostat vəzisində inkişafdan qalmış qadınlıq orqanı (prostat “uşaqlığı” və ya “kişi uşaqlığı”) olduğunu iddia etmiş və bu “qalıq” toxumaların təkamül prosesində funksiyasını itirmiş orqanlara aid olduğunu irəli sürmüşlər. Bu, çox absurd yanaşmadır. Çünki nə qadınlar kişilərdən, nə də kişilər qadınlardan başlanğıc götürməyiblər. Təkamül təliminin özündə belə bir mülahizə yoxdur. Bu iddiadan ancaq təkamül fərziyyəsindən agah olmayan həvəskar təkamülçülər istifadə edirlər. Sözügedən toxumalar ana bətnində rüşeymin inkişafı əsnasında xidmət etmiş və artıq vəzifələri bitmiş, kök toxumalara aid qalıqlardır. Yəni bu toxumalar təkamül prosesinin yox, rüşeymin inkişafı prosesinin nəticəsidir. Buna görə Müller və Volf toxuma qalıqlarını rudiment uşaqlıq və ya rudiment sperma kanalı kimi təyin etmək əsassızdır. Üstəlik, bu orqanların bəzisinin funksiyasının hələ kəşf olunmaması heç də o demək deyil ki, bunlar lazımsız orqanlardır. Misal üçün, prostat “uşaqlığı” adlandırılan orqanın kişi orqanizmində yerinə yetirdiyi funksiya artıq çoxdandır ki, məlumdur. Prostat “uşaqlığı” sidik kanalının prostat hissəsində yerləşən, hər iki tərəfinə toxumçıxarıcı kanalların mənfəzi açılan bir boşluqdur. O, adətən, “kor şaxə” adlanır, yəni heç bir orqana açılmayan kanaldır. Prostat “uşaqlığı”nın rüşeymin inkişafı prosesində Müller axacaqlarından törədiyi və uşaqlıq–uşaqlıq yolu ilə homoloji olduğu düşünülür (bu mülahizə də hələ mübahisəlidir47). 1905-ci ildə Robert Uilyam Teylor prostat “uşaqlığı”nın funksiyasını təsvir edərkən belə yazırdı: “Cinsi əlaqə zamanı o, yığılaraq toxumçıxarıcı kanalların mənfəzini aralayır. Beləliklə, mənfəz elə açılır ki, toxumun asanlıqla keçməsinə imkan verir”.48 Bu, açıq-aşkar göstərir ki, hətta bədəndə rüşeym dövründən qalıq kimi qalsa belə, bu toxumalar əhəmiyyətsiz, lazımsız deyildir. Əlbəttə ki, gələcəkdə yuxarıda adı çəkilən digər qalıq toxumaların da funksiyalarının kəşf edilməsi istisna edilmir. Məhz təkamülçülər bunları lazımsız, “rudiment” kimi qələmə verdikləri üçün onların tədqiqi və funksiyalarının kəşf olunması gecikir.

 

 

“Vaxt gələcək, müasir saydığımız materialist fəlsəfənin səfehliyinə güləcəklər. Nə qədər çox təbiətin öyrənilməsi ilə məşğul oluramsa, bundan daha çox Yaradanın işlərinə heyran oluram. Laboratoriyada işlədiyim zaman dua edirəm”.

— Lui Paster“The Literary Digest Magazine”, 18 oktyabr 1902

 

 

İqtibaslar:

  1. Darwin, Charles (1890). The Descent of Man and Selection in Sex. 2nd Edition. London: John Murray, Ablemarle Street. 1890. p. 32.
  2. Steven Rowitt, “Vestigial Organs: To Function or not to Function, that is the Question”, Creation Studies Institute
  3. Anatomist Dr. David Menton Responds to “Proof of Evolution That You Can Find on Your Body”, YouTube, Apr 7, 2016
  4. Lita Cosner, “Badly designed arguments—‘vestigial organs’ revisited”, CMI, 17 December 2011
  5. Azərbaycan Sovet Ensiklopediyası, cild V, səh. 94
  6. Darwin, C. R., 1859, “On the origin of species by means of natural selection, or the preservation of favoured races in the struggle for life”, London: John Murray, 1st edition, p. 450
  7. Gillingham, James C.; Chambers, Jeffrey A. (1982-02-23), “Courtship and Pelvic Spur Use in the Burmese Python, Python molurus bivittatus”, Copeia, 1982 (1): 193–196.
  8. Carpenter, Charles C.; Murphy, James B.; Mitchell, Lyndon A. (June 1978), “Combat Bouts with Spur Use in the Madagascan Boa (Sanzinia madagascariensis)”, Herpetologica, 34 (2): 207–212.
  9. https://en.wikipedia.org/wiki/Pelvic_spur
  10. https://en.wikipedia.org/wiki/List_of_largest_snakes
  11. Brian Thomas, “Vital function found for whale ‘leg’ bones”, ICR, 6 October 2014
  12. W. Caldwell, R. L. Nydam, A. Palci and S. Apesteguía, 2015, “The oldest known snakes from the Middle Jurassic-Lower Cretaceous provide insights on snake evolution”, Nature Communications 6(5996):1-11
  13. Caldwell, M. W. et al., “The oldest known snakes from the Middle Jurassic-Lower Cretaceous provide insights on snake evolution”, Nature Communications 6, no. 5996, 27 January 2015.
  14. https://en.wikipedia.org/wiki/Pachyophis
  15. Jonathan Sarfati, “Another leggy snake? What should creationists think?”, CMI, 29 April 2008
  16. Bjorn Carey, “Millions of Years Ago, Snakes Were Hip”, Live Science, April 19, 2006
  17. Apesteguía, Sebastián; Hussam Zaher (April 2006). “A Cretaceous terrestrial snake with robust hindlimbs and a sacrum”. Nature. 440 (7087): 1037–1040.
  18. Dollo prinsipi belçikalı bioloq Lui Dollonun adından götürülmüşdür. Bax: Dollo’s Principle: Irreversability [sic] of evolution, in Milner, R. (Ed.), The encyclopedia of evolution, Facts on File, Oxford, p. 143, 1990.
  19. Darwin, C., The Origin of Species, The Modern Library Reprint, New York, p. 346, 1859.
  20. Haeckel, E., The Evolution of Man, Putnam, New York, p. 269, 1905.
  21. Sloand, E., Pediatric and adolescent breast health, Lippincotts Primary Care Practice 2(2):170–175, 1998; Masters, W. and Johnson, V., Human Sexual Response, Little Brown, Boston, 1966. 
  22. Sarhadi, N.S. and Lee, F.D., An anatomical study of the nerve supply of the breast, including the nipple and areola, British J. Plastic Surgery 49(3):156–164, 1996; Sarhadi, N.S., Shaw-Dunn, J. and Soutar, D.S., Nerve supply of the breast with special reference to the nipple and areola: Sir Astley Cooper revisited, Clinical Anatomy 10(4):283–288, 1997; Sykes, P.A., The nerve supply of the human nipple, J. Anatomy, 105(1):201, 1969; Wuringer, E., Mader, N., Porsch, E. and Holle, J., Nerve and vessel supplying ligamentous suspension of the mammary gland, Plastic and Reconstructive Surgery101(6):1486–1493, 1998; Robinson, J.E. and Short, R.V., Changes in breast sensitivity at puberty, during the menstrual cycle, and at parturition, British Medical Journal 1(6070):1188–1191, 1977; Kapdi, C.C. and Parekh, N.J., The male breast, Radiology Clinical North America 21(1):137–148, 1983. 
  23. Stoppard, M., The Breast Book: The Essential Guide to Breast Care & Breast Health for Women of All Ages, Dorling Kindersley, New York, 1996.
  24. Sykes, P.A., The nerve supply of the human nipple, J. Anatomy, 105(1):201, 1969.
  25. Stoppard, M., The Breast Book: The Essential Guide to Breast Care & Breast Health for Women of All Ages, Dorling Kindersley, New York, 1996; Masters, W. and Johnson, V., Human Sexual Response, Little Brown, Boston, 1966, pp. 273–274; Zubin, J. and Money, J., Contemporary Sexual Behavior, Johns Hopkins University Press, Baltimore, 1973.
  26. DeBono, R. and Rao, G.S., A simple technique for correction of male nipple hypertrophy: the ‘sinusoidal’ nipple reduction, Plastic Reconstruction Surgery100(7):1890–1892, 1997; Aiache, A.E., Male chest correction. Pectoral implants and gynecomastia, Clinical Plastic Surgery 18(4):823–828, 1991; Vasconez, H.C. and Holley, D.T., Use of the tram and latissimus dorsi flaps in autogenous breast reconstruction, Clinical Plastic Surgery 22(1):153–166, 1995; Kincaid, S.B., Breast reconstruction: a review, Annuals of Plastic Surgery 12(5):431–448, 1984; Liebau, J., Machens, H.G. and Berger, A., Gynecomastia of the male nipple, Annuals of Plastic Surgery 40(6):678–681, 1998.
  27. Stoppard, M., The Breast Book: The Essential Guide to Breast Care & Breast Health for Women of All Ages, Dorling Kindersley, New York, 1996, p. 72
  28. Narula HS, Carlson HE (August 2014). “Gynaecomastia-pathophysiology, diagnosis and treatment”. Nat Rev Endocrinol. 10 (11): 684–698. 
  29. Mcneill Alexander, “Biomechanics: Damper For Bad Vibrations”, Nature, 20-27 dekabr 2001
  30. Mcneill Alexander, “Biomechanics: Damper For Bad Vibrations”, Nature, 20-27 dekabr 2001
  31. Gier, H. T. (1952). “The air sacs of the loon”(PDF). Auk. American Ornithologists’ Union. 69: 40–49.
  32. Smith, Nathan D. (2011). “BODY MASS AND FORAGING ECOLOGY PREDICT EVOLUTIONARY PATTERNS OF SKELETAL PNEUMATICITY IN THE DIVERSE “WATERBIRD” CLADE”. Evolution. 66: 1059–1078.
  33. Fastovsky, David E.; Weishampel, David B. (2005). The Evolution and Extinction of the Dinosaurs(second ed.). Cambridge, New York, Melbourne, Madrid, Cape Town, Singapore, São Paulo: Cambridge University Press.
  34. https://en.wikipedia.org/wiki/Kiwi
  35. Sümük iliyi hava boşluğu ilə əvəz olunur ki, bu da ümumi bədən kütləsini azaldır. Bədən kütləsinin azalması quşlarda uçuşu asanlaşdırır, çünki uçuş üçün lazım gələn əzələ kütləsi sabit qaldığı halda, qaldırılmalı olan bədən kütləsi azalmış olur. Məlum olmuşdur ki, mahmızlı qazlar (Anhimidae) kimi çox yüksək hündürlüklərdə süzən quşlarda pnevmatiklik ifrat dərəcədə olur; Picasso, Mariana BJ; Mosto, Maria Clelia; Tozzi, Romina; Degrange, Federico J; Barbeito, Claudio G (2014). “A peculiar association: the skin and the subcutaneus diverticula of the Southern Screamer (Chauna torquata, Anseriformes)”. Vertebrate Zoology. 64(2): 245–249.
  36. Wedel, Mathew J. (2003). “Vertebral pneumaticity, air sacs, and the physiology of sauropod dinosaurs”(PDF). Paleobiology. The Paleontological Society. 29 (2): 243–255.
  37. Bezuidenhout, A.J.; Groenewald, H.B.; Soley, J.T. (1999). “An anatomical study of the respiratory air sacs in ostriches”(PDF). Onderstepoort Journal of Veterinary Research. The Onderstepoort Veterinary Institute. 66: 317–325.
  38. Dumont, Elizabeth R. (2010-07-22). “Bone density and the lightweight skeletons of birds”. Proceedings of the Royal Society of London B: Biological Sciences. 277(1691): 2193–2198.
  39. https://en.wikipedia.org/wiki/Flightless_bird
  40. https://en.wikipedia.org/wiki/Flightless_bird
  41. Steven Rowitt, “Vestigial Organs: To Function or not to Function, that is the Question”, Creation Studies Institute
  42. Steven Rowitt, “Vestigial Organs: To Function or not to Function, that is the Question”, Creation Studies Institute
  43. New Scientist letters, 21 June 2008, p. 24
  44. Sarfati, Jonathan (2008). By Design: Evidence for Nature’s Intelligent Designer – the God of the Bible. Creation Book Publishers. Powder Springs, GA. p 204.
  45. https://en.wikipedia.org/wiki/Flightless_bird
  46. https://en.wikipedia.org/wiki/List_of_related_male_and_female_reproductive_organs
  47. Shapiro E, Huang H, McFadden DE, et al. (2004), “The prostatic utricle is not a Müllerian duct remnant: immunohistochemical evidence for a distinct urogenital sinus origin”, J. Urol. 172 (4 Pt 2): 1753–6
  48. R. W. Taylor, “A practical treatise on sexual disorders of the male and female”, New York and Philadelphia, 1897; 3rd edition, 1905, p. 48

Şərh üçün bağlıdır.

axtarış