• Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Göz fosil qeydlərində birdən-birə üzə çıxır
    Darvinin nəzəriyyəsi tələb edir ki, müxtəlif göz çeşidlərinin sıralaması bu gün yox, həyatın tarixi boyunca müşahidə olunsun: yəni tarixin eninə kəsiyində deyil, uzununa kəsiyi boyunca. Əgər erkən heyvanların gözləri “olduqca natamam və sadə” formada başlasaydı və bəzi tiplərin (phyla) gözləri geoloji tarix ərzində tədricən təkmilləşib mürəkkəbləşsəydi, bu, Darvinin nəzəriyyəsi üçün sübut təşkil edə bilərdi. Lakin mürəkkəb gözlər ən ilkin heyvanların bəzilərində, onsuz da, mövcud idi...
  • Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Darvin Qalapaqosdakı Yaradılış dəlillərini niyə görməmişdi?
    Okeanın ortasında yamyaşıl adalara baş çəkdiyinizi düşünün. Əsas qitədən minlərlə kilometr uzaq olan bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, cürbəcür və çox zəngin bitkilər və heyvanlar vardır. Quşların hər biri ayrı-ayrı rənglərə, görünüşə və hətta səslərə sahibdirlər. Bundan qabaq dünyanın heç bir yerində rast gəlmədiyiniz növbənöv canlılar yaşayır. Belə bir yerdə olsaydınız və bu möhtəşəm tablonu seyr etsəydiniz, canlılara baxdığınız zaman nə fikirləşərdiniz?
  • BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    BBC və darvinizmin ən böyük müəmması: həyat necə başladı?
    31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»da “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuz”u iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatı”na başladılar.

BİTKİLƏRİN MƏNŞƏYİ

Yer üzündəki canlılar alimlər tərəfindən beş (bəzən altı) aləmə bölünür. Bura qədər, əsasən, canlıların ən böyük aləmi olan heyvanlar aləmindən (Animalia) bəhs etdik. Canlıların mənşəyindən bəhs etdiyimiz əvvəlki bölmədə isə digər iki aləm olan prokariotlar və protistalardan olan zülalları, genetik məlumatı, hüceyrənin quruluşunu və bakteriyaları təhlil etdik. Bu yerdə üzərində durulmalı digər mühüm mövzu bitkilər aləminin (Plantae) mənşəyidir.

Heyvanların mənşəyini təhlil edərkən qarşılaşdığımız mənzərənin eynisini bitkilərin mənşəyində də görürük. Bitkilər olduqca kompleks quruluşa malikdir və bu quruluşlarının təsadüfi amillərlə meydana gəlməsi, bir-birlərinə çevrilməsi də mümkün deyil. Fosil qeydləri də müxtəlif bitki siniflərinin yer üzündə bir anda və özünəməxsus formaları ilə ortaya çıxdığını və heç bir təkamül prosesinin izinin olmadığını göstərir.

Bitki hüceyrəsinin mənşəyi

Bitkilərin və heyvanların hüceyrələri “eukariot” kimi tanınan hüceyrə tipini təşkil edir. Eukariot hüceyrələrin ən əsas xüsusiyyətləri bir hüceyrə nüvəsinə malik olmaları və genetik məlumatlarını kodlayan DNT molekulunun da bu nüvənin içində yerləşməsidir. Digər tərəfdən, bakteriyalar kimi bəzi təkhüceyrəli canlıların isə hüceyrə nüvəsi yoxdur və DNT molekulu hüceyrənin içində sərbəst halda yerləşir. Bu ikinci tipdən olan hüceyrələrə “prokariot” hüceyrə deyilir. Bu hüceyrə quruluşu bakteriyalar üçün ideal formadır, çünki bakteriya populyasiyalarının həyatları baxımından olduqca mühüm proses olan “plazmid ötürülməsi” (hüceyrədən hüceyrəyə DNT ötürülməsi) prokariot hüceyrənin sərbəst DNT quruluşu sayəsində mümkün olur.

Yer üzündə həyatın mövcud olmasında əsas rolu bitkilər oynayır. Bitkilər həm qida kimi, həm də atmosferdəki oksigeni təmin etmələrinə görə həyatın əvəzolunmaz şərtidir.

Təkamül nəzəriyyəsi isə canlıları “ibtidaidən aliyə” doğru ardıcıllığa düzmək məcburiyyətində olduğu üçün prokariotların “ibtidai” hüceyrə olduğunu, eukariotların isə bu hüceyrələrdən təkamül yolu ilə törədiyini güman edir.

Bu iddianın əsassızlığına keçməzdən əvvəl prokariot hüceyrələrin heç də “ibtidai” olmadığını bildirməkdə fayda var. Bir bakteriyanın 2000-ə yaxın geni var. Hər bir gen isə 100-ə qədər hərfdən (şifrə) təşkil olunmuşdur. Bu da bakteriyanın DNT-sindəki məlumatın ən az 200.000 hərf uzunluğunda olması deməkdir. Bu hesablamaya əsasən, bir bakteriyanın DNT-sindəki məlumat hər biri 10 min hərfdən ibarət 20 romana bərabərdir.325 Ona görə də hər bir bakteriyanın DNT-sində şifrəli olan bu məlumatlardakı hər hansı bir dəyişiklik bakteriyanın bütün iş sistemini pozacaq qədər təhlükəlidir. Bakteriyaların gen şifrələrində bir çatışmazlığın olması isə iş sistemlərinin pozulması və beləliklə, onların ölümü deməkdir.

Təsadüfi dəyişiklikləri təkzib edən bu həssas quruluşdan əlavə, bakteriyalar ilə eukariot hüceyrələr arasında heç bir “keçid forma” olmaması da təkamülçü iddianı əsassız edir. Prof. Əli Dəmirsoy bakteriya hüceyrələrinin eukariot hüceyrələrə və bu hüceyrələrdən ibarət kompleks canlılara çevrilməsi ssenarisinin əsassızlığını bu sözləri ilə etiraf edir:

Təkamüldə açıqlanması ən çətin olan mərhələlərdən biri də bu ibtidai canlılardan orqanoidlərdən ibarət kompleks hüceyrələrin necə meydana gəldiyini elmi cəhətdən açıqlamaqdır. Bu iki forma arasında heç bir həqiqi keçid forma tapılmamışdır. Təkhüceyrəlilər və çoxhüceyrəlilər bu kompleks formaya bütünlükdə malikdirlər, hər hansı şəkildə daha sadə formalı orqanoidləri olan və ya bunlardan birinin daha ibtidai olduğu bir qrupa və ya canlıya rast gəlinməmişdir. Yəni hüceyrələrin orqanoidləri tamamilə təkmil formadadır. Sadə və ibtidai formaları yoxdur.326

“Təkamül nəzəriyyəsinin israrlı müdafiəçisi olan prof. Əli Dəmirsoyu bu qədər açıq etiraflar etməyə məcbur edən şey nədir?” sualı doğa bilər. Bu sualın cavabı bakteriya hüceyrəsi ilə bitki hüceyrəsi arasındakı böyük quruluş fərqlərinə baxdıqda açıq şəkildə görünür:

  1. Bakteriya hüceyrəsinin hüceyrə divarı polisaxarid və zülaldan ibarətdir, bitki hüceyrəsinin hüceyrə divarı bunlardan tamamilə fərqli forma olan sellülozadan təşkil olunmuşdur.
  2. Bitki hüceyrəsində qılafla əhatə olunmuş kompleks quruluşa malik bir çox orqanoid var ikən bakteriya hüceyrəsində heç bir orqanoid yoxdur. Bakteriya hüceyrəsində sadəcə sərbəst halda hərəkət edən çox kiçik ribosomlar var. Bitki hüceyrəsindəki ribosomlar isə daha böyükdür və qılafa bağlıdır. Bundan əlavə, hər iki ribosom növü də müxtəlif yollarla zülal sintezini həyata keçirir.
  3. Bakteriya hüceyrəsindəki və bitki hüceyrəsindəki DNT-lərin quruluşları bir-birindən fərqlidir.
  4. Bitki hüceyrəsindəki DNT molekulu ikiqat qılaf ilə qorunur, bakteriya hüceyrəsindəki DNT molekulu hüceyrənin içində sərbəst şəkildədir.
  5. Bakteriya hüceyrəsindəki DNT molekulu quruluş cəhətdən qapalı ilmə formasındadır, yəni dairəvidir. Bitki hüceyrəsindəki DNT molekulu isə dar və uzun formadadır.
  6. Bakteriya hüceyrəsindəki DNT molekulu bir hüceyrəyə aid məlumat daşıyır, bitki hüceyrəsindəki DNT molekulu bütünlüklə bitkiyə aid məlumatlar daşıyır. Məsələn, meyvəli ağacın kökləri, gövdəsi, yarpaqları, çiçəkləri və meyvəsinə aid bütün məlumatlar ağacın bütün hüceyrələrinin hər birinin nüvəsindəki DNT-də ayrı-ayrı şifrlənmişdir.
  7. Bəzi bakteriya növləri fotosintetikdir, yəni fotosintez edirlər. Ancaq bitkilərdən fərqli olaraq bakteriyalar hidrogen sulfid ilə sudan çox başqa birləşmələri parçalayır və oksigen xaric etmirlər. Bundan əlavə, fotosintetik bakteriyalarda (məsələn, sianobakteriyada) xlorofil və fotosintetik piqmentlər xloropalstın içində yerləşmirlər. Bunlar hüceyrənin içində müxtəlif qılafların içində yayılmışlar.
  8. Bakteriya hüceyrəsi ilə bitki və heyvan hüceyrələrinin məlumat RNT-lərinin biokimyəvi quruluşları bir-birlərindən olduqca fərqlidir.327

Prokariot hüceyrələrin (solda) vaxt keçdikcə eukariot hüceyrələrə çevrilməsi ilə bağlı təkamülçü fərziyyə heç bir elmi əsasa söykənmir.

Hüceyrənin yaşamasında məlumat RNT-si olduqca həyati funksiya daşıyır. Ancaq məlumat RNT-si həm eukariot, həm də prokariot hüceyrələrində eyni həyati funksiyanı yerinə yetirməsinə baxmayaraq, biokimyəvi quruluşları bir-birlərindən fərqlidir. “Elm” (Science) jurnalında dərc olunan bir məqaləsində Darnel bu mövzu ilə bağlı belə yazır:

Məlumat RNT-sinin quruluşunda biokimyəvi cəhətdən eukariotlar və prokariotlar müqayisə edildikdə fərq o qədər böyükdür ki, prokariot hüceyrədən eukariot hüceyrəyə təkamül prosesi mümkün deyil.328

Yuxarıda bir neçə nümunəsini verdiyimiz bakteriya və bitki hüceyrələri arasındakı böyük quruluş fərqləri təkamülçü bioloqları dərin çıxılmaz vəziyyətə salmışdır. Bəzi batkeriyaların və bitki hüceyrələrinin malik olduğu ortaq cəhətlərin olmasına baxmayaraq, bu canlılar bir-birlərindən olduqca fərqlidir. Bu fərqlər və heç bir funksional “keçid forma”nın mövcud olmaması bitki hüceyrəsinin bakteriya hüceyrəsindən təkamüllə törədiyi iddiasını elmi cəhətdən əsassız edir.

Belə ki, prof. Əli Dəmirsoy: “Mürəkkəb hüceyrələr əsla ibtidai hüceyrələrdən təkamül prosesi nəticəsində təkmilləşərək meydana gəlməmişdir”, -deyərək bu həqiqəti qəbul edir.329

Endosimbioz tezisi və əsassızlığı

Bitki hüceyrəsinin bakteriya hüceyrəsindən təkamüllə törəməsinin mümkün olmaması təkamülçü bioloqları bu mövzuda fərziyyəvi nəzəriyyələr uydurmaqdan çəkindirməmişdir. Ancaq keçirilən təcrübələr ortaya atılan bu hipotezləri dəstəkləmir.330 Bu nəzəriyyələrdən ən məşhuru isə “endosimbioz” tezisidir.

Bu tezis 1970-ci ildə Linn Marqulis tərəfindən irəli sürülmüşdür. Marqulis bakteriya hüceyrələrinin ortaq və parazit həyat tərzi nəticəsində bitki və heyvan hüceyrələrinə çevrildiklərini iddia edir. Bu tezisə əsasən, bitki hüceyrələri bir bakteriya hüceyrəsinin başqa bir fotosintetik bakteriyanı udması ilə ortaya çıxmışdır. Fotosintetik bakteriya əsas hüceyrənin içində təkamül keçirərək xloroplasta çevrilmişdir. Nəticədə, əsas hüceyrədə nüvə, Holci aparatı, endoplazmatik şəbəkə və ribosomlar kimi kompleks quruluşa malik orqanoidlər təkamüllə meydana gəlmişdir. Beləliklə, bitki hüceyrələri yaranmışdır.

Bu tezis təxəyyül məhsulu olan bir ssenaridən başqa bir şey deyil. Belə ki, mövzu bir çox nüfuzlu elm xadimi tərəfindən də tənqid edilmişdir: bu elm xadimləri arasında D.Lloyd331, M.Qrey, U.Dulitl332, R.Raff və H.Mahler kimi şəxslər var.

Endosimbioz tezisi hüceyrənin içindəki xloroplastların əsas hüceyrədəki DNT-dən ayrı, öz DNT-lərinin olmasına əsaslanır. Bu xüsusiyyətə əsaslanaraq bir zaman mitoxondri və xloroplastların sərbəst hüceyrə olduqları irəli sürülür. Lakin xloroplastlar hərtərəfli şəkildə tədqiq edildikdə bu iddianın əsassızlığı üzə çıxır.

Endosimbioz tezisini əsassız edən cəhətlər bunlardır:

1) Əgər xloroplastlar iddia edildiyi kimi keçmişdə sərbəst hüceyrələr ikən böyük hüceyrə tərəfindən udulsaydı, bunun yeganə nəticəsi olardı: xloroplastlar əsas hüceyrə tərəfindən həzm olunar və qida kimi istifadə edilərdi. Çünki sözügedən əsas hüceyrənin kənardan qida əvəzinə səhvən bu hüceyrələri qəbul etdiyini fərz etsək belə, əsas hüceyrə həzm fermentləri ilə bu hüceyrələri həzm edərdi. Təbii ki, bəzi təkamülçülər “həzm fermentləri yox olmuşdu” deyərək bu vəziyyətin üstündən keçə bilərlər. Amma bu açıq ziddiyyətdir. Çünki əgər həzm fermentləri yox olubsa, bu dəfə əsas hüceyrə qidalana bilmədiyi üçün ölməlidir.

2) Bütün namümkünlərin həyata keçdiyini və xloroplastın əcdadı olduğu iddia edilən hüceyrələrin əsas hüceyrə tərəfindən udulduğunu fərz edək. Bu dəfə qarşımıza başqa bir problem çıxacaq: hüceyrənin içindəki bütün orqanoidlərin planı DNT-də şifrə şəklində mövcuddur. Əgər əsas hüceyrə udduğu digər hüceyrələri orqanoid kimi istifadə edəcəksə, onlara aid məlumatı da DNT-sində şifrə şəklində əvvəlcədən yerləşdirməlidir. Hətta udulan hüceyrələrin DNT-ləri də əsas hüceyrəyə aid məlumata malik olmalıdır. Belə bir şey isə, əlbəttə, qeyri-mümkündür, heç bir canlı özündə olmayan bir orqanın genetik məlumatını daşımır. Əsas hüceyrənin DNT-si ilə udulan hüceyrələrin DNT-lərinin bir-birlərinə sonradan “uyğunlaşmaları” da mümkün deyil.

3) Hüceyrənin içində çox böyük ahəng var. Xloroplastlar aid olduqları hüceyrədən azad şəkildə hərəkət etmir. Xloroplastlar zülal sintezlənməsində əsas DNT-yə bağlı olmaları ilə birlikdə çoxalma qərarını da özləri verə bilməz. Bir hüceyrədə bir xloroplast və bir mitoxondri yoxdur. Sayları çoxdur. Eynilə digər orqanoidlərin etdiyi kimi bunların sayları hüceyrənin fəallığına görə artır və ya azalır. Bu orqanoidlərin bazalarında ayrıca bir DNT olmasının xüsusilə çoxalmalarına böyük faydası var. Hüceyrə bölünərkən çox sayda xloroplast da iki yerə bölünərək saylarını 2 mislinə çatdırdıqlarına görə, hüceyrə bölünməsi daha qısa müddət ərzində və ardıcıl şəkildə baş verir.

4) Xloroplastlar bitki hüceyrəsi üçün olduqca həyati əhəmiyyəti olan güc generatorlarıdır. Əgər bu orqanoidlər enerji hazırlamasa, hüceyrənin bir çox funksiyası işləməz. Bu da canlının həyatının sonu deməkdir. Hüceyrə üçün bu qədər əhəmiyyətli olan bu funksiyalar xloroplastlarda sintezlənən zülallar vasitəsilə həyata keçirilir. Ancaq xloroplastların bu zülalları sintezləmək üçün öz DNT-ləri kifayət deyil. Zülalların böyük əksəriyyəti hüceyrədəki əsas DNT-dən istifadə edərək sintezlənir.333

Belə bir uyğunluğu sınama və yanılma metodu ilə əldə etməyə çalışarkən DNT-də meydana gələ bilən dəyişikliklərin nə cür təsirləri ola bilər? Bir DNT molekulunda meydana gələcək hər hansı bir dəyişiklik əsla canlıya yeni bir xüsusiyyət qazandırmır, əksinə, nəticə tamamilə zərərli olur. Mahlon B.Houqland “Həyatın kökləri” adlı kitabında bu vəziyyəti aşağıdakı sözləri ilə açıqlayır:

Canlının DNT-sində dəyişikliyin olması onun üçün zərərlidir, başqa sözlə, həyatının qısalmasına yol açır. Bir bənzətmə edək: Şekspirin dramlarına təsadüfən əlavə edilən cümlələrin əsərləri daha keyfiyyətli etməsi mümkün deyil… DNT dəyişiklikləri, istər mutasiya ilə, istərsə də bizim kənardan qəsdən əlavə etdiyimiz yad genlərlə olsun, həyatının qısalması ehtimalı baxımından zərərlidir.334

Təkamülçülərin irəli sürdüyü iddialar elmi təcrübələrə və bu təcrübələrin nəticələrinə əsaslanaraq ortaya atılmamışdır. Çünki bir bakteriyanın başqa bir bakteriyanı udması kimi bir fakt əsla müşahidə edilməmişdir. Molekulyar bioloq P.Uitfild bu vəziyyəti belə ifadə edir:

Prokariotik endosimbioz (udma), bəlkə də, bütün endosimbiotik nəzəriyyənin əsaslandığı hüceyrə mexanizmidir. Əgər bir prokariot digərini udmursa, endosimbiozun necə baş verdiyini təxmin etmək çətindir. Təəssüf ki, Marqulis və endosimbioz nəzəriyyə üçün heç bir müasir nümunə yoxdur.335

Fotosintezin mənşəyi

Təkamül nəzəriyyəsini bitkilərin mənşəyi ilə bağlı çıxılmaz vəziyyətə salan digər məsələ bitki hüceyrələrinin fotosintez prosesini həyata keçirməyə necə başlaması sualıdır.

Fotosintez yer üzündəki ən əsas həyati proseslərdən biridir. Bitki hüceyrələri tərkiblərindəki xloroplastlar sayəsində su, karbon-dioksid və günəş işığından istifadə edərək şəkər hazırlayır. Heyvanlar isə öz qidalarını özləri hazırlaya bilmirlər və bitkilərdən gələn şəkərdən istifadə edirlər. Elə bu səbəbdən fotosintez kompleks həyatın əsas şərtidir. İşin daha da maraqlı cəhəti budur ki, çox mürəkkəb proses olan fotosintez prosesi hələ tam şəkildə aşkar edilməmişdir. Müasir texnologiya fotosintezi təqlid etmək bir yana qalsın, incəliklərini öyrənməyi belə hələ bacarmamışdır.

Bəs necə olur ki, təkamülçülər bu cür kompleks proses olan fotosintezin təbii və təsadüfi proseslərin məhsulu olduğuna inanırlar?

Təkamülçü fərziyyələrə əsasən, bitki hüceyrələri fotosintez etmək üçün fotosintez edən bakteriyaları udub xloroplasta çevirib. Bəs bakteriyalar fotosintez kimi mürəkkəb prosesi aparmağı haradan öyrənib? Hətta bundan da qabaq nə üçün bu cür prosesi həyata keçirməyə başlayıb? Təkamülçü ssenarinin digər suallara olduğu kimi, bu suala da verəcəyi heç bir elmi cavabı yoxdur. Bir təkamülçü mənbədə verilən izahlar bu mövzunun nə qədər səthi və “nağılabənzər” düşüncə tərzi ilə dəyərləndirildiyini göstərir:

İbtidai okeanlarda çox sayda bakteriya və qida molekulları vardı. Zaman ərzində okeanlardakı bakteriyaların qidası azaldı və bakteriyalar qida tapmadı.

Birdən bakteriyalar öz qidalarını özləri hazırlamağa başladı. Bu zaman yer üzünə gələn ultrabənövşəyi şüalar və görünən işıq arasından bakteriyalar ultrabənövşəyi şüaların zərərli, görünən işığın faydalı olduğunu bildi. Qida əldə etmək üçün zərərli ultrabənövşəyi şüalardan deyil, görünən işıqdan istifadə etməyi kəşf etdi.336

Başqa bir təkamülçü mənbə olan “Yer üzündə həyat” (Life on Earth) adlı kitabda fotosintezin mənşəyi belə izah edilir:

Bakteriyalar əvvəl okeanlarda müxtəlif karbon birləşmələri ilə qidalanırdı. Sayları artdıqca qida qıtlığı əmələ gəldi. Müxtəlif qida mənbəyi tapa bilənlər yaşayacaqdı və nəticədə, bəziləri bunu bacardı. Ətraf mühitdən hazır qida tapmaqdansa, günəşdən ehtiyacları olan enerjini alaraq hüceyrə divarları daxilində öz qidalarını hazırlamağa başladı.337

Bitki hüceyrəsi dövrümüzdə heç bir laboratoriyada yerinə yetirilə bilməyən bir əməliyyatı, yəni “fotosintez” əməliyyatını yerinə yetirir. Bitki hüceyrəsində olan xloroplast adlı orqanoid sayəsində bitkilər su, karbon qazı və günəş şüasından istifadə edərək nişasta hazırlayır. Bu qida maddəsi Yer üzündəki qida zəncirinin başlanğıcıdır və Yer üzündəki bütün canlıların qida mənbəyidir. Bu olduqca mürəkkəb əməliyyatın təfərrüatları dövrümüzdə hələ də tam olaraq aydınlaşdırıla bilməyib.

Qısaca desək, təkamülçü mənbələr insanın belə malik olduğu bütün texnologiya və məlumata baxmayaraq, hələ bacara bilmədiyi fotosintez kimi prosesin bakteriyalar tərəfindən təsadüfən “kəşf edildiyi”ni söyləyirlər. Nağıldan heç fərqi olmayan bu hekayələrin heç bir elmi əsası yoxdur. Mövzunu daha ətraflı təhlil edənlər isə fotosintezin təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətdə qoyduğunu qəbul etməyə məcbur olurlar. Məsələn, prof. Əli Dəmirsoy bu məsələ ilə bağlı belə etiraf edir:

Fotosintez olduqca kompleks prosesdir və bir hüceyrənin içindəki orqanoiddə meydana gəlməsi qeyri-mümkün görünür. Çünki bütün mərhələlərin birdən əmələ gəlməsi qeyri-mümkün, bir-bir ortaya çıxması da faydasızdır.338

Alman bioloq Hoymar fon Ditfurt isə fotosintezin bu bacarığa malik olmayan bir hüceyrə tərəfindən sonradan “öyrənilə bilməyən” proses olduğunu bildirir:

Heç bir hüceyrənin bioloji bir funksiyanı, sözün əsl mənasında, “öyrənmə” ehtimalı yoxdur. Hüceyrənin tənəffüs və ya fotosintez kimi bir funksiyanı əmələ gəlməsi əsnasında yerinə yetirməyə malik olmayıb, daha sonrakı həyat prosesində bunun öhdəsindən gələcək vəziyyətdə olması, bu prosesi təmin edəcək bacarığı qazanması mümkün deyil.339

Fotosintez təsadüflər nəticəsində əmələ gəlməyəcəyinə və bir hüceyrə tərəfindən sonradan öyrənilməyəcəyinə görə, yer üzündə yaşayan ilk bitki hüceyrələrinin fotosintez etmək üçün xüsusi yaradıldıqları aşkar olur. Yəni Allah bitkiləri fotosintez bacarığı ilə birlikdə yaratmışdır.

Sianobakteriyaların və quru bitkilərinin mənşəyi

Təkamül nəzəriyyəsi mənşəyini açıqlaya bilmədiyi sianobakteriyaların (mavi-yaşıl yosunlar) zaman ərzində bitki hüceyrələrini əmələ gətirdiyini fərz edir. Sianobakteriyaların mənşəyi çox qədim dövrlərə gedib çıxır. Belə ki, 3,4-3,1 milyard yaşlı fosilləşmiş sianobakteriya qalıqları tapılmışdır. Maraqlısı budur ki, bu çox qədim canlılar belə kompleks və dövrümüzdə yaşayan nümunələrindən fərqsiz formalara malikdir. “Science News”da dərc olunan bir məqalədə belə deyilir:

3,4 milyard il əvvələ aid mavi-yaşıl yosun və bakteriya fosillərinin hər ikisi də Cənubi Afrikadakı qayalarda tapılmışdır. Daha da maraqlısı plevrokaps sianobakteriya ilə müasir plevrokaps sianobakteriyaların, demək olar ki, bir-birlərilə eyni çıxmasıdır.340

Okeanda sərbəst halda üzən fitoplanktonlar

Alman bioloq Hoymar fon Ditfurt isə “ibtidai” sianobakteriyanın kompleks quruluşu haqqında belə izah verir:

Bu günə qədər tapılmış ən qədim fosillər nüvəsiz mavi-yaşıl yosun növündən olan, minerallar daxilindəki fosilləşmiş cisimlərdir və bunların 3 milyard ildən daha çox yaşı var. Nə qədər ibtidai olsalar da, bunlar belə olduqca kompleks və ustalıqla nizamlanmış həyat tərzini təmsil edir.341

Təkamülçü bioloqlar sözügedən sianobakteriyaların zaman ərzində dəniz bitkilərini əmələ gətirdiyini və bu bitkilərin də 450 milyon il əvvəl “quruya çıxdığı”nı qəbul edirlər. Başqa sözlə, heyvanların “sudan quruya keçid” ssenarisi olduğu kimi, bitkilərin də “sudan quruya keçid” ssenarisi var. Ancaq bu keçid ssenarisi də heyvanlarınkı kimi əsassız və ziddiyyətlidir. Təkamülçü mənbələr hər dəfə “dəniz bitkiləri özlərini quruya atıb buraya uyğunlaşdı” kimi nağılabənzər və elmdən kənar izahlarla mövzunun üstündən keçməyə çalışırlar. Ancaq bu çevrilməni qeyri-mümkün edən çox sayda amil var. Bunlardan ən mühümlərinə qısa nəzər salaq:

1) Quruma təhlükəsi. Suda yaşayan bitkinin quruda yaşaması üçün, əvvəla, səthi artıq su itkisindən qorunmalıdır. Əks təqdirdə, bitki quruyar. Qurudakı bitkilərin qurumadan qorunmaq üçün xüsusi sistemləri vardır. Bu sistemlərdə çox mühüm nüanslar var. Məsələn, bu qoruma elə bir yolla edilməlidir ki, oksigen və karbon-dioksid kimi mühüm qazlar heç bir maneə ilə qarşılaşmadan bitkinin içinə girib xaricə çıxa bilsin, eyni zamanda buxarlanmanın təmin edilməsi də əsasdır. Əgər belə bir sistem bitkidə yoxdursa, bitkinin bu sistemin inkişaf etməsini gözləyəcək milyon illərlə vaxtı da yoxdur. Bu təqdirdə bitki bir müddət sonra quruyar və məhv olar.

2) Qidalanma. Su bitkiləri ehtiyacları olan suyu və mineralları birbaşa içində olduqları sudan alır. Ona görə quruya çıxıb yaşamağa çalışan su yosununun qidalanma problemi də ortaya çıxacaqdır. Bunu həll etmədən həyatına davam etməsi qeyri-mümkündür.

3) Çoxalma. Su yosununun qurudakı qısa ömrü əsnasında çoxalmaq üçün heç fürsəti də olmaz. Çünki çoxalma hüceyrələrini yaymaq üçün sudan istifadə edir. Quruda çoxalması üçün quru bitkilərində olduğu kimi, çoxhüceyrəli çoxalma orqanlarına malik olmalıdır. Qurudakı bitkilərin çoxalma hüceyrələri isə onları qurumaqdan qoruyan xüsusi hüceyrələrlə örtülüdür. Quruya çıxan su yosununun da bu çoxalma hüceyrələri quruma təhlükəsinə qarşı heç bir şəkildə qoruna bilməyəcəkdir.

4) Oksigenin məhvedici təsirindən qorunma. Quruya keçdiyi iddia edilən su yosunu oksigeni o vaxta qədər suda həll olunmuş şəkildə qəbul edir. Təkamülçülərin iddiasına görə, quruya keçdiyi anda oksigeni bundan qabaq heç qəbul etmədiyi şəkildə, yəni birbaşa havadan almaq məcburiyyətində qalır. Məlumdur ki, normal şərtlər daxilində havadakı oksigenin üzvi maddələrə məhvedici təsiri var. Quruda yaşayan canlıların bu təsirdən zərər görməmələri üçün xüsusi sistemləri var. Su yosunu isə su bitkisidir, ona görə oksigenin mənfi təsirlərindən qorunmaq üçün lazımi hormonlara malik deyil. Buna görə quruya keçdiyi anda oksigenin zərərli təsirindən xilas olması mümkün deyil. Belə bir sistemin əmələ gəlməsini “gözləməsi” də mümkün deyil, çünki bu şəkildə yaşaya bilməz.

Yosunların sudan quruya keçidi iddiasını ziddiyyətli edən başqa bir cəhət də belə bir keçidi tələb edən təbii bir amilin olmamasıdır. 450 milyon il əvvəlki yosunların təbii mühitlərini düşünək. Dənizlərin suyu onlar üçün ideal mühitdir. Məsələn, su onları həddindən artıq isti temperaturdan qoruyub təcrid edir və ehtiyacları olan hər cür qeyri-üzvi mineralla təmin edir. Eyni zamanda da fotosintez yolu ilə günəş şüalarını sorur, suda həll olan karbon-dioksiddən özlərinə lazım olan karbohidratları (şəkər və nişasta) hazırlaya bilir. Ona görə də su yosunlarının quruda yaşamalarına tələbat yaradan, təkamülçü ifadə ilə, bunun üçün “seçici üstünlük” təmin edən heç bir vəziyyət yoxdur.

Bütün bunlar yosunların quruya çıxaraq quru bitkilərini əmələ gətirməsi kimi təkamülçü fərziyyənin bütünlüklə elmdən kənar ssenari olduğunu göstərir.

Çiçəkli bitkilərin mənşəyi

Quruda yaşayan bitkilərin fosil tarixi və quruluş xüsusiyyətlərini təhlil etdikdə isə yenə də qarşımıza təkamül nəzəriyyəsinin fərziyyələrinə heç uyğun gəlməyən mənzərə çıxır. Demək olar ki, hər biologiya kitabında qarşılaşacağınız “bitkilərin təkamül ağacı”nın bir budağını belə təsdiqləyən bitki fosili yoxdur. Bir çox bitki fosil qeydlərində bütöv qalıqlara malikdir, amma bu qalıqların heç biri bir növdən digər növə keçid forması xüsusiyyəti daşımır. Hamısı xüsusi və orijinal şəkildə yaradılmış ayrı-ayrı növlərdir və bir-birləri arasında hər hansı təkamül əlaqəsi yoxdur. Təkamülçü paleontoloq E.K.Olsonun qəbul etdiyi kimi, “bir çox yeni bitki qrupu ani şəkildə üzə çıxır və onlara yaxın heç bir əcdadları yoxdur”.342

Miçiqan Universitetində fosil bitkilər üzərində tədqiqatlar aparan botanik Çester A.Arnold belə şərh verir:

Uzun bir müddət ümid edildi ki, nəsli kəsilmiş bitkilər hal-hazırda yaşayanların keçdiyi inkişaf mərhələlərini üzə çıxaracaq. Ancaq açıq şəkildə qəbul edilməlidir ki, bu gözləmə sadəcə çox məhdud dərəcəyə qədər reallaşmışdır. Halbuki paleobotaniki tədqiqatlar bir əsrdən artıq davam edir.343

Arnold paleobotanikanın (bitkiləri öyrənən paleontologiyanın) təkamülü dəstəkləyən nəticə üzə çıxarmadığını: “İndiyə qədər dövrümüzə aid heç bir bitkinin başlanğıcından bu günə qədər olan təkamül qohumluğu tarixini izləmək imkanımız olmamışdır”, -deyərək qəbul edir.344

Bitkilərin təkamül iddiasını ən açıq şəkildə təkzib edən fosil tapıntıları çiçəkli bitkilərə aiddir. Çiçəkli bitkilər 42 başlıca fəsiləyə bölünmüşdür və bu 42 fərqli fəsilənin hər biri də arxada heç bir ibtidai “keçid forma” izi qoymadan fosil qeydlərində ani şəkildə üzə çıxır. Bu həqiqət XIX əsrdə də məlum olmuş və hətta bu səbəbdən Darvin çiçəkli bitkilərin mənşəyini “narahatlıq verən sirr” adlandırmışdır. Darvinin dövründən bəri aparılan bütün tədqiqatlar isə sadəcə bu sirrin “narahatlıq verən” dozasını artırmışdır. Təkamülçü paleobotanik N.F.Hyus “Çiçəkli bitkilərin mənşəyinin paleobiologiyası” (Paleobiology of angiosperm origins) adlı kitabında belə etiraf edir:

Qurudakı bitkilərin ən dominant qrupu olan çiçəkli bitkilərin təkamül mənşəyi alimləri XIX əsrin ortalarından bəri təəccübləndirir… Detallardakı bir neçə istisnadan başqa, bu suala qənaətbəxş cavab tapılmır və nəticədə, bir çox bioloq bu problemin fosil qeydləri ilə həll olunmasının qeyri-mümkün olduğu nəticəsinə gəlmişdir.345

(Sol, yuxarıda): Yura dövrünə aid olan təxminən 180 milyon illik bu bitki əvvəlki dövrlərdə heç bir əcdadı olmadan özünəməxsus və qüsursuz quruluşu ilə ortaya çıxmışdır. (Sol, aşağıda): Daş kömür dövrünə aid olan bu 300 milyon illik qatırquyruğu bitkisi dövrümüzdə yaşayan nümunələrindən fərqlənmir. (Sağda): 140 milyon il yaşındakı Archaefructus cinsinə aid bu fosil məlum olan ən qədim çiçəkli bitki qalığıdır. Bugünkü bənzərlərindən fərqi olmayan bu bitkinin çiçəkləri və meyvəsi qüsursuz quruluşa sahibdir.

Daniel Akselrod isə “Təkamül tarixində çiçəkli bitkilərin təkamülü” (The evolution of flowering plants, in the evolution life) adlı kitabında çiçəkli bitkilərin mənşəyi haqqında belə şərh verir:

Çiçəkli bitkiləri əmələ gətirən ibtidai qrup fosil qeydlərində hələ müəyyən edilməmişdir və yaşayan heç bir çiçəkli bitki bu cür əlaqəyə işarə etmir.346

Bütün bunların bizə göstərdiyi bir nəticə var: bütün canlılar kimi bitkilər də yaradılmışdır. İlk dəfə üzə çıxdıqları andan etibarən bütün mexanizmləri tam şəkildə mövcuddur. Təkamülçü ədəbiyyatda işlədilən “zaman ərzində inkişaf, təsadüfi dəyişikliklər, ehtiyaclar nəticəsində üzə çıxan adaptasiyalar” kimi terminlər heç bir həqiqətə əsaslanmır və elmi mənaları yoxdur.

 

İqtibaslar:

  • 325- Mahlon B. Hoagland, Hayatın Kökleri, Tübitak Yayınları, 8-ci nəşr, səh. 25.
  • 326- Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara, Meteksan Yayınları, səh. 79.
  • 327- Robart A. Wallace, Gerald P. Sanders, Robert J. Ferl, Biology: The Science of Life, Harper Collins College Publishers, səh. 283.
  • 328- D. Darnell, “Implications of RNA-RNA Splicing in Evolution of Eukaryotic Cells”, Science, cild 202, 1978, səh. 1257.
  • 329- Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayınları, Ankara, səh. 79.
  • 330- “Book Review of Symbiosis in Cell Evolution”, Biological Journal of Linnean Society, cild 18, 1982, səh. 77-79.
  • 331- D. Lloyd, The Mitochondria of Microorganisms, 1974, səh. 476.
  • 332- Gray & Doolittle, “Has the Endosymbiant Hypothesis Been Proven?”, Microbilological Review, cild 30, 1982, səh. 46.
  • 333- Wallace-Sanders-Ferl, Biology: The Science of Life, 4-cü nəşr, Harper Collins College Publishers, səh. 94.
  • 334- Mahlon B. Hoagland, Hayatın Kökleri, TÜBİTAK, 12-ci nəşr, may 1998, səh. 153.
  • 335- Whitfield, “Book Review of Symbiosis in Cell Evolution”, Biological Journal of Linnean Society, cild 18 (1982), səh. 77-79.
  • 336- Milani, Bradshaw, Biological Science, A molecular Approach, D. C. Heath and Company, Toronto, səh. 158.
  • 337- David Attenborough, Life on Earth, Princeton University Press, Princeton, New Jersey, 1981, səh. 20.
  • 338- Prof. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara, Meteksan Yayınları, 1984, səh. 8.
  • 339- Hoimar von Ditfurth, Dinozorların Sessiz Gecesi 2, Alan Yayıncılık İstanbul, noyabr 1996, tərcüməçi: Veysel Atayman, səh. 60-61.
  • 340- “Ancient Alga Fossil Most Complex Yet”, Science News, cild 108 (20 sentyabr 1975), səh. 181.
  • 341- Hoimar von Ditfurth, Dinozorların Sessiz Gecesi 1, Alan Yayıncılık İstanbul, noyabr 1996, tərcüməçi: Veysel Atayman, səh. 199.
  • 342- E. C. Olson, The Evolution of Life, New York, The New American Library, 1965, səh. 94.
  • 343- Chester A. Arnold, An Introduction to Paleobotany, McGraw-Hill Publications in the Botanical Sciences, New York: McGraw-Hill Book Company, Inc., 1947, səh. 7.
  • 344- Chester A. Arnold, An Introduction to Paleobotany, McGraw-Hill Publications in the Botanical Sciences, New York: McGraw-Hill Book Company, Inc., 1947, səh. 334.
  • 345- N. F. Hughes, Paleobiology of Angiosperm Origins: Problems of Mesozoic Seed-Plant Evolution, Cambridge: Cambridge University Press, 1976, səh. 1-2.
  • 346- Daniel Axelrod, The Evolution of Flowering Plants, in The Evolution Life, səh. 264-274 (1959)

Şərh üçün bağlıdır.

axtarış